• cümə axşamı, 18 aprel, 21:01
  • Baku Bakı 21°C

Müşahidəçilər bütün məntəqələri əhatə edəcək Rəylər

08.10.13 17:45 1879
Müşahidəçilər bütün məntəqələri əhatə edəcək Rəylər
9 oktyabr Azərbaycanda prezident seçkiləri günüdür. Sözügedən proses həm beynəlxalq, həm yerli müşahidəçilər tərəfindən də yaxından izləniləcək. Artıq bu məqsədlə Avropa Parlamentinin seçki müşahidə missiyası Bakıya gəlib. Onların tərkibində müxtəlif beynəlxalq təşkilatları təmsil edən yüzlərlə beynəlxalq müşahidəçi, həmçinin Avropa Parlamentinin deputatları var.
Yerli müşahidəçi kimi seçki prosesini izləyəcək qurumlar da az deyil. Onlardan biri Qeyri Hökumət Təşkilatları (QHT) Əməkdaşlıq Alyansıdır. Alyansın həmsədri Rufiz Qonaqov “Kaspi”yə bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın təqribən 70 dairəsi üzrə müşahidə aparacaq, seçki gününün monitorinqini həyata keçirəcək. Onun sözlərinə görə, alyansın nümayəndələri bunu üçün əvvəlcədən müəyyən edilmiş vaxtda mərkəzi seçki komissiyasında müşahidəçi qismində qeydə alınıblar: “Onlara MSK-nın xüsusi vəsiqəsi təqdim olunub. Bakı şəhərinin bütün rayonları daxil olmaqla ölkənin 70-dən çox dairəsində biz seçkinin gedişatını izləyəcəyik. Müşahidəçilər tərəfindən bütünlükdə seçki prosesi və seçici aktivliyi, məntəqələrdə seçicilər üçün yaradılan şərait, “exit-pol”un aparılması müşahidə ediləcək. Eyni zamanda səsvermə başlamazdan öncə seçki məntəqəsinin ərazisində qeydiyyatda olan seçicilərin sayı və seçki bülletenlərinin sayının elan olunub-olunmaması, seçki qutularının boş olmasının seçki məntəqəsində olan şəxslərə göstərilməsi, səsvermə başlamazdan öncə seçki məntəqəsindən kənarda səs vermək üçün edilən müraciətlər və onların sayı, sənədləri düzgün olan seçicilərin səsvermədə maneəsiz iştirak edib-etməməsi, seçicilərin barmaqlarının yoxlanılması və sair kimi proseduralarla bağlı da məlumatlar toplanacaq. Əgər qanun pozuntuları olacaqsa, onları qeydə alacağıq. Ümumiyyətlə, seçkinin hansı məcrada davam etməsi haqqında gün ərzində bir neçə dəfə QHT Əməkdaşlıq Alyansı bütün ictimaiyyəti və kütləvi informasiya vasitələrini məlumatlandıracaq”.
R.Qonaqov QHT Əməkdaşlıq Alyansının ölkənin 125 dairəsinin hamısında, təxminən 939 məntəqədə “exit-poll” həyata keçirəcəyini vurğulayıb: “Bununla bağlı bizim tenderin qalib təşkilatı “Proqnoz” Sosioloji Tədqiqatlar Mərkəzi artıq öz yerini bütün məntəqələrdə tutub. Ona görə də QHT Əməkdaşlıq Alyansı “exit-poll”un nəticələrini də gün ərzində ictimaiyyətə çatdıracaq. Həmçinin seçicilərin aktivliyi və sair məlumatlar da gün ərzində müxtəlif saatlarda ictimaiyyətə və KİV nümayəndələrinə çatdırılacaq. Axşam saat 19:00-da seçki prosesi başa çatdıqdan və seçki qutuları bağlandıqdan dərhal sonra isə “exit-poll”un nəticələrini toplayacağıq. Təxminən 19:00-da biz Müstəqil Mətbuat Mərkəzində KİV üçün geniş mətbuat konfransı keçirəcəyik. QHT Əməkdaşlıq Alyansının həmsədrləri, Alyansın tərəfmüqabili olan “Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi və beynəlxalq ekspert, Vilmores İctimai Fikir və Bazar Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə doktoru, professor Vladas Qaidys 125 seçki dairəsi üzrə aparılan “exit-pol”un ilkin nəticələrini yerli və xarici mətbuat nümayəndələrinə açıqlayacaqlar”.
Orta Asiya və Güney-Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət seçki prosesinin son mərhələyə yaxınlaşdığı zamanda hadisələrin qanun çərçivəsində davam etməsini arzulayıb. Ümid edib ki, budəfəki seçkilər də ölkəmizin üzünü ağardacaq şəkildə yekunlaşacaq. O, KİV işçilərinin seçki prosesini normal şəkildə, heç bir əngəl olmadan işıqlandıra bilməsində maraqlı olduğunu dilə gətirib. Deyib ki, bu məqsədlə Orta Asiya və Güney-Qafqaz Söz Azadlığı Şəbəkəsi jurnalistlərə həm hüquqi yardım, həm də onların qarşılaşa biləcəyi hər hansı problemlərlə bağlı anında müdaxilə edib, yardımçı olmaq üçün “Qaynar xətt” elan edib: “Orta Asiya və Güney-Qafqaz Söz Azadlığı Şəbəkəsinin təşkilatçılığı ilə seçki günü (070)335-27-95 nömrəli “Qaynar xətt” fəaliyyət göstərəcək. Eyni zamanda da bizim elektron poçt ünvanımız, üstəlik facebook səhifəmiz də əvvəlcədən elan edilib. Həmin vasitələrlə jurnalistlər bizimlə əlaqə saxlaya bilərlər. Biz gün ərzində daxil olan zənglər əsasında bir neçə dəfə Azərbaycan və ingilis dillərində mətbuat üçün açıqlamalar verəcəyik. Ümid edirik ki, gün ərzində hər hansı ciddi problem baş verməyəcək. Amma istənilən halda problemlər baş verəcəyi təqdirdə, onları araşdırıb hüquqi qiymət verməyə çalışacağıq. İkinci bir tərəfdən, əgər bizə gün ərzində pozuntularla bağlı hər hansı bir zəng daxil olmazsa, yenə də bu durum haqqında Azərbaycan və ingilis dillərində mətbuat üçün açıqlamalar verəcəyik. Bütövlükdə bütün səsvermə günü ərzində biz jurnalistlərin bu prosesi şəffaf bir şəkildə, normal qanunlar çərçivəsində izləməsinə maraqlıyıq. Ona görə də “Qaynar xətt”i elan etmişik. “Qaynar xətt”imizə müraciətlər Azərbaycan, ingilis dillərindən başqa, rus və türk dilində də daxil ola bilər. Biz bu dörd dildə “Qaynar xətt”in fəaliyyətini təmin edəcəyik. Xarici jurnalistlərin də hər hansı problemlə bağlı, yaxud da hüquqi yardım, qanunlarla bağlı bizə müraciət etməsi üçün şərait yaradılacaq. Bütövlükdə biz maraqlıyıq ki, bu seçki prosesinin jurnalistlər tərəfindən işıqlandırılmasında hər hansı əngəl ortaya çıxmasın”.
“Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyasının rəhbəri Seymur Verdizadə iyun ayında “Əqli Mülkiyyətçilərə Kömək”, “Zərdabi Mətbuat Mərkəzi”, “Yeni Media Jurnalistləri”, “Medianın Monitorinqi və Araşdırılması” və “Vətəndaş Məsuliyyəti” ictimai birliklərinin yeni koalisiyada bir araya gəldiyini söyləyib. Qeyd edib ki, koalisiyanın yaradılmasında başlıca məqsəd ölkədə azad, ədalətli və demokratik seçkilərin keçirilməsinə dəstək vermək olub. O, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yadımı ilə hazırda Koalisiyanın “2013-cü il prezident seçkilərinin monitorinqi”ni həyata keçirdiyini diqqətə çatdırıb. S.Verdizadənin sözlərinə görə, layihə çərçivəsində indiyə kimi Tovuz, Şəmkir, Şəki, Lənkəran və Xaçmaz şəhərlərində seçicilərin iştirakı ilə görüşlər keçirilib: “Bu görüşlərdə üst-üstə 1500-dən çox insan iştirak edib. Tədbir iştirakçılarına mövcud seçki qanunvericiliyi barədə ətraflı məlumat verilib, onlara hüquq və vəzifələri izah olunub, ölkənin bütün bölgələrində maarifləndirmə işi aparılıb. Seçki günü isə Jurnalist-QHT Koalisiyası 15 dairədə müşahidəçilik missiyası həyata keçirəcək. Hər dairədə Koalisiyanın 10 müşahidəçisi fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, Jurnalist-QHT Koalisiyası oktyabrın 9-da 150 məntəqədə müşahidə prosesi keçirəcək. Koalisiyanın üzvləri paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Tovuz, Şəmkir, Lənkəran, Cəlilabad, Xaçmaz, Şəki şəhərlərində, 120 saylı Cəbrayıl Seçki Dairəsində də seçki prosesini müşahidə edəcəklər. Müşahidəçilər könüllülük əsasında seçilib, onlara ikigünlük təlimlər keçirilib. Jurnalist-QHT Koalisiyası Azərbaycanın tanınmış jurnalistlərini də özünün təşkil etdiyi müşahidə missiyasına daxil edib. Oktyabrın 9-da Koalisiyanın tərkibində seçki prosesini izləyəcək mətbuat nümayəndələrinin sırasında Azərbaycan Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd, “Ruh” AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov, “Səs” qəzetinin əməkdaşı Məzahir Aşırov, müstəqil jurnalist Xanoğlan Əhmədov və başqa qələm sahibləri də var. Prezident seçkiləri başa çatandan sonra Jurnalist-QHT Koalisiyası seçkinin nəticələrinə dair yekun hesabatla çıxış edəcək. Hesabat seçki prosesini izləyən müşahidəçilərin rəyi əsasında hazırlanacaq və tam obyektiv olacaq”.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı isə qəzetimizə açıqlamasında bildirib ki, yanvar ayından başlayaraq prezident seçkilərinin təqvim planına uyğun şəkildə 4 müstəqil, 4 müxalifət, 4 iqtidar qəzetləri olmaqla ümumilikdə 12 qəzetin monitorinqi həyata keçirilib, 6 bülleten hazırlanıb. O, 118 dairənin 4813 məntəqəsində müşahidə aparmaq üçün regionların əksəriyyətində müşahidəçilərə treninqlərin keçirildiyini də diqqətə çatdırıb: “Son tədbirimiz srağagün Sumqayıt şəhərində olub. Müşahidəçilər üçün xüsusi kitablar, qovluq hazırlamışıq. Seçki günü müşahidəni necə aparmağı, müşahidəçilərin hüquq və vəzifələrini onlara ətraflı izah etmişik. Beləliklə biz müşahidəyə tam hazırıq. Seçki günü bizim qərargahdan operatorlar telefon vasitəsilə müşahidəçilərlə əlaqə saxlayacaq, informasiyalar toplayacaq, səhəri gün isə qəbul olunmuş informasiyalara söykənərək öz bəyanatımızı verəcəyik. Onu da əlavə edim ki, bizim seçki müşahidəçiliyi ilə bağlı təcrübəmiz var. 2003-cü ildən davamlı olaraq bütün seçkilərdə müşahidəçilik missiyasını həyata keçiririk. Bəzi təşkilatlar kimi ofisdə oturub boş-boş bəyanatlar vermirik. Konkret, real iş görür və onun nəticələrini açıqlayırıq. Gəldiyim qənaət budur ki, hazırda Azərbaycanda stabillik var, demokratik mühit ölkədə bərqərar olub. Xırda problemlər hər yerdə var. Bunların da qarşısını şişirtmədən, siyasiləşdirmədən almaq mümkündür”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər