• cümə, 19 Aprel, 09:30
  • Baku Bakı 13°C

Muğanna kimdir

13.02.17 12:45 13012
Muğanna kimdir

Otuzuncu illərdə Qazağın Muğanlı kəndində «Şolloy» adlı son dərəcə ərköyün bir uşaq varmış. Güzgüyə baxıb, «Mənim saçım niyə sarışındı?» - deyib ağlayırmış. Onun yerli-yersiz narazılıqları, şikayətləri hamını bezdirəndə babası Ömər ağa nəlbəkidə bal verərmiş, o da bal yalaya-yalaya babasının bitib-tükənməyən əzizləmələrinə qulaq asırmış:

«Şolloyun atı kürəndi,
Yıxıldı, burnu yerə dirəndi.
Şolloyu belə balaca görməyin,
Şolloy yaman biləndi…»
Şolloyu öz adı ilə çağırmağa heç kəsin ixtiyarı çatmazmış; Ömər ağanın qulağına «İsa», «əfəndi» adları deyəndə çəlik işə salınarmış.
«Şolloy»un mənası nədir? Məlum deyil.Bir adı da varmış «Şolloy»un. Axşamın qəribliyində «İsaak-Musak» quşlarının qəribə avazı eşidiləndə Ömər ağa ilə nəvəsi «Şolloy» Mustafa baba ilə Xədicə nənənin (Muğannanın valideynləri) söyüd şivindən hörülmüş yay evinin dövrəsində yeganə salamat qalmış meşəlikdə dolaşarmış: «Anadil quşları peyğəmbərin danasını axtarıb tapa bilmirlər, yəni dünyanın bütün sirlərini biləni. Ancaq bir vaxt gələcək ki, tapılacaq danasına – yəni «Şolloy» bala».
Məhz bu vaxt – «Şolloy»un babası ilə əl-ələ tutuşub, meşənin dərinliyinə qapılıb, onun o dəhşətli ərköyünlüyünə sığmayan mənalı və müdrik söhbətləri dinlədiyi vaxt Mustafa baba Qazax müəllimlər seminariyasını, Xədicə nənə isə məşhur doktor Talışinskinin səyyar təbabət kurslarını bitirib. Ömər ağanın vəfatından sonra Mustafa baba İrəvan qiyəbi pedaqoji institutunun tarix fakültəsini bitirib, məktəb direktoru və ancaq gecələr işləyən «Likbez» (likvidaçiya bezqramotnosti – savadsızlığın ləğvi) kurslarının direktoru olub, Xədicə nənə isə Muğanlı tibb məntəqəsinin feldşeri, Xədicə nənə həmin illər dəhşətli kütləvi malyariya xəstəliyindən əziyyət çəkən əhaliyə yardım etdiyinə görə evə çox gec qayıdırmış. Bundan istifadə edən ərköyün «Şolloy» «meşə həyatı»na qədəm qoyur. Meşədən tutduğu quşları qoynuna doldurub, qohum-əqrəbanın tənəsinə, saysız-hesabsız danlağına son dərəcə biganə qalaraq birbaş evin ikinci mərtəbəsinə – taxta otağa qalxırmış. Quşlarını, dovşanlarını yemləyib rahatladıqdan sonra, sakitcə aşağı enib, pilləkəndə oturub, xəyalən babasını görər, onunla danışarmış. Çox vaxt xəyal içində elə orada da yatıb, oyananda özünü çarpayıda görürmüş.
Müharibə başlayandan sonra isə hər şey kəskin surətdə dəyişir: «meşə həyatı»nı kotan, kətmən, kərənti, yaba həyatı» əvəz edir. «Şolloy» dönüb «İsa», kənd arasında «əfəndi» olur.
«Şolloy»un adı bir də Mustafa baba qırx altıncı ildə Almaniyanın Küsterin şəhərində, komandiri olduğu diviziyaya «əlvida» deyib qayıdanda yada düşür. Meşənin məhv olduğunu görən Mustafa baba bu vəhşiliyə qarşı üsyan edir. Burada Muğannanın «Faciə» povestini xatırlamamaq olmur. Şübhəsiz, belə bir şəhanə əsərin yaranmasına səbəb ədibin «meşə həyatı»nı şəxsən özünün yaşaması olub.
Sonralar Muğannanın «meşə həyatı» Bakının – onun heç cür öyrəşə bilmədiyi tozlu-torpaqlı küçələri, cansıxıcı həyatı ilə əvəz olunur. Özünü əvvəl həkimlikdə sınayan ədib, bir qədər sonra bu mühitə uyğunlaşmayıb ədəbiyyata üz tutur. «Meşə»nin rəngarəng meyvələri ilə qidalanmış, onun bulaqlarından su içmiş, quşunu, heyvanlarını qoyun-qoltuğundan əskik etməmiş birisi necə qələmə sarılmaya bilərdi? Bu taleyin yaşayan adam Muğanna olmaya bilərdimi?
Ədibin ilk mətbu əsəri «Arx» adlı hekayə olub. O vaxtkı «konfliktsizlik ədəbiyyatı»na məzmunca uyğun gəlməyən, sonu ölümlə nəticələnən bu hekayə ixtisar olunub, çox eybəcər bir şəklə salındığından ədib bunu tamam unutmuş, ilk mətbu əsərini «Anadil ötən yerdə» oçerki sayırdı. Muğannanın öz dediklərindən: «Oçerk çıxandan sonra jurnalın redaktoru Mehdi Hüseyn heyrət içində soruşdu ki, «Səni tənbeh edəcəm. Oçerki niyə öz atandan yazmısan?! Dedim: «Çünki atamı yaxşı tanıyıram». Rəhmətlik Mehdi qağa şaqqanaq çəkdi».
Ədibin təsadüfən dediyi bu sözlər ədəbi mühitdə bəla yaradır: bir çox yazıçılar dar çərçivədə öz şəxsi mühitlərindən aralanmadan yazmağa başlayırlar, qlobal, cəmiyyətə gərəkli mövzular isə qıraqda qalır. İsa Hüseynov da bu bəlada özünü günahkar bilib, içində qovrularaq, hələ Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldığı illərdə dönə-dönə və sevə-sevə oxuduğu rus, dünya ədəbiyyatından çox-çox uzaqda olan müasir ədəbiyyatın bəsitliyini görür, sarsıntılar keçirir. Belə bir dəhşətli ümidsizliyə qapılan və çıxış yolu axtaran ədib arxivdə atasının məktubu ilə qarşılaşır: «Salam, Şolloy!..» Bu ədibin hələ Moskvada təhsil alarkən xalqın bir parçası olan, onun rəmzi kimi qırılan, məhv edilən meşə haqqında əsər yazmaq fikrini atasına bildirdiyi məktubun cavabı olur. Məktubun nuru ilə sehrlənmiş İsanı atası ilə əfsus ki, 1953-cü ilin oktyabrında «ölüm» adlı dəhşətli bir kabus görüşdürür. Qarayazı meşəsinin ətri, gözəlliyi getmiş, ətraf ölüm qoxuyurmuş. Mustafa babanın yoxluğuna bütün Qazax əhli yox, daşlar, divarlar, otlar, çiçəklər, bütün təbiət göz yaşı tökürdü. Hiddətdən, qəzəbdən alovlanırmış.
Burda yenidən 30-cu illərə qayıtmaq lazım gəlir.
1934-cü ilin yazında Ömər ağa xəstələnibmiş. Hamı – bütün ailə, yeganə, əziz-xələf Şolloyla birlikdə, taxtın dövrəsinə yığışıbmış. Tək bir nəfər, Pirvəli babanın kiçik qızı Şahnabadın əri Balcan oğlu Sirac tərifli göy ürgəsinin belində Çinar Çinar gölündən acıtəpə (vəzəri) gətirməyə gedibmiş. Amma Sirac acıtəpə əvəzinə, qucağında dəsmala bükülmüş kiçik bir uşaq gətirir. Uşağa çayda göy ürgəni çimdirərkən suda rast gəlibmiş. Dəsmalı açdıqda gözlərinə inanmırlar: uşağın əllərinin, ayaqlarının yerində barmaq əvəzinə, yastı üzgəclər var imiş, balıq kimi. Ömər ağa uşağa baxıb, bunun su pərisi olduğunu təsdiq edib. Susuzluğa tab gətirməyən uşaq çox keçmir ki, ölür. Bütün ailə bu hadisədən sarsılır.
Ömər ağa isə uşağı yenidən dəsmala büküb, Şolloya verir ki, balaca bir qəbir qazıb, dəfn etsin. Şollay isə göz yaşı içində uşağın üz-gözünü əzizləyə-əzizləyə bağlarının içində, arxın yanında qəbir qazıb basdırır. İllər keçir, bu göz yaşının, titrəyişin əksi olan «Dəfn» hekayəsi yaranır. O vaxt ədibin özünə də təəccüblü gələn hekayənin mövzusunun olduğu kimi qələmə alınması onun son illərdə yaratdığı möcüzəli əsərlərinin – «İdeal»ın, «Ölüm-dirim»in və digərlərinin oxucularına məlumdur ki, bu hadisə Odağüz Batodər planetindən göndərilən işıq şəkilləridir – yuxu ilə reallıq arasında olan şəkillər, lazım gələndə dərs deyən, irəlidən gələn hadisələrlə yer əhlini məlumatlandıran şəkillər.
Hələ Mustafa babanın ölümündən bir neçə gün qabaq ədibin gözünün qarşısında evləri alova bürünmüş şəkildə canlanıbmış. Alovun içindən xədicə nənənin naləsi eşidilirmiş. Bundan bir qədər sonra ədib Bakıda dəhşətli bir teleqram alır: «Oteü pri smerti. Nemedlenno priezajyte».
Faciənin ağırlığından iyirmi beş yaşlı İsanın beli bükülür, dünyası yerindən qopur. Bu faciədən 6 il sonra, 59-cu ildə «Teleqram» (hal-hazırda «Faciə» adlanır) yaranır.
Hələ o illərdə ədibin imtina etdiyi «Yanar ürək»lə, «Teleqram» müzakirə obyektinə çevriləndə İsa Hüseynov «Doğma və yad adamlar» romanının birinci hissəsi üzərində işləyirmiş. Bu əsərlərə görə ədibin başı çox bəlalar çəkir. İş o yerə çatır ki, Sov.İKP-nin ideoloji şöbəsinin müdiri, məşhur Şapiro Bakıya gəlib, «Mehdi Hüseynin kollektivə qarşı qoymasını» müzakirə üçün müşavirə çağırır. Müşavirədə ədibə dayaq duran yeganə adam görkəmli yazıçımız Mirzə İbrahimov olub. Mirzə müəllimin «Ürəyinin qanı ilə yazır romanı!..» sözləri çoxlarını susdurur. Bu, İsa Hüseynovun ilk qələbəsi idi. O hadisədən sonra ustadı və yeganə məsləhətçisi Mehdi Hüseynin təklifi ilə ədib arxivlərə ayaq açır, keçmişdə olub-keçənlərə, öyyə başlayır. Altmışıncı illərdə ədibin kino sənətinə ərməcan etdiyi daha yeni-yeni incilər – «26-lar, «Doktor Nəriman», «Nəsimi» filmlərinin ssenariləri yazılır. Bu illərdə İsa Hüsenov «Teleqram» povestinin qaldırdığı problemlər barədə çox düşünmüş və bunun nəticəsidir ki, sonralar bu əsər dönüb «Faciə»yə çevrilir.
Sonuncu – səksəninci –doxsanıncı illərdə isə ədib geriyə qayıtmış, gənclik illərində yazdığı «Müharibə trilogiyasına» - «Saz», «Tütək səsi», «Quru budaq» və «Şəppəli», «Kollu Koxa», «Başa düşə bilmirəm», «Ömür karvanı» əsərlərinə artıq Muğanna gözü ilə baxmışdır. İlk variantlarda çox sadə görünən, hətta gündəlik məişət problemləri ilə bağlı müharibə povestləri, əslində çox mürəkkəb sahələri əhatə edir, xalqın mənəvi dünyası, tarixi, dünəni, bu günü, sabahı ilə bağlanır.
Professor Tofiq Hüseynoğlu bu barədə «Nəsrdə psixologizm» adlı məqaləsində belə yazır: «Tütək səsi» və «Saz» povestləri ədəbiyyatda müharibə mövzusuna yeni baxışın bir başlanğıcı oldu. Burada yenə 60-cı illərə qayıtmaq istəyirəm. O illərdə ədibin dostu, Moskvada tez-tez nəşr olunan yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov müxtəlif məqalələr yazaraq onu «lirik» adlandırırdı. Muğannanın dediklərinə görə o, axırda «lirik»liyə etiraz edib, bunu sadəcə səmimiliklə izah edib.
Doğrudan da, Muğanna yaradıcılığında qeyri-təbii, səmimilikdən kənar bir şey tapmaq mümkün deyil. Özü belə istəsə də, onun qələmi sıxılmır, sərbəst hərəkət edir.
Bu sərbəstliyə görədir ki, əlinə qələm aldığı gündən indiyə qədər Muğanna dəhşətli işgəncələrə məruz qalıb. İllər uzunu qadağalarla, tənqidlərlə qarşılaşan ədibi onun dilində, şüurunda olan Bağ, Eysar sınmağa qoymayıb.
Müasir ədəbiyyatın nümayəndələrindən ən çox tənqidə məruz qalan ədibimiz haqqında prof. C.Abdullayev «Bədii nəsrin canlı klassiki» məqaləsində yazır: «Muğannanın yazılarına məndə oyanan və get-gedə dərinləşən maraqlı əsas səbəblərdən biri də onun tez-tez tənqid olunması, döyülməsi idi…Bu mənada öz qələm yoldaşları arasında hədsiz və haqsız hücumlara ən çox məruz qalan məhz Muğanna idi.» Lakin xoşbəxtlikdən gənc İsanı bu təqiblərin, tənqidlərin arasında istəyənlər də az deyildi. Ədibin dediklərindən bilirəm ki, «Azərbaycan» jurnalının o vaxtkı redaktoru, mükəmməl savadlı, zövqlü ədəbiyyatçı C.Məmmədov gənc İsanın xətrini çox istəyirmiş. Məhz onun təkidi ilə uzun sarsıntılarından sonra ədibin «quru budaq» povesti çap olunur. Daha sonra «Kollu Koxa»nın əlində tutduğu quru pambıq pambıq kolu tənqid hədəfinə tuş gəlir. Bu quru kolun arxasında gizlənən KPSS-in bəlalı sərəncamlarına hətta ziyalı təbəqədə də laqeydlik yaranır. Bu laqeydliyin cansıxıcı sükutunu isə ədibin ilk baxışda sadə görünən, lakin çox dərin, səciyyəvi məzmuna malik əsərləri pozur.
Görəsən Sov.İKP-nin bu dəhşətli kabusu olmasa idi, karlıq-korluq mühiti olmasa idi, nə qədər dərin düşüncəli ziyalılar yetişərdi.
Muğanna bu kabusun zülmətindən dəyanatlə çıxır, xalqına «Məhşər», «İdeal», «Ölüm-dirim», «Cəhənnəm», «Gurun» kimi nəhəng əsərlər bəxş edir. Bu əsərlər ilk baxışda mürəkkəb görünsə də, o qədər də sadədir, ciddi olduğu qədər oynaqdır, realist olduğu qədər poetikdir, emosionaldır – təsirlidir, cəlbedici və düşündürücüdür.
Prof. T.Hüseynoğlu yazır: «İsa Muğannanın hər yaxşı əsəri onun ürəyinin, ruhunun gözəlliyindən xəbər verir. Böyük yazıçımızın xalqı üçün yanar ürəyi var, onun sətəninin ən böyük sirri bu yanar ürəkdədir. İsa Muğanna sənət və qələm yoluna bu ürəklə çıxıb…»
Bu yanar ürəyin istisi, hərarəti illər keçsə də, özünü qoruyub saxlayır. Yaradıcılığının gənclik çağlarında ədib İsa Hüseynov kimi nə qədər oxunaqlı idisə, ikinci dövrdə Muğannaya çevrilərək daha çox cəlbedici və düşündürücüdür. Onun fikir kəhkəşanının bütün ulduzları sönməzdir. Bu tədqiqatın nəticəsində ancaq «Muğanna kimdir?» sualına cavab tapmaq olar. Mənim bu yazım nəhəng, əzəmətli Muğanna dünyasının yalnız kiçik bir parçasından xəbər verir.
Sevinc MUĞANNA
banner

Oxşar Xəbərlər