• çərşənbə axşamı, 19 mart, 11:36
  • Baku Bakı 8°C

Müharibə generallarımızın sərdarı - Fotolar

23.01.21 10:30 2101
Müharibə generallarımızın sərdarı - Fotolar
Onun müəmmalı ölümündə də mənfur erməni izi var
Lənkəran şəhəri, İsmət Qayıbov küçəsi 19... Təkcə Lənkəran sakinlərinin deyil, yaxın kənd və qəsəbələrin, qonşu rayonların əhlisinin də yaxşı tanıdığı bir ünvan var: iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev muzeyi. Yaxın-uzaq ölkələrdən illərdən bəridir ki, turistlər, tədqiqatçılar, ədəbiyyat və incəsənət adamları, hərbçilər, məktəbli və tələbələr, sadə adamlar bu muzeyi ziyarətə gəlirlər. Görkəmli sərkərdənin həyatından və döyüş yolundan bəhs edən eksponatların sərgiləndiyi, birmərtəbəli, açıq eyvanlı ev, buradakı hər bir əşya ziyarətçilərə maraqlı və şərəfli bir ömrün dastanından söhbət açır. Alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında göstərdiyi qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan sərkərdənin adı xalqımız tərəfindən hər zaman qürur və hörmətlə yad edilir.

Ümummilli lider Heydər Əliyev generalın həyat yolunu belə dəyərləndirib: "Həzi Aslanov müharibədə mərdliklə döyüşən Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə, general, həm də vətənpərvər bir insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır”.


Həzi Aslanovun şücaəti haqqında əsərlər yazılıb, bədii və sənədli filmlər çəkilib, tədqiqatlar aparılıb.

Bir neçə il əvvəl görüşüb söhbətləşdiyim tədqiqatçı Musa Bağırovun araşdırmaları isə görkəmli sərkərdənin ikinci dəfə aldığı Sovet İttifaqı Qəhrəmanı adının qaytarılması uğrunda əsil mübarizə olub. Tədqiqatçı Rusiyanın paytaxtında təzyiqlərə məruz qalıb, amma xalqımız üçün çox əhəmiyyətli və qürur dolu bir faktı əldə edə bilib. Sonrada tədqiqatçı, Həzi Aslanov haqqında əldə etdiyi bütün materialları "Sərkərdənin taleyi” kitabında əbədiləşdirib. M.Bağırovun araşdırmaları görkəmli sərkərdənin nümunəvi həyatının və döyüş yolunun gələcək nəsillərə çatması üçün ən gözəl mənbədir.
Fəhləlikdən hərbçiliyə
Həzi Aslanov 1910-cu il yanvarın 22-də ( 4 fevral) Lənkəran şəhərində, kərpic zavodunda işləyən Əhəd Aslanovun ailəsində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi Aslanov atasının işlədiyi zavodda fəhlə kimi işləməyə başlayıb. O, şəhər komsomol təşkilatının fəaliyyətinə qoşulur, daha çox oxumağa, öyrənməyə çalışır, savadsızlığın ləğvi üzrə üçaylıq gecə kursunu bitirir. Məktəblərdən birində uşaq təşkilatının rəhbəri kimi çalışması isə onun idarəçi kimi təcrübə toplamasına səbəb olur. O, 1924-cü il sentyabrın 15-də komsomol putyovkası ilə 1 saylı Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilir və bu məktəbdə təhsil almağa başlayır. 1929-cu ilin mayında hərbi hazırlıq məktəbini uğurla bitirən gənc, Zaqafqaziya Hərbi Dairəsi hərbi şurasının əmri ilə Leninqradda (Sankt-Peterburq) yerləşən Borisoqlebski-Leninqrad süvari məktəbinə göndərilir. Məktəbin rəhbərliyi onu 231-ci əmrlə dərhal kursantlığa qəbul edir.

Həzi döyüş texnikası ilə daima yaxından maraqlanır, hərbi texnikanın incəlik və üstünlüklərini daha dərindən öyrənməyə çalışırdı.

1931-ci ilin iyununda Həzi Aslanov uğurla buraxılış imtahanını verir və ona vzvod komandiri rütbəsi verilir. Gənc hərbçi Ukrayna şəhərlərindən birinə yerləşən Kotovski adına III Bessarabiya süvari diviziyası 15-ci süvari alayında vzvod komandirliyinə təyin olunur. O zaman yeni yaradılmış qoşun növləri, xüsusən zirehli-tank və mexanikləşdirilmiş qoşun bölmələrinə başçılıq etmək üçün mütəxəssislərə böyük tələbat yaranmışdı. Buna görə də 12-ci avtozirehli-tank divizionunun komandir heyətini təkmilləşdirmək üçün Həzi Aslanovu ən yaxşı komandirlərdən biri kimi zirehli-tank kurslarına göndərirlər. Çox qısa müddətdə o, mürəkkəb zirehli-tank texnikasının sirlərini mənimsəyir, yeni qoşun növünə komandirlik etməyi öyrənir. 1930-cu ilin əvvəllərində o, Lənkərana gəlir və Xavər adlı xanımla nişanlanır. 1933-cü ildə ailə həyatı quran Həzinin Tofiq və Arif adlı iki oğlu dünyaya gəlir.

1933-cü ilin iyununda Həzi Aslanov 2-ci atıcı diviziyasının xüsusi tank rotasına vzvod komandiri təyin edilir. Daha sonra 60-cı atıcı diviziyanın xüsusi tank batalyonuna keçirilir. Burada baş leytenant tank rotası komandiri kimi 1938-ci ilin fevralınadək çalışır. 1938-ci ilin martında o, 60-cı atıcı diviziyanın xüsusi tank batalyonunun yanındakı məktəbə əvvəl rəis əvəzi, sonra isə rəis təyin edilir. May ayında Kiyevdəki 3-cü avtonəqliyyat alayının 5-ci batalyonuna təlim-hazırlıq üzrə komandir müavini təyin olunur.


1939-cu ilin əvvəlində Həzi Aslanov Kiyev Hərbi Dairəsində yeni yaradılan 4-cü mexanikləşdirilmiş korpusa daxil edilən 10-cu tank diviziyası 10-cu atıcı alayının avtonəqliyyat batalyonuna komandir əvəzi, bir az sonra isə komandir təyin edilir və kapitan rütbəsi alır.
Stalinqrad uğrunda
İkinci dünya müharibəsi başlayanda Həzi Aslanov Ukraynada xidmət edirdi. 1939-cu ilin sonunda o, Finlandiya ilə başlayan hərbi münaqişə ilə əlaqədar Kareliyaya göndərilir. Bu döyüşlərdə iştirak edənlərin ön sırasında idi.

Tankçılar onun komandirliyi ilə Mannerheym səddini aşmaqda və digər döyüş əməliyyatlarında iştirak edirlər. Sovet qoşunlarının qələbəsi nəticəsində 12 mart 1940-cı ildə SSRİ Finlandiya arasında sülh müqaviləsi imzalanır. Aslanov əvvəlki vəzifəsinə - Zoloçev şəhərinə, 10-cu atıcı alayın avtonəqliyyat batalyonunun komandirliyinə qaytarılır, 1940-cı ilin noyabrında ona mayor rütbəsi verilir.

1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə Həzi Aslanov özünü bacarıqlı sərkərdə kimi göstərir. O, öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf edir, almanları ağır tələfata uğradır. 1941-ci il avqustun əvvəlində tank batalyonu komandirlərindən biri sıradan çıxanda Həzi Aslanov 10-cu tank diviziyası komandirinin əmri ilə onun yerinə keçirilir. Bu, əslində, batalyon deyil, 12-15 müxtəlif BT-5, BT-7, T-26 tipli, bir neçə T-34 tankından ibarət kiçik qrup idi. Bu atıcı bölmələrlə birlikdə döyüşür, onların irəliləməsinə şərait yaradırdı.

Avqustun ortalarında 10-cu tank diviziyası 6-cı ordunun tərkibində Kiyevin şimal-şərqinə keçirilir. Burada almanlar Ukrayna paytaxtına şimal-şərqdən daxil olmağa, cənub-qərb və cənub cəbhələrini əsas qüvvələrdən ayrı salmağa cəhd edirdilər. 20-ci tank alayı Həzi Aslanovun rəhbərliyi ilə 10-cu tank diviziyasının tərkibində Şostka, Baxmaç, Piryatin rayonlarında düşmənin tank hissələri ilə qanlı döyüşlər aparırdı. Bu döyüşlərdə Həzi Aslanov sağ ayağından güllə yarası alır, bir dəfə isə qəlpə ilə başından ağır yaralanır. Batalyonun tankları tamam sıradan çıxandan sonra Həzini cəbhədən ehtiyat alaya çağırırlar. 1941-ci il sentyabrın əvvəllərində əvvəlki 10-cu atıcı alaya komandirin texniki hissə üzrə müavini təyin olunur. Bu vəzifədə o, Piryatin, Axtırka, Boquduxov, Xarkov rayonlarında döyüş yolu keçir. 1941-ci ilin sonu, 1942-ci ilin əvvəllərində Rostov-Don altında, Moskva ətrafında, Tixvin və Leninqrad istiqamətlərində düşmən birləşmələrinə sarsıdıcı zərbələr vurulmasında iştirak edir. 1941-ci ilin dekabrında Moskva ətrafında gedən döyüşlərdə göstərdiyi igidlik, qəhrəmanlıq Həzi Aslanovu cəsur hərbçi kimi tanıdır. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə məhz Həzi Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirirlər. O, 55-ci əlahiddə tank alayı ilə feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində böyük məharət göstərir. Onun tankçıları döyüşə-döyüşə 40 km-dən artıq yol gedərək, Stalinqrad ərazisində strateji əhəmiyyətli dəmir yolu xəttini düşməndən geri alırlar. Sovet tankları düşmənin xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxardaraq, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. Aslanovçuların Kotelnikovo yaxınlığında gedən döyüşlərdə göstərdikləri böyük şücaətləri nəticəsində düşmənin 30 əks-hücumu dəf edilir. Həzi Aslanovun döyüş taktikası nəticəsində almanların bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarılır.

Stalinqrad döyüşlərində cinahlardan zərbə ustası kimi şöhrət qazanan böyük sərkərdəmiz özünü müasir hərb elmin zirvələrinə yiyələnən mahir bir komandir kimi göstərir. Bu döyüşlə bağlı o yazırdı: "Üzbəüz həmlə nə qədər cəlbedici görünsə də, mən həmişə üstünlüyü düşmənin cinahlarına zərbə endirməyə verirəm. Düşmənin cinahlarını axtarmaq, ona ən zəif yerlərindən zərbə vurmaq asan deyildir, bunun üçün hər bir komandirdən böyük əmək, zirəklik və mətinlik tələb olunur”.

Həzi Aslanov ilk döyüş təltifi - "Qırmızı ulduz” ordeni olub. Bu döyüşdə göstərdiyi şücaətə görə isə podpolkovnik H.Aslanov 1942-ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Həzi Aslanovun da tərkibində yer aldığı korpus 3-cü "Stalinqrad qvardiya korpusu” adına layiq görülür. Korpusun tərkibindəki bütün hissələr də qvardiya titulu ilə mükafatlandırılır və onlara yeni nömrələr verilir. Həzi Aslanovun 55-ci tank alayı isə "41-ci əlahiddə tank alayı” adlandırılır.
Baltik sahillərinədək
Həzi Aslanov daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyir. Sonra yenidən 35-ci qvardiya tank briqadasına qayıdır. 1944-cü il martın 13-də ona tank qoşunları general mayoru rütbəsi verilir. 1944-cü il iyunun axırlarında Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçirlər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hücumları davam etdirir. Bu döyüşlərdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülür. 1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyir. O, Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərir. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alır. Görkəmli sərkərdə 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule qəsəbəsi yaxınlığında yaralanır. M.Bağırov yazır: "Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir”. M. Bağırov qeyd edir ki, 1944-cü ildə general-mayor H.Aslanov Belarusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib: "Ölümündən 47 il sonra, 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir”.

Həzi Aslanovun döyüş yolu və şücaətləri böyüyən nəsil üçün vətənpərvərlik məktəbidir. Heç şübhəsiz, bu yaxınlarda zəfər qazandığımız Vətən Müharibəsində də onun örnək həyat yolu hərbçilərimizi ruhlandırıb, qələbəyə səsləyib. Təsadüfi deyil ki, görkəmli sərkərdənin 110 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin keçən il imzaladığı Sərəncamda Həzi Aslanov hərb səlnaməsində yeni parlaq səhifələr açan qəhrəman kimi qeyd olunub: "Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər