• şənbə, 20 Aprel, 01:19
  • Baku Bakı 15°C

Müasir Azərbaycan tarixinin parlaq səhifəsi

15.06.13 08:08 1824
Müasir Azərbaycan tarixinin parlaq səhifəsi
Bu gün Azərbaycan özünün Milli Qurtuluş Gününü bayram edir. 20 il bundan öncə – 1993-cü ildə məhz bu gün - iyunun 15-də Heydər Əliyev xalqın tələbi ilə Bakıya qayıtdıqdan sonra parlamentin rəhbəri seçilib. Müasir Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdi.
Həmin tarixdən cəmi 20 il keçməsinə baxmayaraq, Milli Qurtuluş Günü, bu günün səbəbləri, nəticələri hər zaman maraqla müzakirə olunur. Çünki hazırda Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın varlığı faktiki olaraq məhz 1993-cü ilin 15 iyunundan başlayır. Bu gün birmənalı olaraq müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılır. 15 iyun bütün parametrlərdə xalqın və dövlətin xilasına yol açdı. Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi. Bu tarix Heydər Əliyevlə xalqın bütövləşdiyi gündür. 1993-cü ilin 15 iyunu sözün əsl mənasında Azərbaycan tarixində yeni bir eranın başlanğıcı idi. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü rəsmən bayram elan etdi.
Hər dəfə Milli Qurtuluş Günü yaxınlaşanda müstəqilliyin ilk illərində baş verənləri bir daha xatırlatmaq zərurəti yaranır. Bəli, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Ancaq müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda sözün həqiqi mənasında hakimiyyət boşluğu yarandı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.
1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin vaxt ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıldı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu. Bütün bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub.
Heydər Əliyevin qurduğu Azərbaycan bu gün də sürətlə inkişaf etməkdədir. Ümummilli liderin əsasını qoyduğu inkişaf son 10 ildə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Heydər Əliyevdən miras qalan Azərbaycan dövlətçiliyini daha da inkişaf etdirməkdədir. Bu gün Azərbaycan dövləti günü-gündən güclənir, qüdrətlənir. Bütün bunlar 15 iyunun əbəs yerə Azərbaycanın Milli Qurtuluş Günü adlandırılmadığını təsdiqləyir.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər