• şənbə, 20 Aprel, 00:59
  • Baku Bakı 15°C

Mühasiblərin yarışında dünya birincisi olan gənc

24.04.20 14:30 1975
Mühasiblərin yarışında dünya birincisi olan gənc
Nizgan Cəbiyeva: "Azərbaycan gəncliyinin gücünü dünyaya isbat etdiyim üçün sevincliyəm”
"Mənə görə, beynəlxalq yarışlarda iştirak edəndə, ilk və ən əsas motivasiya Azərbaycan adını doğrultmaqdır. Hər şeydən əvvəl Azərbaycan gəncliyinin gücünü dünyaya isbat etdiyim üçün sevincliyəm” - bu sözləri bizimlə söhbətində ACCA-nın (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosasiyası) Financial Reporting (maliyyə hesabatı) imtahanında bütün dünya üzrə ən yüksək nəticəni əldə edərək, Global Prizewinner (Qlobal mükafatçı) kimi ACCA-nın pul mükafatına layiq görülən gənc tələbəmiz Nizgan Cəbiyeva söylədi.
Bildirək ki, Nizgan Cəbiyeva 2001-ci ildə Rusiya Federasiyasının Norilsk şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində 283 nömrəli orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra o, 664 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin mühasibat uçotu və audit ixtisasına qəbul olunub.

Hazırda ikinci kurs tələbəsi olan gənc müsahibim deyir ki, maliyyə sahəsinə marağı ACCA sertifikatlarını almağa qərar verməklə başlayıb: "ACCA maliyyə-mühasibat sahəsində ixtisaslı mütəxəssislərin birliyidir. Bu mütəxəssislər tərəfindən beynəlxalq maliyyə standartları əsasında tərtib olunan imtahanlar var. Karyerasını bu istiqamətdə davam etdirənlər üçün həmin imtahanları verib, sertifikat əldə etmək çox vacibdir. Yəni qısaca desəm, bu imtahanlarda iştirak etmək maliyyə sahəsində öz bilik və bacarıqlarımı artırmaqda əvəzsiz rol oynayır. Çünki bu çox prestijli qurumdur. Mən özüm maliyyə hesabatı imtahanında iştirak edərək 96 faiz nəticə əldə etdim. Bu isə, həmin sahə üzrə zəruri bilik və bacarıqlara yiyələnməyimi göstərir”.

Mahiyyəti dərk etmək lazımdır
Nizgan bu istiqamətdə davam etmək istəyən gənclərə öz tövsiyəsini də verdi: "ACCA uzun bir yoldur. Hər şeydən əvvəl bu yola başlayanlar bu məqamı nəzərə almalıdır. Onu da deyim ki, bu gün ən çox tələb olunan sertifikatlar maliyyə uçotu və maliyyə hesabatı sertifikatlarıdır. Ona görə də bu imtahanların bəziləri yarış səviyyəsində və sessiyalı olaraq keçirilir. Yəni, imtahanlar çox çətin olur. Təkbaşına bu imtahana hazırlaşa bilməyənlər ACCA-nin təsdiq etdiyi və ölkəmizdə fəaliyyət göstərən partnyorlara müraciət etsinlər. Mən özüm də bu qaydada hazırlaşdım. Digər tərəfdən, əgər kimsə imtahanlara özü hazırlaşırsa, keçmiş imtahanlar haqda verilən rəylərə baxmaqda fayda var. Bu imtahanla bağlı assosiasiyanın müəyyən tələbləri var. Mən ACCA-nın saytında əvvəlki imtahanlarla bağlı tələbələrin nəticələrini və rəylərini tapıb araşdırmışdım. Onların əvvəlki imtahanlarla bağlı rəylərini oxumaq sizə çox faydalı ola bilər. Bu sizdə imtahana tam hazır olmağınızla bağlı sağlam düşüncə formalaşdırır. Yəni nələri yazmalı, nələri bilməli olduğunuzu əvvəlcədən öyrənib, araşdırırsınız. Həmçinin bir mövzunu yaxşı başa düşmədən ondan əl çəkmək olmaz. Başa düşmədən oxumaq düzgün deyil. Mahiyyəti dərk etmək lazımdır. Bir mövzunu başa düşmək üçün saatlarla vaxt sərf etmişəm. Yəni qısaca, proqramı bitirmək xətrinə oxumaq lazım deyil”.

Sonda gənc maliyyəçidən hədəfləri haqqında da soruşduq: "ACCA yoluna davam etmək və yenə imtahanlarda iştirak edərək yüksək nəticələrlə ətrafımdakıları sevindirmək istərdim. Bütün müvafiq tələbləri qarşılayıb, ACCA-nın üzvü olmaq və uğurlu karyera qurmaq əsas hədəflərimdir”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər