• cümə axşamı, 28 mart, 12:00
  • Baku Bakı 16°C

Əzmkar, mütəvazi və realist - Portret

09.05.20 10:00 3567
Əzmkar, mütəvazi və realist - Portret
Müəllimi imtina etdi, anası "peşman olacaqsınız" dedi, o isə...
İlk Avropa və IV İslam Həmrəyliyi Oyunları, ənənə halını alan Formula1 Qran Prisi, futbol üzrə Avropa Liqasının final qarşılaşması, cüdo üzrə dünya çempionatı və s. Təkcə son beş ildə Azərbaycanda keçirilən idman yarışlarını saymaqla, bitirmək olmur. Bu, bir-birindən nüfuzlu tədbirlər sayəsində idman ölkəsi imicimiz birəbeş möhkəmləndi, yüksək tələblərə cavab verən infrastruktur, təşkilatçılıq təcrübəsi formalaşdı. O cümlədən, ötən il paytaxtımızda təşkil edilən Avropa Gənclər Yay Olimpiya Festivalını bu qəbildən olan yarışlar sırasına əlavə etmək olar. Nüfuzlu idman tədbirində qitənin 48 ölkəsindən 4000-dək atlet 135 dəst medal uğrunda mübarizə apardı. 10 idman növü üzrə, 14-18 yaş aralığındakı idmançılar arasında baş tutan yarışda ən yaxşı göstəricimiz, gözlənildiyi kimi, güləşdən gəldi, cüdo isə "2 nömrə"miz statusunu qorudu. Digər növlərdən isə sadəcə, gimnastikada fərqləndik. İdman gimnastikasında qazanılan "gümüş", ümumiyyətlə, bir ilk idi. 1993-cü ildən AGOF-un proqramında yer alan bu növ üzrə bunadək heç vaxt mükafatçılar sırasına düşməmişdik. "Doğma divarlar" amilindən maksimum yararlanaraq, arenada əsl bayram əhval-ruhiyyəsi yaradan gəncimizin adı geniş ictimaiyyətə çox tanış olmasa da, bu və digər ilkləri ilə gimnastika camiəsində sayılıb-seçilən idmançıdır.

"Müəllim, bax, çox peşman olacaqsınız"

Tanış olun; Yeniyetmələrin Yay Olimpiya Oyunlarında kişi idman gimnastikasında ilk təmsilçimiz Məmmədli Səməd. 2002-ci ildə gənclik və idmançılar şəhəri Sumqayıtda, mühəndis Aydın Məmmədovun ailəsində dünyaya göz açıb. İdman sevdalısı olan atasının istəyi ilə beş yaşından gimnastikaya yazılan AGOF qəhrəmanımız, ilk addımlarını doğma şəhərində, Elşən Əliyevin yanında atıb. Futbol da daxil, həvəskar səviyyədə paralel olaraq bir neçə idman növündə özünü sınayan Səməd, bunadək çox qısa müddət "gənclik şəhəri"ndə ən populyar olan cüdoya gedib-gəlmişdi.

Ata, oğlunun idmandakı ilk addımlarını - "tatami macərası"nı xatırlayır: "Özüm həvəskar səviyyədə, xüsusən, hərbi xidmət vaxtı idmanla məşğul olmuşam. Turnikdə, paralel qollarda hərəkətlərə həvəsim vardı. Səməd təzə ayaq açandan onu idmana alışdırdım. Tələb qoyurdum ki, bax, bu gün bu qədər jim etməlisən. Beləliklə, get-gedə özündə həvəs yarandı. Yaşı çatanda özünün də razılığıyla qərara gəldik ki, idmana yazdıraq. İlkin niyyət elə gimnastika idi. Ancaq məşqçi axtarışımız bir az uzandı. O arada qarşımıza cüdo zalı çıxdı, fikirləşdim, nə ziyanı var, qoy hələlik burada vaxt keçirsin. İlk gündən özündən yaş və boyca böyük uşağı "qaralayıb" dedi ki, mən bununla güləşmək istəyirəm. Sən demə, o da zalın güclü uşaqlarından biri imiş. Gördüm məşqçi tərəddüd edir, dedim, buraxın güləşsin. Qoçağımız çatan kimi uşağın üzünə bir şillə vurdu. Gözünün yaşı dayanmırdı. Boynunu qucaqlayıb güc-bəla ilə sakitləşdirdim.

Gimnastika məşqçisi bir yaşını soruşdu, bir boyuna baxdı, ağlı bir şey kəsmədi. Dedi, hələ tezdir, bir-iki il keçsin, gətirərsiniz. Nə qədər dil tökdük, razılaşmadı. Axırda anası dedi, müəllim, bu hər saat ələ düşən uşaq deyil. Bax sonra çox peşman olacaqsınız. Bu söz onu tutdu. Uşaq az vaxtda bizi haqlı çıxartdı. Elşən müəllim Səmədə necə bağlanmışdısa, zarafata salıb deyirdi, gəl sən onu, ümumiyyətlə, mənə ver (gülür).


banner

Oxşar Xəbərlər