• cümə, 29 Mart, 14:09
  • Baku Bakı 14°C

Muğam heç vaxt indiki qədər diqqət mərkəzində olmayıb

23.09.19 12:30 1064
Muğam heç vaxt indiki qədər diqqət mərkəzində olmayıb
Müsahibimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının "Əməkdar artist"i, tanınmış xanəndə Ehtiram Hüseynovdur. Ehtiram müəllimlə "Muğam söhbətləri” layihəsi çərçivəsində görüşüb muğamla, musiqi sənəti ilə bağlı fikirlərimizi bölüşdük:

– Sənət irəliləyişlərinizi, oxularınızın keyfiyyətinin ildən ilə artmasını nədən, hansı meyarlardan hiss edirsiniz?
– Bütün sənət adamları, xüsusən də muğam ifaçıları illər keçdikcə əvvəlki illərdəki ifalarına qulaq asdığı zaman düşünür ki, həmin ifası zəif olub, daha yaxşı oxuya, musiqiyə başqa istiqamətdən yanaşa bilərdi. Əlbəttə, bu sənətin qayda qanunudur. Xanəndənin müəyyən yaş dövrü onun yaradıcılığının ən parlaq dövrü hesab edilir. Bu hər sənətkarda müxtəlif yaşları əhatə etsə də, adətən, bir çox muğam ifaçılarında bu özünü 50-55 yaşaqədərki dövrdə əks etdirir. Xan Şuşinski deyirdi ki, xanəndə 30 yaşına qədər öyrənir, 30-dan 50-yə kimi yaxşı oxuyur, 50-dən sonra yola verməyə başlayır. İndiki dövrə nəzər salsaq, görərik ki, həqiqətən rəqabət çox güclüdür. Bu yaxınlarda VII Muğam Müsabiqəsi də artıq bitdi. Bu da o deməkdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan bu müsabiqələrdə 14 il ərzində 140 xanəndə iştirak edib. 140 xanəndə arasından seçilmək, dinləyicilərə fərqli bir ifa nümayiş etdirmək, yadda qalmaq çətin məsələdir. Çünki sayı 140 olan həmin xanəndələrin hamısı ustad sənətkarlar tərəfindən seçilmiş muğam sənətinə lazım olan səslərdir. Onlar içərisində elələri olur ki, öz üzərində az işləyir, yaxud sənətdən uzaqlaşır. Əvvəlki dövrlərlə müqayisədə indi informasiya daha çoxdur. Mənim tələbəlik dövrüm 1996-1998-ci illərə təsadüf edirdi. Həmin dövrdə internet yox idi. Kaseti əldə etmək, ondan nəsə öyrənmək vaxt tələb edirdi. Axtarılan həmin məlumatları bəzən heç tapmaq da mümkün olmurdu. İndi isə özünü yetişdirmək üçün hər şərait var.

– Muğama ciddi maraqla yanaşı, həvəskarlar axını da müşahidə edilməkdədir. Sizcə, həvəskarların, ötərilərin qarşısını almaq mümkündürmü?
– Muğama dövlət qayğısının olması, bunun nəticəsində də muğamın daha da inkişaf etməsi danılmaz bir faktdır. Bildiyimiz kimi telekanalların əsas gəliri reklamlardır. Dünyada elə bir müsabiqə yoxdur ki, vaxt məhdudiyyətsiz və pulsuz olsun. Lakin bu müsabiqə dediklərimdən fərqli olaraq vaxt məhdudiyyətsiz, pulsuz, canlı yayımda yalnız ustadların qiymətləndirməsi ilə xanəndələrin seçilərək növbəti mərhələyə keçilməsi təmin edilir. Bu layihə Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilir. Muğam heç vaxt indiki qədər diqqət mərkəzində olmayıb və inkişaf etməyib. Təkcə muğamda deyil, musiqinin digər sahələrində eləcə də bütün peşə sahələrində həvəskarlar hər zaman olub. Onlara uymaq lazım deyil. Müəyyən müddətdən sonra həmin həvəskar həvəsini öldürdükdən sonra sənətdən uzaqlaşır. Bu sənətdə həvəskar heç vaxt axıra qədər qala bilməz, bir müddətdən sonra çıxıb gedir.

– Sizin üçün muğamda əlçatmazlar kimlərdir və hansı xüsusiyyətlərinə görə?
– Mənim üçün əlçatmazlar çoxdur. Hal-hazırda yaşayan ustadlarımızla yanaşı, Cabbar Qaryağdıoğlundan tutmuş, digər bütün lent yazıları əlimizə gəlib çatan xanəndələr əlçatmazdır. Onlar bizim üçün klassikdirlər. Şəkili Ələsgər, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Yaqub Məmmədov, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Mütəllim Mütəllimov və başqaları bizim üçün tarixdir. Onlar nəinki Azərbaycanın, bütün Şərqin böyük xanəndələri idilər. Bizim bu dövr böyük ustad sənətkarlarımız da var ki, onların əldə etdiyi nailiyyətlərin yarısını belə əldə edə bilmək çətindir. Arif Babayev, Əlibaba Məmmədov, Alim Qasımov və başqalarının muğam sənətində çox böyük rolu var. Alim Qasımov təkcə Azərbaycanda yox, Şərqin böyük xanəndəsidir. Alim Qasımovu özümüzlə müqayisə etməyimiz onu dar çərçivəyə salmaq deməkdir. Onu İranın böyük sənətkarı Şəcəri ilə müqayisə etmək olar. Onların ikisi də bütün dünyada tanınır. Bu sahədə olan hər kəs üçün onlar əlçatmazdır.

– Çox ölkələrdə qastrollarda olmusunuz. Muğamı daha dərindən duyan xalqlar hansılardır?
– Məncə, xalqların muğama olan münasibətini dərindən duymaq yox, ona maraq göstərmək ifadəsi ilə izah etmək daha uyğundur. Bəzən elə olur ki, özüm də muğamı dərindən duya bilmirəm. Bir dəfə həkimə getmişdim və onun asistenti mənim xanəndə olduğumu bildikdən sonra mənim səsimə internetdən qulaq asmaq istədiyini dedi. İfaya qulaq asandan sonra dedi ki, çox ağırdır. Həmin musiqini dərindən duya bilmədi. Muğam çox ağır musiqidir. Muğam ifaçısının özü də çox muğama qulaq asa bilmir. Muğama qulaq asmaq üçün xüsusi şəraitin olması lazımdır. Əhval-ruhiyyə tamamən fərqli olur. Muğama diqqət göstərən xalqlardan fransızların adını çəkə bilərəm. Muğam ifaçılarımızla birlikdə Fransada konsertlərdə olarkən dinləyicilərin muğama çox diqqət göstərdiyinə dəfələrlə şahid olmuşam. Konsertlərimizin birində zalda 500-600 nəfərin qarşısında mikrofonsuz çıxış edirdik. 1 saat müddətində zalda artıq bir səs belə eşitmədik, hətta onların nəfəs almalarını eşidirdik. Mənə elə gəlir ki, muğama ən çox diqqət göstərən xalqlardan biri fransızlardır.

– Siz həm də, pedaqoqsunuz, hər kəsə bəllidir ki, muğamı öyrənməyə iddialı olan tələbələrdən az qismi bu sənəti davam etdirir. Maraqlıdır ki, tələbələri hansı xüsusiyyətlərinə görə fərqləndirə, sənət yolunun davamlı olacağını müəyyənləşdirə bilirsiniz?
– Onun oxumağından bunu bilmək olar deyə düşünürəm. 20-25 yaşından sonra gəlibsə, yenə də oxumağından, səsindən bunu müəyyən etmək olar. Elə səs olur ki, onu eşitdiyin an gələcəyinin çox parlaq olacağını rahatlıqla təsvir edə bilirsən. Amma həmin ifaçının özü bunun fərqində olmaya bilər. Mənim hal-hazırda Milli Konservatoriyanın nəzdnində olan İncəsənət gimnaziyasında 3 şagirdim var. Deyə bilərəm ki, hər üçü də çox istedadlıdır. Mən əminəm ki, onların səs dəyişən vaxtında səsləri batmayacaq və sənəti layiqli şəkildə davam etdirəcəklər. Sənətin özünün bir çəkiciliyi, özünə gözəgörünməz tellərlə bağlamağı var.

– Üzeyir Hacıbəyov yazırdı ki, "Dəsgahların qəzəlləri mütləq əruz vəzni ilə yazılmış olmalıdır, barmaq hesabı yazılmış şeir və qəzəllər dəsgah üçün yaraşmaz, əruzda yazılmış dəsgahın vəzni dəsgahın musiqisi üçün vəzn məqamını tutur”. Amma bu gün buna tam əməl olunmur, bu məqamlar, sizcə, muğamatımıza nə qazandırır, yaxud nələri itirməsinə səbəb olur?
– Mən itirmək deməzdim. Bütün dərsliklərdə, efirlərdə, əruz vəznində yazılmış qəzəllərə müraciət olunur. Onlar arasında Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid və bu kimi şairlərin qəzəlləri daha çoxdur. Çünki onların qəzəlləri muğamda daha rahat ifa olunur. Ona görə də xanəndələrimiz bu qəzəllərə daha çox müraciət ediblər. Ancaq dəsgah şəklində yox, müddəti az fərdi çıxışlar üçün müasir şairlərimizin müxtəlif qəzəlləri və şeirlərini ifa etməyim daha uyğun olur. Üzeyir Hacıbəyov bizim musiqinin dayağıdır. O olmasaydı, bizim musiqimiz, xüsusən də muğamımız bu səviyyədə olmazdı. Onun muğamlarımızı ustad sənətkarlarla yığışıb sistemə salması muğamın tədrisində mühüm rol oynayıb. Əgər muğam sistemləşdirilməsəydi, digər xalqlardakı kimi pərakəndə şəkildə özünü göstərərdi. Uzaq Şərq Mahur ladına, İran, Türkiyə daha çox Şur, Şüştərə, Avropa xalqları isə Bayatı-Şiraza meyllidirlər. Bizdə isə bunların hamısı özünü əks etdirir. Türkiyə, İran, Hindistan və digər şərq xalqlarında müxtəlif bölgələr muğamı fərqli oxuyaraq onu tamam başqa cür adlandırır. Bu cür pərakəndəlik inkişafı ləngidir. Pərakəndəlik olan yerlərdə vahid bir sistemə salıb, inkişaf etdirmək istəsələr də bu onlarda alınmır. Deyərdim ki, sistemsiz olması onlarda bu sahəyə marağı daha da azaldır. Bizdə isə müxtəlif ladları müxtəlif bölgələrdən olan ifaçılar eyni cür oxuyur. Sadəcə bir az avazlarda fərqlilik ola bilər. Bizdə ailələr övladlarının muğam sənətini seçməklərini istəyirlər. Onlar bu sahəyə həm xalq marağını, həm də dövlət dəstəyinin olduğunu görürlər. 3-4 il bundan qabaq Elşən və Malik Mansurovla birlikdə Riqada olan tədbirlərin birində bir qoca musiqiçi gətirmişdilər. Onlar demişdi ki, bu musiqiçi onların qədim alətləri olan bizim qopuza bənzər bir alət olan kankini çala bilən sonuncu musiqiçidir. Gənclərin heç biri belə alətlərə maraqla yanaşmır. Bizdə isə vəziyyət tamam başqadır. Məşhur rok ifaçısı Teymur Nadirovun layihəsi olan, özündə rok, cazla yanaşı, tar kamança musiqilərini də birləşdirən "Elektromusiqi” layihəsini buna misal göstərə bilərəm. Bu cür layihələr həm gənc, həm də yaşlı nəslə xitab edə biləcək, onları maraqlandıra biləcək layihələrdir. Gənclərimiz qədim alətlərimizi də sevə-sevə ifa edir. Bu cür alətlərə tələbat güclüdür. Tələbat olduğu üçün rəqabət də güclənir və daha da gözəl musiqilər ərsəyə gəlir. Əsas odur ki, gənclər daxillərində olan o musiqi harmoniyasını hansı alətin vasitəsilə dilləndirə biləcəklərini düzgün tapsınlar.

– Günümüzdə muğamla cazın sintezini necə görürsünüz?
– Əslində, ilk baxışda bu iki janr bir-birindən tamamilə fərqli görünsə də, mən onları çox yaxın görürəm. Ən başlıcası ikisi də sərbəstdir. Yaradıcı musiqiçi istər caz ifaçısı olsun, istərsə də muğam ifaçısı olsun fərq etmir, onlar ikisi bir yerdə çox mükəmməl, fərqli nümunələr dinləyicilərə bəxş edə biləcəklər. O dövrdə Vaqif Mustafazadə və Hacıbaba Hüseynov 2-3 kompozisiya birlikdə hazırlamışdılar. Onların yaratdıqları bu sənət nümunələri həm ilk idi, həm də zaman keçdikcə unudulmayacaq bir şəkildə əbədiləşdi. Onlar bu iki musiqinin çox gözəl bir ahəng yarada biləcəklərini sübut etdilər. Özümlə yanaşı digər sənət dostlarımın çoxu da caz-muğam oxumuşuq. Xarici festivallarda bu çox böyük maraqla qarşılanır. Moskvada caz festivalında bunun bir daha şahidi olduq. Biz xarici festivallarda olanda Azərbaycanlı dinləyicilərlə yanaşı daha çox xarici dinləyiciləri bu gözəlliklə tanış etmək istəyirik. Biz istəyirik ki, onlar üçün fərqli olan bir mədəniyyətlə tanış olsunlar.

– Köhnə lentləri əldə etmək, dinlənmək sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
– Mən hər zaman köhnə lentləri dinləyirəm. Mən bu köhnə lentlər arasında hansını az, hansını daha çox dinlədiyimə dair seçim edə bilmərəm. Deyərdim ki, bu daha çox insanın əhvalı ilə bağlıdır. Bəzən Zülfü Adıgözəlovu, bəzən Tələt Qasımovu dinləmək istəyirsən. Bəzən də tam fərqli aurada olub Cabbara, Xana qulaq asmaq istəyirsən.

– Bir çox muğam ustasının hər birinin möhürünü vurduğu və yaxud digər muğamlardan daha yaxşı oxuduğu hansısa muğam olur. Bəs Ehtiram Hüseynov üçün muğamlar içində hansı daha doğmadır, yaxud hansında iz qoymağa daha iddialıdır?
– Bunu yalnız tarix göstərər. Hər şeyi yerinə qoyan, düzgün göstərən zamandır. Ola bilər öləndən sonra deyilsin ki, filankəs filan muğamı yaxşı oxuyurdu.

– Dəsgahlarda özünüzü, səsinizi ən rahat hiss etdiyiniz muğamlar hansılardır?
– Azərbaycan Dövlər Televiziyasının fondu üçün səsyazmalar etmişəm. Bu səs yazmalarda Rast, Zabul-Segah, Bayatı-Şiraz, Humayun oxumuşam. Yəqin ki, özümü o muğamlarda rahat hiss etdiyim üçün onları oxumuşam. Amma hansı muğamın mənə rahat olduğunu belə deyə bilmərəm.

– Oxuduğunuz qəzəllər içərisində hansı şairin əsərləri ruhunuza daha yaxındır?
– Mənim ruhuma klassiklər daha yaxındır. Klassik şairlərin dilini tam şəkildə anlamağım mümkün olmasa da, onları ruhuma daha yaxın bilirəm. Əsərlərini tam şəkildə başa düşdüyüm şairləri isə daha rahat oxuya bilirəm. Seyid Əzim Şirvaninin qəzəllərindən tam aydın yazılanları buna misal deyə bilərəm. Nəsimi qəzəllərindən bir çoxunu tam şəkildə anladıqdan sonra onları ifa etmək mənim üçün də rahat olur. Müasir şairlərdən Ələmdar Mahir, Hacı Mayil və başqalarının adını çəkə bilərəm. Ramiz Rövşənin poeziyasını çox sevirəm və şeirlərini muğamda oxuyuram. Konsertlərin birində Ramiz Rövşənin poeziyasına müraciət etdim. Ramiz müəllim özü də dedi ki, mən inanmazdım ki, həmin şeir muğamın o hissəsində elə səslənsin. Çalışıram ki, çox məşhur olan, əvvəl başqa ifaçılar tərəfindən oxunan qəzəlləri ifa etməyim. Fərqli qəzəllər səsləndirdikdə bu dinləyicilərində xoşuna gəlir. Sosial şəbəkələrdən bunun xalq tərəfindən sevilib-sevilmədiyini daha tez anlamaq mümkündür. Baxıram ki, insanları müasir dövrdə yazılan şeirlərin muğamla sintezi daha çox cəlb edir.

– Əvvəlki muğam ifalarını dinlədikdə görürük ki, zil səslər azdır. Hazırda isə daha həzin ifalar az rəğbət qazanır. Nə üçün müasir tamaşaçı zil səsi sevir?
– Bu barədə çox danışmaq olar. Biz 40 il əvvələ qayıtsaq, 80-cı illərə qədər olan lent yazılarının 90 % ində muğamların heç biri Bərdaşdan oxunmayıb. Çahargah, Rast Mayedən oxunmağa başlanıb. Çahargahın Bərdaşdı mənim yadımda Seyid Şuşinskinin ifası ilə qalıb. Mənim fikrimcə, zil səslərin insanlara xoş gəlməsinin əsas səbəbi vaxt darlığıdır. Məclislərdə, konsertlərdə vaxt azalıb. Həmin qısa vaxt ərzində xanəndə dinləyicini özünə cəlb etməli və alqışı əldə etməlidir. Təbii ki, həmin xanəndə hər hansı bir muğamı ifa etdikdə, bir az Maye oxuyur, ortada olan şöbələri oxumadan, birbaşa Əraq oxumağa başlayır. Keçmişdə isə belə olmayıb. İnsanların muğamın bütün hissələrinə qulaq asmağa vaxtı olmur. Bəzi Abşeron toylarında əvvəllər də olan muğama qulaq asma ənənəsi hələ də qalır. Bu həmçinin xanəndə üçün meydandır. Xanəndə şəhərdə konsertdə heç vaxt o qədər saat ərzində oxuya bilməz.

– Nəsimi qəzəllərindən ibarət konsertdə siz də var idiniz. Oxularda Nəsimi qəzəllərinin başqa qəzəllərdən hansısa fərqi varmı?
– Füzuli, Əliağa Vahid və digər başqa şairlərin qəzəlləri muğama daha uyğun gəlir. Amma Nəsiminin qəzəllərində isə daha çox ağırlıq hiss olunur. Mən Azərbaycan Radio fondunda olan muğam dəsgahlarında Nəsiminin qəzəllərindən ibarət olan muğamları axtardımsa da, tapa bilmədim. Buna görə də tamamilə onun qəzəllərindən ibarət bir Zabul dəsgahını Səbuhi İbayev və Babək Niftəliyevlə ifa etdik. Nəsiminin qəzəllərini üç xanəndənin oxuması dinləyici üçün də maraqlı oldu.

– Müsahibəyə görə təşəkkürümü bildirirəm.
– Bu xoş söhbətə görə mən sizə təşəkkür edirəm.

Söhbətləşdi: Fərid Hüseyn


banner

Oxşar Xəbərlər