AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Muğam sənətimizin canlı əfsanəsi

Muğam sənətimizin canlı əfsanəsi

Mədəniyyət
20 Fevral 2020, 14:00 2962
Bu gün Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Arif Babayevin ad günüdür

Muğam xalq musiqi təfəkkürünün dərin mənalı, aydın və səlist ifadəli yaradıcılıq məhsuludur. Azərbaycan muğam musiqisinin inkişafında ağdamlı musiqi yaradıcılarının, eyni zamanda xanəndələrin böyük xidmətləri olub. Bu xanəndələr xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin ifadəsi olan muğamlarımızı yaşadıb, onun qorunub saxlanılmasında müstəsna xidmətlər göstəriblər.

Muğamların yeni variantlarının yaradılması da xanəndələrin yaradıcılıq – ifaçılıq keyfiyyətləri ilə bağlı olub, hər bir xanəndənin ifaçılıq tərzindən meydana gələn xüsusiyyətdir. Hər bir xanəndə oxuduğu muğama öz nəfəsini, öz oxuma tərzini, özünəməxsus ifaçılıq ənənəsini gətirir. Belə xanəndələrdən – Hacıbaba Hüseynov, Yaqub Məmmədov, İslam Rzayev, Əlibaba Məmmədov, Arif Babayev, Alim Qasımov və başqalarını misal göstərə bilərik. Əsl sənətkar olmaq, xalqın rəğbətini qazanıb ürəklərə həmişəlik yol tapmaq, ən başlıcası, milli sərvətimiz sayılan muğamlarımızın saflığını qoruyub, onu özünəməxsus çalarlarla bəzəyib zənginləşdirmək hər sənətkara nəsib olmur. Bu gün milli muğam ifaçılığının görkəmli nümayəndəsi, məlahətli səsi, böyük istedadı ilə ustad xanəndə kimi tanınan Arif Babayev ən qüdrətli sənətkarlardan biri kimi qəbul olunur. Arif Babayev sənəti çoxşaxəlidir. Onun sənəti musiqi tariximizdə, xüsusən muğam sənətində ayrıca, bənzərsiz, özünəməxsus bir məktəbdir. O, XX əsrdə Azərbaycan milli musiqisinin ən yüksək zirvəsi sayılan xanəndəlik sənətini inkişaf etdirərək daha da irəli aparıb.

AZƏRTAC xəbər verir ki, bu gün Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayevin 82 yaşı tamam olur.

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunub.

Onun yaradıcılığında "Şur”, "Segah” muğam dəsgahları, "Arazbarı”, "Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Arif müəllim öz səhnə mədəniyyəti ilə də seçilir. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyır. Arif Babayev xoşbəxt sənətkardır, çünki tale ondan heç nəyi əsirgəməyib. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdəndir. Arif Babayevin yaradıcılığının inkişafında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olub. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” və "Əsli və Kərəm” operaları), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun "Aşıq Qərib” operası), Camal (Şəfiqə Axundovanın "Gəlin qayası” operası), Şah İsmayil (Müslüm Maqomayevin "Şah İsmayıl” operası) kimi yaddaqalan obrazları yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.

Özünün dediyi kimi, Opera və Balet Teatrının səhnəsi ciddi sənət ocağıdır. Oxumaq, öyrənmək istəyən ifaçı burada günü-gündən cilalanır, kamilləşir, təkmilləşir. Onun Məcnun rolu üzərindəki işini sənətkarın sənətdə atdığı ilk addımlarının uğuru adlandırmaq olar. Arif Babayevin "Məcnunu” elə ilk tamaşadan sonra böyük şöhrət qazanıb. Onun səsi Füzuli şeiri və Üzeyir musiqisi ilə birləşib, bənzərsiz bir Məcnun yaratdı...

Onu da qeyd edək ki, "Leyli və Məcnun” operasında Arif müəllimin tərəf müqabilləri əvvəlcə Rübabə Muradova, sonralar Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Yaqut Abdullayeva; "Əsli və Kərəm”də Əsli – Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Rəsmiyyə Sadıqova; "Şah İsmayıl”da Ərəbzəngi – Gülxar Həsənova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Sahibə Əhmədova olublar. "Gəlin qayası” və "Aşıq Qərib” operalarında Arif Babayev əsasən Nəzakət Məmmədova ilə oynayıb. Opera aktyoru üçün vacib şərtlərdən biri də odur ki, müğənni solist olmaqla və vəziyyətdən asılı olaraq yaranan psixoloji ovqatları "yaşamaqla” yanaşı, tərəf müqabilini musiqi dialoqlarında həssaslıqla duya bilsin.

A.Babayev dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olaraq Azərbaycan muğamını ləyaqətlə xarici ölkə tamaşaçılarına təqdim etmiş, Amerika, Avropa, Asiyanın bir çox ölkələrində Azərbaycan muğam sənətini musiqisevərlərə tanıdib. Onun səsi respublikada və xaricdə qrammofon vallarına və kompakt disklərə yazılıb. Onun yetirmələri - Nəzakət Teymurova, Aygün Bayramova, Fehruz Məmmədov, Sevinc Sarıyeva, Gülüstan Əliyeva, Könül Xasıyeva, Səbuhi İbayev və b. bu gün muğam sənətinin tanınmış simalarıdır.

Böyük sənətkar muğam müsabiqələrində münsiflər heyətinin üzvü kimi iştirak edir. O, öz bilik və bacarığını istedadlı xanəndələr nəslinin yetişməsinə sərf edərək, Qarabağ muğam ifaçılığı ənənələrini yaşatmağa çalışır.

Dövlətimiz tərəfindən muğam sənətimizin inkişafındakı xidmətləri görə A.Babayevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, "Şöhrət”, "İstiqlal” və "Şərəf” ordeninə layiq görülüb. Ona 2010-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl Çinar” mükafatı təqdim edilib. A.Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli "Seygah yanğısı”, Rüzgar Əfəndiyeva "Vətəndir Arifin səsi” kitablarını Arif Babayevin yaradıcılığına həsr ediblər. Təhsil Nazirliyi tərəfindən "Arif Babayevin mahnı və təsnifləri” adlı kitab alı və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti kimi nəşr edilib. Müxtəlif illərdə Arif Babayevin həyat və yaradıcılığına həsr olunmuş yeddi sənədli film çəkilib.

Arif Babayev sənətinin qüdrətidir ki, o, bütün rollara yaradıcı şəkildə yanaşır. Həmin qəhrəmanların səhnə həyatını elə canlandırır ki, tamaşaçı sanki onları ayrı-ayrı zamanlarda səhnədə deyil, həyatda görüb-duyur və öz yaddaşına köçürür. Çünki Arif Babayev böyük sənətkardır. O, Rübabə Muradova, Zeynəb Xanlarova kimi böyük sənətkarlarla yanaşı, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva kimi istedadlı müğənnilərlə səhnədə tərəf müqabili olub, onları gözəl duyaraq əsərin daha da canlı alınmasına yardım edib. Beləliklə, Arif Babayevin bir mükəmməl ifaçı kimi püxtələşməsində, kamil sənətkar kimi yetişməsində Azərbaycan Dövlət Opera və Balet Teatrının fəaliyyəti əvəzsiz olub. Kərəm kimi yanmaq, səhraların Məcnunu olmaq, Xətai kimi hökmranlıq etmək, Qəribin qərib məhəbbətini yaşamaq və bu rolların rəngarəngliyində Arifliyini təsdiq etmək əsl sənət fədailiyidir. Səsinin vurğunluğuna bizi qərq edən Arif Babayev avazı bu gün də könülləri oxşayır. Zamanın sınağından uğurla çıxmış Arif səsi yenə də öz hekayəsində, öz sanbalında, bənzərsizliyində insanın qəlbini vəcdə gətirir.