Müqəddəs toy anlayışımızın gəlir subyektinə çevrilməsi...
Bir müddət öncə toyuna gəlmədiyi üçün tanışlarını məhkəməyə verən
Bakı sakini haqda xəbər yəqin ki, hər kəsi təəccübləndirdi. Belə ki, toy sahibi
dəvətini saymayıb toyuna gəlməyən 50-yə yaxın tanışı ilə münasibətləri hüquqi
zəmində həll etmək istəyib. Əslində, məsələnin bundan sonrasının necə olacağı yox,
vəziyyətin bu həddə çatması acınacaqlı haldır.
Bu da onu göstərir ki, toylarımız "xoş, müqəddəs
gün” ab-havasından çıxaraq, pul dəyişmək, biznes maraqlı bir tədbirə çevrilib.
Artıq toylara çəkilən xərclər o qədər çox olur ki, toy yiyəsi xoş günündə
şənlənmək əvəzinə, boş qalan stulları hesablayır, "Görəsən, nə qədər
ziyandayam?” – deyə düşüncəyə qapılır. Günü-gündən isə bu, daha acınacaqlı hal
alır. Zamanla daha bahalı restoranlarda toy etmək, daha bahalı cehizlər vermək
bəhsi gedir. Bu da nəticədə toyların biznes məqsədli bir tədbirdən seçilmədiyinə
gətirib çıxarır. Bəs vəziyyətin bu həddə çatmasına səbəb nədir? İndiki halda nə
etməli? Toylarımızın biznes məqsədli olmasının qarşısını necə almalı?
"...toyuna
gəlməyənlərin evinə gedib, pulunu istəyirmiş”
Yazıçı Seyran Səxavət "Kaspi”yə
açıqlamasında bildirdi ki, toyuna gəlməyənləri məhkəməyə vermək, etiraz forması
olaraq fərqlidir, amma ümumilikdə belə hadisələr az deyil: "Toyuna gəlməyən
qonaqları məhkəməyə verənlə bağlı xəbəri mən də oxumuşdum. Yer üzündə bundan
böyük biabırçılıq nə eşitmişəm, nə də görmüşəm. Bu, toplum olaraq bizim
xasiyyətimizdən, xarakterimizdən, mənəvi marşrutumuzdan xəbər verən bir şeydir.
Bu, təzə hal deyil. 25 il bundan qabaq mətbuat, saytlar, qəzetlər indiki qədər
azad deyildi ki, istədiyini yaza. O vaxt bir yaxın adamdan eşitdim ki, toyuna
getdiyi adamların siyahısını, nə qədər pul yazdırdığını qeyd edirmiş.
Özü toy edəndə siyahıdakılardan 30 nəfəri gəlməyib. O, məhkəməyə verməmişdi,
amma başqa yol seçmişdi. Siyahını götürüb toyuna gəlməyənlərin evinə gedib,
pulunu istəyirmiş. Bu, bizdə çoxdan var və onu göstərir ki, xislətimizdədir.
Amma toy doğum və ölüm qədər müqəddəs bir şeydir. Biz isə onu alverə
çevirmişik. Övlad toyu edən o qədər sevinməli, o qədər göylərdə olmalıdır ki,
problemlər, toya gəlib-gedənlər əsas diqqət mərkəzində olmamalıdır. Biz onu da
kommersiyaya çevirmişik. 1965-66-cı illərdə məşhur bir aktyor var idi, o, özünə
iki dəfə toy etmişdi. Bir dəfə Bakının hansısa kəndində, bir də Bakının özündə.
Hər ikisinə də ayrı-ayrı adamları çağırmışdı ki, pul yığsın. Bu, bizim
canımızda var. Səbəbi isə milli şüurumuzun son dərəcə aşağı olması ilə
bağlıdır”.
"Problemin
kökü təhsilsizliklə bağlıdır”
S.Səxavət deyir ki, milli şüuru yaradan, onu uşaq kimi tərbiyə edən,
cilalayan isə təhsildir. Yəni ki, problemin kökü təhsilsizliklə bağlıdır:
"Hamısı təhsilsizlikdən, bisavadlıqdandır. Səbəbi aradan qaldırmağın yeganə
yolu da təhsilin gücləndirilməsidir. Təhsilli adam bir az ağayana olardı. Heç
vaxt toyuna gəlməyən adamı məhkəməyə verməzdi. Ən azı toya gəlməyənlər də
təhsilli olsaydılar, özləri gələ bilməsələr də, bir uşaqla pulunu
göndərərdilər”.
Yazıçının sözlərinə görə, pul lap əvvəllər toylarımızda sadəcə,
adətin bir hissəsi olub: "Mən Qarabağın ən böyük kəndlərindən birində
doğulmuşam, ömrümün 19 ilini orada keçirmişəm. Ağlım kəsəndən 19 yaşıma qədər
bir dəfə görmədim ki, bizim kənddə və qonşu kəndlərdə toylarda pul haqda söhbət
getsin. Pulu ancaq musiqiçilərə verirdilər, bir də bəy oynayanda onun başından
tökərdilər, gəlinin ovcuna bərəkət rəmzi kimi qoyardılar və s. İndi eşitsək ki,
Bakıda bir nəfər pulsuz toy edir, nə siz inanarsınız, nə də mən. Görün,
50-55-ci illərdə kənddə necə böyük mədəniyyət olub. Belə çıxır ki, insan getdikcə
daha çox hər şeyə alver zirvəsindən baxır”.
S.Səxavət onu da qeyd etdi ki, imkansız ailələr üçün toylarda müəyyən
qədər pul yığılması gənc ailələr üçün dəstək ola bilər. Amma məsələni biznes
həddinə çatdırmaq faciədir: "Əslində, toyların bu cür olmasının bir tərəfi də
var. İmkansız adam olur, camaat yığışıb gücü çatan qədər yardım edir. Yəni,
cavan ailələr ayaq üstə durana qədər bir az pulları olsun. Bu cəhətdən pis
deyil, amma bunu biznesə çevirmək böyük əxlaqsızlıq, faciədir”.
"Adət mahiyyətini,
formasını müəyyən qədər dəyişə bilər, amma...”
AMEA
Folklor İnstitutunun direktoruMuxtar İmanovdeyir
ki, adət-ənənələrin mahiyyətində zaman keçdikcə müəyyən dəyişikliklər gedə
bilər, amma problemin bu həddə çatmasına səbəb şadlıq evləridir: "Bu o qədər
ciddi məsələdir ki, siz nə isə yazmaqla, mən hansısa fikir bildirməklə həll
etmək qeyri-mümkündür. Hadisələr o yerə gəlib çıxır ki, adət-ənənələr ilkin
mahiyyətindən uzaqlaşmağa başlayır. Rayonların və Bakının şadlıq evlərinin toylarından
danışsaq, burada mahiyyət təkcə toy edənin öz istəyindən, kaprizlərindən əmələ
gəlmir. Bunun ən ciddi tərəfi şadlıq evlərinin fəaliyyəti ilə bağlıdır. Şadlıq
evləri faktiki olaraq insanları elə bir tələyə salırlar ki, o tələdə necə
rəftar edəcəklərini bilmirlər. Məsələn, qəzetlərin birində bir nəfər qeyd
etmişdi ki, imkanı olmadığı üçün şadlıq evində masanın qiymətini aşağı salmaq
üçün müəyyən ixtisarlara getmək istəyib. Şəhər kənarında yerləşən bir şadlıq
evi imiş. Şadlıq evindən bildirilib ki, adamın birini 40 manatdan aşağı edə
bilməzlər. Deyib ki, heç olmasa icazə ver, toydan sonra stoldakı ərzaq-içki nə
varsa, evimə aparım. "Qəti olmaz” deyiblər. Bu nə əcaib bir şeydir. Məsələyə bu
aspektdən yanaşsaq, daha tez həllini tapa bilər. Adət mahiyyətini müəyyən qədər
dəyişə bilər, amma bu qədər əcaib formaya düşməsi məhz o şadlıq evləri ilə
əlaqədərdir”.
"Restoranlar
valideynləri çıxılmaz oyuna salıblar”
M.İmanov bildirdi ki, toy sahiblərinin burada günahı yoxdur, onlar
övladlarının xoş gününü daha yaxşı keçirmək istəyirlər, sadəcə, restoranlar
bundan istifadə edirlər: "Restoranlar o qədər əlbirdirlər ki, valideynləri
çıxılmaz oyuna salıblar. Qiyməti dəvə belinə qaldırıblar. Həddindən artıq
yüksək səsli musiqi, hədsiz şişirdilmiş qiymətlər, süfrədə yemək sayının
həddindən çox olması və s. bu kimi məqamlar hamısı o toyun əcaib tərəfləridir.
Bunda isə xalqın heç bir günahı yoxdur. Xalq öz ənənəsi ilə gedir. Amma elə bir
şərait yaranır ki, şadlıq evləri insanları tora salırlar, ona görə də bütün
münasibətlər alt-üst olur. Niyə rayonlarda çadırlarda, həyətlərdə toylarda olan
adətlər elə əvvəlki kimi keçir, heç bir problem də olmur? Niyə bu problemlər
şadlıq evlərində olan toylarda yaşanır? Ordan başlamaq lazımdır”.
İnstitut direktoru qeyd etdi ki, məsələyə rəsmi səviyyədə münasibət
bildirilməsinə ehtiyac var: "O vaxt bizim kənddə toylarda pul yığılmırdı, amma
qonşu kəndlərdə yığılırdı. Sonra yavaş-yavaş bizim də kəndə təsir elədi,
yığıldı. Pul yığmaq, insanın digərinə kömək etməyi hələ toyun əcaib formaya
düşməsi demək deyil. Əcaib formaya o vaxt düşür ki, toy sahibi həmin şadlıq
evinin tələblərindən asılı vəziyyətə düşür. Kredit götürüb toy edib, toyuna da
az adam gəldiyi üçün xeyli borca düşən kifayət qədər adam var. İllər uzunu
borcu qaytarmaq üçün çalışıb. Problem budur. Aidiyyəti orqanlar bu məsələyə
fikir versinlər. Məsələn, Naxçıvanda çox nümunəvi yas mərasimləri keçirilir.
İmkanlı ilə imkansızın yas mərasimi arasında elə ciddi fərq olmur. Jurnalistlər
bu məsələni elə qaldırılmalıdır ki, buna ya Milli Məclis, ya başqa bir
səviyyədə münasibət bildirilsin. Bu, bütün valideynlərin imdad etdiyi bir
problemdir. Əvvəl-axır buna əncam çəkilməlidir”.
"Maddiyyat, əşyalar üçün
çalışırlar”
Sosioloq Cavid İmamoğlunun sözlərinə
görə, sosial qanunauyğunluq insanlardan sevincini paylaşmağı, tədbirlər
keçirməyi tələb edir. Bunlardan biri də əsrlərdir ölkəmizdə formalaşan toy
adət-ənənələridir. Amma bu sevinc paylaşmaq məsələsi son vaxtlar biznes
istiqamətinə daha çox meyllənib: "Toy adət-ənənələri Azərbaycanda cəmiyyətin
vacib ənənəsi sırasına daxildir. Təəssüflər olsun ki, son illər, xüsusilə də
son 10-20 il ərzində toy adət-ənənələri dəyişməyə başlamış və bir növ
insanların xoşbəxtlik simvolu kimi yox, daha çox biznes, pul qazanmaq,
kreditləri ödəmək və s. kimi rəmzə çevrilib. Bunun da səbəbi Azərbaycan
reallığında bəzi toy adət-ənənələri ilə bağlı yanlış stereotiplərin
formalaşması, toylara özünütəsdiq forması kimi baxılmasıdır. Bahalı cehizlər,
toya qədər gənclərə hər bir şeyin hazır təqdim olunması kimi yanaşmalar
nəticədə valideynlərin, xüsusilə yoxsul və orta təbəqə nümayəndələrinin bütün
ümidini toya bağlayır. Toya mümkün qədər çox insan cəlb etməyə cəhd göstərirlər
ki, daha çox gəlir əldə etsinlər, kreditlərini ödəsinlər, borclarını
qaytarsınlar. Sosioloji nöqteyi-nəzərdən yanaşanda, acınacaqlı durum odur ki,
insanların xoşbəxtliyi üçün bu qədər çaba sərf olunmur, maddiyyat, əşyalar üçün
çalışırlar”.
"Cəmiyyət
sevgiyə önəm versə...”
Sosioloq deyir ki, məsələnin bu həddə çatmasının bir səbəbi də
"camaat nə deyər” prinsipi ilə yaşamağımızdır: "Evlilik məsələlərinə də o
prizmadan yanaşılır. Ona görə də camaat da nə dediyinə fikir verməlidir. Başa
düşülməlidir ki, müasir dövrdə bu qədər problemlər içərisində təmtəraqlı toy
keçirmək çətinləşib. Ona görə də cəmiyyət gərək qınayıcı mövqedən çıxış
etməsin. Cəmiyyət sevgiyə önəm versə, bu cür dəbdəbəli toylara maraq da
azalacaq. Bu təhsil və maarif səviyyəsindən də çox asılıdır. İnsan daha çox
maarifləndikcə məsələlərə idrakı nöqteyi-nəzərdən yanaşır, nəinki hisslərlə,
yaxud başqalarının fikirləri əsasında formalaşan düşüncələrdən uzaq olur. Öz
yorğanına görə ayağını uzadır, ətrafını düzgün qiymətləndirir və ona uyğun
şənlik təşkil edir. Cəmiyyətdə söz sahibi olan şəxslər gənclərə aşılamalıdırlar
ki, xoşbəxtlik təmtəraqda deyil”.
Aygün Asimqızı