“Mühacirlər” üçün anti-TAP oyunu Qarabağdan daha önəmlidir
Avropa İttifaqının üzvü olan bəzi ölkələr "Cənub Qaz Dəhlizi”
layihəsi başa çatdıqdan sonra Azərbaycanın təbii qaz ehtiyatlarına çıxış əldə
edəcəklər. Artıq Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan TAP-ın
tikintisi 60-62 faiz təşkil edir. Lakin hələ 2010-cu ilin əvvəllərindən
etibarən "Cənub Qaz Dəhlizi” və onun bir hissəsi olan Transadriatik boru
kəməri (TAP) layihəsi əleyhinə Avropada kampaniya yürüdülməkdədir.Layihə əleyhinə süni şəkildə təşkil edilmiş qərəzli kampaniyalar hələ
də aktuallığını itirməyib. Bu dəfə isə kampaniyaya TAP layihəsi əleyhinə
"NO TAP” hərəkatı ilə yanaşı, azərbaycanlı müxalif mühacirlər də qoşulub.
Sosial şəbəkələrdəki paylaşmalardan görünür ki Avropada yaşayan bir
qrup müxalif azərbaycanlı Almaniyada və Fransada yeni aksiyalar keçirməyə
hazırlaşırlar. Diqqəti cəlb edən odur ki, bu aksiya Avropada yaşayan
azərbaycanlı müxaliflərin ənənəvi "Siyasi məhbuslara azadlıq” şüarı
altında keçirilməyəcək. Planlaşdırılan aksiyanın şüarı kimi "Enerji
maraqlarına insan haqlarını qurban verməyin” seçilib. Aksiyanın təşkilatçısı –
özünü "Demokratiya Naminə Vətəndaş Təşəbbüsləri” adlandıran qurum
iştirakçıların Berlində rahat toplaşması üçün xüsusi avtobuslar da icarəyə
götürüb. Azərbaycanın strateji maraqlarına qarşı belə "fəallıq” nümayiş etdirən
müxalif mühacirlər, görəsən niyə bir dəfə olsun, Qarabağın işğaldan azad edilməsi
üçün Ermənistan əleyhinə aksiyalar keçirmirlər?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Azərbaycan Vəhdət Partiyasının sədri (AVP), millət vəkili Tahir Kərimlibildirdi ki, Azərbaycanın uğurlu inkişafı çoxlarını narahat edir: "Xüsusilə,
müstəqil dövlət kimi siyasət yürüdəndə başqaları bundan əsəbilik keçirir.
Azərbaycan dövlətinin müstəqil siyasəti, heç bir ölkədən asılı olmaması,
iqtisadiyyatın inkişafı, beynəlxalq monitorinq təşkilatlarının reytinq
cədvəlində ölkəmizin irəliləməsi onu deməyə əsas verir ki, prezident İlham
Əliyev ölkədə sabitliyi təmin edə bilib. Bu gün dünyadakı qlobal böhrandan
Azərbaycan uğurla çıxıb və ölkənin iqtisadi inkişafı ilə yanaşı, gələcək böyük perspektivlər
var. Eyni zamanda Azərbaycanın beynəlxalq logistika mərkəzinə çevrilməsi, təbii
ki, başqalarında cığallıq hissi yaradır. Əlbəttə ki, qarşıdan prezident
seçkiləri gəlir və kənardan əleyhimizə oynanılan bütün bu oyunlar məhz ona
hesablanıb. Bizə olan münasibəti Avropa Şurasından və digər beynəlxalq
təşkilatlardan da gördük. Amma başa düşmürlər ki, Bakı-Tbilisi-Qars, TANAP, TAP
və digər layihələrin təşəbbüskarı Azərbaycandır. Çox yaxşı haldır ki, ilin
sonuna qədər Ələt azad iqtisadi zonası və bir sıra logistika mərkəzləri
istifadəyə veriləcək. Yəni, bu gün Azərbaycanın iqtisadi uğurları və gələcəkdə
qazanacağı dividentlər çox böyük qıcıq yaradır. Özü də bu, bir sıra beynəlxalq
təşkilatlarla, onların əlaqəli olduğu mərkəzlərlə yanaşı, onlardan qidalanan
Azərbaycandakı bəzi qüvvələrə də təsirsiz ötüşmür. Bunlar da istəyirlər ki,
həyata keçirilən beynəlxalq layihələri pozsunlar. Bununla nəinki Azərbaycana,
hətta bizimlə əməkdaşlıq edən dövlətlərin özlərinə belə təsir göstərmək
istəyirlər. Eləcə də ölkəmizlə əməkdaşlıq edən beynəlxalq təşkilatları tənqid
atəşinə tuturlar. Bu baş verənlərin geniş vüsət alması, yenidən gündəmə gəlməsi
təbiidir. Hər bir məsələnin də arxasında Azərbaycana təzyiq etmək rıçaqlarının əldə
olunması dayanır. O cümlədən mövcud hakimiyyəti özündən asılı vəziyyətə salmağa
hesablanıb”.
T.Kərimli qeyd etdi ki, Avropa Şurası Ermənistanın işğalı nəticəsində
bir milyondan çox insanın didərgin düşməsi məsələsinə baxmadığı halda, bir
nəfərin təəssübünü çəkir: "Bütün bunların hamısı eyni mərkəzdən idarə olunur. O
cümlədən xaricdə yaşayan bəzi azərbaycanlılar da bu mərkəzlərin idarəçiliyi
altındadır. Təəssüflər olsun ki, yaşadıqları ölkələrdə Qarabağ məsələsini,
milli məsələləri qabartmırlar, lakin ölkəmizin uğurlarını kölgə altında qoymaq
istəyirlər. Hamı bilir ki, TANAP və TAP layihələri Azərbaycanın təşəbbüsü
olaraq Türkiyə ilə birgə həyata keçirilir. Məhz bu layihələr ölkəmizə gələcəkdə
xeyli dividentlər gətirəcək. Nəticə etibarı ilə Azərbaycanda yaşayan əhalinin
sosial vəziyyəti xeyli yaxşılaşacaq. Ölkəmizin xeyrinə olan bir layihənin
əleyhinə aksiyalar keçirmək nəyə lazımdır? Deməli, bir cavab var: nə olur-olsun,
Azərbaycan uğur qazanmasın, sosial vəziyyət yaxşılaşmasın. Çünki Azərbaycana və
görülən işlərə düşmən gözü ilə baxırlar. Başqa ölkələrdə görürük ki, müxalif qüvvələr
hökumətə müxalif olsalar da, dövlətin mövqeyini qoruyurlar. Misal üçün,
ermənilər harada yaşamalarından asılı olmayaraq, hər zaman Ermənistanın
mənafeyini güdürlər. Onlardan bir nəfər tapmazsan ki, dövlət maraqlarının
əleyhinə getsin. Amma təəssüf edirəm ki, bizim ölkədən gedənlərin bəzilərində milli
təəssübkeşlik yoxdur, əksinə, dövlətə zərər vuran tendensiyaların quluna
çevrilirlər. Hesab edirəm ki, belələri bu addımları ilə özlərini ifşa edirlər”.
Hüquq müdafiəçisi Sahib
Məmmədov bildirdi ki, xaricdə yaşayan və ya saxta sənədlərlə mühacirət alan
bir qrup şəxs müxtəlif güclərin təsiri altındadır: "TAP, TANAP və yaxud da
Avropaya yönələn başqa layihələrin icrası ilə Azərbaycan məşğul olmağa hazırlaşanda,
etirazlar başlayır. Etirazlarda da önə verilən həmişə bizim azərbaycanlılar
olur. Bu, təkcə iqtisadi yönümlü layihələrlə bağlı deyil. ATƏT-in son
toplantısında çıxışım zamanı auditoriyaya sual ünvanladım ki, niyə Azərbaycan,
Belarus, ya da başqa dövlətlər Avropa İttifaqı ilə iqtisadi, siyasi, biznes
layihələri ilə bağlı danışıqlara başlayanda, müqavilələr imzalamaq ərəfəsində olanda,
hay-küy təşkil edilir? Bunu təşkil edənlərin çoxu Avropada olan təşkilatlardır.
Məsələn, Çexiyada fəaliyyət göstərən PİN təşkilatı, Polşada Helsinki Fondu,
Norveç İnsan Hüquqları Evi və sair. TAP, TANAP layihələrinin həyata
keçirilməsində maraqlı olmayan hansı qüvvələrdirsə, deməli, həmin adamlar da o
qüvvələrə xidmət edir. Avropa üçün alternativ enerji mənbələrinin yaranmasının marağında
olmayan kimlərdir? Təbii ki, bunlar hamısı bəllidir. Vaxtilə dediyimiz kimi,
"Avropa” deyib qışqıranların əslində hamısı başqa yerlərə bağlı olan
adamlardır. Təkcə onlar deyil, eyni zamanda ölkə daxilində də böyük bir şəbəkə
var. Həmin o aksiyaların təşkilatçısı qeyd etdiyim ermənipərəst təşkilatlardır”.
S.Məmmədov vurğuladı ki, hələ Bakı-Tbilisi-Ceyhan kəməri çəkilən
ərəfədə 200 nəfərdən ibarət koalisiya yaradılmışdı: "O vaxt maraqlı tərəflər o
qədər güclü olmadığı üçün heç nə edə bilmədilər. Belə etirazlar hər zaman olub.
Həmin aksiya keçirən mühacirlər də bağlı olduqları yerin tapşırığını yerinə
yetirirlər. İndiki halda onların kurasiyası ermənilərə məxsus olan PİN
təşkilatındadır. Onların əlində internet televiziya, güclü resursları var. Eyni
zamanda ölkə daxilində və xaricdə nankor azərbaycanlılardan, o cümlədən
Azərbaycan əleyhinə olan insanlardan ibarət şəbəkə də qurulub. Bir ölkəni
vurmaq üçün ən yaxşı silah elə onun öz vətəndaşıdır və bu səbəbdən
azərbaycanlıları bura cəlb ediblər. Yəni, sapı özümüzdən olan baltalar. Ona
görə də bizim "milli” qüvvələrdən "səmərəli” istifadə edirlər”.
B.MƏMMƏDLİ