• şənbə, 20 Aprel, 04:57
  • Baku Bakı 15°C

Müğənnilər ilan ilini necə keçirdi?

27.12.13 10:56 1818
Müğənnilər ilan ilini necə keçirdi?
2013-cü ilin son günlərini yaşayırıq. Geridə qoyduğumuz ilan ilində şou aləmində qalmaqallar, atmacalar, xalq artistlərinin davaları bitib-tükənmək bilmədi. Məsələ hətta məhkəmələrə qədər gedib çıxdı. Ötən ilə nisbətən bu il şou aləmində yeni simalar peyda oldu, bu isə yaşlı nəslin ifaçılarına heç də xoş təsir bağışlamadı. Fikirlər var ki, bütün bunlar ilan ilinin nəticəsidir. İlan zəhərli heyvan olduğu üçün bu kimi hadisələrin olması öncədən gözlənilirdi. Sevindirici xəbər odur ki, qarşıdan at ili gəlir. At isə muraddır. Sakit və güclü heyvan olan atı ruzi-bərəkət rəmzi hesab edənlər də var.
Bir neçə gündən sonra yeni ilə qədəm qoyacağıq. Görəsən şou aləminin yaddaşında ilan ili necə qaldı? Bu sualı gündəmdə olan bəzi ifaçılara ünvanladıq. Aldığımız cavablar isə müxtəlif oldu.
Yeni ilə yeni kliplə
Sevilən ifaçı Əlikram Bayramov bizimlə söhbəti zamanı hazırda Şahdağda klip çəkilişlərində olduğunu, at ilinə çəkdirəcəyi yeni kliplə girəcəyini söylədi: “2013-cü il mənim üçün çox uğurlu oldu. Baxmayaraq ki hər kəs bu ili nəhs adlandırırdı. İlan ilində mənim yeni albomum işıq üzü gördü. Klip çəkdirdim. İndi də “Göz bəbəyim” adlı mahnıma klip çəkdirirəm. Qarşıdan gələn at ilinin də mənə uğur gətirəcəyinə inanıram”.
2014-cü ildə muradımıza çatarıq
Afaq Aslan 2013-cü ildə “Sənə görə” adlı ilk albomumun işıq üzü görməsinin onun yaddaşında gözəl xatirələrlə qaldığını söylədi: “2013-cü il yaddaşımda şou-biznesə gəlişimlə insanların marağına səbəb olmağımla daha çox yaddaşımda qaldı. Bu il ilk klipimin açıq-saçıq olması çox səs-küyə səbəb oldu. Əgər hər yerdə Afaq Aslanın adı çəkilirsə, deməli mən varam və məndən danışırlar! 2013-cü ildə bir çox əcnəbi müğənnilərin paytaxtımıza axın etməsi, ardı-arası kəsilməyən konsert proqramları, çıxışları da yaddaşımda qaldı”.
Hər zaman qalmaqallardan uzaq olduğunu söyləyən Afaq Aslan şou-biznesdə baş verən qalmaqallara əhəmiyyət verməməyə çalışdığını qeyd etdi: “2013-cü ildə ən çox danışılan və yaddaşımda qalan qalmaqal isə mənim dünya şöhrətli futbolçu Paskal Numadan dörd aylıq hamilə olduğum haqqında şayiələr çıxarmaları oldu. Və 2013-cü ildə mənim irəli getməyimi gözü götürməyən, mənə düşmən kəsilən insanlardan birinin iç üzünün açılması ilə yaddaşımda qaldı. At ilindən çox böyük fəaliyyətlər və uğurlarımın daha da artmasını, yeni ildən yeni layihələr, yeni mahnılar, yeni kliplər gözləyirəm. Və üzümüzə gələn at ilinin hamımız ucun uğurlu və düşərli olacağına ümid edirəm. Çünki at muraddır, inşallah, hamımız 2014-cü ildə muradımıza çatarıq”.
Gənc ifaçı Lətifə Soyuöz bizimlə söhbətində 2013-cü ilin onun yaradıcılığına uğur gətirdiyini söylədi: “Bu il sənətim üçün çox uğurlu oldu. Belə ki, 2 möhtəşəm layihəm - “Hədəf” və “Məhkəmə” işıq üzü gördü. 2014-cü ilə isə böyük ümidlər bəsləyirəm. Xəbəriniz olsun ki, Türkiyənin məşhur musiqi qrupu olan “Manga” qrupundan duet təklifi almışam. İnanıram ki, üzümüzə gələn il də mənə uğur gətirəcək”.
İşlər çoxdur
Müğənni Bahar Lətifqızı ötən ilan iliniözü üçün uğurlu il hesab edir: “Əslində bu ilin mənim üçün necə keçdiyi haqda heç düşünməmişdim. Arxaya çevrilib baxanda bu ilin mənim üçün o qədər də pis keçmədiyini deyə bilərəm. Düzdür, çətinliklər hər zaman olur. Amma uğur odur ki, çətinlikləri dəf edib istədiklərinə nail olasan. Bu mənada, ilan ili mənim üçün uğurlu oldu, deyə bilərəm. 2013-cü ildə əlimdən gələn qədər səhnə fəaliyyətim üçün işlər görməyə çalışdım. Yeni mahnılar yazdırdım. Təxminən bir il bundan öncə İsveçdə “Qayıtma” mahnıma çəkdirdiyim klipin çəkilişlərini bu ilin sonlarında bitirdik. Yeni il ərəfəsində o klipi tamaşaçılara təqdim edəcəyik. Bir də sənətçi üçün ən önəmli iş hesab olunan solo konsert verdim. 2014-cü ildən də gözlədiklərim, planlaşdırdığım işlər çoxdur. Allahın köməkliyi ilə zamanla yerinə yetdikcə hər kəsin xəbəri olacaq. Hər kəsin qarşıdan gələn Yeni ilini təbrik edirəm. İnşallah, göy at ili xalqımız üçün düşərli olar”.
Ayan Babakişiyeva da son günlərini yaşayan ilan ilindən məmnun qaldığını xatırlatdı: “Bu il mənim ilim oldu. Çox da düşərli oldu. Xırdalamaq istəmirəm. Atı isə çox sevirəm, vəfalı heyvandı. İnşallah, qismətimdə nə var, at muradıma çatdırar”.
Gözəl ailəm olsun
Aysel Əlizadə həm şəxsi həyatında, həm də sənətində arzularının olduğunu dilə gətirdi: “İnşallah, gözəl ailəm olsun. Eyni zamanda sənətimdə daha böyük layihələr düşünürəm. Bu il dayanmadım. Yeniliklərim oldu. Yenidən Türkiyədə klip çəkilişinə hazırlaşıram. At ilində bu muradımın həyata keçməsini arzu edirəm”.
Aslan Hüseynov ilin uğurlu-uğursuz keçməsini yaxınlarının, sevdiklərinin yanında olması ilə ölçür: “3 manat az, ya çox qazanmaq, mahnımın tutarlı olub-olmamağını uğur anlamına daxil etmirəm. Mənim üçün indiyə qədər keçən hər il uğurlu olub. Düzdür, çətinliklərim çox olub, qohumlarımın, yaxınlarımın xəstəliyi ilə bağlı problemlər olub. Amma əsas odur ki, həll olunub və həmin insanlar yanımızdadırlar. Bu artıq mənim üçün uğurlu deməkdir”.
Böyük qiymət
Abbas Bağırov ilan ilini uğurlu hesab etdiyini dedi: “Sev məni” mahnım və klipim, eyniadlı albomum da təqdim olundu. Azərbaycan televiziya və radiosunun solisti oldum. Bir neçə yeni mahnımı sevənlərimə təqdim etdim. 2013-cü ildə hazır etsəm də, 2014-cü ildə işıq üzü görəcək albomum da hazırdır. Çox yaxşı keçdiyini deyə bilərəm. Bu il mənim üçün düşərli və uğurlu oldu”.
Əməkdar artist Aybəniz Haşımova da ilin onun üçün uğurlu keçdiyini, hətta bu il bir neçə ilə yerinə yetiriləsi işləri reallaşdırdığını dedi: “Oqtay Kazıminin oxunmayan nəğmələrindən ibarət, millət vəkili Qənirə Paşayevanın sözlərinə “Ağla mənim üçün bu şəhər və sən” adlı albom işıq üzü gördü. Albomun musiqi tərtibatçısı mən oldum. Kuba, Qazaxıstan və Tacikistandan mənim dəvətimlə müğənnilər gəldi və Bakıda kimsəsiz uşaqlar üçün konsert verdik. “Eurovision”da bu il ölkəmizi mənim tələbəm Fərid Məmmədov təmsil etdi və ikinci yerə layiq görüldü. Tələbəmin nailiyyətini bu il üçün ən böyük uğurum hesab edə bilərəm. Bu il dünyaca məşhur Robertino Loretti Azərbaycana gəlmişdi. Biz görüşəndə mənim tələbələrimə “hətta dünya ulduzu Carlos Avazoridən də yaxşı oxuyurlar” dedi. Bu ən böyük qiymətdir. “Bülbüllər” qrupunun ifasında bir neçə yeni nəğmələr yazıldı. Ulu öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” albomunda ilk nəğmə “Bülbüllər”in oldu. Bu da mənə qürur verdi. Mən tələbələrim və Azərbaycanın gənc ifaçıları ilə cənab Prezidentin şərəfinə hazırlanmış gözəl bir layihədə iştirak etdik. “Səni sevən nicat tapar” adlı albomun da musiqi tərtibatçısı mən oldum”.
Göründüyü kimi, “zəhərli olmasına” baxmayaraq, ilan ili şou-biznes nümayəndələrinin əksəriyyəti üçün uğurlu keçib. Ümid edirik ki, 2013-cü illə müqayisədə, qarşıdan gələn at ili hər kəs üçün daha da uğurlu olacaq.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər