• cümə axşamı, 18 aprel, 12:48
  • Baku Bakı 22°C

Müsavat müxalifətdən gedir

03.12.14 10:45 930
Müsavat müxalifətdən gedir
“Azadlıq” qəzeti Rauf Arifoğlunu hakimiyyətə işləməkdə ittiham etməyə davam edir və qəzetin dünənki buraxılışda da mövzuya aid bir neçə yazı dərc olunub. Qeyd edilib ki, adamın qəbahəti məlum olanda dilinə qıfıl vurar. Amma “Yeni Müsavat”ın köhnə təfəkkürlü redaktoru ifşalara böhtanlarla cavab verir: “Obyektivliyin atasını yandırmış “Yeni Müsavat” qəzeti tirajlayıb ki, Əli Kərimli Azər Əsgərovun mülkünə görə 2 milyon manat alıb. Rauf Arifoğlunun xüsusi təyinatlı “Yeni Müsavat” qəzetinin belə “isti izlər”lə əməliyyatlar aparması çox olub. İndi bu “xəfiyyə jurnalist”, mülküdağılmışın “təcrübə”sindən istifadə eləmək qərarına gəlib. Bəli, Rauf Arifoğlu düşünür ki, Azər Əsgərovun köməyi ilə legitimləşəcək. İnsafən, Rauf əfəndi bu istəyinə nail olub. İndi hamı bilir ki, Rauf Arifoğlu da “müxalifət”dədir. Bəli, Rauf Arifoğlu AXCP-yə müxalifətdədir. Məsələn, “ Yeni Müsavat” qəzetinin ötən sayında əsas yazılar AXCP və onun liderinə həsr olunub”.
Yazıda R.Arifoğlunun bir zamanlar Ə.Kərimli haqda dediyi xoş sözlər də yer alıb: “Əli bəy kişilik, qeyrət, dostluq nümunəsi göstərdi. O, hər birimizin Cəbhəsini əldən verməmək üçün bütün səmimi cəbhəçilərlə eyni işi gördü. Bəzən 2-3 cəbhədə vuruşdu - bir Cəbhəni qorumaq üçün. Azərbaycanda bir Xalq Cəbhəsi Partiyası var, o da Əli Kərimlinindir. Bu, yalnız mənim qənaətim deyil, belə olsaydı, öz subyektiv fikrimi bu cür israrla vurğulamazdım. Bu faktdır, hadisədir. Tarixdir, gerçəklikdir” deyə, Rauf Arifoğlu kitabında yazır. İndi “Yeni Müsavat” şefi bəyan edir ki, Əli Kərimli haqqında dediklərindən imtina edir. Biz buna təəccüblənmirik. Rauf Arifoğlu bütün həyatını “təsdiq-inkar” formasında yaşayıb. İnsan özündən imtina edəndə, sözündən də imtina edir”.
Müəllif ironiya ilə istənilən halda RArifoğlunu qiymətləndirmək lazım olduğunu qeyd edib: “O, Əli Kərimliyə qarşı müxalifətdə olduğunu təsdiqlədi. İndi o, iqtidarda olan ən “görkəmli” müxalifət təmsilçisidir”.
Digər məqalədə isə Batumi forumu zamanı yaşananlar xatırlanıb: “Yeni Müsavat”ın baş redaktoru özü üçün çoxdan müəyyən edib ki, belə mənəvi məsələlərə vaxt və enerji sərf etmək səmərəsizdir. İndi o, praqmatik və maddi qazancı artıra biləcək layihələrin arxasıncadır. Buna görə də Batumidə baş verənləri Bakıda AXCP-yə və onun sədri Əli Kərimliyə qarşı savaş açmaqla davam etdirdi. Batumidəki əməlinə görə onun üstünə gedən bütün ictimai fəalları “Əli Kərimlinin əhatəsi” adlandıraraq, cavab əvəzinə AXCP sədrinə şər-böhtanlar deməyə və özü kimilərə dedirtməyə başladı. Onu qınayan, ondan izahat tələb edən ictimai fəallar qaldı bir kənarda. Bu, öz aləmində Rauf Arifoğlunun “dahiyanə gedişi” idi. “Yuxarılara” mesaj ötürürdü ki, hakimiyyətin dəstəkçisi kimi ifşa olunması daha onu narahat etmir, əksinə o, baş verənlərdən Əli Kərimliyə qarşı savaş açmaq üçün bəhrələnir. Amma deyəsən, bu mesajı dərhal qeydə alıb, cavab siqnalı göndərmədilər”.
Məqalədə daha çox R.Arifoğlunun Əli Kərimli ilə aralarında olan söhbəti ictimailəşdirilməsi pislənib: “Deyir ki, guya Əli Kərimli görüşlərinin birində onun hakimiyyəti çətin vəziyyətdən çıxarmaq üçün gündəmi dəfələrlə necə dəyişdiyini xatırladıb və buna görə ona irad tutub. O da sual verib ki, görəsən, iqtidar bunları bilirmi? Biz deyə bilmərik ki, AXCP sədri ilə “Yeni Müsavat”ın baş redaktoru arasında belə bir söhbət həqiqətən də olub, ya yox. Bunu Əli Kərimli ilə dəqiqləşdirmək də mümkün görünmür, çünki indiyədək olan təcrübə göstərir ki, o, ikilikdə olan söhbətləri hətta öz xeyrinə ola biləcəyi halda da açıqlamır. Bu baxımdan Rauf Arifoğlunun dediklərinin həqiqiliyi üzərində mübahisə açmayacağıq. Sadəcə izah etməyə çalışacağıq ki, Rauf Arifoğlu belə bir söhbəti niyə tirajlayır. Bəli, məhz tirajlayır, çünki qəzetinin saytında və facebook səhifəsində onu dəfələrlə yayıb. Deməli, o, iqtidara kömək etdiyi üçün Əli Kərimlinin qınağına tuş gəldiyini daha çox eşitdirmək istəyir”.
Yazılardan da göründüyü kimi, AXCP artıq Müsavatın müxalifət partiyası olmağına şübhə ilə yanaşır. Onlar ictimaiyyəti də buna yönəltməklə onların müxalifət olmadığını daha geniş auditoriyaya çatdırmağa çalışırlar. Öz aləmlərində bu yolla Müsavatı ifşa etmiş olurlar. Qurbanlıq kimi Rauf Arifoğlu seçilsə də, reallıqda əsil hədəf İsa Qəmbərdir. Əli Kərimli və tərəfdarları hesab edirlər bu yolla İsa Qəmbəri və ətrafındakıları siyasi arenadan çıxardacaqlarını düşünürlər. Hesab edirlər ki, belə olarsa, növbəti seçkilərdə narazı elektoratın yeganə namizədi Əli Kərimli ola bilər.
H.Əsgər
banner

Oxşar Xəbərlər