Mübariz Həmidov: “Teatr hər yerdə teatrdır”
Bu il yubiley yaşını
qeyd edən teatrlarımız sırasında Sumqayıt Dövlət Dram Teatrı da oldu. 50 illik
maraqlı sənət yolu keçən teatrın yubiley ərəfəsində, həmçinin yeni ildə yeni
tamaşalarından xəbərdar olmaq üçün üz tutduq Sumqayıta. Bizi maraqlandıran
suallara teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov aydınlıq gətirdi.
-Mübariz müəllim,
Sumqayıt teatrına direktor təyin olunandan həm teatrda, həm də media ilə əlaqələrdə
canlanma müşayiət olunur.
-Əslində, bu, daha çox sizinlə bağlıdır. Sizin kimi
gənc teatrşünaslar maraqlanırlar, teatrı dərindən duyurlar. Buna görə də hər
birinizə təşəkkür edirəm. Bizim əlimizdə başqa sənət yoxdur. İşimiz teatrın
inkişaf etdirilməsidir. Sənətimiz, ixtisasımız budur. Göstərilən diqqət və
qayğının qarşılığında biz də əlimizdən gələni edirik ki, tamaşalarımız diqqət mərkəzində
olsun.
-Teatra gələndən
hansı işləri görmüsünüz?
-İki uşaq tamaşası təhvil vermişik. "Kim güclü, kim
ağıllı” adlı birinci tamaşanın rejissoru gənc rejissor Ayla Osmanovadır. Bu
tamaşa Sumqayıt məktəblərində 50 dəfədən artıq nümayiş olunub. Hətta ayrı-ayrı
məktəblər teatrın yaradıcı heyətini müzakirələrə dəvət ediblər. Artıq bir neçə
dəfə belə müzakirələr həyata keçirilib. Bu,
teatrla məktəblər arasında əlaqələrin sıx inkişafı deməkdir. Maraqlı işlərimizdən
biri uşaq tamaşalarının baxış və müzakirəsi ilə məşğul olan uşaqlardan ibarət
Alternativ Şuranın yaradılması oldu. Burada tamaşa haqqında müzakirələri ancaq
uşaqlar aparırlar. Əlbəttə, onlar peşəkar teatrşünaslar deyillər, lakin istəklərini
sərbəst şəkildə bildirmələrinə tam şərait yaradırıq. Nəticə gözlədiyimizdən də
yaxşı oldu.İkinci tamaşamız yeni ildə göstəriləcək
"Çeburaşkanın yeni il sərgüzəştləri” adlanır. Axşam tamaşaları kimi isə yuxarı
sinif şagirdlərinin dərs proqramında olan şair və yazıçıların əsərləri əsasında
hazırlanan, yaxud onların həyatından bəhs edən tamaşalara yer verilir. Belə
tamaşalardan biri – Hüseyn Cavidlə bağlı "Zülmətdə nur” tamaşası idi böyük
maraqla qaşılandı. 2018-ci ilin bitməsinə sayılı günlər qalıb və biz qarşımızda
olan bütün məsələlərin öhdəsindən gəlmişik. Maliyyə, tamaşa, tamaşaçı planını
artıqlaması ilə yerinə yetirmişik.
-Yeni il bayramı
münasibəti ilə hansı tədbirlər nəzərdə tutulub?
-Yeni ildə teatrın kollektivi məktəblilərin,
balacaların görüşünə "Çeburaşkanın yeni il sərgüzəştləri” tamaşası ilə gələcək.
Quruluşçu rejissor Ayla Osmanovadır. Onunla Gənc Tamaşaçılar Teatrında bir neçə
işimiz olub. Ayın 25-i Sumqayıt əhalisi ilə anons xarakterli görüşümüz oldu.
Teatrın qarşısındakı meydanda nümayiş etdirdiyimiz bir sıra nağıl qəhrəmanları
sakinlərin marağına səbəb oldu. 27 dekabr tarixindən başlayaraq yeni il
tamaşalarımız başlayacaq.
-Artıq ikinci uşaq
tamaşasıdır ki, Ayla Osmanovanı dəvət edirsiniz.
-Qeyd etdiyim kimi, Aylanı Gənc Tamaşaçılar
Teatrından tanıyıram. İşinə sevgisi, yaradıcılıq potensialı ilə tanışam. Həm də
düşündüm ki, kollektiv üçün də yenilik olar. Başqa teatrlardan rejissor dəvət
olunanda truppada bir canlanma olur, daha çox maraq göstərirlər.
-Keçən ay Sumqayıt
Dram Teatrının 50 illik yubileyini qeyd etdiniz. Yubiley tədbirlərinin keçirilməsindən
razı qaldınızmı?
-Hazırlıqlara sentyabr ayından başlamışdıq. Tam ay
yarım yubileyə hazırlığımız olub. Bütün kollektiv bu işə səfərbər olunmuşdu. Tədbiri
isə teatrın qarşısından açdıq. Ən yaxşı tamaşalardan dekorlar qurulmuş, həmin
dekorların qabağında tamaşalarımızdan personajlar geyimlərdə dayanmışdılar. Bəzi
tamaşalardan çıxışlar, musiqi nömrələri bitdikdən sonra içəri birinci və ikinci
foyeyə keçid oldu. İkinci foyedə maraqlı tərtibat qurulmuşdu. Belə ki,
teatrımızda 50 il boyunca oynanılan tamaşaların afişalarından ibarət fotosərgi
təşkil edilmişdi. Bu işdə göstərdiyi böyük köməkliyə görə Teatr Muzeyinə, şəxsən
Sevinc xanıma dərin təşəkkürümüzü bildiririk. Birinci foyedə isə ona qədər
tamaşanın maketini hazırlatdırmışdım. Bakıdan 70-ə qədər qonağımız gəlmişdi.
Sonra təbriklər səsləndi, Bakı teatrlarından bir neçəsi təbrik yollamışdı, eyni
zamanda xarici ölkələrdən təbrik videolarını izlədik. Yubiley münasibətilə
Prezidentimiz teatrımızın üç aktyorunu Əməkdar artist, yeddi nəfəri isə Tərəqqi
medalı ilə mükafatlandırdı. On nəfərə başçı Zakir Fərəcovun fəxri fərmanları təqdim
edildi. Teatrımızın üç aktyoru da Türksoyun diplomuna layiq görüldü.
-Təsadüfi deyil ki,
bu il dekabrın 7-si Gənc Tamaşaçılar Teatrının da 90 illik yubileyi baş tutdu. Nə
əcəb, sizi orada görmədik?
-Yox, əslində, düşündüyünüz kimi bir durum yoxdur.
Tam əksinə, teatrın direktoru Naidə xanımla dostluğumuz var, birlikdə oxumuşuq.
Sadəcə elə alındı ki, Sumqayıt Teatrında tədbir vardı və nə qədər çalışsam da,
tədbirimiz gec bitdiyindən mən Bakıya çatana qədər orada da yubileyin sonu idi.
Amma yubileydən xəbərim oldu, orda çalışan aktyorlar mənə videolar göndərdilər.
Çox bəyəndim. Vaqif Əsədovun quruluşunda olan yubileydə əsl bayram abı-havası
yaşanıb. Vaqif belə tədbirləri çox effektli işləyə bilir. Hadisələri,
tamaşaları bir-birinə həssaslıqla toxuyur. Mən hələ orada direktor olanda ona
belə bir təklif vermişdim.
-Bir neçə ay ərzində
ard-arda yeni tamaşalarınız oldu, növbəti aylar nələr gözlənilir?
-Gələn ilin repertuar planını artıq hazırlamışıq.
Onu da deyim, çox maraqlı repertuar planlaşdırılıb. Bilirsiniz ki, gələn il
Sumqayıt şəhərinin 70 illiyidir. Bununla bağlı yayda yazıçı Əli Əmirliyə
Sumqayıtın dünəni, bu günü, sabahı haqqında maraqlı pyes yazmasını təklif
etmişdim. O isə cavabında, həqiqətən də, mövzu ürəyinə yatarsa, belə bir ideya
gələrsə, yazacağını bildirmişdi. Sağ olsun, avqust ayında zəng etdi ki, artıq əsər
hazırdır. Gələn ilin noyabr ayında olacaq yubileyə qədər bu pyesin tamaşasını
işləyib hazır edəcəyimizə əminəm. Çox maraqlı, ürəyimcə olan bir əsər ərsəyə gəlib.
Ümid edirəm, bu teatrın kollektivindən Sumqayıt sakinlərinə dəyərli bir hədiyyə
olacaq. Bundan başqa, "Danışan gəlincik” tamaşasını da hazırlayacağıq. Gənc
Tamaşaçılar Teatrından daha bir gənc rejissor Elşad Rəhmanzadəni dəvət etməyi
düşünürəm. Onun quruluşunda hazırlancaq "Qulliver cırtdanlar ölkəsində”
tamaşasının Sumqayıt məktəblilərinə nə qədər maraqlı olacağını bilirəm. Əslində,
əvvəl GTT kollektivini dəvət etmək istədim, ancaq məlum məsələdir ki, dekorlar,
səhnə tərtibatı ağır olduğundan onların daşınması çətin olacaq. Ona görə qərara
aldım ki, ən yaxışısı, elə teatrın öz kollektivinin ifasında fərqli tamaşa
hazırlamaqdır. Novruz bayramı ərəfəsində bayram tamaşaları nəzərdə tutulur. Həmçinin
xarici ölkələrə səfərlərimiz də istisna olunmur. Noyabrda Gürcüstan
Respublikası Kutaisi Dövlət Dram Teatrının bədii rəhbəri burda oldu, aramızda
qarşılıqlı yaradıcılıq əlaqəsini nəzərdə tutan memorandum imzalandı. Növbəti
ilin mayında Kutaisidə bizim teatrın 2-3 tamaşası göstəriləcək, sonra isə, həmin
teatr iyun ayının ortalarında bizim qonağımız olacaq və tamaşalar oynayacaqlar.
Əvvəllər də əlaqələrimizin olduğu Şimali Osetiya Milli Dram Teatrı ilə bu il V
Bakı Beynəlxalq Teatr Konfransında görüşdük. Belə qərara alındı ki, onlar bizi
fevral ayında qastrola dəvət edəcəklər. Bununla yanaşı, Türkiyə ilə də
yazışmalarımız davam edir.
-Mübariz müəllim,
Sumqayıt Teatrının truppasının kifayət qədər yaradıcı potensialı varml?
-Potensiallı, istedadlı aktyorlar var. Yalan deməyəcəm
ki, bütün heyət istedadlıdır, ancaq yaxşı tamaşalar hazırlaya biləcək aktyorlar
var. Hətta festival üçün tamaşalar da seçmişəm - "Qocanı öldürməliyik”,
"Birincilər, sonuncular”, "Ocaq”, Əli "İyirmi ildən sonra” tamaşasının bərpası.
Sumqayıt Teatrı vaxtilə adla deyilirdi. Bu teatrın yetişdirdiyi sənətkarlar
hazırda Bakının müxtəlif teatrlarında çalışlar. Əsas odur, işini bilən,
çalışqan heyətimiz var. Maraqlı fikrim var ki, vaxtilə Sumqayıt teatrında işləmiş
sənətkarları tamaşalarda oynamaq üçün bir-bir, iki-iki dəvət edək.
-On üç il
müddətində Gənc Tamaşaçılar Teatrında direktor olmusunuz. Birdən-birə Bakıdan
uzaq yerdə kollektivinə bələd olmadığınız teatra rəhbər təyin olundunuz. Çətin
olmadı ki?
-Asan heç nə yoxdur. Bu da 50 ilin teatrıdır, ənənələri,
qızıl dövrü olub. Aktyorların bəzilərini tanıyırdım, digərləri ilə də gələndən
sonra tanış oldum. Artıq çoxunun potensialına, iş qabiliyyətinə bələdəm. Teatr
hər yerdə teatrdır. Teatrın sevinci də, kədəri də, problemləri də, demək olar,
hər yerdə eynidir. Vaxtilə Mədəniyyət Nazirliyində işləyəndə teatrlarımızın vəziyyəti
ilə tanış idim. Ona görə də burda işləmək mənə o qədər də çətin deyil. Sadəcə
olaraq, XXI əsrin teatrı durmadan yeniliyə can atır, biz çalışmalıyıq, zamandan
geri qalmayaq, həmin yeniliklərlə ayaqlaşaq, inkişaf edək.
Nigar Pirimova
Teatrşünas