• cümə axşamı, 28 mart, 18:42
  • Baku Bakı 13°C

Mühacirət ədəbiyyatı: reallıqlar, problemlər

16.01.17 10:34 6907
Mühacirət ədəbiyyatı: reallıqlar, problemlər
Keçən ilin oktyabr ayında "Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda Bakıda keçirilən II beynəlxalq elmi konfrans bu sahədə bir sıra reallıqları üzə çıxarmaq baxımından əhəmiyyətli oldu. Azərbaycan mühacirət ədəbiyyatının çoxcəhətli əhəmiyyəti, onun tədqiq olunmasını zəruri edən amillər, bu sahədə ədəbiyyatşünaslığın qarşında duran mühüm vəzifələrdən söhbət açılan konfransda Azərbaycanın ictimai, ədəbi fikrində mühacirət anlayışının dərinləşdiyi, Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan mühacirət ədəbiyyatı ilə bağlı araşdırmaların aparıldığı, tədqiqat işlərinin yazıldığı qeyd edilib. Belə ki, "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” ölkə prezidentinin Sərəncamına əsasən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” adlı kitablar seriyasının nəşrinə başlanılıb. Nəşrə hazırlanan kitablar seriyasının "Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr” adlı I cildi artıq işıq üzü görüb. Hazırda Azərbaycan mühacirət ədəbiyyatının inkişaf yoluna həsr olunan "Azərbaycan ədəbiyyat tarixi” kitabının yeddinci cildi hazırlanır.
"Kaspi” ənənəvi "Müzakirə”sində Azərbaycan mühacirət ədəbiyyatının mövcud vəziyyətinə toxunaraq onun ideya mahiyyətindən, yaradıcılıq prinsiplərindən söz açmağa, "Azərbaycan mühacirət ədəbiyyatının araşdırılmağa ehtiyacı olan isimləri çoxdurmu?” sualına cavab tapmağa çalışıb.
"Mühacirət ədəbiyyatı Türkiyədə bir çox ədəbiyyatşünaslar tərəfindən araşdırılır”
Türkiyədə yaşayan tədqiqatçı alim Yavuz Akpinar tədqiqata ehtiyacı olan isimlər çox olduğunu bildirdi: "Böyük Vətən müharibəsindən sonra ikinci mühacirət dövründə almanlara əsir düşüb geri dönməyən qrup da var. Ən azı, fəaliyyət göstərən 20-30 nəfər var. Məhəmməd Əmin Rəsulzadə ilə bərabər Mirzəbalanın da fəaliyyəti araşdırıldı. Mühacirət ədəbiyyatı Türkiyədə bir çox ədəbiyyatşünaslar tərəfindən araşdırılır. Həmçinin, Azərbaycanda da bu sahəyə diqqət var. Təbii ki, AMEA-da mühacirət ədəbiyyatı ilə bağlı şöbənin açılması bu istiqamətdə araşdırmaları daha da genişləndirəcək. Akademik İsa Həbibbəyli onlara böyük dəstək verir. Həmçinin, onlara maddi dəstək verilsə, mühacirətdəki ədəbiyyatın hamısının orijinalını əski kitabçalardan təmin etmək mümkündür”.
"Bu yol yanlış olmaqla yanaşı, Azərbaycan ədəbiyyatının tarixini düzgün öyrənməməkdən irəli gəlir”
"Bakıda mühacirət ədəbiyyatına aid keçirilən konfrans 25 il əvvəl keçirilən konfransdan sonra ilk mötəbər elmi tribuna olmalı idi. Lakin konfransda məruzələrin az olması sanki mühacirət ədəbiyyatının problemlərinin həll olunması təsəvvürünü yaratmış oldu. Halbuki, mühacirət ədəbiyyatının təşəkkülü, şəxsiyyətləri və problemləri ilə bağlı azı 50-dən çox məqalə yer almalı idi” deyən filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov hesab edir ki, mühacirət ədəbiyyatının araşdırılması sahəsində artıq yeni mərhələ başlayır. Yəni, artıq mühacirət ədəbiyyatı ilə bağlı aparılan araşdırmalarda təsvirçilik mərhələsi arxada qalıb, indi təhlil və konseptual problemlərin həlli zamanı gəlib: "Məsələ burasındadır ki, mühacirət ədəbiyyatının yaşı yüz illəri keçsə də, ədəbiyyatşünaslığın yaşı o qədər də uzaq deyil. Əgər mühacirət ədəbiyyatının başlanğıcı ən azı orta əsrlər dövründən başlayırsa, mühacirət ədəbiyyatşünaslığının yaşı son otuz ilə təsadüf edir. 80-ci illərdə bəzi mühacirət nümayəndələrinin yaradıcılığı (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Almas İldırım və b.) ilə bağlı istisna tədqiqatları nəzərə almasaq, əsasən mühacirətşünaslıq 1990-cı ildən sonra intensiv araşdırmalarla məşğul olub”. B.Əhmədovun sözlərinə görə, mühacirət irsinin (istər siyasi, istər ədəbi) tanıdılmasında yazıçı Elçinin və rəhbərlik etdiyi "Vətən” cəmiyyətinin orqanı olan "Odlar yurdu” qəzetinin böyük rolu olub: "1991-ci il aprelin 1-6-da Bakıda keçirilən konfransda iştirak edən alimlərin və edilən məruzələrin sanbalı da deməyə imkan verir ki, ilk konfrans sonrakı dövr üçün perspektivlər açıb. Bundan sonra mühacirət ədəbiyyatı və onun ayrı-ayrı problemləri ilə bağlı çoxlu tədqiqatlar, məqalələr və dissertasiyalar yazılıb. Bu sırada yazılan araşdırmalar içərisində Elçin, Bəkir Nəbiyev, İsa Həbibbəyli, Vaqif Sultanlı, Vilayət Quliyev, Abid Tahirli, Şəlalə Həsənova, Azər Turan, Həsən Quliyev, Rəşad Məcid və başqa onlarla tədqiqatçının əsərləri mühacirətşünaslığın inkişafında önəmli rol oynayıb. Bu araşdırmalarda mühacirət irsi yalnız problematika baxımından araşdırılmayıb, həm də onların əsərləri nəşr edilib. Bu cəhətdən mühacirət ədəbiyyatının görkəmli nümayəndələri Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Əhməd Cəfəroğlu, H.Baykara, Gültəkin, A.Baycan və s. onlarla nümayəndələrin həm yaradıcılığı haqqında monoqrafik tədqiqatlar yazılıb, həm də onların əsərləri nəşr edilib. Bu istiqamətdə işlər davam edir”. Alimin sözlərinə görə, son vaxtlarda mühacirət ədəbiyyatının araşdırılması nəzəri istiqamətdə davam edir. Bu araşdırmalar mühacirətşünaslığı keyfiyyətcə yeni mərhələyə daşıyır: "Çünki bu günə qədər mühacirət ədəbiyyatı anlayışı yanlış olaraq başa düşülür və onun sərhədləri yalnız XX yüzilliyin 20-ci illərindən sonrakı mərhələyə aid edilirdi. Professor Vaqif Sultanlı və mənim araşdırmalarımda isə bu problem qoyuluş və elmi həlli baxımından tamamilə yeni mərhələnin başlanmasından xəbər verir. Belə ki, bu araşdırmalarda təkzibolunmaz faktlarla mühacirət ədəbiyyatı anlayışının nəzəri konturları müəyyənləşdirildiyi kimi, onun təşəkkülü, mərhələləri məsələsinə də yenidən baxılır”. B.Əhmədov araşdırmalara əsaslanaraq, Azərbaycan mühacirət ədəbiyyatının zəngin tarixi olduğunu deyir. Amma bu tarixi XX yüzilliyin 20-ci illərindən başlayaraq elmi və metodoloji cəhətdən mühacirət ədəbiyyatı anlayışına düzgün yanaşmamaqdan irəli gəlir. Həm də bu yol yanlış olmaqla yanaşı, Azərbaycan ədəbiyyatının tarixini düzgün öyrənməməkdən irəli gəlir. Bu mənada Həmid Araslı, İsa Həbibbəyli, Vaqif Sultanlı kimi alimlərin araşdırmaları bizə problemə yenidən baxmağı zəruri edir: "Orta əsrlərdə mühacirət ədəbiyyatını təsdiq edən onlarla tədqiqatlar vardır. Filologiya üzrə elmlər doktoru Paşa Kərimovun bu istiqamətdə araşdırması yeni təmayüldən xəbər verir. Türkiyədə yaşayan filologiya üzrə fəlsəfə doktoru Vüsalə Musalı isə Osmanlıda yaşayan 40-a qədər Azərbaycan mühacir şairinin olduğuna dair dəlillərlə çıxış edir. Mənim məqalələrimdə də XIX yüzilliyin başlanğıcında, ilk rus işğalı zamanı Azərbaycan mühacirət ədəbiyyatının yaranması ilə bağlı çoxlu faktlar yer alıb. Yaxşı haldır ki, bunu bizdən öncə də yazıblar. Elə mühacirətin görkəmli nümayəndələrindən biri - professor Əhməd Cəfəroğlunun bu istiqamətdə araşdırmaları da bunu deməyə əsas verir. Bütün bunlar onu göstərir ki, Azərbaycan mühacirət ədəbiyyatının ayrı-ayrı şəxsiyyətləri, problemləri haqqında pərakəndə tədqiqatlar aparılsa da, hələ bundan sonra da bu tədqiqatların davam etməsi lazımdır”.
Mühacirət ədəbiyyatının bütün nümayəndələrinin yaradıcılığı və şəxsiyyəti araşdırmalarda yer almalıdır
Filoloq alim hesab edir ki, bu istiqamətdə çağırılacaq konfranslarda subyektiv amillər bir kənara qoyulmalı və yeni yanaşma ilə mühacirət ədəbiyyatı kompleks şəkildə tədqiq olunmalıdır. Belə ki, mühacirət ədəbiyyatının araşdırılması problemi ədəbiyyatşünaslığımızın daim diqqətində olmalı və onun araşdırma perspektivləri düzgün müəyyənləşdirilməlidir. Professorun sözlərinə görə, yanlış yanaşmalarla mühacirət irsini bir yana çıxarmaq olmaz. Son araşdırmalarda isə mühacirət irsinə məhz bu cür yanlış yanaşmaların şahidi oluruq. Məsələn, mühacirət ədəbiyyatının yanlış olaraq yalnız XX yüzilliyin 20-ci illərindən götürülmə cəhdləri yolverilməzdir. Digər tərəfdən, mühacirət ədəbiyyatının bütün nümayəndələrinin yaradıcılığı və şəxsiyyəti araşdırmalarda yer almalıdır: "Ancaq görürük ki, mühacirət ədəbiyyatının görkəmli nümayəndələri Məhəmməd Əsəd bəy, Ümbülbanu (Banin), Gültəkin və b. bir neçə şəxsiyyətlər yanlış olaraq mühacirət ədəbiyyatına aid edilmir. Halbuki bu üç şəxsiyyətin üçü də mühacirət ədəbiyyatının görkəmli nümayəndələri kimi əsərləri ilə yalnız bu irsi zənginləşdirirlər. Götürək M.Əsəd bəyi. Nədən onun yaradıcılığı mühacirət ədəbiyyatına aid edilmir? Onun "Qurban Səid” adı ilə nəşr olunan "Əli və Nino” romanı dünyanı dolaşıb. Onun zəngin yaradıcılığını Azərbaycan mühacirət ədəbiyyatına aid etməmək üçün əlimizdə nə tutarlı əsas, nə də mənəvi haqqımız vardır. Elə buna görə də akademik İsa Həbibbəyli ilk dəfə onun yaradıcılığını orta məktəb dərsliyinə, mən isə ali məktəb dərsliyinə daxil etdik. Yaxud, Ümbülbanunu götürək. Fransada yaşayan və fransızca əsərlər yazan bu yazıçını Azərbaycan mühacirət ədəbiyyatına daxil etməyənlər ancaq gülünc vəziyyətdə qalar. Bu yazıçılar bizim mühacirət irsimizi zənginləşdirirlər”. Tədqiqatçı alim Gültəkin haqqında da eyni fikirləri söyləməyi lazım bilir: "Belə ki, təxminən yüz ilə yaxındır ki, Gültəkinin şeirləri mühacirət irsi olaraq öyrənilir, M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, Əli Şamil və bu sətirlərin müəllifi onları mühacirət ədəbiyyatı olaraq tədqiq edir, lakin "Ədəbiyyat tarixi”nə adı düşmür. Nədən?” Alim hesab edir ki, mühacirət ədəbiyyatı ilə bağlı bizi yeni tədqiqatlar gözləyir: "XX yüzillikdəki mühacirət ədəbiyyatı məyyən mənada tədqiq olunub, lakin orta yüzilliklərdən başlayan mühacirət ədəbiyyatı, eləcə də XIX yüzillikdəki mühacirət ədəbiyyatı öz tədqiqatçısını gözləyir. Eyni zamanda, yuxarıda adını çəkdiyim şəxsiyyətlərin yaradıcılığına yenidən baxılmalıdır. Mühacirət anlayışının nəzəri tutumu, sərhədləri və mərhələləri də əsas tədqiqat obyektlərindəndir”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər