AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mülki əhaliyə qarşı törədilən hərbi cinayət - Fotolar

Mülki əhaliyə qarşı törədilən hərbi cinayət - Fotolar

Siyasət
17 İyul 2020, 19:20 5136
Sarsıdıcı zərbə alan Ermənistan ordusu sərhəd bölgəsinə və cəbhə ərazisinə yaxın yaşayış məntəqələrimizi hədəfə alır
 
Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalandığı 1994-cü ildən bu günə qədər erməni tərəfi atəşkəs rejimini daim pozub, üzərinə götürdüyü öhdəliyə, beynəlxalq qanunlara daim hörmətsizlik nümayiş etdirib. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi məqsədilə bu günə qədər aparılan danışıqlarda hər hansı irəliləyiş, yaxud ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, prezidentlərin  iştirakı ilə hansısa razılıq əldə olunduğu zaman Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində müxtəlif təxribatlar törədiblər. Bu təxribatların qarşısı Azərbaycan hərbçiləri tərəfindən alınanda, düşmənə sarsıdıcı zərbələr vurulanda isə qarşı tərəf bunun qisasını daim mülki əhalidən çıxıb. Öz məğlubiyyətini və acizliyini həzm edə bilməyən erməni yaraqlıları mülki əhalini hədəfə alaraq, yaşayış binalarını, mal-qaranı, əkin-biçin sahələrini güllə və mərmi yağışına tutublar.  Belə vaxtlarda erməni qatilləri hətta azyaşlılara da rəhm etməyib, snayper atəşi ilə azərbaycanlı uşaqları öldürüblər. 2011-ci il mart ayının 8-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi yenidən pozması, Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlova atəş açması yüzlərlə bu kimi faktdan biridir. Həmin zaman balaca Fariz başından ağır yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib.
 

 
Hadisənin törədildiyi müddətdə cərəyan edən prosesləri bir qədər təhlil etsək görərik ki, azərbaycanlı uşağın qətli Rusiya prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin martın 5-də Soçidə tərəflər arasında dialoqu davam etdirmək məqsədilə keçirilən görüşdən üç gün sonraya təsadüf edib. Bu, işğalçı Ermənistan ordusu tərəfindən müdafiəsiz insanlara qarşı törədilmiş qanlı hadisə olmaqla yanaşı, həm də münaqişənin dinc vasitə ilə tənzimlənməsi istiqamətində atıla biləcək hər hansı addımın qarşısını almaq cəhdi idi. Elə həmin il Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Araşdırmalar zamanı məlum olub ki, partlayıcı qurğu quraşdırılmış "itəbənzər” uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib. Həmin ərazidə anoloji hadisə 1994-cü ildə də baş verib. Belə ki, ermənilər tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayışın baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olub, biri yaralanıb. Ötən il iyulun 14-də erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində isə Tovuzun Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayevə, onun 8 yaşlı qardaşı Tuncay və 44 yaşlı Durdanə Nağıyevaya ağır yaralanıblar.
 


Azyaşlı uşaqların qətlə yetirilməsi qeyri-insani akt, beynəlxalq hüquqi sənədlərin pozulması olmaqla bərabər, Ermənistan barəsində beynəlxalq məsuliyyət də doğurduğundan, həmçinin ona qarşı BMT tərəfindən müəyyən sanksiyaların tətbiqini zəruri etdiyindən Azərbaycan tərəfi beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinə müvafiq müraciətlər göndərib. Lakin böyük güclər, eləcə də beynəlxalq təşkilatlar Ermənistanın ərköyünlüyünə bu dəfə də göz yumublar. Elə buna görə də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması, mülki əhalini hədəfə alması, cəbhə xəttində təxribatlar törətməsi adi hala çevrilib. 2015-ci il aprelin 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutması nəticəsində 16 yaşlı Pakizə Məhərrəmli baş nayihəsindən ağır yaralanıb. 
 

 
2016-cı il mart ayının 31-dən başlayaraq cəbhə xəttində atəşkəsi pozan erməni yaraqlıları mövqelərimizə soxulmağa da can atıblar. Düşmən hücumunun qarşısı alınarkən yüzlərlə erməni hərbçisi, onlarla hərbi texnika məhv edilib, bir neçə yüz erməni hərbçisi yaralanıb. Ordumuzun əks hücumu nəticəsində erməni əsgərləri öz mövqelərini, strateji əhəmiyyət kəsb edən bir sıra yüksəklikləri qoyub qaçıblar. Düşməndən təmizlənən həmin ərazilərdə Azərbaycan hərbçiləri öz mövqelərini möhkəmlədiblər. Həmin vaxt Ermənistan silahlı qüvvələri itirdikləri mövqeləri geri almağa bir neçə dəfə cəhd göstərsələr də daha böyük itki verərək geri çəkiliblər. Belə olan halda düşmən ənənəvi üsuluna əl atıb, uğursuzluğunun əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb, mülki vətəndaşlarımızı hədəfə çevirib.
 


Beləliklə də 2016-cı il aprelin 2-də səhər 8-də Tərtər rayonunun Qarağacı kəndinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi "VAZ-2107” markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Orxan Rəhimov hər iki ayağını itirərək yerindəcə qanaxmadan ölüb. Avtomobilin sürücüsü Cəlal Rəhimov və yaxınlıqda olan 1990-cı il təvəllüdlü Ramin Əhmədov çoxsaylı qəlpə yaraları alıblar. Həmin gün saat 12.00 radələrində mərmilərdən biri qəsəbədə məskunlaşmış İsa Əhmədovun yaşadığı mənzilə düşüb. Çoxsaylı qəlpə yaraları alan Əhmədov Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Saat 19.20 radələrində isə rayonun Şıxarx qəsəbəsi ərazisinə atılmış mərmilərdən biri 1987-ci il təvəllüdlü Sadiq Əliyevin idarə etdiyi "Niva-2121” markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Fərman Əsədli çoxsaylı qəlpə xəsarətləri alaraq qanaxmadan ölüb. Sürücü və digər sərnişin, 1982-ci il təvəllüdlü Mübariz Rəhimov çoxsaylı qəlpə yaraları alıblar. Saat 20.00 radələrində Ağdam rayonunun Əfətli kənd sakini, 1953-cü il təvəllüdlü Cümşüd Hüseynov top mərmisinin partlaması nəticəsində bel nahiyəsindən ağır xəsarət alıb və o, dərhal xəstəxanaya yerləşdirilib. Bundan bir saat sonra Seydimli kəndi ərazisinə atılmış mərmilərdən biri kənd sakini, 1951-ci il təvəllüdlü Vahid Vəliyev yaşadığı mənzilə düşərək onu və azyaşlı nəvəsi, 2003-cü il təvəllüdlü Sənan Vəlizadəni ağır yaralayıb. Aprelin 2-də Goranboy rayonunun Qarqucaq kənd sakini, 1938-ci il təvəllüdlü Əbdüləzim İbrahimov və Tapqaraqoyunlu kəndində yaşayan 1974-cü il təvəllüdlü Abbas Allahverdiyev mərmiyə tuş gələrək ağır yaralanıblar. Başqa bir mərmi isə Tərtər şəhər sakini, 1949-cu il təvəllüdlü Olqa Kruqlovanın yaşadığı mənzili tamamilə dağıdıb.
 

 
2016-cı ilin aprel ayının ilk ongünlüyündə düşmən təmas xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini də reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atəşə tutmağa başlayıb. Ağdam rayonunun Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndinin atəşə tutulması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü  Dadaşov Qaraş Şahmar oğlu həyatını itirib. Erməni silahlı qüvvələri həmin gün Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də mərmi atəşinə tutublar. Tərtərin Düyərli kəndində yaşayış evinə mərmi düşməsi nəticəsində 2 qadın yaralanıb. Düşmənin atdığı mərmilər şəxsi təsərrüfatlarla yanaşı, təhsil müəssisələrinə də ciddi ziyan vurub. Ağdam rayonunun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb və təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb. Həmin gün rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində də məktəb binasına zərər dəyib, divarlar zədələnib.
 

 
2016-cı il aprelin 5-də isə erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun Həsənqaya kənd sakini, 16 yaşlı Həsənova Turanə dünyasını dəyişib. Həmin il iyulun 14-də Tovuzun Ermənistanla təmas xəttində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayeva, onun 8 yaşlı qardaşı Tuncay ağır yaralanıblar. 2017-ci il iyulun 4-ü saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 
 


2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozublar. Düşmən gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribat törətməklə iriçarplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaqla hücuma keçmək cəhdi ediblər. Beləliklə, Ermənistan özünün təcəvüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutub, nəticədə Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, o cümlədən cəbhə bölgəsindəki yaşayış məntəqələrinə, mülki əhaliyə mühum ziyan dəyib.
 
 

Belə ki, 2020-ci il iyulun 13-də Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutulub. Top mərmilərindən biri Dondar Quşçu kəndinin Mahir adlı sakininin evinə düşüb. Nəticədə ev yararsız vəziyyətə gəlib. İyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndləri, mülki əhalinin yaşadığı evlər iriçaplı silahlardan və artilleriya qurğularından yenidən atəşə tutulub. Dondar Quşçu kənd ərazisinə mərmilərin düşməsi nəticəsində 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib. Belə ki, hadisə nəticəsində kənd sakini, 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evinə, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahələrinə ciddi ziyan dəyib. Bununla yanaşı, Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. Mərhumun qızı Zərnişan Gözəlova bildirib ki, ayın 12-də atası ilə telefonla danışıb sağollaşandan dərhal sonra ermənilər evi mərmi atəşinə tutub, Ə.Əzizovu öldürüblər.
 
 
 
İyulun 14-də saat 15 radələrində Qazax rayonu, Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus reaktiv qurğudan buraxılmış mərminin atılaraq partlaması səbəbindən həmin mərminin müxtəlif hissələri Xanlıqlar kənd sakinləri Səlminə Əliyeva, Məhbub Orucova, Əziz Şirinov, İlham Mehtiyev, Razim Musayev və Kamil Cahanova məxsus evlərin dam örtüklərinə, həmçinin həyətyanı sahələrinə səpələnib. Nəticədə zərərçəkmiş şəxslərin əmlakları qəsdən zədələnməklə sonunculara xeyli miqdarda ziyan vurulub. İyulun 15 və 16-da da düşmən sərhəd kəndləri artilleriya atəşinə tutmaqda davam edib. Tovuzun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacalı kəndlərinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb, kənd sakinlərinə ciddi maddi ziyan dəyib.
 


Sadalanan faktlar bir daha onu göstərir ki, Ordumuz tərəfindən təxribatlarının qarşısı alınan, ağır məğlubiyyətə uğradılan düşmən çıxılmaz vəziyyətdə qalanda quduz it kimi quduraraq mülki əhalini, yaşayış məntəqələrini, uşaqların təhsil aldığı məktəbləri mərmi yağışına tutub. Ermənistanın Azərbaycanın mülki əhalisinə, mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn, insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Bu, bir daha sübut edir ki, işğalçı Ermənistan beynəlxalq hüququn tələblərinə, beynəlxalq təşkilatların çağırışlarına heç bir əhəmiyyət vermir. Təəssüf ki, beynəlxalq hüquqa, qonşularının ərazi bütövlüyünə sayqısız yanaşan, işğalçılıq və soyqırımı siyasəti yürüdən Ermənistan hakimiyyətinə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan böyük dövlətlər, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hər hansı formada təzyiq göstərmək istəmir, ikili standartlarını bir daha nümayiş etdirirlər.

Rufik İSMAYILOV