• çərşənbə axşamı, 16 aprel, 22:54
  • Baku Bakı 18°C

Ömür ağacının bar verən çiçəkləri

21.10.19 11:30 1170
Ömür ağacının bar verən çiçəkləri
Birinci çiçək: Arpaçay vadisində boy atan arzular...
Bir insanın ömür kitabını vərəqləyirəm. Hər səhifəsinə, elinə-obasına məhəbbət hissləri hopub bu kitabın! Arpaçayın gah dəli, gah həlim xasiyyəti, bulaqların "bir bala ceyranın gözündən duru” suları həmdəmi olub bu ömrün. Bu ömrün müqəddəs qibləsi isə atası Əkbər müəllimdən əxz etdiyi inadkarlıq, çalışqanlıq, halallıq, dostluq, sədaqət olubdur. Tanrı heç bir gözəlliyini əsirgəmədiyi doğma Danzik kəndi onu şair təbiətli böyüdüb, ədəbiyyata gətiribdir...
İsa Həbibbəyli 1949-cu ilin noyabr ayının 16-da Naxçıvan diyarının inzibati-ərazi bölgəsinə daxil olan, Arpaçay vadisində yerləşən Danzik kəndində Əkbər Həbibbəylinin ailəsində dünyaya göz açmışdır. Arpaçayın iki yerə böldüyü Danzik kəndi Şərur rayonunun Gümüşlü qəsəbəsi ilə Ermənistanın Arpa kəndləri arasında yerləşir. Danzik kəndi özünün coğrafi mövqeyinə görə Şərur mahalının son ucu, Dərələyəz yaylasının qapısıdır. Bu kənd dağ ətəyində salındığından dan üzü burada daha tez ağarır, günəş erkən çıxır...
Ana laylasına Arpaçayının oxuduğu nəğmələr qarışdı. Ayaqları yer tutandan oylaqları "Mehralı bağı”, "Əyyub ocağı”, ”Qızılqaya”, "Böyükqala”, "Qaraağaclıq” oldu. Anası Qəndab xanımın qalın parçadan tikdiyi çantasını çiyninə salıb kənddəki səkkizillik məktəbin birinci sinfinə gəldi. Kəndin sözlü-söhbətli müdrik adamlarına, məktəbdəki müəllimlərinə, təbiətin ecazkarlığına saatlarla diqqət kəsildi. Ən çox gəldiyi və sevdiyi yer kəndin palçıqdan suvanmış kitabxana binası oldu. O, hələ məktəb illərindən Xalq şairi Səməd Vurğunun şeirlərini çox sevirdi, onları əzbərdən söyləyərdi.
Günlərin birində Arpaçayın sahilində qəlbinin dərinliklərindən süzülüb gələn hisslərini misralara düzdü, şeirə çevirdi. Bir müddət bu şeirləri üzə çıxartmadı, şagird dostlarından və müəllim yoldaşlarından gizli saxladı. Və axır ki, onun şeir yazması hamıya məlum oldu. "Azərbaycan pioneri” qəzetində dərc olunan məqaləsi ilə imzası hamıya çatdırıldı. Azərbaycanın hər guşəsindən təbrik məktubları aldı, çoxlu dostlar qazandı. Az bir müddətdə şeir və məəqalələri, Arpaçay haqqında yazdığı əfsanələri yerli və respublika mətbuatında çap olundu.
Günlərin bir günündə Danzik kənd səkkizillik məktəbini bitirən İsa Həbibbəyli orta təhsil almaq üçün Şərur rayonunun Oğlanqala kənd orta məktəbinə gəldi.

İkinci çiçək: Kənd məktəbinin yataqxanasından tələbə yataqxanasına...
İsa Həbibbəylinin həyatında Şərur rayonunun Oğlanqala kənd orta məktəbində təhsil aldığı illər daha yaradıcı, daha yaddaqalan illərdir. O illərdə Şərur rayonunun dağ kəndlərində orta məktəb olmadığından rayonun Axura, Həmzəli, Havuş, Dizə, Şahbulaq, Tənənəm, Yaycı, Danzik kimi kəndlərindən bu məktəbdə orta təhsil almağa gələrdilər. İsa Həbibbəyli bu şagirdlərlə tanış olar, yataqxana həyatını şən və maraqla keçirərdilər. Və bir də Abbas Hüseynov, Yaqub Məmmədov, Firudin Xudiyev, Mənsur Seyidov kimi müəllimlərin ciddiliyi, tələbkarlığı, məktəbdənkənar, sinifdənxaric tədbirlərin rəngarəngliyi İsa Həbibbəylinin və şagird dostlarının biliklərə daha mükəmməl yiyələnmələrinə və gələcək inkşaflarına təkan verərdi. Bu yaddaqalan illər sona yetdi, məktəb həyatına "Əlvida!” deyən İsa Həbibbəyli tələbəlik illərinə qovuşdu, müəllim olmaq istəyi həqiqətə çevrildi...
1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna sənədlərini təqdim etdi. İmtahanlardan əla qiymətlər alaraq həmin ildən fəaliyyətə başlayan Naxçıvan filialının tələbəsi olur. Naxçıvan şəhərində fəaliyyətə başlayan ali məktəb Naxçıvanın ədəbi mühitinə bir yenilik və canlanma gətirmişdi. Öz bilik və bacarığı ilə diqqəti daha çox cəlb edən İsa Həbibbəyli Muxtar Respublika və Respublika mətbuatında öz şeirləri və tədqiqat xarakterli yazıları ilə çıxış edir. Poeziya məclislərində, şair və yazıçıların yaradıcılıq gecələrində öz istedadı ilə fərqlənir. Hələ tələbəlik illərindən hamı İsa Həbibbəylinin gələcəkdə əsl ədəbiyyat tədqiqatçısı olacağına inanırdı. Bəlkə özündə də yaranan bu inam onun şeirlər yazmağına son qoydu və o, hər kəsin rəğbətini qazanan tədqiqat əsərlərinin müəllifinə çevrildi.
Üçüncü çiçək: Kənd müəllimliyindən ali məktəb prorektorluluğunadək...
Yada düşəndə ürəyin tellərini sızladan tələbə həyatı Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində işləyən İsa Həbibbəyli üçün çox yaddaqalan oldu. Müsahibələr, mübahisələr, seminarlar, konfranslar, görüşlər, diskusiyalar, təqdimatlar, kitab müzakirələri, ezamiyələr... Gəncliyin kükrəyib-daşan, sahilinə sığmayan işlərinə başları elə qarışmışdı ki, dörd illik tələbə həyatının nə zaman gəlib keçdiyindən xəbərləri belə olmadı.
1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialını Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdi. Elə həmin ildən köçürülməsinə fərman verilmiş Danzik kəndindəki səkkizillik məktəbdə müəllimlik fəaliyyətinə başladı. 1975-ci ildə İsa müəllim doğma institutdan çağırış aldı və Naxçıvan DPİ-də müəllimlik fəaliyyətinə başladı. Müəllimliklə yanaşı qiyabi yolla aspiranturada təhsilini davam etdirdi. 1980-ci ildə "Azərbaycan romantik şeirinin sənətkarlıq xüsusiyyətləri” mövzusunda namizədlik işini müdafiə edərək, elmlər namizədi, alimlik dərəcəsini aldı. Respublika mətbuatında dərc olunan yazıları İsa Həbibbəylinin yaradıcılığına olan marağı daha da artırırdı. 1983-cü ildə Naxçıvan DPİ-nin dosenti, Naxçıvan Dövlət Universiteti təşkil olunduqdan sonra isə - 1991-ci ildə elmi işlər üzrə prorektoru seçilmişdir.

Dördüncü çiçək: Doktorluq dissertasiyasına böyük qiymət verilir...
İsa Həbibbəyli üçün əziz günlər çoxdur. İlk şeirinin, ilk məqaləsinin, İlk kitabının, ilk övladının dünyaya gəldiyi günlər... Bizə görə isə İsa müəllim üçün daha əziz və yadda qalan gün 1996-cı ilin 15 mart günüdür. Bu gün Azərbaycan EA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ixtisaslaşdırılmış şurasında İsa müəllimin sevdiyi mövzu - "Cəlil Məmmədquluzadə: mühit və müasirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Fəxr edilməlidir ki, dissertasiyaya Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, İran İslam Respublikasından Cavad Heyət, Türkiyə Respublikasından Yavuz Akpinar, filologiya elmləri doktoru, professor Yavuz Axundov kimi alimlər yüksək rəy bildirmiş, onun gərgin tədqiqatçılıq əməyini xüsusi qeyd etmişlər.
Rəsmi opponentlər - Azərbaycan EA –nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədov, Xeyrulla Məmmədov, Kamran Əliyev dissertasiyaya yüksək qiymət vermişlər.
Görkəmli alimlərdən Kamal Talıbzadə, Nizami Xudiyev, Vilayət Quliyev, Sabir Rüstəmxanlı, Qasım Hüseynov müdafiə işinin elmi dəyərindən bəhs etmişlər. Beləliklə, ali məktəbi bitirdikdən sonra əsrin dörddə biri qədər elmi axtarışlarının, xüsusən, Cəlil Məmmədquluzadə haqqında tədqiqatlarının bəhrəsi olaraq Əkbər oğlu Həbibbəyliyə filologiya elmləri doktoru adı verilmişdir. Bu ad İsa müəllimin elmi və tədqiqatçılıq işinə verilən halal qiymət idi. Və bu uğurlu dissertasiyadan sonra Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının tədqiqi sahəsində İsa Həbibbəyli üçün yeni üfüqlər açıldı.

Beşinci çiçək: Naxçıvandan dünyaya açılan pəncərələr...
Uzun illər ərzində Naxçıvan mühitində yaşayan və yaradan İsa Həbibbəyli Bakı, Moskva, Peterburq, Yasnaya Polyana, Odessa, Bağdad, Kərkük, Kərbala, Ufa, Tehran, Nyu-York, Kazan, Ankara, Paris kimi şəhərlərdə keçirilən simpoziumların, qurultayların, beynəlxalq müşavirələrin iştirakçısı olubdur. Elmə həsr edilən bu xidmətlər elm fədaisinə Azərbaycan MEA-nın müxbir üzvü və nəhayət, həqiqi üzvü kimi yüksək adlar bəxş etdi. Dünyanın ən tanınmış elm ocaqları İsa Həbibbəyliyə fəxri doktor adı verməklə qürur duydular. Bu gün neçə-neçə mötəbər qəzet və jurnalların redaksiya heyətlərinin üzvüdür.
Tələbə vaxtlarından elmə fanatik münasibət bəsləyən, bütün həyatını elmi axtarışlara həsr edən İsa Həbibbəyli bu gün respublikamızdan kənarda məhsuldar bir azərbaycanlı ədəbiyyatşünas alim kimi tanınır. Ölkəmizin Humanitar həyatında elə bir ciddi hadisə olmamışdır ki, İsa müəllim ona münasibət bildirməsin.
İsa müəllim artıq insan kamilliyinin elə mərhələsinə çatmışdır ki, hər hansı bir məsələ haqqında ciddi bir hazırlıq görmədən yüksək səviyyədə çıxış etməyi bacarır. Onun həyatı və elmi fəaliyyətinin bəzi məqamları Naxçıvan Muxtar Respublikası miqyasında ilk hadisə kimi diqqəti cəlb edir. "Yaddaşın işıqları” kitabındakı məlumatdan aydın olur ki:
- İsa müəllim Naxçıvan Dövlət Universitinin məzunları içərisində yetişən ilk elmlər doktoru və professorudur.
- Məzunlar içərisindən çıxmış ilk rektordur.
- Naxçıvanda yaşayıb işləyərək, "Əməkdar elm xadimi” adına layiq görülmüş ilk alimdir.
- Naxçıvanda yaşayaraq Nyu-York Elmlər Akademiyasına həqiqi üzv seçilən ilk tədqiqatçıdır.
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinə ardıcıl olaraq iki dəfə (I və II çağırış) deputat seçilən ilk rektordur.
- Naxçıvan Dövlət Universitetinə rəhbərlik edənlər içərisində Azərbaycan Milli Məclisinə deputat seçilən ilk rektordur.
- Naxçıvan DU-nun rektorlarından iki ali dövlət mükafatlarına ("Şöhrət” və "Şərəf” ordenləri) layiq görülən ilk rektordur.
- Naxçıvanda yaşayıb işləyən alimlərdən Amerika Beynəlxalq Tədqiqatlar İnstitutunun "İlin adamı - 2001” tituluna layiq görülən ilk alimdir.
- Müdrikliyi, yüksək elmi səviyyəsi və pedaqoji bacarığı, qeyri-adi təşkilatçılıq qabiliyyəti, humanistliyi, tələbkarlığı, maarifpərvərliyi ilə seçilən İsa Həbibbəylinin həyatı və fəaliyyətinin bütün sahələri qibtə olunması və öyrənilməsi bir kitab, onun özü isə ayrıca bir universitetdir.
... İnsanlara sevgi, hörmət akademiki xalqa sevdirmişdir. O, Şərur rayonundan 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. Bu illərdə öz seçicilərinin arzu və təkliflərini layiqincə yerinə yetirən millət vəkili hamının rəğbətini qazanmışdır. Şərurun sərhəd kəndi Havuşdan başlamış Araz sahilində yerləşən Təzəkənddəki seçiciləri ilə görüşür, onların arzu və istəklərini yerinə yetirir.
Altıncı çiçək: Yeni vəzifələr, uğurlu nəticələr...
2013-cü ildə akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının ictimai və humanitar məsələləri üzrə vitse prezidenti seçildi. Və elə həmin ildən ədəbiyyat elminin əsas mərkəzlərindən olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra etdi. Onsuz da əmək fəaliyyəti dövründə dinclik nə olduğunu bilməyən İ.Həbibbəyli yeni vəzifəsində də həvəslə işə başladı. İsa müəllim rəhbərlik etdiyi Ədəbiyyat İnstitutuna yeni nəfəs gətirdi. Zəruri struktur islahatları aparıldı, yeni elmi-tədqiqat şöbələri, sektorlar, mərkəzlər yaradıldı. Yeni nəşr olunan jurnallar zamanla səsləşən mövzularda oxuculara bu gün də çatdırılmaqdadır.
Geniş oxucu kütləsinə təqdim olunan Azərbaycan ədəbiyyat tarixi oncildliyinin birinci cildi, iki cildli "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”, son illərin "Ədəbi proses” elmi müşavirəsinin materiallarını özündə cəmləşdirən toplular, "Molla Nəsrəddin” ensiklopediyası və s.qiymətli kitablar məhz akademik İsa Həbibbəylinin rəhbərliyi altında ərsəyə gəlmiş və öz qiymətlərini almışlar.
Akademik İsa Həbibbəyli hər şeydən əvvəl ölkənin məhsuldar alimlərindən biri kimi tanınır. . Tarixilik, müəllimlik, ideallılıq və müasirlik akademik İsa Həbibbəylinin əsas səviyyəsini müəyyən edir.
Bəzən adama elə gəlir ki, İsa müəllimin sinəsində təkcə bir ürək deyil, bir neçə ürək çarpır. Bir insan ürəyi, bir kişi ürəyi, bir vətəndaş ürəyi və bir alim ürəyi! Ürək o qədər böyük olmalıdır ki, bütün bu missiyaları yerinə yetirə bilsin. Alim dostlarından biri haqlı olaraq deyir ki: İsa Həbibbəyli gün rejimində özünə vaxt ayırmayıbdır. Bu həqiqətən də belədir.
Bu gün Azərbaycan ədəbiyyatı, onu bütün sahələri Xəzər dənizi qədər çağlamaqdadır. Bu da səbəbsiz deyildir. Axı, onlara ömürlərini bu işdə şam edən elm adamları yol göstərir, bələdçilik edirlər. Bu xeyirxahlıqlardan bəhrələnənlər öz səmimi yazılarında, söhbətlərində bunu etiraf edirlər.
Yeddinci çiçək: Şərur güllərindən çələng bağışlayırıq...
Hər anı günə, hər günü ilə, hər ili əsrə bərabər tutan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, "Şöhrət” və "Şərəf” ordenlərinə layiq görülmüş İsa Əkbər oğlu Həbibbəylinin 70 illik yubileyi münasibətilə təbrik edir, Azərbaycanın ayrılmaz parçası Naxçıvan diyarının bənzərsiz bölgəsi, qədim və həmişəcavan Dədə Qorqud yurdu, Şərurun Arpa çayından su içmiş, boy atmış ətirli çiçəklərindən hörülmüş gül çələngini bağışlayırıq.

İbrahim Yusifoğlu

banner

Oxşar Xəbərlər