• şənbə, 20 Aprel, 05:15
  • Baku Bakı 15°C

Müasir texnologiyaların uşaqların sağlamlığına mənfi təsiri

31.10.18 14:45 4213
Müasir texnologiyaların uşaqların sağlamlığına mənfi təsiri
İnsan fəaliyyətinin, demək olar, bütün sahələrini əhatə edən müasir texnologiyalar həm uşaqlara, həm də böyüklərə bu və ya digər dərəcədə təsir göstərir. Uşaqlar gün ərzində internetdə orta hesabla 7 saat vaxt keçirirlər. Kompüterdən düzgün istifadə uşaqlara fayda gətirə bilər, yanlış istifadə onlara fiziki və psixoloji cəhətdən xeyli zərər vura bilər. Uşaqların texnologiyalara marağı erkən yaşdan başlayır. Zaman keçdikcə onlar internetdə daha çox vaxt keçirirlər. Statistikaya görə, 8 yaşlı uşaqlar arasında orta hesabla 10 nəfərdən 5-6-sı hər gün internetə daxil olur.
Bu fikirləriAZƏRTAC-a AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva deyib. O, internet və ya kompüter texnologiyalarından istifadənin uşaqların fiziki, mənəvi və psixoloji sağlamlığına təsirini araşdırıb. Həmçinin kompüter, mobil telefon və s. texnologiyaların təsiri ilə uşaqlarda yaranan bəzi xəstəlikləri və onlardan qorunma yollarını tədqiq edib.
Uşaqlar virtual aləmin təsiri ilə yata bilmirlər
İnternetdən istifadə uşaqların həyatında ikitərəfli rol oynayır. Belə ki, internetin uşaqların dünyagörüşünün inkişafına, biliklərinin artırılmasına müsbət təsiri, eyni zamanda, onların sağlamlığı ilə bağlı problem yaradan mənfi təsiri mövcuddur.
Kompüterin arxasında uzun müddət vaxt keçirməyin sağlamlığa zərəri hamıya məlumdur, formalaşmamış uşaq orqanizminə isə bu, daha pis təsir edir. Belə hallarda uşaqlarda baş ağrıları və başgicəllənməsi yaranır. Çiyinlər enmiş vəziyyətdə uzun müddət oturan zaman onların sümük-əzələ sistemində dəyişiklik yaranır və tezliklə bel sütununun əyilməsinə səbəb olur.
Bəzən məktəblilər internetə elə aludə olur ki, onlar gecəyarıyadək öz nootbukları arxasında vaxt keçirir, ya dostları ilə çat otaqlarında söhbətləşir, ya da şəbəkədə müxtəlif oyunlar oynayırlar. Bu proses uzun müddət davam edirsə, yuxusuzluq yaranır. Onlar virtual aləmin təsiri nəticəsində yata bilmirlər. Bu vəziyyət sağlamlıqla bağlı bir sıra problemlər ortaya çıxarır.
İnformasiya axtaran, yaxud bütün gününü sosial şəbəkələrdə keçirən uşaqlar da var. Onlar bəzən lazım olan və olmayan hər şey barəsində internetdə axtarışlar edir, yaxud şəbəkədə müxtəlif oyunlar oynayaraq, vaxtının çox hissəsini kompüter arxasında keçirirlər.
Uşaq və yeniyetmələrdə internetdən asılılıq
Uşaq və yeniyetmələrin kompüterdən istifadəsi müxtəlif zaman intervalında olmalıdır. Uşaqlar kompüterdən müəyyən biliklər əldə edir, amma onların kompüter qarşısında saatlarla əyləşməsi təhlükəlidir. Onların texnologiyaya aludə olması öz fiziki və psixoloji vəziyyətlərinin korlanmasına gətirib çıxara bilər. Belə ki, saatlarla vaxtını kompüter arxasında keçirən uşaqlarda dayaq-hərəkət sistemi pozulur, onlar sanki "pinqvinləşir". Çox vaxt onlar müəyyən maraqlarını ödəmək üçün kirpiyini qırpmadan uzun müddət kompüterin arxasından qalxmırlar. Yaxın məsafədən kompüterin ekranına baxmaq göz fokusunu pozur. Nəticədə gözlərin buynuz qişası quruyur, göz sağlamlığını itirir və kiçik yaşlardan gözlərin zəifləməsinə gətirib çıxarır. Digər tərəfdən, bu maraqlar daha da dərinləşərək onları internetdən asılı vəziyyətə salır.
İnsanlarda kiçik yaşlarından başlayaraq ətrafdakılara qarşı ünsiyyət vərdişləri formalaşır. Virtual aləmdə tanımadığı "tanışları” və "dostları” ilə hər gün ünsiyyət qurması və interaktiv oyunlar uşaqları zaman, məkan, reallıq hissindən uzaqlaşdırır. Virtual aləmə üstünlük verən bu cür uşaqlar internetdən asılılığın qurbanına çevrilmə ehtimalı yüksək olan risk qrupuna aid edilirlər. Onlar kompütersiz özlərini depressiyada hiss edir, ətrafdakılarla ünsiyyət qurmağa maraq göstərmirlər. İnternet asılılığı artıq bəzi ölkələrdə xəstəlik kimi qəbul olunub.
Erkən yaşda planşetdən istifadə edən uşaqlarda sosiallaşma çətinləşir
İnsan beyni 25 yaşadək daha sürətlə inkişaf edir. Radiodalğaların yaydığı radiasiya beyin hüceyrələrinin məhvinə səbəb olur. Bunun ən tez təsir etdiyi sahə isə uşaq orqanizmidir. Belə nəticəyə gəlmək olur ki, texnologiyaların uşaq fiziologiyasına vurduğu zərər psixoloji zərərdən daha çoxdur.
Eyni yaşda uşaqlar üzərində aparılan təcrübə göstərir ki, mobil telefonlardan istifadə edən uşaqlarda digərlərinə nisbətən diqqət daha çox yayınır, öyrənmə həvəsi azalır və s.
Uşaqların çoxu mobil telefonlardan danışmaq, ünsiyyət qurmaq, digərləri isə müxtəlif oyunlar məqsədilə istifadə edir. İstifadəçinin yaşı nə qədər az olarsa, mobil telefonların ona verdiyi zərərin bir o qədər çox olduğu müşahidə edilir.
Uşaqların maraq dairəsinə daxil olan rəqəmsal əşyalardan biri planşetdir. Demək olar ki, onlar kiçik yaşlardan planşetlə necə rəftar etməyi bacarırlar. Valideynlər yaxud ətrafdakılar mane olmadıqda onlar saatlarla öz "sevimli əşyaları" ilə məşğul olurlar. Nəzərə çarpan cəhətlərdən biri odur ki, erkən yaşda planşetdən istifadə edən uşaqlarda sosiallaşma çətinləşir, onlar zaman keçdikcə, özlərinə qapanırlar. Ümumiyyətlə, 2 yaşa qədər uşaqlara rəqəmsal əşyalardan istifadə etmək məsləhət deyil. 2-6 yaş arası uşaqların isə az istifadə etməsi, yaxud heç istifadə etməməsi yaxşı olar. 6-8 yaş arası uşaqlar dərslərini hazırlamaqdan savayı, ana və atasının iştirakı ilə yarım saat planşetlə məşğul ola bilər. 8 yaşdan böyük uşaqlarda isə bu vaxt 1 saatı keçməməlidir.
Uşaqların kompüterdə işləməsinə icazə vermək və yaxud qadağan etmək lazımdır?
İnternetdən intensiv istifadə rəqəmsal aləmdə böyüyən uşaqların maraqlarını ödəsə belə, onların sağlamlığı üçün bir problem kimi qarşıya çıxır. Bu problemlə bağlı əsas yük valideynlərin üzərinə düşür. Bu zaman valideynlərin qarşısında sual yaranır: uşağın kompüterdə işləməsinə icazə vermək, yaxud qadağan etmək lazımdır?
Bu sualın cavabının tapılması üçün uşaqların şəxsi xüsusiyyətləri və onların yaşadıqları mühiti nəzərə almaqla, kompüterlə işləmə həvəsinin bütün müsbət və mənfi cəhətləri təhlil olunmalıdır. Valideynlər övladlarının texnologiyalardan işləməsinə daim nəzarət etməlidir. İlk olaraq azyaşlının texnologiyalardan istifadə müddəti müəyyənləşdirilməlidir. Mütəxəssis və həkimlə məsləhətləşdikdən sonra buna uyğun olaraq valideynlər tərəfindən qərar qəbul edilməlidir.
banner

Oxşar Xəbərlər