AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığımızı uğurla davam etdirəcəyik"

Siyasət
07 İyul 2020, 11:15 187
Hesab edirəm ki, pandemiyadan sonra da biz Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığımızı uğurla davam etdirəcəyik.

Bunu Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib: "Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasda idik. Çünki bu təşkilat dünya miqyasında bu işlərə cavabdehlik daşıyan birinci təşkilatdır. Onların mütəxəssislərini dəvət etdik. Onlar da ezam olundu, gəldilər, bəzi məsləhətlər verdilər və o məsləhətlər əsasında öz addımlarımızın bir hissəsini atdıq. Dediyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir, həm birinci mərhələdə, ondan sonrakı mərhələdə və bu gün. Bu gün də biz sıx əlaqədəyik və hesab edirəm ki, bu təşkilatla hər bir ölkə çox sıx əməkdaşlıq etməlidir. Çünki biz yalnız Ümumdünya Səhiyyə Təşkilatından məsləhət ala bilərik. Ona görə biz bu təşkilatı beynəlxalq arenada da dəstəkləyirik, bildiyiniz kimi, ona maliyyə yardımı da etmişik. Bu gün təşkilatın nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Biz bu fəaliyyətə görə minnətdarıq. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşlərində də iştirak edib. Hesab edirəm ki, pandemiyadan sonra da biz bu təşkilatla əməkdaşlığımızı uğurla davam etdirəcəyik".