• cümə, 29 Mart, 01:28
  • Baku Bakı 7°C

Müasir arxitektura üslubu ilə seçilən nəhəng idman qurğusu - Reportaj

02.06.15 12:58 3903
Müasir arxitektura üslubu ilə seçilən nəhəng idman qurğusu - Reportaj
Paytaxt Bakıdakı Su İdmanı Sarayında 14 gün ərzində 800-dən çox idmançı 51 medal uğrunda mübarizə aparacaq
Üzgüçülük insan sağlamlığına hədsiz xeyri olan idman növlərindən biri, bəlkə də birincisidir. Üzgüçülüklə məşğul olmaq insanın bütün əzələlərini gücləndirir, elastikliyini artırır, ürəyini sağlamlaşdırır, xolestrol səviyyəsini normada saxlayır, beynin oksigen təminatını artırır, ümumi qan dövranını yaxşılaşdırır. Bununla yanaşı, üzgüçülük bir sıra xəstəliklərin müalicəsində də əhəmiyyətli rol oynayır. Belə ki, üzgüçülük sümük xəstəliklərinin müalicəsində effektiv üsul hesab olunur, astma xəstəliyinə müalicəvi təsir edir, diabet riskini azaldır və çəkiyə nəzarət etmə imkanı yaradır.
Azərbaycanda bu idman növünün populyarlaşması 1900-cü ilin əvvəllərinə təsadüf edir. Həmin vaxt Bakıda gimnastika, atletika, ağır atletika, futbol idman növləri ilə yanaşı, üzgüçülük də inkişaf etməyə başlayıb. Bu idman növü ilə məşğul olan azərbaycanlılar sovetlər birliyi dönəmində təşkil edilən çoxsaylı yarışlarda fəal iştirak ediblər. XX əsrin sonlarında Azərbaycanın öz müstəqilliyini ikinci dəfə bərpa etməsi, ardınca Beynəlxalq Olimpiya Hərəkatına qoşulması su idmanı növlərinə, o cümlədən üzgüçülüyə marağı bir qədər də artırıb. Dövlət başçısı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra isə Azərbaycanda idmana maraq daha da kütləvi xarakter alıb. Həmin tarixdən ötən dövr ərzində ölkədə yeni-yeni müasir idman obyektləri, olimpiya kompleksləri tikilərək istifadəyə verilib. Bu isə idmanın bütün sahələrinin, eyni zamanda su idmanı növlərinin, o cümlədən üzgüçülüyün inkişafına da böyük təsir edib.
Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili, xüsusən də I Avropa Oyunları çərçivəsində su idmanı yarışlarının ən yüksək səviyyədə keçirilməsi üçün 2013-cü ildən Bakıda müasir standartlara cavab verən daha bir idman obyektinin - Su İdmanı Sarayının tikintisinə başlanılıb. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə cari ilin aprel ayında istismara verilən Su İdmanı Sarayına təşkil edilən mediatur çərçivəsində biz də bu nəhəng idman qurğusu ilə yaxından tanış olduq.
Bakı Su İdmanı Sarayının baş meneceri Lauren Scrymgour idman obyekti ilə bağlı geniş məlumat verərkən bildirdi ki, Saray ümumilikdə 6 hektar ərazini əhatə edir. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan bu nəhəng, müasir idman qurğusu Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Uzunluğu 220, eni 150, hündürlüyü 35 metr olan binanın istismar müddəti ən azı 50 ildir. Bu idman sarayında üç hovuz var. Bunlardan birincisi yarışların keçiriləcəyi əsas hovuzdur. Uzunluğu 50, eni 25, dərinliyi 2,5 metr olan hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. I Avropa Oyunları zamanı bu hovuzda sinxron üzmə və üzmə yarışları keçiriləcək. Əsas zalda, hündürlükdən suya tullanmaq üçün nəzərdə tutulan ikinci hovuzun uzunluğu və eni 25, dərinliyi 4 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması var. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün nəzərdə tutulmuş üçüncü üzgüçülük hovuzunun isə uzunluğu 51, eni 20 metrdir. Hər üç hovuzda suyun temperaturu 26-27 dərəcədir. Bütün hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın “Myrtha Pools” şirkəti tərəfindən yaradılıb.
L.Scrymgour Su İdmanı Sarayının binasında Avropa Olimpiya Komitəsinin və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq, funksional və köməkçi sahələrin də yaradıldığını söylədi. Qeyd etdi ki, binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes - akrobatika, ağır atletika zalları mövcuddur. Burada yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə bilər. Bundan əlavə, sarayda əlil tamaşaçılar üçün, VVIP, VIP və media bölmələri, 150 yerlik restoran da var. Baş menecer paytaxt Bakımızın yeni memarlıq incilərindən sayılan Su İdmanı Sarayının inşasında müasir avadanlıq və inşaat materiallarından istifadə olunduğunu da diqqətə çatdırdı. Onun sözlərinə görə, binanın dam örtüyünün bir hissəsində “SKY LİGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri, eyni zamanda, günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Buradan əldə edilən elektrik enerjisi sarayın bəzi sahələrinin enerji təminatında istifadə edilir. Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 avtomobil yerlik yerüstü dayanacaq da var.
Yarışlara gəldikdə, baş menecer L.Scrymgour əminliklə dedi ki, Su İdmanı Sarayı da Avropa Oyunlarında tarix yazacaq ən öncül arenalardan olacaq. Burada yarışları 2003 nəfər izləyəcək. Çünki bilet satışı bu qədər nəzərdə tutulub. Baş menecerin sözlərinə görə, iyunun 12-də keçiriləcək açılış mərasimindən sonra ilk yarış bu arenada reallaşacaq. İdmançılar sinxron üzməklə “Bakı-2015”ə rəsmən start verəcəklər. Bakı Su İdmanı Sarayında keçiriləcək 14 günlük yarış müddətində 800-dən çox iştirakçı 3 növ - üzgüçülük, suya tullanma və sinxron üzgüçülük üzrə yarışlarda 51 medal uğrunda mübarizə aparacaq. Bunlardan 42-si üzgüçülük, 5-i hündürlükdən suya tullanma, 4-ü sinxron üzmə üçün nəzərdə tutulub. Su İdmanı Sarayı ilə tanışlıq zamanı baş menecer onu da əlavə etdi ki, idman obyektində artıq sınaq yarışları keçirilib və sarayın yarışlara hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.
Xatırladaq ki, iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən ölkəmizdə bir sıra idman qurğularının əsaslı təmiri, ən müasir idman obyektlərinin inşası onu deməyə əsas verir ki, Azərbaycan bu yarışlara tam hazırdır. Bütün bu hazırlıqları öz gözlərimizlə görməyimiz isə bizdə bir daha əminlik hissi yaradır ki, Azərbaycan I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə növbəti tarix yazacaq.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər