• cümə axşamı, 25 aprel, 17:24
  • Baku Bakı 23°C

Müdafiə Nazirliyindən yaranmış ajiotaja Münasibət

17.10.13 11:53 1102
Müdafiə Nazirliyindən yaranmış ajiotaja Münasibət
“Müdafiə naziri vəzifəsi siyasi postdur. Həmin görüşdə isə nazir Səfər Əbiyev daha çox vətəndaş mövqeyindən çıxış edib”.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq deyib.
“Məlum görüşü məqsədli şəkildə başqa məcraya yönəldirlər. Bununla belə, onların Amerikaya vurğunluqlarına bir etirazımız yoxdur. Lakin onu da unutmaq lazım deyil ki, müdafiə naziri vəzifəsi siyasi postdur. Həmin görüşdə isə nazir Səfər Əbiyev daha çox vətəndaş mövqeyindən çıxış edib. Burda nə qəbahət var ki?” - deyə E. Sabiroğlu vurğulayıb.
Qeyd edək ki, MN mətbuat xidmətinin oktyabrın 14-də yaydığı məlumatda bildirilir ki, müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşdə prezident seçkilərinin ədalətli, demokratik və azad şəraitdə yekunlaşdığını əsas gətirərək prosesi müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkə nümayəndələrinin bütövlükdə müsbət rəy verdiyini qeyd edib. Nazir bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, eləcə də ABŞ Dövlət Departamentinin prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və həqiqətə uyğun olmayan bəyanatlarla çıxış etmələrindən narahatlığını ifadə edib.
Nazir bildirib ki, son illər Azərbaycanda keçirilən bütün seçkilərə ATƏT-in adıçəkilən missiyası nədənsə davamlı olaraq mənfi rəyini açıqlayır. Nazirin fikrincə, burada ikili standartın təzahürlərini hiss etməmək mümkün deyil.
Azərbaycandakı prezident seçkiləri ilə bağlı münasibətini ifadə edən səfir isə deyib ki, seçkilər artıq arxada qalıb və İlham Əliyev qalibdir. O, həmçinin edilən müəyyən tənqidlərin prezident seçkilərinin nəticələrinə təsir etmədiyini də vurğulayıb.
Lakin ABŞ-ın Azərbaycandakı səfirliyi səfir R. Morninqstarın görüşdə belə fikirlər işlətmədiyini açıqlayıb.
S. Əbiyevin seçkilərlə bağlı açıqlamaları isə bəzi şəxslər tərəfindən narazılıqla qarşılanıb, müdafiə nazirinin siyasi bəyanat verməsinin düzgün olmadığı vurğulanıb.
banner

Oxşar Xəbərlər