• cümə axşamı, 18 aprel, 22:14
  • Baku Bakı 21°C

Müdafiə reaksiyası gülüş olan aktrisa

19.12.19 09:30 948
Müdafiə reaksiyası gülüş olan aktrisa
O, sənətini özündən çox sevirdi

"Gülüş - mənim müdafiə reaksiyamdır”. Bu fikirlər aktrisa Gülşən Qurbanovanın həyat şüarı idi. Həmkarları, doğmaları onun nə qədər nikbin, həyatsevər olduğunu həmişə xatırlayırlar. Yaşasaydı, dekabrın 19-da 69 yaşı olacaqdı. Ancaq aktrisadan Azərbaycan teatr və kino sənəti üçün yaratdığı özünəməxsus, maraqlı obrazlar yadigar qaldı.
Uşaqlıq marağı
G.Qurbanovanın aktrisalığa marağı ailədə yaranmışdı. Atası – tanınmış aktyor Ağadadaş Qurbanovun Azərbaycan mədəni mühitinin dirçəlişində, teatr və kino sənətində müstəsna xidmətləri olmuşdu. Sənət dünyasının sirli aləmi də Gülşəni erkən yaşlarından cəlb etmişdi. Uşaqlıqdan atasının oynadığı tamaşalara baxmış, ürəyindən səhnəyə çıxmaq, alqışları eşitmək arzusu keçmişdi. Hətta 5-ci sinifdə oxuyanda bütün sinif uşaqlarını yığıb teatra aparmış və qapıda "Mən Ağadadaş Qurbanovun qızıyam” deyərək, onların hamısını içəri keçirə bilmişdi.
Elə bu həvəs onu 1974-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə gətirir. İnstitutu bitirdikdən sonra atasının çalışdığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayır. Teatrın səhnəsində rəngarəng obrazlar yaradan aktrisa, televiziya tamaşalarında, kinoda yaddaqalan, xarakterik obrazlar oynamağa nail olur. "Mənim nəğməkar bibim”də Mərcan, "Şirinbala bal yığır”da Eyzəngül, "Ana laylası”nda Çiçək, "Tamahkar”da Nabat, "Fudzi dağında qonaqlıq”da Almagül, "Zəncirlənmiş Prometey” də Nera, "Pul dəlisi”ndə Gülnaz, "Bala bəla sözündəndir” tamaşasında Ana və s. rolları ilə tamaşaçıların sevgisini qazanır. Aktrisa hər dəfə səhnəyə sanki ilk rolunu oynayırmış kimi həvəs və sevgi ilə çıxıb.
Tamaşaçıların alqışları onu rövnəqləndirib, yeni-yeni rollar oynamağa həvəsləndirib. "Tamaşaçı sevgisi aktyor üçün böyük stimuldur. Bu, bizə güc verir, yaşamağa, işləməyə qanadlandırır” deyib.
Aktrisanın daxilindən gələn çılğınlıq
Gülşən Qurbanovanın kino yaradıcılığında 20-dən artıq film yer alıb. Bunların hamısı demək olar ki, epizodik, lakin yaddaqalan rollardır. "Ad günü”ndə Şeyda, "Cin mikrorayonda” filmində Dəmirovun arvadı, "Bayquş gələndə” filmində Ədilə, "Anlamaq istəyirəm”də Rəfiqə, "Arvadım mənim, uşaqlarım mənim”də Güldəstə və s. obrazları ilə istedadını kino sahəsində də nümayiş etdirməyi bacarır. Aktrisa orijinal ifaları ilə tamaşaçını, yaratdığı personajın təbiiliyinə, həyatiliyinə inandırırdı.
"Müxtəlif xarakteri olan bu obrazlarda tək bir oxşarlıq vardı ki, bu da aktrisanın daxilindən gələn, personajın da məninə hopan çılğınlığı idi”- deyə sənətşünaslar onun yaradıcılığı haqqında deyirdilər: "Gülşən Qurbanovanın sənət dünyası həddən artıq səmimiliyi, improvizələri, bir sözlə, yaradıcılıq tapıntıları ilə zəngin idi. Onun oynadığı televiziya tamaşalarına baxdıqda, hər hansı bir kadrın tamaşaçını yorduğunu, uzunçuluq xarakter daşıdığını görmürük”.
Təəssüf ki, 1990-cı illərdə Azərbaycan kinosunda yaranan boşluq istedadlı aktrisanın da yaradıcılığından izsiz ötüşmür. Həmin illərdə aktrisa yaradıcılığını yalnız teatrda davam etdirir.
Gülşən Qurbanova telekanallarla da yaxından əməkdaşlıq edib. O, Azərbaycan Televiziyasının "Gəlin, birlikdə gülək” adlı layihəsində çıxış edib. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və Azər Mirzəyev olublar. Bu layihə bitəndən sonra aktrisa uzun müddət ANS telekanalı ilə əməkdaşlıq edib. "Qaynar qazan” verilişi onun aparıcılığı ilə xeyli məşhurlaşıb. "Lider” telekanalında isə "Mikser” verilişinəaparıcılıq edib. Ancaq aktrisa əməkdaşlıq etdiyi bütün telekanallardan incikliklə ayrılıb.
Bacısı Firəngiz Qurbanovanın xatirəsindən: "Gülşən, bütünlüklə atamıza çəkmişdi. O olan yerdə həmişə yüksək əhval-ruhiyyə yaranır, şən zarafatlar baş alıb gedirdi. Nikbin, güclü insan idi. Bir qədər kəmhövsələliyi olsa da, insanları, həyatı çox sevirdi. İstiqanlı idi, onunla beş dəqiqə söhbət edən insanla elə qaynayıb-qarışırdı ki, sanki bir-birlərini xeyli vaxtdır tanıyırlar. Gülşən bir yerdə qərar tuta bilmirdi. Onunla görüşlərimiz həmişə qısa olurdu - ya telefonla zəng vurub harasa dəvət edirdilər, ya da harasa getməli olduğu yadına düşürdü. Amma bayramlarda, ad günlərində telefonunu söndürürdü, sonadək bir yerdə olurduq. Deyərdim ki, sənətini özündən çox sevirdi, iki dəfə infarkt keçirsə də, səhhətinin qayğısına heç qalmırdı. O, sanki həyatdan tez köçəcəyini bildiyi üçün işlərinin yarımçıq qalmasından qorxur, həmişə harasa tələsir, heç vaxt yorulduğunu dilə gətirmirdi. Adamların arasında olmağı çox sevirdi, tamaşaçılarından enerji alırdı. Xoş aurası olan Gülşən, mətbəxdə də həvəslə işləyir, dadlı yeməklər hazırlayır, gözəl süfrələr açırdı. Yəqin elə buna görə də, müxtəlif kanallarda mətbəx verilişlərini aparmağa razılıq vermişdi”.

Ürək necə tab gətirə bilərdi?

Xalq artisti Tariyel Qasımov mərhum sənət dostunu istedadlı aktrisa və vəfalı dost kimi xatırlayır: «Gülşən çox istedadlı aktrisa idi. Çünki onun atası Ağadadaş Qurbanov böyük sənətkar olub. İstedad Gülşənə də irsən keçmişdi. Gülşən çox təbii aktrisa idi. Onun oynadığı rolların heç biri zəif alınmamışdı. Səhnədə tərəf müqabil kimi də çox sərbəst idi. O, həmişə öz oyunu ilə səhnədəki həmkarlarına kömək göstərirdi. Deyirlər ki, atası Ağadadaş Qurbanov da məhz belə aktyor olub. Üzünün bir tərəfi tamaşaçıları ağladıbsa, bir tərəfi güldürüb. Yəni üzündə o qədər mimikalar varmış. Bu xasiyyət Gülşəndədə vardı. Gülşən dostluqda da çox sadiq idi. Ona görə də, teatrın bütün kollektivi onun xətrini çox istəyirdi. Gülşən dünyasını dəyişəndə bizim kollektivimiz üçün böyük kədər oldu. Teatrın fəhləsindən tutmuş direktoruna qədər onu sevir və hörmət edirdilər».
T.Qasımov həmkarının vaxtilə ANS telekanalında aparıcılıq etdiyi «Qaynar qazan» verilişini səmimiyyətlə xatırlayır: «Bir gün Gülşən xanım məni ad günümlə bağlı verilişə dəvət etdi. «Özünü tamaşaçılara təqdim et, haradan gəlibsən, ailənizdə sənət adamı varmı?» - deyə soruşdu. Mən də "Qazax rayonunun Kəmərli kəndindənəm. Atam kolxoz sədri olub. O zaman kəndə gələn artistlər bizim evimizə qonaq gələrdi” deyə cavab verdim. «Saxla, niyə yalan danışırsan? Sən ağstafalısan, mən sizin evinizdə olmuşam, ananı-atanı tanıyıram» - deyə canlı yayımda birbaşa söylədi. Yəni onda sözü birbaşa demək xüsusiyyəti vardı. Heyf ki, biz belə gözəl aktrisanı və sadiq dostu erkən itirdik».
Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev həmkarını mülayim və xoş təbiətli insan kimi xatırlayır: "Dost kimi Gülşən xanıma etibar etmək olurdu. Səhnədə də o, tərəf müqabilinə dəstək olurdu. Bu, səhnədə tamaşanı oynayan aktyorlar üçün çox vacib şərtdir. Aktyor lap zəif olsa belə, onu oynamağa məcbur edirdi”.
Aktyor Gülşən Qurbanova ilə bağlı bir xatirəsini bölüşür: "Bir dəfə onunla teletamaşada çəkilirdik. Sağlamlıq mərkəzində çəkiliş olacaqdı. Həmin tamaşada mən hovuza düşməli idim. Bunun üçün də Gülşən xanım məni arxadan itələməli idi. Ancaq o, mənə xəbər verməmiş qəflətən itələdi. Mən də pal-paltarlı suya düşdüm. O an həmin mərkəzin işçiləri hovuza atlanıb məni sudan çıxardılar. Ancaq həmin kadr yenidən çəkilməli idi. Mənim pal-paltarım isə artıq su içində idi. Gülşən buna görə çox peşman olmuşdu. Onun həmin andakı üzü hələ də gözümün qabağındadır. Gülşən hədsiz dərəcədə zarafatcıl idi. O olan yerdə adam darıxmırdı”.
N.Fərzəliyev danışır ki, Gülşən xanım böyüklə böyük, kiçiklə kiçik kimi davranmağı bacaran səmimi ürək sahibi idi: "Onunla dərdləşmək, bölüşmək rahat idi. Adamı yaxşı dinləyir, məsləhətverir, əli çatırdısa, köməyini əsirgəmirdi. O, teatrın bütün kollektivinin yaddaşında səmimi insan kimi qalıb”.

G.Qurbanova 1989-cu ildə Respublikanın Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə infarkt keçirib. Aktrisanın səhhətində ciddi problemlər yaransa da, çox sevdiyi işindən uzaqlaşa bilməyib.
Firəngiz xanım bacısının qəfil ölümünə belə aydınlıq gətirib: "Bu qədər gündəlik iş yükünə ürək necə tab gətirə bilərdi? Gülşənin həyatının hər günü o qədər aktiv və dolu idi ki, buna heç bir ürək tablamazdı. Hər dəfə ürəyi ağrıyanda xəstəxanada yatır, amma on gündən artıq qalmırdı. Həkimlər deyirdi, vəziyyət ciddidir, səhnəyə olmaz. Amma elə o, oradan səhnəyə çıxırdı. Bəlkə də o enerjini daşımaq çətin idi ürəyinə. İşinin peşəkarları olan aktyorlar, bir qayda olaraq tamaşaya iki saat hazırlaşırlar - o atmosferə girirlər, özlərini kökləyirlər. Bu, pis şey deyil, əlbəttə. Amma Gülşən elə deyildi. O, elə bu dəqiqə çıxıb oynaya bilərdi. Onun üçün hər şey ünsiyyət idi. Səhnəni, tərəf müqabillərini inanılmaz həssaslıqla hiss edirdi. Səhnəyə çıxanda elə bil özündən personaj yaradırdı. Dramatik rolu da asan oynayardı. Heç kim bilməzdi ki, az əvvəl bu adam ürəkdən şaqqanaq çəkib gülürdü”.
Qohumları deyirlər ki, Gülşən Qurbanovanın Yasamal qəbiristanlığındakı məzarı üstündə daim tər güllər görmək mümkündür. Onu sevən, unutmayan tamaşaçıları, dost-tanışları tez-tez aktrisanın məzarını ziyarət edirlər. Məzar daşından canlı imiş kimi görünən şəkli isə sanki yenə "Gülüş - mənim müdafiə reaksiyamdır” sözlərini pıçıldayır...

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər