• cümə, 29 Mart, 19:27
  • Baku Bakı 14°C

Müğənni evlənəndə, dəbdən düşür?

03.05.16 13:43 2297
Müğənni evlənəndə, dəbdən düşür?
Bu günlərdə dünyaca tanınmış ifaçı, meqastar Tarkan ailə həyatı qurdu. Meqastar konsertlərinin birində tanış olduğu Pınarla 5 ildir ki, sevgilidir. Sevgilisi Pınar Dileklə uzun müddətdir ki, münasibətdə olan ifaçı nəhayət ki, özündə cəsarət tapıb, nigah masasına əyləşdi. 3 gün əvvəl ailələr arasında baş tutan nikah mərasimi ilə cütlük münasibətlərini rəsmiləşdirib. Toy yaxın günlərdə baş tutacaq.
Bu xəbər Türkiyədə və eləcə də Azərbaycanda gənc qızların qəzəbinə tuş gəlib. Belə ki, sosial şəbəkələrdə Tarkanın şəkillərini paylaşaraq "Aşkım”, "Sevdiyim”, "Canparem” yazan qızların əksəriyyəti ondan üz çevirməyə başlayıblar. Kimisi meqastarla ailə qura xanımın eybəcər olduğunu, kimisi də onun ifaçıya yaraşmadığını yazdı. Hətta bizim əməkdar artist Elza Seyidcahan da Tarkanın evlənməsinə münasibət bildirib, "İnstagram”da onun evləndiyi xanıma qibtə etdiyini yazıb: "Tarkan evləndi. Allah bizim Tarkanımızı xoşbəxt etsin. O, bir dənədir. Ona ərə gedən gözəl xanıma qibtə edirəm”.
Adətən tanınmış simalar ailə quranda, onların pərəstişkar sayında azalma müşahidə olunur. Məhz bu səbəbdəndir ki, şou əhli nigah masasına əyləşməkdən çox zaman imtina edir. Kimisi də gizli toy edərək evli olduğunu tamaşaçılardan gizlətməyə çalışır.
Bəs, görəsən yerli tanınmışlarımız necə, ailə həyatı qurmaqdan nə üçün çəkinirlər? Onları qorxudan hansı səbəblədir? Ailə quranların necə, fanatlarının sayında hər hansı azalma olubmu? Mövzumuzla bağlı tanınmış sənət əhlinə müraciət etdik. Yeni ailə quran sənətçilər toydan sonra bəzi "dostlar”ını tanıdıqlarını, bəziləri isə pərəstişkarlarında böyük azalmaların olduğunu bildirdilər.
Ötən həftə ailə quran İctimai Televiziyanın tanınmış aparıcısı Kamran Quliyev mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü. Qeyd etdi ki, onu bu məsələyə görə kiminsə dostluğunda saxlayıb və ya saxlamadığını qətiyyən izləmir: "Onlar mənə həqiqətən maraqlı deyil. Hələ ki nə "Facebook”, nə də "İnstagram” səhifəmdə kimlərinsə məni dostluğundan çıxarmasını izləməmişəm. Onların saylarının azalıb, çoxalmasından xəbərsizəm. Ancaq insan hər şeyi hiss edir. Nişanlanan günün sabahı neqativliyi mənə ünvanlanan sms-lərdən hiss etdim. Bunu sosial şəbəkələrdə açıq-aydın yazanlar da oldu. Məni kinayə ilə təbrik edənlər də az olmadı. Bizim sahənin iki qrup tamaşaçısı var - arzuolunan və olunmayan. Arzu olunmayanlar insanın həyatına müdaxilə edənlərdir. Ona görə də onların sayı azalsa, daha yaxşı olar. Heç zaman ailə qurmaqdan çəkinməmişəm. Həmd olsun ki, fəxr etdiyim, xoşbəxt olduğum ailəyə sahibəm”.
Toy günü onu kimin boğazdan yuxarı, kiminsə ürəkdən təbrik etdiyini hiss etdiyini deyən Kamran bildirdi ki, tamaşaçı üçün əsas olan onların işidir: "İlk növbədə özümüzə və həmkarlarıma ağıllı tamaşaçı arzu edirəm”.
Əməkdar artist Səlim Abbasov sualımızı eşidib, ona yarızarafat cavab verdi. Bildirdi ki, özünə söz verib ki, Tarkandan sonra evlənsin: "Tarkana dedim ki, belə yaxşı çıxmır, birinci sən evlən, sonra mən (gülür). Ailə həyatı qurmaq məsələsinə gəlincə, bilirəm ki, indi əsil vaxtıdır. Ancaq işlərim o qədər çoxdur ki, ona vaxt tapa bilmirəm. Bu gün, sabah deyə-deyə hələ ki qalıb. Yaşımın keçdiyini də bilirəm. Allah kərimdir. Evdə valideynlərim də mənə ailə həyatı qurmağım üçün məsləhətlər verir və məni tələsdirməyə çalışırlar. O ki qaldı pərəstişkar itirməyimə, hesab etmirəm ki, ailə qurduqdan sonra məndən üz döndərsinlər. Dostlarım deyir ki, evlənəndə ifaçı moddan düşür. Ancaq mən o fikirlə razı deyiləm. İnsanın özündən çox şey asılıdır. Arzulamaram ki, heç bir müğənni ayrılıb-boşansın. Allahın qismətidir. Ailə qurandan sonra da yaradıcılıqla məşğul oluruq. Ailə qurandan sonra da kimsə yaxınlaşıb şəkil çəkdirmək istəsə, deyə bilmərəm ki, mən ailəliyim, sizlə şəkil çəkdirə bilmərəm. Misal üçün, sənin 1000 fanatın varsa, ailə qurandan sonra qoy onun 500-ü səndən imtina etsin. 500-ü ki durur (gülür)”.
Gənc aktrisa Nigar Bahadırqızı bizimlə söhbətində bildirdi ki, Tarkan dünya şöhrətli bir sənətçi olduğu üçün belə halların baş verməsi normal haldır: "Təbii ki, o, ailə həyatı qurduqdan sonra pərəstişkarları ondan bir az soyuyacaq. Eyni hal məndə də baş vermişdi. Ancaq bu məndə heç də pessimist hal yaratmadı. Əksinə, mən ən böyük pərəstişkarımla ailə həyatı qurdum. Ailə həyatı qurandan sonra subaykən yazılan gözəl və xoş sözlər bir qədər azaldı. Artıq mənə əvvəlki kimi tərif yağdırmırlar”.
Aparıcı, ifaçı Murad Arif isə bizimlə söhbətində dedi ki, səhnədə obraz olaraq heç zaman seks-simvol olmayıb. Evləndikdən sonra sənətçinin pərəstişkarını itirməsi məsələsi isə yalnız seks-simvollara aid edilir: "Bu məsələ gözəl bədən quruluşu, səhnədə dinamikası olan sənətçilərə şamil edilir. Mən heç zaman o kateqoriyadan olmamışam. Bizdə o kateqoriyadan olan yalnız bir-iki ifaçı var. Əslində mən ailə həyatı qurmağımla tamaşaçı auditoriyamı daha da genişləndirdim. İnsanlar məni ailə dəyərlərinə möhkəm bağlanan insan kimi tanıdılar. İndiki həyat tərzim də bunu isbatlayır. Buna görə çox sevinirəm. Tarkana gəlincə isə, o, doğrudan da seks-simvoldur. İfaçının evlənməsi onun auditoriyasını kiçildir. Çünki Tarkanı Tarkan edən onun ilk növbədə işidir. O, model deyil. Zəif oynayan çox yaraşıqlı aktyorlar var. Tarkan elə deyil, axı o, sənətkardır. Onu sevdirən sənətidir. Xaricdə çox zaman sənət əhli ailə qurarkən bunu gizlətməyə çalışırlar. Amma hesab etmirəm ki, evlilik tamaşaçı auditoriyasını azaldır. Tarkanı hərəkətli, coşqulu, açıq-saçıq klipləri olan star kimi sevmişik. Evlənəndən sonra bizim toy müğənniləri kimi qalstuk, kostyumla çıxacaqsa, ola bilər. Onda tamaşaçı itirə bilər. Tarkan Tarkanlığını itirməsə, heç bir qorxusu yoxdur”.
İfaçı evləndikdən sonra pərəstişkarları arasında heç bir fərq hiss etmədiyini də dedi: "Bizdə hər şeyə tamam başqa yanaşma var. İnsanlar bu məsələdə çox xoşmərəmlıdırlar. Bu məsələ mənə aid deyil. Amma misal üçün, Zamiq evlənsə, bəlkə də öz pərəstişkarlarının bir hissəsini itirər”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər