• çərşənbə, 24 Aprel, 04:36
  • Baku Bakı 14°C

Mübadilə Proqramı çərçivəsində 5 regionda 5 gəncin fəaliyyəti davam edir

23.08.17 15:56 1000
Mübadilə Proqramı çərçivəsində 5 regionda 5 gəncin fəaliyyəti davam edir
"Azərbaycan Könüllülük Xidməti” çərçivəsində Mübadilə Proqramının 20 günü artıq başa çatıb. Mübadilə Proqramının iştirakçıları Quba, Gəncə, Lənkaran, Mingəçevir və Balakən olmaqla 5 müxtəlif regionda fəaliyyətlərini davam etdirirlər.

"Azərbaycan Könüllülük Xidməti” çərçivəsində 1 ay davam edən mübadilənin məqsədi gənclər arasında könüllülüyün təbliği, onların könüllülük fəaliyyətinə həvəsləndirilməsi və onlar arasında könüllülük fəlsəfəsinin inkişafına təkan verilməsidir.

20 gün ərzində gənclər könüllülük sahəsində təcrübə qazanmaq, bacarıqlarını inkişaf etdirmək, səmərəli vaxt keçirtmək və müxtəlif mühitdə çalışmaq imkanı əldə ediblər.

Quba şəhərində fəaliyyət göstərən könüllü Fuad Bayramov "Mən jurnalistəm”, "Kompyuter kursu” adlı layihələr həyata keçirməklə yanaşı Quba Gənclər evində könüllü işləyərək Quba şəhər Gənclər və İdman İdarəsinin fəaliyyəti ilə yaxından tanış olub.

2017-ci il üzrə ölkənin Gənclər paytaxtı seçilən Balakən şəhərində fəaliyyət göstərən Xasay Mirzəli isə "kitab flaşmobu”, "Qəbul imtahanına necə hazırlaşmalı”, "Daxilə 3D səyahət” mövzusunda maarifləndirmə təlimləri təşkil etməklə əhatəsinə 145 gənc toplaya bilib. Xasay Mirzəli qeyd edib ki, "Balakən gəncləri düşündüyümdən daha fəal gənclərdir. Hər hansı bir tədbir zamanı gənclərin fəallığı müşahidə olunur”.

Könüllü Tural Süleymanov ölkənin cənub bölgəsi olan Lənkəran şəhərində fəaliyyət göstərir. Tural Süleymanov bu günə qədər "Musiqi Festivalı”, "Mütaliə saatı”, "İntellektual Oyun”, "Könüllülər yurdu – Azərbaycan” adlı layihələr həyata keçirib. Tural Süleymanov üçün ən önəmli layihələrdən biri olan "Mütaliə saatı” layihəsi ilə fikirlərini bölüşüb. O qeyd edib ki, "layihənin əsas məqsədi kitabı sadəcə oxumaq deyil, onu yaşamaq prinsipini gənclərə aşılamaq, gənclərin mütaliəyə marağını artırmaq olan "Mütaliə saatı” layihəsinin 1-ci görüşündə mən, bu layihənin məqsədinin Lənkəran gənclərində artıq özünü büruzə verdiyini gördüm”.

Mübadilə Proqramının növbəti könüllüsü Ruqiyyə Orucova layihə ilə bağlı öz fikirlərini bölüşərək qeyd edib ki, "Bura gəlməzdən əvvəl məni buradakı gənclərin sosial fəaliyyətləri, intelekt səviyyələri, düşüncə tərzləri çox maraqlandırırdı. Gəncəli dostlarım, qrup yoldaşlarım oradakı gənclərlə tanışlıqdan sonra fikirlərin dəyişəcək demişdilər. Bunu "Könüllü fəaliyyəti bizə nə qazandırır?" adlı ilk tədbirimizdə könüllü gənclər öz fəaliyyətləri haqqında müsbət rəylər söylədikdə, həmçinin hədəflərimizin yolunda ilk addımlardır kimi fikirləri sübut etdi”.

Layihənin 5-ci iştirakçısı Mingəçevir şəhərində fəaliyyət göstərən könüllü Elvin Seyfəddinov Azərbaycan Filmlərinin Təbliği, "İntellektual Oyun”, "Gənclər Beynəlxalq Sülh Naminə” mövzusunda layihələr təşkil etməklə yanaşı regionlarda keçirilən layihələrdə fəal iştirakçı qismində iştirak etməklə seçilir. Elvin Seyfəddinov bildirib ki, "İlk öncə yay olduqundan gənclərin Gənclər Evinə yığmaqda çətinliklə qarşılaşacağımı düşünürdüm, amma bura gəldikdən sonra tam əksini müşahidə etdim. Artıq biz gəncləri yox, gənclər bizi axtarır və müxtəlif təkliflər verir”.

Məlumat üçün bildirək ki, "Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və ARGTMŞ tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, regionlarda yerləşən Gənclər Evlərində Könüllülərin fəaliyyətlərinin genişləndirilməsidir.

Xatırladaq ki, 2013-cü ildə Milli Şura Proqram çərçivəsində 10 gənclər təşkilatlanı Milli Akreditasiya Sertifikatı ilə təmin edib. 2014-cü ildə Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran və Bakı şəhərindən Suraxanı, Sabunçu və Xəzər rayonlarında yerləşən Gənclər Evi və Mərkəzlərindən 15 qrup rəhbəri və 20 könüllü seçilərək Mübadilə Proqramda iştirak etmişdir. Bu gənclər arasında "Azərbaycan Könüllülük Xidməti” Proqramı tərəfindən 2014-cü il üzrə ilk dəfə olaraq "İlin Könüllüsü” nominasiyası üzrə mükafatlandırma mərasimi həyata keçirilib.


banner

Oxşar Xəbərlər