• cümə axşamı, 28 mart, 21:52
  • Baku Bakı 13°C

“Mübarizənin ən gözəl üsulu sənətdir” - Sənət

16.11.19 11:00 2230
“Mübarizənin ən gözəl üsulu sənətdir” - Sənət
Günel İmanova: Səhnədə nəyi göstərirsənsə, gələcəyini də o yönə aparırsan
Onun fərqli siması var. Nəinki siması, həyata baxışı onu həmkarlarından, yaşıdlarından çox fərqləndirir. Oxuduğu kitablardan, izlədiyi filmlərdən, oynadığı tamaşalardan fərqliliyini hiss etdirməyi bacarır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr aktyorluğu” ixtisasını bitirib. Hazırda isə Şuşa Dövlət Musiqili Dram Teatrında ştatlı aktrisa olaraq çalışır. Onu nəinki dövlət teatrının səhnəsində, zaman-zaman ADO, ŞahMat teatrlarının səhnəsində də cəsarətli tamaşaları, səhnəcikləri ilə görə bilirik. Beləliklə, müsahibimiz gənc aktrisa Günel İmanovadır.
- Günel İmanova özünü necə təqdim edərdi?
- Aktrisa olmağa çalışan biri kimi. Özümü tam aktrisa hesab etmirəm. Elə insanlar var ki, onlar bu sənəti ən xırda detalına qədər mükəmməl bilirlər. O sənətkarların yanında insan özünə aktrisa deməyə utanır.
- Sənətin xırdalıqlarına varmaq üçün təhsil aldığınız universitet sizə nə qazandırdı?
- Müəllimlərim Fərhad İsrafilov, Pərviz Məmmədrzayev, Vidadi Həsənovun mənə öyrətdiklərini heç kimdən öyrənə bilmərəm. Bəzən insanlar deyirlər ki, universitet bizə heç nə öyrətməyib. Əgər bir insan nəyisə öyrənmək istəyirsə, onu mütləq əldə edəcək. Misal üçün, mən universitetdə informatika dərsindən icazə alıb Pərviz Məmmədrzayevin dərslərində otururdum ki, daha çox öyrənim. Kimsə oturduğu yerdə ona heç kim gəlib nəsə öyrətmir. Yetər ki, insanın içində nələrisə öyrənməyə bir istək olsun. Bizim kursda 13-14 tələbə təhsil alsa da, onların heç biri aktyor və aktrisa olmadılar, çünki bu sahəyə maraqları yox idi. Mən isə bu gün də öyrənirəm. İnternet vasitəsi ilə ustad dərslərini izləyir, üzərimdə işləyirəm. Hansısa obrazın psixoanalizini etmək üçün elə olub ki, eyni kitabları təkrar-təkrar oxumuşam. Mən diplom almışamsa, deyə bilmərəm ki, hər şeydən xəbərim var və heç kim də diplomun var deyə sənə iş təklif etmir.

- Gənclər daha çox məşhurluq üçün aktrisa olmaq istəyirlər. Məhz bu istəyin ardınca universitetə qəbul olurlar.
- Bu hər dövrdə belə olub. Əvvəllər filmə çəkilmək, Rasim Balayev kimi sənətkarlara özlərini bənzətmək istəyən insanlar aktyor olmağa can atırdılar. Onlar da fanatlarının olmasını, tamaşadan sonra tamaşaçıların onlara güllər təqdim etməsini istəyiblər. O zamanlar televiziyada çeşid az idi və insanlar teatra üz tutmuşdular. İndi isə aktyor və aktrisalar seriallarda məşhurlaşdığı üçün bu günün gəncləri də seriallara can atırlar. Məşhurluq üçün aktrisa olmağa can atan nəsil hər zaman olub və hər zaman da olacaq. Bir qisim insanlar var ki, onlar məşhur olmaqdan çox özlərini ifadə etməyə çalışırlar. Özünüifadə isə mənim həyat tərzimdir. Mənim üçün teatrda işləmək, rolumu analiz etmək həyat rutinimdir. Bütün günümü buna sərf edirəm, çünki bunu sevirəm. Bir də var ki, məşhur olmaq istəyirsən. Məşhurlaşmaq üçün isə bu gün hər cür vasitə var. Bəzi insanlar var ki, onlar üçün pul və məşhurluq o qədər də önəmli deyil. O tip insanlar üçün sənət və özünüifadə hər zaman maraqlı olub. Mən sənətə gələndə düşünürdüm ki, mübarizənin ən gözəl üsulu məhz elə sənətin özüdür.
- Nəyin mübarizəsini aparırsınız?
- Həyatda olan haqsızlıqlara qarşı. İnsanlığa, heyvanlara qarşı törədilən haqsızlıqların aradan qaldırılması, gender bərabərsizliyi, humanizmə aid olan hər şey üçün mübarizə aparıram. Mən bunu aktrisa olaraq icra edə bilərəm. Sənətə mübarizə üçün gəlmişəm. İçimizdə ağrı, insanlıq, həyat, dünyaya olan sevgimiz olmasa, yaşaya bilmərik. Bu insanların hekayəsini danışmaq lazımdır. İnsanları qınasaq, məncə, sənətimizin heç bir mənası olmaz. Bir parçası olduğum teatr sənəti ilk dəfə küçədə, insanların aclığı ilə əlaqədar yaranıb. İnsanlar öz aclıqlarını danışmaq, kilsələrin onlardan nə qədər çox vergi aldıqlarını və bu vergilərin onları hansı vəziyyətə saldığını izah etmək üçün teatrı yaradıblar. İndi bizim də özümüzə məxsus ağrı və dəyərlərimiz var. Biz də teatrda bu yöndə mübarizə aparmalıyıq. Onları tamaşalarımızla göstərməyə çalışmalıyıq.

- Sizcə, teatrlarımızda bugünkü ağrılarımız və günün aktual problemləri öz əksini tapa bilirmi?
- Hər bir teatrın öz spesifik xüsusiyyəti var. Açığını desəm, tam olaraq tuta bilmirəm ki, Pantomima Teatrı, Akademik Milli Dram Teatrı, Akademik Musiqili Teatr və digər teatrlarımız nədən danışmaq istəyirlər, hansı mövzu onlar üçün maraqlıdır. Ancaq hər teatrın özünəməxsus bir rəngi olmalıdır. Onlar o haqda nəyisə danışanda insanlar düşünməli, beyinlərdə bir oyanış olmalıdır. Deyirlər ki, bu sənət gələcəyi göstərən silahdır. Sən səhnədə nəyi göstərirsənsə, gələcəyini də o yönə aparırsan. Televiziyada tamaşaçılara nəyi göstərirlərsə, tamaşaçılar da o istiqamətdə gedir. Gələcəyini necə görmək istəyirsənsə, onu göstərməyi bacarmalısan.
- Sizcə, bizim teatrlarımız öz tamaşaçılarına gələcəyi göstərə bilirmi?
- Bu yaxınlarda teatrlarımızın birində "Almaz” tamaşasını izlədim. Hazırki vəziyyətdə qadınların təhsil almaqdan çox cəmiyyətdə başqa problemləri var. Ötən ay avtovağzalda bir xanım 20 bıçaq zərbəsi ilə dünyasını dəyişdi. Problemimiz odur ki, toplum kimi yığışıb bir-birimizi müdafiə edə bilmirik. Hər şeyi böyüdüb aqressiyamızı onun üzərinə tökürük. O hadisə ilə bağlı mən özüm də çox aqressiv oldum. Yəqin ki, bu onun gördüyü ilk şiddət olmayıb. Niyə indiyə qədər buna dözmüsən? Niyə ölməyini gözləyirdin? Niyə bir dəfə etiraz etməmisən? Bu suallar içərisində böyük aqressiya göstərirdim. O aqressiyanın əvəzinə isə daha optimal olaraq bir video çəkə, informasiya verə bilərdim. Çünki mən qadın hüquqlarından xəbərdaram. Niyə bunu etmək yerinə ancaq cəmiyyəti qınayıram?
- Söhbətinizdən belə aydın olur ki, bu gün teatrlarımızda, cəmiyyətimizdə daha çox insanların başına gələn problemləri görə bilmirik. Teatrımızın səhnəsinə bizi narahat edən problemlər yol tapmır.
- Teatr səhnələrində hadisələri göstərmək lazımdır. Hadisələrə insanlar gözləri ilə baxanda, dəyişəcəklər, qadınlar deyəcək ki, mən elə olmaq istəmirəm. Bunu göstərərək insanları maarifləndirmək lazımdır. Siz hadisəni göstərin, insanlar lazım olanı özləri görəcəklər. Biz teatr olaraq, daha çox estetikaya meyl edirik. Misal üçün, səhnədə ağac olsun, ağacın yanında qız belə dayansın, yetər ki, səhnənin görüntüsü gözəl olsun. Bu artıq keçmişdə qalıb. Dünya teatrında dekorasiya yoxdur. Səhnədə iki-üç stul bəs edir. Nəyisə göstərməyə və izah etməyə çalışırlar. M.A.P festivalında "Maqbet” tamaşasında Maqbet səhnəyə çılpaq çıxmışdı. Düşündüm ki, əgər bizim aktyorumuz səhnəyə alt paltarında çıxsaydı, tamaşaçılar onun üstünə pomidor atardılar. Ancaq o festivalda o aktyora, sırf xaricidir deyə sevərək baxdılar.

- Sonra da saytlar yazacaqdılar ki, "Bakıda 18+ tamaşa hazırlanıb”.
- Tamaşanın içində "18+”luq heç nə olmasa belə, tamaşanın informasiyası çox güclüdürsə, onsuz da ona "16+” qoyulır. Çünki azyaşlı uşaqlar üçün onu anlamaq çox çətindir. Teatrlarımız repertuar hazırlayanda bu haqda düşünmürlər. Onlar üçün "18+” ancaq seksual həddən bəhs etməlidir. Bəzən tamaşada elə mövzular qoyulur ki, o mövzular uşaqlar üçün qadağandır. Elə bir informasiya ola bilər ki, o, uşağın bütün psixologiyasını dəyişə bilər. Bu haqda düşünmürlər. "18+”u ancaq tamaşadakı qadın və kişi münasibətlərinə görə müəyyənləşdirirlər. Çünki bizim cəmiyyətin problemi sanki qadın və kişi münasibətləridir.
- Yəni hesab edirsiniz ki, insanlar bundan başqa heç nəyi problem etmir?
- Bizim cəmiyyətdə qadının açıq-saçıq geyinməyi, hara getməyi, işdən niyə gec gəlməyi, ərinə yemək bişirməməyi kimi məsələləri daha çox problemə çevirirlər. Ailə həyatı qurduqdan sonra isə "bir şey-mirşey varmı?” tendensiyası davam edir. Bu kimi şeylər həqiqətən də yorucudur. Mənə maraqlı olmamalıdır ki, axı bu qızın uşağı niyə olmur? Toyunda belinə qırmızı lent bağlandımı? Sevgi bir lentlə ölçülürsə, o sevgini neyləyirəm? Bunlar mənim üçün böyük problemlərdir. Qadını məhz elə burdan sıxışdırmağa başlayırlar. Cəmiyyətə ana lazımdır, ancaq siz ana faktorunu sıxışdırırsınız, onu məhv edirsiniz. Düşünmürlər ki, güclü anası olmayan kişinin heç vaxt güclü şəxsiyyəti olmayacaq. Güclü şəxsiyyəti olmayan ananın övladı zəif böyüyəcək. Nə qədər şəxsiyyətli ana varsa, bir o qədər şəxsiyyətli kişi və qadınlarımız olacaq.
- Belə azad düşüncəli və fərqli dünyagörüşə malik birini dövlət teatrında çalışmaq qəlibə salmırmı?
- Mənə görə teatrın böyüklüyü-kiçikliyi o qədər də önəmli deyil. Şuşa Teatrının səhnəsi çox gözəldir. Balaca, qara, gözəl işıqlı səhnəsi var. Orada müasir tamaşalar hazırlansa, müasir Azərbaycan teatrı üçün gözəl səhnədir. Teatr elə kiçik, elə kompakt səhnələri çox sevir. Mənim üçün teatrın heç bir fərqi yoxdur.
- Yəqin ki, içinizdə yığılıb qalan o qəlibləri çalışdığınız özəl teatrlarda dağıtmaq imkanı əldə edirsiniz...
- Bəli, bu teatrların səhnəsində istədiyim kimi hərəkət edə bilirəm. Orada tamaşa oynayanda, bu mənə çox böyük zövq verir. Çünki demək istədiym sözü orada oynadığım tamaşalarda deyə bilirəm, məni hansısa çərçivəyə otuzdurmurlar. Misal üçün, ADO-da hazırlanan "Toy” tamaşasında bizim cəmiyyətdə, xüsusən də toylarımızda olan hər bir incə detala toxunmuşuq. ŞahMat Teatrında da müqavilə ilə çalışıram. Biz teatrın rejissoru Mir Qabil Ələkbərovla bir-birimizin dilini yaxşı anlayırıq. Mir Qabil hansı tamaşanı qursa, mən çox vaxt orada oluram. Bilirəm ki, o, tamaşa hazırlayırsa, çox gözəl tamaşa olacaq.
- Sizi insanlar daha çox "Möcüzəli rəfiqələr” layihəsindən tanıyır.
- Bu layihədə olan kollektivimiz çox maraqlıdır. Bu, qadın söhbətlərindən bəhs edən qısa bir internet komediya serialıdır. Mən orada Çinarə obrazını canlandırıram. Bu seriala baxan qadınlar öz həyatlarını görə bilirlər. Azərbaycanda qadın komediya serialları yoxdur. Komediya seriallarımız kişilərin üzərində qurulub. "Buğlama”, "Bozbaş pikçers”, "Fəlakət” və başqalarının kollektivləri kişilərdən ibarətdir. Ona görə bizdə bu sahədə aclıq var. "Möcüzəli rəfiqələr” layihəsini ilk reklam olaraq çalışdıq. Reklam o qədər bəyənildi ki, biz bunu internet serialı kimi işləməyə başladıq. 3-4 dəqiqəlik videolar çəkildi, bu da insanların marağına səbəb oldu. İndi yenidən başlayacağıq.
- Niyə sizi filmlərdə görmürük?
- Mən bu vaxta qədər yalnız bir filmdə - "Son nəfəsədək”də oynamışam. Tarixi filmdə rus leytenantı canlandırmışam. Seriallar isə gündəlik olduğu üçün çox zaman tələb edir. Ortada böyük bir maddiyyat da yoxdur ki, o enerjini əvəz etsin. Mən belə daha rahatam. Çox xoşladığım bir iş olsa, əlbəttə ki, qatılaram.
- Azərbaycan filmi və serialı üçün fərqli simaya maliksiniz.
- Azərbaycan filmi məni sevmir. Çünki Azərbaycan xanımlarına məxsus olan simaya malik deyiləm.
- Bu günün gəncləri daha çox "Youtube” və digər sosial şəbəkələrdə video roliklər hazırlayırlar. Gənc aktrisa olaraq siz özünüzü nə üçün sınamırsınız?
- Əslində, düşünürəm. Özüm bir video hazırlayaraq ürəyimdəki mövzulara toxunmaq istəyirəm. Belə ki, lazım olsa transseksuallardan, feminizmdən, cəmiyyətimizi narahat edən hər şeydən danışmaq lazımdır. Lazım olanda, hansısa filmdən örnək verərək nəsə danışmaq, orda maraqlı nüanslara toxunmaq və sair.
Xəyalə Rəis


banner

Oxşar Xəbərlər