• cümə, 29 Mart, 08:58
  • Baku Bakı 5°C

"Muğam Azərbaycanın dünyaya töhfəsi kimi sevilir və tanınır"

23.05.20 18:15 1911
"Muğam Azərbaycanın dünyaya töhfəsi kimi sevilir və tanınır"
Bu gün dünyanın demək olar ki, bütün ölkələrində mədəni tədbirlər təxirə salınıb. Paytaxt Bakının teatr və konsert müəssisələri də mart ayından bu günə kimi susğunluğa qərq olublar. Lakin bu susqunluq yalnız onların zallarında hökm sürməkdədir. Müəsissələr karantin rejiminin elə ilk günlərindən fəaliyyətlərini günün tələbinə uyğun şəkildə qurmağa başladılar. Beynəlxalq Muğam Mərkəzi də öz fəaliyyətini onlayn və internet üzərindən quran ilk konsert müəssisələrindən biridir. Belə ki, hələ 2016-cı ildən tədbirlərini öz rəsmi "Facebook" və "Youtube" səhifələrindən canlı yayımlayan mərkəz heç gecikmədən bir-birindən fərqli layihələrini zaldan internet üzərinə köçürə bildi. Belə ki, layihələr canlı tamaşaçı ünsiyətindən çıxarılaraq internet üzərindən təqdim edilməyə başlandı.SİA oxucularına Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, BMA-nın professoru Murad Hüseynovun müsahibəsini təqdim edirik:
- İstərdik, ilk növbədə Beynəlxalq Muğam Mərkəzin ümumi fəaliyyətindən söz açasınız...
- Beynəlxalq Muğam Mərkəzi dünyada misli olmayan möhtəşəm bir Mərkəzdir. Bura Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunub. 2008-ci ilin 27 dekabrında təntənəli açılış mərasimi baş tutub. Bu Mərkəzin açılması muğam dünyası üçün bir bayrama çevrilərək əsl musiqi hadisəsi olub. Sevindirici haldır ki, indi yalnız Bakıda deyil, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bölgələrimizdə, Qarabağ torpağında, işğal altındakı torpaqlarımızla sərhəd şəhərlərimizdə də istedadlı gəncləri yetişdirmək və muğam sənətinə töhfə vermək üçün gözəl muğam mərkəzləri istifadəyə verilib. Bu gün, tarixdə heç vaxt olmadığı kimi, muğam Azərbaycanın dünyaya töhfəsi kimi sevilir və tanınır. Bu da təbii ki, Prezident İlham Əliyevin və Mehriban xanımın işıqlı və parlaq fəaliyyətinin nəticəsidir. Muğam sənəti, bu sənətin əsas alətləri – tar, kamança YUNESKO-nun Ümumdünya irsi siyahısındadır. Bunun özü böyük uğurdur və muğamın təbliğində vacib rol oynayır. Dünyanın elə bir ölkəsi yoxdur ki, muğam ifaçılarımız orada çıxış etməsinlər. Heydər Əliyev Fondu dünyada musiqimizin təbliğatı ilə məşğuldur və böyük tədbirlər həyata keçirir. Belə olduğu təqdirdə, Azərbaycan muğamı dünyada daha çox tanınır. Dünyanın məşhur musiqiçiləri ilə bizim musiqiçilərimiz arasında sıx əlaqə, dostluq münasibətləri yaranır. Beynəlxalq Muğam Mərkəzimizdə irimiqyaslı layihələr, elmi konfranslar, dəyirmi masalar, konsertlər, böyük tədbirlər keçirilir. Beynəlxalq Muğam Festivalının məhz bizim Mərkəzdə keçirilməsi böyük əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Muğam Televiziya Müsabiqəsi bütün dünyaya televiziya vasitəsilə musiqimizi və muğamımızı tanıtdıran misilsiz bir layihədir. Burada neçə-neçə istedadlı gənclər tanınırlar. Bu müsabiqə çərçivəsində 140 tanınmış ifaçı yetişib. Hansı ki, bu gün onlar Azərbaycanı dünyada uğurla və böyük məsuliyyət hissi ilə təmsil edirlər və onların əksəri bu gün Beynəlxalq Muğam Mərkəzinin solistləridir. Dövlət hər zaman onların yanındadır. Milli irsimiz, muğamımız həm qızıl, həm də intibah dövrünü yaşayır. Bu intibah get-gedə daha da yüksəlir. Heydər Əliyev Fondu sənətkarların unudulmasına imkan vermir. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir.
- Məlumdur ki, BMM-nin bir-birindən maraqlı layihələrlə tamaşaçıların görüşünə gəlir. Bu layihələr haqqında da danışaq...
- Muğam Mərkəzində çoxsaylı tədbirlər, genişmiqyaslı layihələr həyata keçirilir. Belə ki, "Muğam axşamları”, "Aşıq musiqisi gecələri”, "Etnik musiqi inciləri", "Unudulmayanlar”, "Dəyimi masa” adlı layihələr təşkil olunur. Çoxsaylı layihə və konsertlər bizim fəaliyyətimizin əsas hissəsidir. Onu da diqqətinizə çatdırmaq istərdim ki, ötən il may ayında mərkəzimizdə 32 konsert proqramı baş tutmuşdusa bu il bu say bəzi aylarda bir az da artdı. Muğam Mərkəzi tək xaricdə deyil, regionlarımızda, Bakının ətraf kəndlərində də böyük konsertlər təşkil edir. "Muğam dünyasına səyahət” layihəmiz çərçivəsində ötən yay Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə mədəniyyət evlərində silsilə muğam konsertlərimiz tamaşaçılar tərəfindən maraqla qarşılandı.
- Hazırda karantin rejimində BMM necə fəaiyyət göstərir?
- Bu gün bütün dünya, eləcə də ölkəmiz koronovirusla mübarizə aparır. Belə bir həssas məqamda ölkəmizdə də bu virusla mübarizənin yüksək səviyyədə təşkili üçün dövlətimiz tərəfindən lazımi qərarlar qəbul olunub. Karantin günlərində mədəniyyət müəssisələri çalışmırsa, bu da insanlarımızın qorunması üçündür. Ümid edirəm ki, tezliklə Beynəlxalq Muğam Mərkəzinin qapıları tamaşaçılar üçün açılacaq və bir-birindən maraqlı layihələrlə yenidən muğamsevənlərin görüşünə gələcəyik. Beynəlxalq Muğam Mərkəzi karantin günlərində yeni onlayn layihələrə start verərək tamaşaçılarla görüşə gəlir. Bütün bu addımlar səmərəli mədəni aktivliyə və yaradıcı ruhun davamlılığına xidmət edir. BMM də öz növbəsində, karantin günlərində evdə olan vətəndaşlarımıza bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini çatdırmağa çalışır. Mütəmadi olaraq müxtəlif konsert, elmi nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM onlayn şəkildə öz "Facebook” və "İnstagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdədir. Mərkəz tərəfindən bir neçə layihələr təqdim edilir ki, bunlardan birincisi BMM-nin solistlərinin ifalarıdır. İfalar gündəlik olaraq səhifələrdə yer alır, bundan əlavə Beynəlxalq Muğam Mərkəzinin foyesində büstləri bərqərar olan muğam korifeyləri və muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından mühazirələr təqdim olunmaqdadır və bu layihələr də maraqla qarşılanır. Layihələrin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır. Bir sözlə zaldan canlı ünsiyyətlə təqdim olunan "Unudulmayanlar” , "Dəyirmi masa” layihə və konsertlərin formatı dəyişilərək onlayn şəkildə izləyicilərimizə təqdim edilir. Onu da diqqətinizə çatdırmaq istərdim ki, karantin rejimində Beynəlxalq Muğam Mərkəzi #evdəqal kampaniyasına töhfə olaraq maraqlı videoçarx hazırlayıb. Mərkəzin hazırladığı videoda solistlərimiz olan xanəndələr "Qarabağ şikəstəsi"ni ifa edib. Bu videotəqdimat cəmiyyət tərəfindən böyük maraqla qarşılandı. Layihə Fransa mətbuatında da geniş şəkildə işıqlandırıldı. Mədəniyyət Nazirliyi və "Mədəniyyət” kanalının "Bizi birləşdirən dəyər” layihəsində də Beynəlxalq Muğam Mərkəzi yaxından iştirak edir. Layihənin canlı efirləri həftəiçi saat 19:00-da məhz Mərkəzdən yayımlanır və bu fəaliyyət bu gün də davam etməkdədir. Biz karantin günlərində də daimi olaraq fəaliyyətdəyik. Əməkdaşlarla gün ərzində müasir texnoloji yeniliklər, whatsapp, zoom və digər vasitələrlə əlaqə yaradır, müxtəlif layihələrin daha mükəmməl yerinə yetirilməsi üçün fikir mübadiləsi aparır, işimizi davam etdirməkdəyik. Demək olar ki, hər gün növbəti layihələrimizi müzakirə edir, "Mədəniyyət” kanalı ilə çıxış edəcək solistlərimiz, muğam korifeylərimizlə bağlı məlumatların ötürülməsi, eləcə də mətbuatla işin davamlı olmasına çalışırıq.
- Bildiyimiz qədəri ilə BMM beynəlxalq əlaqələrini də genişləndirməkdədir..
- Bəli, BMM muğamın təbliği yolunda daim töhfələrini verməkdə davam edir. Bir neçə il əvvəl ifaçılarımız Hindistanda keçirilən "World Sacred Spirit" adlı beynəlxalq festivalda Mərkəzin təşkilatçılığı ilə çıxış etdilər. Bu günə kimi Fransa, Çin, Rusiya, İsveçrə, Almaniya və başqa ölkələrdə musiqiçilərimiz Muğam Mərkəzinin xətti ilə konsertlər veriblər. Bizim səhnədə isə Venesuela, Çin və bir çox xalqların nümayəndələrinin konsert proqramları baş tutub. Artıq bu, bir ənənəyə çevrilib. Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və bilavasitə rəhbərliyi altında 2009, 2011, 2013, 2015-ci illərdə "Muğam Aləmi” Beynəlxalq Muğam festivalları keçirilib. Bu festivallarda Azərbaycan, Türkiyə, İtaliya, Suriya, İraq, Çin, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistanın nümayəndələri iştirak ediblər. Bundan başqa, Muğam Mərkəzində çoxsaylı tədbirlər, genişmiqyaslı layihələr həyata keçirilir. Mərkəzimizdə elmi-tədqiqat işləri aparılır. Dəyirmi masa ətrafında müzakirələr olunur və elmi araşdırmaların nəticəsində Azərbaycan muğam sənətinin dünyada tanıdılması məqsədi ilə kitablar çap etdiririk. Misal üçün, tanınmış ifaçılarımızın iştirakı ilə milli musiqi irsimizin şah əsəri olan tara həsr olunmuş dəyirmi masa keçirdik. Daha sonra Avstraliyadan, Almaniyadan gəlmiş, tanınmış alimlərlə görüşlər keçirilib, fikir mübadilələri aparılıb. Bizim bütün tədbirlərimiz və dəstək verdiyimiz layihələr Heydər Əliyev Fondunun muğama göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olur. Biz bu işi fəxr hissi duyaraq, məmnuniyyətlə görürük.
- BMM-də həm də xarici musiqiçilərin konsertləri təşkil edilir...
- Səhnəmizdə həm yerli, həm də xarici ifaçıların çoxsaylı konsertləri keçirilir. Rusiyadan başlayaraq dünyanın müxtəlif qitələrindən musiqiçilər bizim səhnədə çıxışlar ediblər. Ənənəvi olaraq təşkil edilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının konsertləri və digər beynəlxalq layihələrin konsertləri Mərkəzdə uğurla reallaşdırılır. Eləcə də səfirliklərlə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən konsertlər xalqların bir-birinin etnik musiqisinin tanımasına xidmət etməklə beynəlxalq əməkdaşlıq üçün yeni yollar açıb. Beynəlxalq əməkdaşlıq çərçivəsində BMM-in səhnəsində Gürcüstan, Özbəkistan, Meksika, Çin, İndoneziya, Hindistan, Avstriya və digər ölkələrdən olan musiqiçilərin konsertləri keçirilib. Beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşan möhtəşəm tədbirlərdən biri də ötən il oktyabrda Tbilisidə təşkil edilən "Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” mövzusunda dəyirmi masa idi. Eləcə də Tbilisidə BMM-in təşkilatçılığı ilə "Qarabağ” muğam qrupunun konserti də keçirildi. Bu layihə böyük maraqla qarşılandı. Qarşılıqlı əlaqələrin nümunəsi kimi, Gürcüstanın "Nanina” Qadın Xalq Çalğı Alətləri ansamblı, "Eqari” etno-caz qrupu azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşdülər. Bir sözlə Afrika ölkələrindən Yaponiyaya qədər ifaçılar bizim Beynəlxalq Muğam Mərkəzində konsertlərlə çıxış edirlər. Bu konsertlər "Etnik musiqi inciləri" layihəsi və ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin səfirlikləri ilə birgə əməkdaşlıq nəticəsində reallaşır.
- Karantin rejimindən sonra BMM tamaşaçıların görüşünə hansı yeniliklərlə gələcək?
- Təbii ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyətini günü-gündən genişləndirir. Hazırda biz öz televiziya və çəkiliş heyətimiz formalaşdırmışıq. "Youtube" kanalımız vasitəsilə konsertlərimizi izləyicilərə təqdim edəcəyik. Bundan əlavə hələ tam açıqlamaq istəmdiyimiz yeniliklər olacaq ki, bunu da tamaşaçılarımız BMM-nə gəldikləri zaman şahidi olacaqlar. Həmişəki kimi beynəlxalq layihələr, konsert tədbirləri, elmi-tədqiqat sahəsində seminar və konfranslar, milli musiqi, aşıq və muğam sənətimizin inkişafına və təbliğinə xidmət edən yeni layihələr və konsertlər istiqamətində fəaliyyətimizi davam etdiririk.
banner

Oxşar Xəbərlər