• cümə axşamı, 28 mart, 18:30
  • Baku Bakı 13°C

Müğənnilərin vergidən yayınma “xəstəliyi”

08.04.16 15:30 2744
Müğənnilərin vergidən yayınma “xəstəliyi”
Artıq xeyli müddətdir ki, müğənnilərin vergi ödəməməsi barədə geniş müzakirələr gedir. Dünyanın məşhur müğənniləri ödədikləri vergi ilə gündəmə gəlsələr də, Azərbaycanda bu sahədə vəziyyət fərqlidir. Belə ki, toy şənliklərindən kifayət qədər gəlir əldə edən müğənnilər sadəcə olaraq simvolik məbləğdə vergi ödəyirlər. Vergilər Nazirliyinin dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, bu problem hələ də qalır. Bəs bu məsələ necə tənzimlənməlidir?
"APA-Economics" xəbər verir ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən "Açıq qapı günü" çərçivəsində vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Azərbaycanda vergi sahəsində ən böyük problem vergi mədəniyyətinin olmamasıdır. Onun sözlərinə görə, ölkədə hələ də vergi vərdişi formalaşmayıb: "Bütün sahələrdə vergidən yayınma var. Neft sahəsi şəffaf sahədir, orada demək olar ki, vergidən yayınma yoxdur. Ticarət, ictimai iaşə, tikinti sahəsində vergidən yayınma halları çoxdur. Bizim hesablamalarımıza görə, bu sahələrdə yayınma faizlə yox, dəfələrlə çoxdur. Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyir. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?! Aparılan maarifləndirmə işlərindən sonra ötən ilin dekabrında şou-biznes nümayəndələri tərəfindən ödənilən verginin ümumi məbləği dəfələrlə artıb. Bu ilin birinci rübündə də bu sahədə artım var".
İqtisadçı Samir Əliyev mövzu ilə bağlı “Kaspi”yə bildirdi ki, burada iki yanaşma əsas götürülməlidir: “Vergi məsələsi çox vacib məsələlərdən biridir. Burada mühüm olan iki yanaşmaya diqqət yetirmək lazımdır. Heç kimin vergidən yayınmaması və verginin ədalətli şəkildə ödənilməsi prinsipi əsas götürülməlidir. Vergi tutma, vergidən yayınmanın qarşısının alınması çox mühüm məsələdir. Heç bir vergi ödəyicisi vergidən kənarda qalmamalıdır. Digər bir məqam isə məsələyə ədalətli vergi ödəmə konteksindən yanaşılmasıdır. Bu baxımdan müğənnilərin vergi ödəmə məsələsi çox vacibdir. Bu, həm həmin vəsaitə nəzarət baxımından, həm də büdcəyə daxil olan vəsaitin artması baxımından xeyli vacibdir. Əgər bir vətəndaş orta aylıq əmək haqqı olan 480 manatdan vergi ödəyirsə, nəyə görə bir toya 5-10 min manata gedən müğənni vergi ödəməsin? Ola bilsin ki, bəzi müğənnilər vergiləri ödəsin. Lakin mətbuatda gedən məlumatlar onu göstərir ki, müğənnilərin ödədiyi vergi məbləği simvolik bir rəqəmdir. Qeyd edim ki, hətta müğənnilərin arasında da ayrı- seçkilik var. Elə müğənni var ki, onun qazancı elə də çox deyil. Lakin elələri də var ki, onların qazancı məlumdur və bir toya 5-10 min manata gedirlər. Bir günə 5-10 min qazanan adamın vergisini aylıq hesablasaq, kifayət qədər böyük bir rəqəm alınar. Bu qədər qazancı olan şəxslərin ödədiyi vergiyə baxsaq, ayda 100-200 manatı keçməz. Bu baxımdan şou-biznes nümayəndələrinin vergi ödəməsi çox vacib bir məsələdir. Bu həm də bir ədalət məsələsidir. Daha çox qazanan daha çox vergi ödəməlidir”.
Müsahibimizin sözlərinə görə, dünya praktikasında vəziyyət tamamilə fərqlidir: “Dünya praktikasında müğənnilər adətən konsertlərdən və albom satışından gəlir əldə edir. Bu disklər satıldıqda dövlət tərəfindən rəsmi olaraq vergi də tutulur. Yaxud da konsert biletlərinin satışından əldə olunan gəlirin vergisi ödənilir. Bizdə isə bu təcrübə hələlik formalaşmayıb. Müğənnilər daha çox toylardan pul qazanırlar. Bu, adətən MDB ölkələrinə, xüsusən də Azərbaycana xas olan bir xüsusiyyətdir. Bunun həlli üçün ya standart bir ödəniş olmalıdır, yaxud da qazanılan gəlirə görə vergi tutulmalıdır. Birinci məqamda tutaq ki, aya 400-500 manat qazanmayan müğənni aya 100 min qazanan müğənni ilə eyni məbləğdə vergi ödəməli olur. Bu isə bir qədər ədalətli hesab olunmur. Əgər qazanca görə vergi ödəmə tətbiq olunsa, daha ədalətli olar. Belə olduqda, yuxarıda qeyd etdiyim kimi, daha çox qazanan daha çox ödəyir. Həmçinin qeyd etməliyəm ki, vergi ödəyicilərinin vergiyə olan münasibəti məsələsi də var. Əslində müğənnilər ödədiyi verginin miqdarı ilə fəxr etməlidirlər. Bizdə isə müğənnilər vergidən yayınma halları ilə fəxr edirlər. Hələlik bu qüsurlu yanaşma qalmaqdadır. Düşünürəm ki, bu sistemi qurmaq da çox çətin məsələdir. Belə bir sistemi qurmaq üçün gəlirlərin bəyannaməsi olmalıdır. Müğənni bəyan etməlidir ki, mən filan qədər qazanmışam və onun ətrafında vergi təyin olunmalıdır. Yaxud da ki, hər bir müğənniyə bir vergi işçisi təyin olunmalıdır ki, həmin müğənnini izləsin ki, o nə qədər qazanır, nə qədər vergi ödəyir”.
Tanınmış müğənni Əlikram Bayramov da öz fikirlərini “Kaspi”yə bölüşdü. O bildirdi ki, bunu bütün müğənnilərə aid etmək düzgün deyil: “Nazirlik açıqlama verirsə, deməli, onların əlində vergi ödəməyən müğənnilərin siyahısı da var. Hesab edirəm ki, bütünlükdə müğənniləri belə bir faktda ittiham etmək düzgün deyil. Müğənnilərin əksəriyyəti vergilərini vaxtlı-vaxtında ödəyir. Onlardan biri də mən özüməm. Dünən də vergilər idarəsi ilə əlaqə saxlayıb bu barədə bildirmişəm. Mən 2004-cü ildən vergi ödəyicisiyəm. Məlumat verəndə bu kimi faktlara diqqət yetirilməlidir. Bu zaman adbaad hər kəsin məlumatlarına baxmaq və kimin vergi ödəmədiyini öyrənmək olar. Həmin şəxslər müvafiq qaydada cərimələnməlidir. Müğənnilər dedikdə şadlıq evində olan ifaçılar da nəzərdə tutulursa, o ayrı məsələ. Əgər söhbət məşhur müğənnilərdən gedirsə, onların vergi ödəyib-ödəmədiyini öyrənmək çətin iş deyil. Mən vergi ödəyicisiyəm. Hətta öz VÖEN kodumu da deyə bilərəm. Bütün vergi ödəmələrim vaxtlı-vaxtında olur. Mən hər aya 285-400 manata yaxın vergi ödəyirəm. Bütün bunların hamısı sənədlərdə də var. O ki qaldı vergi ödəməyən müğənnilərə, onların adı mətbuatda, televiziyada ifşa olunmalıdır ki, onlar etdikləri hərəkətdən utansınlar. Pul qazanırsansa, bunun vergisi də mütləq ödənilməlidir. Niyə vergidən yayınıb 3-5 manatdan ötəri biabır olmalıyıq?”
Müğənninin sözlərinə görə, bu kimi faktlara görə cəmiyyətdə bütün müğənnilərə qarşı mənfi rəy yaranıb: “Bu, cəmiyyətdə bizə qarşı mənfi fikir formalaşdırır. İnstaqrama şəkil qoyan kimi şəklin altına müxtəlif mənfi rəylər yazılır. Bunların hamısı həmin vergi ödəməyən müğənnilərə görədir. Müğənni dostlarımdan Səyyad Əlizadə, Əflatun Qubadov, Manaf Ağayevin də vaxtlı-vaxtında öz vergilərini ödədiklərini rahat etiraf edə bilərəm. Vergi ödəməyən müğənnilərin içərisində qadınlar da var. Onların kimliyini təxminən bilirəm. Həmin müğənnilər ifşa olunduqdan sonra bizim sıramızdan çıxarılmalıdır. Onlar qoy gedib çoban olsunlar. Biz də bilək ki, adımızı ləkələyən belə müğənnilər yoxdur. Daim cəmiyyət içərisində olan bir insanam. Bu kimi faktlar bizə qarşı mənfi fikrin formalaşmasına səbəb olur. Cəmiyyət bizə pis baxır və yaxşı qəbul etmir. Mənim övladlarım, nəvəm var. Bu o deməkdir ki, bizim zərrə qədər vicdanımız yoxdur. Vergi ödəməyən müğənniləri aparıb o süpürgəçilərin yanına qoymaq lazımdır ki, qoy küçə süpürsün. Mən getdiyim toyda özümün aldığım məbləğ, o cümlədən musiqiçilərimin də aldığı məbləğ qəbzdə qeyd olunur. Əgər bir toydan min manat alıramsa, bu, olduğu kimi yazılır. Hətta indiyə kimi VÖEN-i olmayan müğənnilərimizin də olması həqiqətdir. Necə olur ki, biz vergimizi ödəyirik, onlarsa yox? Onlar bizim adımızı batırır. Bəzi müğənnilər də deyir ki, mən qohum toyuna gedirəm, bunun üçün də pul almıram. Qohum toyuna gedirsənsə, yaz ki, mən toydan pul almadım. Yaxşı ki, kameralar var. Belələri adətən vətənpərvərlikdən, millətdən, bayraqdan danışır. Bayraqdan danışan insan arxa cəbhədəki insanlara kömək edər. Büdcəyə öz vergisini vaxtlı-vaxtında ödəyər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər