• cümə, 29 Mart, 09:29
  • Baku Bakı 5°C

Müharibənin acığına qurulan şəhər - Fotolar

30.07.19 11:00 20826
Müharibənin acığına qurulan şəhər - Fotolar
"Çobanın könlü olsa, təkədən də pendir tutar”. Bu atalar məsəlimiz olduqca geniş yozumludur. Reallaşdıra bilməyəcəyimiz heç bir iş yoxdur, təki könül olsun.Necə ki, bu könül misirlilərdə olub. Olub və Şarm əl-Şeyx kimi bir möcüzə qurublar."Kompas Tour”, "Millenium Tourism Azerbaijan” və "Nefer Tours” turizm şirkətləri Azərbaycanın bir qrup turizm və mətbuat nümayəndəsini bu möcüzə ilə tanış etmək üçün Şarm əl-Şeyxə səfər təşkil etmişdi.

Müharibə, sənin bu üzün də varmış...
Şarm əl-Şeyxi cəmisi 40 il bundan əvvəl qurmağa başlayıblar. Sinay yarımadasında əlverişli coğrafi mövqedə yerləşən bu kiçik qəsəbə Misirə imkan verirdi ki, İsrailin və İordaniyanın Qırmızı dənizə çıxışını bağlasın. Misir 1967-ci ildə belə də edir. Və İsraillə müharibə başlayır. Altı günlük müharibədən sonra İsrail kiçik qəsəbə olan Şarm əl-Şeyxi tutur. İsrail işğalı 1979-cu ilə - Misirlə sülh müqaviləsi bağlanana qədər davam edir. Sülh müqaviləsinin bağlanmasından sonra isə Şarm əl-Şeyx möcüzəsinin yaranması başlayır. Sanki müharibənin acığına qurmağa başlayıblar bu şəhəri. Və elə yaxşı da ediblər. Müharibə də şəhər qurarmış... Təki, bütün müharibələrə belə acıq verilsin. Təsadüfi deyil ki, Şarm əl-Şeyxə "Sülh şəhəri” də deyirlər. Şəhərin ən böyük meydanı da "Sülh meydanı” adlanır.

Maraqlıdır ki, Şarm əl-Şeyxdə ilk otellər elə İsrail ordusunun əsgərləri üçün tikilmiş kazarmalar olub. Sonradan bu kazarmaları rekonstruksiya edərək, otelə çeviriblər. Bu, həm də tarixilik baxımından olduqca cəlbedicidir.


Tarixilik demişkən, bir məqamı xatırlayım, tarixi məkanları sevən turistlərlə sözüm çəp gəlməsin. Şarm əl-Şeyx tarixi abidələr baxımından "varlı” şəhər deyil. Cəmisi 40 yaşı olan bir şəhərdə min illik tarixə sahib tikililər axtarmağa dəyməz. Amma əvəzində Afrikada Avropa səviyyəli kurort şəhəri görəcəksiniz. Üstəlik, bu şəhərə xas inanılmaz üstünlüklərlə. Bir sözlə, günəşi, dənizi və əyləncəni sevən turistlər, getdik, Şarm əl-Şeyx möcüzəsi ilə tanış olmağa.
Sahildə qurulan komfort
Şarm əl-Şeyx sahildə yerləşən şəhərdir. Qırmızı dənizin sahili boyu saysız-hesabsız otellər tikilib. Yolboyu irəlilədikcə, elə bilirsən ki, bu şəhər ancaq otellərdən ibarətdir. Beş və dörd ulduzlu otellərdə turistlərin dincəlməsi üçün hər bir şərait yaradılıb. Düzdür, otellər komfortuna görə fərqlənirlər. Qiymətlər də komforta görə dəyişir. Bu da bütün təbəqələrdən olan turistlər üçün istirahət imkanı deməkdir. Əksər otellərdə dənizə çıxış və hovuzlar var. Amma elə otellər də var ki dənizə çıxışı yoxdur. Məsələn, ən böyük akvaparkı olan "Albatros”. Ancaq bunun da həlli yolunu tapıblar. Dənizə - çimərliyə getmək üçün avtobuslar təşkil olunur. Otellərin nəzdində ailəvi istirahət üçün nələr təklif edilmir ki... Xüsusən də, Şarm əl-Şeyxdə uşaqların istirahətdən zövq alması üçün müxtəlif xidmətlər mövcuddur.

Elə əhali də sahilətrafı ərazilərdə yaşayır. Sahildən kənarda həyat demək olar ki, yoxdur. Şəhərdə çoxmərtəbəli binalara rast gəlməyəcəksiniz. Yerli əhali əsasən ikimərtəbəli villa tipli binalarda yaşayır.


Şarm əl-Şeyxdə ilin 365 günü günəş var. Bu, şəhərin ən böyük üstünlüklərindən biridir. Hətta Aralıq dənizinin sahillərində yerləşən kurort şəhərlərində dəniz mövsümü bitir, amma Şarm əl-Şeyxdə bitmir. Yayda havanın orta temperaturu 38 dərəcə olur. Bəzi hallarda temperatur 45 dərəcəyə qədər yüksəlir. Dəniz suyunun hərarəti isə 28-29 dərəcə olur. Qışda isə temperatur 25-26 dərəcə olur. Dəniz suyunun hərarəti də 20-22 dərəcə təşkil edir. Aralıq dənizi ətrafında qış düşdükdən sonra turistlər Şarm əl-Şeyxə üz tuturlar. Bu şəhərdə turizm mövsümü bütün il boyu sürür.

Şarm əl-Şeyxdə cəmisi iki fəsil olur. Yay və qış. Amma qış da elə yay kimi keçirsə... Burda yaydan qışa keçid barədə sinoptiklər yox, polislər məlumat verirlər. Məhz polislərin geyiminə əsasən yay və ya qış fəslinin olduğu müəyyənləşir. Əgər polislər ağ mundirdə gəzirlərsə, deməli, yaydır. Yox, qara mundir geyiniblərsə, deməli, qışdır.

Rus dilinin "işğalı”
2015-ci ilə olan məlumata görə, Şarm əl-Şeyxin əhalisi 73 mindir. Amma şəhərdə həmişə 300 min qədərə insan yaşayır. Təbii, onlar turistlərdir. Şarm əl-Şeyx turist qıtlığı yaşamır. Otellərin hamısı 94-95 faiz dolu olur. Otel də bir deyil, iki deyil. Şəhərdə 200-dən çox otel var. Şarm əl-Şeyx rus dilinin "işğalı” altındadır. Ərəb və ingilis dilini bilmirsinizsə, qətiyyən narahat olmayan. Şəhərdə hamı rus dilində danışır. Taksi sürücüsündən tutmuş, mağaza, otel sahibinə qədər. Otellərdə Rusiyadan və Ukraynadan olan xanımlar da işləyirlər. Şarm əl-Şeyx onlar üçün gəlirli iş yeridir.

Şəhərə gələn turistlərin də böyük əksəriyyətini slavyandillilər təşkil edir. Əsasən də ukraynalılar. Rusların sayı 2015-ci ildən sonra xeyli azalıb. Həmin il Şarm əl-Şeyxdə Rusiya təyyarəsi partladılıb. Bu da rus turistlərin sayına təsir edib. Yerli turizm əməkdaşlarının dediyinə görə, ruslar ümumi turist payının 30 faizini təşkil edirmişlər. Əlbəttə, böyük rəqəmdir. Belə bazardan imtina etmək olmaz. Heç misirlilər də etmək niyyətində deyillər. Şarm əl-Şeyxdə ruslar üçün hava limanında xüsusi terminal tikilir. Orda bütün işlərə ruslar özləri nəzarət edəcəklər. Təhlükəsizlikdən tutmuş pasport yoxlanışına qədər. Bu terminal hazır olduqdan sonra rusların yenidən kütləvi surətdə Şarm əl-Şeyxə üz tutacaqları güman olunur. Şarm əl-Şeyxin "ruslaşma”sının daha bir göstəricisi: hər üç yerli ərəbdən biri ya rus, ya da ukraynalı ilə evlənir.


Qış aylarında turist kontingenti dəyişir. Əgər şəhər, yayda əsasən ukraynalılar, ruslar, qazaxların "nəzarət”indədirsə, qışda avropalılar, xüsusən də Skandinaviya ölkələrindən gələnlər Şarm əl-Şeyxi "zəbt” edirlər.

Müxtəlif əyləncə növləri, səfərlər...
Şarm əl-Şeyxə getmək üçün viza tələb olunmur. Yox, əgər siz Misirin digər şəhərlərinə və ya İsrailə də getməyi nəzərdə tutursunuzsa, onda viza almalısınız. Viza üçün 25 dollar ödəmək lazımdır. Bir məqamı yadda saxlayın, viza aldıqda pasportunuza üçkünc ştamp da vurulmalıdır. O ştampı vurdurmasanız, cərimə olunacaqsınız. Heç bir turist üçün dənizdə və ya hovuzda çimib oteldə yatmaq cəlbedici olmaz. Bunu, Şarm əl-Şeyxin turizmçiləri də yaxşı anlayırlar. Ona görə də turistlərə müxtəlif əyləncə növləri, səfərlər təklif edirlər. Xüsusən də dayvinq həvəskarları üçün Şarm əl-Şeyxin əvəzi yoxdur. Qırmızı dənizin zənginliklərini seyr etmək bir ayrı aləmdir. Turistlərə təxminən 34-35 adda əyləncə və səfər təklif olunur. Şarm əl-Şeyx nə qədər gənc şəhər olsa da, baş çəkə biləcəyiniz tikililər var. Bura gəlsəniz mütləq Yekaterina monastırı, ecazkar məscid və kilsə, milli qoruq Ras-Məhəmmədə getməyə vaxt ayırın. Sualtı qayıqlarda dənizin əsrarəngiz varidatını görəcək, yaxtada isə günəşin hərarətini hiss edəcəksiniz. Soho meydanında romantik konsert proqramlarına baxa, "Naama Bey" Ticarət Mərkəzindən isə alış-veriş edə bilərsiniz.

Əsl Şərq bazarı
Ticarətdən söz düşmüşkən, Şarm əl-Şeyxin otelləri Avropa xidmətinin göstəricisidirsə, bazarı, dükanları əsl Şərq kaloritidir.Şəhərdə gündüz saatlarında sükut hökm sürür. Alış-veriş axşamüstü saat 7-dən sonra başlayır. Gecə şəhər "qaynayır”. Gündüz həddindən artıq isti olduğu, üstəlik, turistlər də digər əyləncələrə vaxt ayırdıqları üçün alış-veriş üçün ən münasib vaxt elə gecədir. Məndən sizə xəbərdarlıq, Şarm əl-Şeyxdə sizə deyilən qiymətlə dərhal razılaşmayın. Mütləq qiyməti "öldürün”. Arxayın olun, əvvəl-axır sizinlə dil tapacaqlar. Hərdən adama elə gəlir ki, Şarm əl-Şeyxdə mallar havayı başa gəlir və satıcılar onu istədikləri qiymətə sata bilərlər. Məsələn, 20 dollara təklif olunan məhsulu sövdələşmədən sonra 4-5 dollara ala bilərsiniz. Amma bunun üçün sizdə də Şərq kolaritliyi olmalı, bir sözlə, alveri sevməlisiniz. Dilli-dilavər olmasanız, ürəyiniz də yol-yoldaşlarım Namiq Mayılov, Niyaz Niftiyev kimi yuxa olsa, qiymət məsələsində satıcıya mütləq uduzacaqsınız. Şarm əl-Şeyxin dükanlarında hər şey tapmaq mümkündür. Xüsusən də ədviyyatların, müxtəlif çay növlərinin, əhval-ruhiyyəni yüksəldən bitkilərin, ətirlərin müxtəlif çeşidlərini təklif edəcəklər sizə.

Bir problemi də deyim…
Turist üçün nə lazımdır ey… Dəniz, günəş, əyləncə, Şərq bazarı, Misirin tarixi məkanlarına səfər imkanı. Çatışmayan nəsə var? Var. Bu qədər tərifdən sonra bir problemi deyim ki, sonra məni obyektiv olmamaqda ittiham etməyəsiniz. Şarm əl-Şeyxdəki bütün otellərdə internet problemi var. İnternetdən yalnız otellərin foyesində yararlanmaq olar. Bizimlə səfərdə olan Bakı otellərindən birinin nümayəndəsi bu problemi görüb zarafatla belə dedi: "Bizim otelin otaqlarında 5 dəqiqə internet olmayanda ərəblər aləmi bir-birinə qatırlar. İndi mənə aydın oldu ki, onlar Bakıya həm də interneti asanlıqla əldə etmək üçün gəlirlər”.

Beşulduzlu otellərdə internet probleminin hansı səbəbdən yarandığını öyrənməyə çalışsaq da, tutarlı cavab ala bilmədik. "Nefer Tours” şirkətinin baş meneceri Qalina xanım söz verdi ki, üzü qışa azərbaycanlı jurnalistlərin Şarm əl-Şeyxə daha bir səfərini təşkil edəcəklər. Bax, onda internet probleminin nədən qaynaqlandığını öyrənəcəyəm. Mütləq öyrənəcəyəm. Amma bu xırda problemi boş verin, səhradakı möcüzəni - Şarm əl-Şeyxi görün. Elə "Millenium Tourism Azerbaijan”a müraciət etsəniz, bütün təbəqədən olan turistləri razı salacaq təkliflər alacaqsınız. Hələ bir cəhd edin…

P.S. Şarm əl-Şeyxdə qurulan turizm infrastrukturu bizim turizm şirkətləri üçün də cəlbedici olmalıdır. Öyrənmək, inkişaf etmək baxımından. Təbii, turizmin inkişafı Azərbaycanda prioritet sahədirsə, deməli, nələrisə müqayisə etməli, yaxşı nümunələri əxz etməliyik. "Çobanın könlü olsa, təkədən də pendir tutar” məsəlini bir daha yada salaq. Misirlilərin könlü istəyib, tutublar. Biz niyə istəməyək? Axı bunun üçün hər cür təbii şəraitimiz var. Turistə "gəl-gəl” deyən Şarm əl-Şeyxin infrastrukturu, təklif olunan xidməti ilə bizimkilərin müqayisəsi isə qalsın başqa yazıya.
Natiq Muxtarlı
Bakı- Şarm əl-Şeyx-Bakı

banner

Oxşar Xəbərlər