• cümə, 19 Aprel, 10:45
  • Baku Bakı 13°C

Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr başlayır

29.04.20 17:45 6291
Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr başlayır
Təhsil Nazirliyinin şöbə müdiri: "Mövcud vəziyyətdən çıxış yolu kimi, müsahibələri onlayn şəkildə həyata keçirəcəyik”

Gələn həftədən etibarən Təhsil Nazirliyi respublikanın ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə onlayn müsahibələr həyata keçirəcək. Bununla bağlı nazirlik növbəti elektron xidmətə start verir. Belə ki, müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər şəxsi səhifələrinə daxil olub, onlayn müsahibədə iştirak etmələri ilə bağlı müraciət edə bilərlər.
Digər bölgələr üzrə müddətli müqavilə ilə işləyən müəllimlər isə nazirliyin rəsmi internet səhifəsinə (www.miq.edu.az) daxil olaraq onlayn müsahibədə iştirakla bağlı məlumatla tanış ola bilərlər.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağlrov "Kaspi”yə müsahibəsində MİQ imtahanları, o cümlədən imtahanın onlayn müsahibə mərhələsi haqqında danışıb.

- Eşqi müəllim, nazirlik müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi üçün yeni elektron xidmətə start verib. Bu resursun fəaliyyət istiqaməti barədə nə deyərdiniz?

- Hər il yay aylarında müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu müsabiqəsi keçirilir. Bu müsabiqə 4 mərhələdən ibarətdir. Əsas mərhələ test imtahanı, sonuncu isə müsahibə mərhələsidir. Test imtahanlarında uğurlu nəticə göstərən, vakant yer tutan namizədlər müsahibələrə dəvət olunur. Müsahibədən də uğurla keçən namizəd artıq müəllim adını qazanır və məktəbə daimi əsaslarla işə qəbul edilir. Bu proses yay aylarında keçirilir. Yeni tədris ili başlayanda, artıq bizim bütün vakant yerlərimiz müsabiqədə iştirak edən və uğurla keçən namizədlər tərəfindən tutulur. Amma sentyabrın 15-dən – tədris ili başlayandan sonra tədris ili ərzində biz yerləşdirmələr aparırıq. Yenə yayda keçirilən imtahanın test mərhələsində iştirak edən namizədləri müəllim kimi məktəblərə göndəririk. Amma bu dəfə onlarla müsahibə keçirmək imkanı yox idi. Yaranan hər vakant yeri çevik şəkildə tutmaq məcburiyyətindən biz bu addımı atırıq ki, tədris ili ərzində dərslər boş keçməsin. Bunun üçün imtahan verib keçid balı toplayan namizədləri məktəblərə göndərib müddətli əsaslarla təyin edirik. Müsahibələri də tədris ilinin sonuna yaxın keçirməyi nəzərdə tuturuq. Buna görə hər il mart ayının sonu - aprel ayının əvvəli müddətli işə qəbul edilən həmin şəxslərin müsahibələri keçirilir. Bakı şəhəri üzrə həmin şəxsləri dəvət edib onlarla müsahibə edirik. Amma bu il mövcud vəziyyətlə bağlı bunu edə bilmədik. Bunun alternativi olaraq düşündük ki, mövcud vəziyyətdən çıxış yolu kimi, müsahibələri onlayn şəkildə həyata keçirə bilərik.

- Müsahibədə nə qədər müəllim iştirak edəcək?

- Müsahibədə iştirak edəcək müəllimlərin sayı təxminən 1400-dür. Hazırda bu qədər insan ümumtəhsil məktəblərində müəllim vəzifəsində çalışır. Həmin şəxslərlə müddətli əmək müqaviləsi bağlanılıb. Ancaq onlar daimi olmaq arzusundadırlar və bunun üçün müsahibədə iştirak edə bilmirlər. Biz də onlar üçün bu şəraiti yaradırıq. Təbii ki, internetə çıxışı, müvafiq cihazı olan müəllimlər üçün bu şəraiti yaradırıq ki, müsahibədən keçsinlər və onlarla daimi əsaslarla, müddətsiz əmək müqavilələri bağlansın.

- Hazırkı müsahibə mərhələsi yalnız Bakı şəhərini əhatə edir?

- Ümumilikdə 1400 rəqəmi Azərbaycanın bütün coğrafiyasını əhatə edir. Yəni bu müəllimlər bütün ümumtəhsil məktəblərində çalışırlar. İlkin mərhələdə biz gələn həftənin bazar ertəsindən müsahibələrimizə başlayırıq. 1400 nəfərin 300 nəfəri Bakı şəhərində çalışır. İlk mərhələdə müsahibə onlarla başlayır. Bu da təbiidir. Çünki Bakı şəhərində internetə çıxış imkanları daha əlçatandır. Növbəti mərhələlərdə ölkənin digər bölgələrini də əhatə edəcəyik.

- 2020/2021-ci tədris ili üçün MİQ imtahanlarında hansısa dəyişikliklər baş verdimi?

- Yay aylarında keçiriləcək imtahanla bağlı hər hansı dəyişiklik, yəni müsabiqənin keçirilməməsi və ya təxirə salınması kimi bir qərar yoxdur. Biz həmişə olduğu kimi, bütün tərkiblə hazırlıq işlərimizi davam etdiririk. İstər müsabiqənin keçirilməsi ilə bağlı test imtahanlarının məzmunu, istərsə də təchizat məsələləri ilə bağlı bütün hazırlıq işləri görülür. Amma yay aylarında mövcud qaydalar çərçivəsində - karantin rejiminin tələbləri əsasında fərqli bir qərar olacaqsa, biz bununla bağlı qabaqcadan ictimaiyyəti məlumatlandıracağıq. Xatırladım ki, müəllimlərin işə qəbulu müsabiqəsinin məzmunu ilə bağlı qaydalarda dəyişiklik edilmişdi. Bununla bağlı bir neçə ay öncə biz elan vermişdik. Test imtahanlarından məntiq suallarının çıxarılması, əvvəlki ildə imtahanda iştirak edənlərin nəticələrinin tanınmaması və s. kimi dəyişikliklər vardı.

- Hazırda müəllim işləyən şəxslər də yenidən MİQ üzrə müsabiqələrdə iştirak edə bilərmi? Hər hansı məhdudiyyət nəzərdə tutulmayıb ki?

- Müəllimlərin işə qəbulu müsabiqəsində artıq neçə ildir ki, istənilən şəxs iştirak edə bilər. Yetər ki, həmin şəxsin ali və ya orta ixtisas müəssisəsini pedaqoji ixtisas üzrə bitirməyə dair təhsil sənədi olsun. İşləyən şəxslər də iştirak edib yüksək nəticə göstərərək müsabiqə nəticəsində iş yerini dəyişdirə və yeni işə də qəbul oluna bilərlər.

- Müəllimlərin işə qəbulu zamanı namizədlərin vakant yerlərə qəbulu necə həyata keçirilir?

- Test imtahanları başa çatandan sonra vakant yerlərin seçimi mərhələsi olur. Bu artıq müsabiqənin üçüncü mərhələsidir. Yəni test imtahanı başa çatır, keçid balını toplayanlar üçün şərait yaradılır ki, onlar elektron qaydada vakant yerləri seçsinlər. Bunun üçün də ayrıca bir müddət ayrılır. Həmin müddət çərçivəsində namizədlər vakant yerləri seçə bilirlər. Müddət başa çatandan sonra elektron qaydada proqram təminatı tərəfdən namizədlərin vakant yerlərə yerləşdirilməsi aparılır. Yəni bir vakant yerə ən çox nəticə göstərən namizədlərin yerləşdirilməsi prosesi keçirilir. Vakant yeri tutmaq hüququ qazanan namizədlər də dördüncü - müsahibə mərhələsinə keçid alırlar.

- Müsabiqə başa çatandan sonra tutulmayan və yeni yaranan vakant yerlərə işə qəbul necə keçirilir?

- Müsabiqədən, əsas yerləşdirmə mərhələləri bitəndən sonra tutulmayan və yeni yaranan yerlərə əlavə yerləşdirmələr keçirilir və proses mərkəzləşdirilmiş qaydada və elektron şəkildə nazirlik tərəfindən mütəmadi aparılır. Bu proses davamlı olur. Bu il ərzində 5 minə yaxın namizəd bu formada müddətli əsaslarla işə qəbul edilib.

- Əlilliyi olan şəxslərə MİQ imtahanlarında hansı şərait yaradılır?

- Bu, bizim qaydalarımızda nəzərdə tutulub. Əlilliyi olan şəxslərə test suallarının cavablandırılması üçün ayrılan vaxt fərqlidir. Onlara 120 dəqiqə vaxt ayrılır. Eyni zamanda, gözdən əlil vətəndaşları müşahidə edən nəzarətçi ayrılır, sualları elektron qaydada cavablandırması üçün müvafiq şərait yaradılır.

- Müsahibə prosesi ümumilikdə nə qədər davam edir?

- Müddətli əsaslarla çalışan 1400 müəllimin şəxsi səhifəsinə bu məlumatlar göndəriləcək. Artıq məlumatların bir hissəsi göndərilib. Onlar həmin onlayn müsahibədə iştirak etmələrini təsdiq edəndən sonra biz onları bir-bir müsahibəyə dəvət edəcəyik. Bu, müraciət edən şəxslərdən asılıdır. Hər bir müraciət edən şəxsin onlayn müsahibədə iştirakı tam təmin olunacaq. Onlardan asılı olaraq da müəyyən olunacaq ki, nə qədər vaxt tələb olunur.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər