• cümə, 29 Mart, 03:16
  • Baku Bakı 7°C

“Mümkün olmayan bir şey yoxdur, yetər ki, insan istəsin” – Region gənci

28.04.14 09:34 12415
“Mümkün olmayan bir şey yoxdur, yetər ki, insan istəsin” – Region gənci
Biləsuvarda Cəbrayıl məcburi köçkünləri üçün salınan 7 saylı qəsəbədə İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində müəllim işləyir. Bir çoxlarının dediyi kimi, “rayon, kənd yerində qızın karyera qurması mümkün deyil” kimi fikirlə razı deyil. Deyir ki, mümkün olmayan bir şey yoxdur, yetər ki, insan istəsin. Müsahibimiz Sevda Alışovadır.
- Cərayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşam. Uşaqlığım ermənilərin azərbaycanlılara qarşı ədavətinin qızışdığı bir vaxta təsadüf edir. Cəbrayıl işğal olunarkən altı yaşım vardı. 1993-cü il 22 avqustdan 23 avqusta keçən gecə həyətimizdə kabab bişirirdik. Təzəcə yeməyə başlamışdıq ki, atam narahat halda içəri daxil oldu. Süfrə yığıldıqdan sonra atam bayaqdan onu narahat edən məsələni açdı: “Xəbəriniz var, kənd köçür”. Hamımız həyəcandan bir an heç nə deyə bilmədik. Bayıra çıxanda isə doğurdan da kəndin bir anda necə boşaldığını gördük. O mənzərə hələ də gözümün önündən getmir. Darvazadan çölə çıxdıq. Hər kəs hara isə qaçırdı... Atam bir neçə yerə getsə də, bizim kəndi tərk etməyimiz üçün minik tapa bilmədi. Sonra bizi Araz çayından İrana ərazisinə keçirmək istədi, bəlli oldu ki, orada sərhədi rus əsgərləri kəsib. Səhərə yaxın biz traktor lapetində kəndi tərk etdik. Atam isə kənddə qaldı. Gözümü açanda biçilmiş taxıl zəmisində idik. Saatlı rayonunun Qara Nuru kəndində məskunlaşmağa başladıq. Elə burada da 1-ci sinfə getdim və 2003-cü ildə orta məktəbi bitirdim. Daha sonra Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınan 7 saylı qəsəbəyə köç etdik. Atam və anam ingilis dili müəllimidir. Məcburi köçkünlük illərinin məşəqqətli anlarına, köçhaköçə baxmayaraq, valideynlərim bacımın, qardaşlarımın və mənim ali təhsil almamda əllərindən gələni etdilər. Bacım fəlsəfə elmləri doktoru oldu, qardaşım Elmlər Akademiyasında kiçik elmi işçidir, o da müdafiə etməyə hazırlaşır. Mən isə Bakı Qızlar Universitetinin filologiya fakültəsini bitirib Bakıda müəllim kimi işləmək üçün Təhsil Nazirliyində imtahan verdim, amma cəmi 0,02 keçid balım çatmadı. Sonra isə ikinci ixtisas qazanmaq üçün imtahan verərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbdə sosial pisxoloji xidmət ixtisasına daxil oldum. 2011-ci ildən Cəbrayıl rayonu İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində məktəb psixoloqu kimi fəaliyyət göstərməyə başladım. Sonra Təhsil Nazirliyində imtahandan keçdim və elə həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışmağa başladım və fəaliyyətimi davam etdirməkdəyəm.
- Sevda, ali məktəbi Bakıda bitirmisən. Sonra rayona gedib işləməyə başladın. Uzun müddət şəhər həyatından sonra rayon yerində işləmək çətin olmadı ki?
- İlk vaxtlar düşünürdüm ki, rayonda böyüdüyümə görə kənd həyatı mənə o qədər çətin olmayacaq. Ancaq 6-7 il il şəhər həyatından sonra kənd mühitinə adaptasiya olmaq mənə çox çətin oldu. Əslində rayon gözəl təbiəti, sakitliyi ilə şəhərdən üstündür. İnsanın kənddə çətinlik çəkməsinin bircə səbəbi də buradakı mühitin şəhər mühitdən çox fərqli olmasıdır. Lakin təcrübəli müəllimlərin, xüsusilə Hidayət Səfərlinin köməyi ilə yavaş- yavaş həm kollektivə, həm də şagirdlərə uyğunlaşa bildim. Evdə isə mənə böyük dəstəkçi atam və anam oldu.
- Necə oldu ki, müəllim olmağa qərar verdin?
- Müəllim ailəsində böyüdüyüm üçün valideynlərimin öz fənlərinin necə sevgiylə şagirdlərinə tədris etmələrini xoşlayırdım. Elə buna görə də uşaqlıqdan qarşıma məqsəd qoymuşdum ki, müəllim olacam. Ali məktəbi bitirdikdən sonra isə arzumu reallaşdırdım. Müəllimlik elə bir sənətdir ki, sən cəmiyyətə vətəndaş yetişdirirsən və çalışmalısan ki, onları düzgün yönləndirəsən. Evdə nə qədər problemin olsa da, sinfə daxil olduqda, onları unutmalısan və üzündə mütləq təbəssüm olmalıdır. Bu gün də ata-anamın keçmiş şagirdləri tez-tez onların yanına gəlir, əməkləri önündə baş əydiklərini bildirirlər. Bu, məni daha çox rövlənqdirir və öz üzərimdə daha çox çalışmağa səy göstərirəm.
- Şagirdlərindən razısan?
- Xasiyyətcə mülayim insan olduğum üçün şagirdlərlə dil tapmaqda o qədər də çətinlik çəkmirəm. Ümumiyyətlə, düşünürəm ki, şagirdlərə uşaq kimi yanaşmaq düzgün deyil. Onlara şəxsiyyət kimi yanaşmaq onların hisslərinə, düşüncələrinə hörmət etmək lazımdır. Bu zaman onlar daha yaxşı inkişaf edir, özlərinə inanırlar. Mən öz şagirdlərimlə ilk öncə dostam, onlar hər şeylərini mənimlə rahatlıqla bölüşürlər. Bu yaxınlarda “ Xudafərin körpüsü” mövzusunda V sinif şagirdləri ilə açıq dərsim oldu. Onlar görmədikləri Cəbrayıl, onun tarixi, təbiəti, şəxsiyyətləri barədə danışarkən dərsimdə iştirak edən məktəb rəhbərliyi və digər qonaqların sevincinə səbəb oldu. Bir görəydiniz, şagirdlərim bir gün belə olmadıqları, görmədikləri Cəbrayıl haqqında sərbəst şəkildə nə qədər rahatlıqla danışırdılar. Mən özüm də dərs boyu sevincimi gizlədə bilmirdim. Şagirdlərə edilən təriflər onları o qədər ruhlandırdı ki, artıq özlərini “dahi” hesab etməyə başlayırdılar. Müəllim üçün bundan gözəl nə ola bilər ki? Belə şagirdlərdən narazı qalmaq olarmı?
- Kənd məktəbləri ilə şəhər məktəbləri arasında hansı fərqlər var?
- Fərq olduqca böyükdür. Bildiyimiz kimi, biz ənənəvi təhsildən kurriklum təhsil sisteminə keçmişik. Bu da dərslərin daha çox hissəsinin kompyuterlə görüntülü şəkildə aparlımasını tələb edir. Ancaq elə rayon məktəbləri var ki, hələ də tam olaraq kompyuterlə təmin olunmayıb. Rayonda çalışan müəllimlərin bir çoxunun kompyuter bacarığı yoxdur. Bu da əsas problemlərdən biridir. Bundan başqa, kənd mühitində təhsil alan uşaqların aldıqları biliklər şəhər məktəbinə baxdıqda çox kasaddır. Kurriklum sisteminə keçməyimizə baxmayaraq, uşaqlar yenə də müəllimlərin onlara verdiyi biliklər və dərsliklərlə kifayətlənirlər. Yeni sistemə keçdiyimizdən şagirdlərə müxtəlif araşdırmalar verilir. Şagirdlər bu arşadırmaları aparmaqda çətinlik çəkirlər. Çünki valideynlərin əksəriyyəti savadsız olur, öz övladlarına kömək edə bilmirlər. İntenetə çıxışın olmaması da onlara verilən tapşırığı etməkdə çətinlik törədir. Deməli, valideynlərimiz də kompyuter kurslarına cəlb olunmalı və onların müasir dərslərdə iştirakı təmin olunmalıdır. Digər bir cəhət odur ki, şagirdlər məktəbdəkənar asudə vaxtlarını səmərəli keçirə bilmirlər. Məktəbdən sonra müxtəlif kurslar, dərnəklər əyləncə məkanları olmadığı üçün inkişafda, dünyagörüşünün formalaşmasında şəhər uşaqlarından geridə qalırlar.
- Sevda, səncə, rayon yerində bir qızın inkişaf etməsi, uğurlu karyera qurması nə dərəcədə mümkündür? Çoxları düşünür ki, bu, çətindir.
- Mümkün olmayan bir sey yoxdur, yetər ki, insan istəsin. Düzdür, səhərə nisbətən rayon yerində qızların karyera qurması çətindir. Bəzi alilələr qızlarını məktəbə qoymur və onları erkən nikaha cəlb edirlər. Məncə, bu sahədə də maarifləndirmə tədbirləri müntəzəm olaraq aparılmadlır.
- Gənc müəllimə kimi boş vaxtlarını necə keçirirsən? Gənclərin istirahət etməsi, əylənməsi üçün rayonunuzda məkanlar varmı və qızların oraya getməsində bir problem yoxdur ki?
- Xeyr, elə bir məkan yoxdur. Buradakı qızların istirahəti yalnız evdə ev işləri görməklə, qonşuya və yaxud rəfiqəsigilə getməklə bitir. Mənim istirahətim isə həyətimizdə əkib-becərdiyimiz bitkilərə qulluq etmək, televizora baxmaq, yaxın dostlarımla və tələbə yoldaşlarımla internet vasitəsi ilə əlaqəyə girib onlarla müxtəlif mövzularda söhbətlər aparmaqdır. Bir də keçmişdə qaçhaqaçla oxuduğum əsrləri yenidən mütaliə edirəm.
- Sevda, yenidən Bakıya qayıtmaq, orada işləməyi düşünürsənmi?
- Dediyim kimi, bacım fəlsəfə elmləri doktorudur, Kiprdə universitetlərin birində dərs deyir. Kiçik qardaşım isə yaxınlarda müdafiə etməyə hazırlaşır. Onların elmə olan marağı məni də onların yolu ilə getməyə çağırır. Gələcəkdə bu arzumu gerçəkləşdirmək üçün öz üzərimdə çalışıram.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər