• cümə axşamı, 25 aprel, 13:15
  • Baku Bakı 23°C

Ömrünü elmin inkişafına həsr edən alim

16.01.20 10:00 628
Ömrünü elmin inkişafına həsr edən alim
Yazılı abidələrin elmi təsviri və kataloqlaşdırılmasında Kamandar Şərifovun böyük xidmətləri var
Azərbaycan xalqının ədəbi-mədəni köklərinin qorunduğu, milli-mənəvi sərvətimiz olan əlyazmaların mühafizə edildiyi müqəddəs məbədgah olan Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləyən, ömrünü, gününü bu elm ocağına, əlyazma irsimizin, yazılı abidələrimizin tədqiqinə həsr edən alimlər sırasında filologiya elmləri doktoru, professor Kamandar Kazım oğlu Şərifovun xüsusi yeri var.
Filologiya və mətnşünaslıq elminə verdiyi töhfələrlə adını ədəbiyyat tarixinə yazdırmış nadir alimlərdən olan Kamandar Şərifov 20 yanvar 1940-cı ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olub. Kamandar müəllim, elə orada 1959-cu ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. 1962-ci ilə qədər davam edən hərbi xidmətdən sonra Kamandar müəllim
1963-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin – indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almış, 1966-1967-ci illərdə Misir Ərəb Respublikasının Qahirə Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir.
1971-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda kiçik elmi işçi vəzifəsində işə başlayan Kamandar müəllim, 1973-1977-ci illərdə elmi katib, 1990-1991-ci illərdə böyük elmi işçi, 4 mart 1996-cı ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən dosent adının verilməsilə baş elmi işçi vəzifəsində işləmişdir. 1992-ci ildən indiyədək öz doğma institutunda "Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinə rəhbərlik edən Kamandar müəllim, 1984-cü ildə gərgin əməyinin nəticəsi olaraq "Əbdülqəni Nuxəvi Xalisəqarızadə və onun ədəbi-mətnşünaslıq fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Onun tədqiqat işləri arasında ədəbiyyatşünaslığımızda öyrənilməmiş klassik mətnlərin, mətnşünaslıq elminin nəzəri problemlərinin araşdırılması mühüm yer tutur. K.Şərifov yalnız Azərbaycanda deyil, dünya şərqşünaslığında ilk dəfə olaraq Əlyazmalar İnstitutunda, Yaxın və Orta Şərq ölkələrinin kitabxana və muzeylərində saxlanılan orta əsr türkdilli, farsdillivə ərəbdilli yazılı abidələr əsasında Azərbaycan mətnşünaslığının nəzəri problemlərini araşdırmış və 2006-cı ildə "Azərbaycan mətnşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu elmi işində müəllif mətnşünaslığın ilkin qaynaqlarını eramızdan əvvəlki dövrlərlə bağlayaraq , Müsəlman Şərqində bu sahənin başlanğıcını Quran və hədislərin düzgün mətnlərinin tərtibindən götürdüyünü sübut edir. Bundan sonra isə Xətib Təbrizi, Yusif Tahir Xoylu, Dostməhəmməd Daraxçı, Saib Təbrizi, Hacı Mirzə Məhəmməd, Əbdülqəni Xalisəqarızadə, Mirzə Kazımbəy və başqa Azər-baycan alimlərinin elmi fəaliyyəti nəticəsində mətnşünaslıq inkişaf etdirilərək, XIX əsrin ikinci yarısında bir elmi sahə kimi formalaşmağa başlamışdır. Elmi işdə klassiklərin əsərləri nüsxədən-nüsxəyə köçürülərək çoxaldılarkən, ayrı-ayrı ədəbi məktəblərə, fəlsəfi cərəyanlara və dini təriqətlərə mənsub olan katiblərin yol verdikləri təhriflər, onların növləri və səbəbləri ilk dəfə ümumiləşdirilmişdir.
Təsadüfi deyildir ki, K. Şərifovun "Mətnşünaslığın əsasları” adlı kitabı respublika ali məktəblərində mətnşünaslığın tədrisi sahəsində dərslik kimi istifadə olunur
Onun "Mətnşünaslıq” (2001), "Mətnşünaslığın əsasları” (2003), "Əbdülqəni Nuxəvi Xalisəqarızadə” (2001), "Azərbaycan mətnşünaslığının təşəkkülü və inkişafı” (1996), "Alim, pedaqoq və kitabşünas” (2007), "Azərbaycan əlyazma kitabı və kitabxanaları” (2009) və s. əsərləri bunun ən bariz nümunəsidir. K.Şərifovun kitabşünaslıq sahəsində bu xidmətləri nəzərə alınaraq, əsərləri professor B. Allahverdiyevin rəhbərliyi və redaktorluğu ilə 2003-cü ildə BDU-da nəşr edilmiş "Azər-baycan kitabşünaslığı” adlı biblioqrafik göstəriciyə də daxil edilmişdir.
K.Şərifovun 1993-cü ildə çap etdirdiyi (Arif Ramazanovla birgə) M. M. Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı əsəri Azərbaycan ziyalılarının həmişə ayıq olduğunu, düşmənlərimizə kəskin və tutarlı cavab verməyə qadir olduğunu bir daha sübut etdi. K. Şərifovun nəşr etdirdiyi bu kitabı və erməni məsələsi ilə bağlı başqa əsərləri Gözəl İsmayılqızının tərtib etdiyi "Mir Möhsün Nəvvab” biblioqrafiyasına daxil edilmişdir.
K. Şərifovun Əlyazmalar İnstitutunda saxlanılan yazılı abi-dələrin elmi təsviri və kataloqlaşdırılmasında ciddi xidmətləri var. O, ərəbdilli əlyazmalar kataloqunun I (1984; 2008), II (2000), III (2007) və IV (2019) cildlərinin müəlliflərindən olmaqla bərabər, II, III və IV cildlərin tərtibçi və redaktorudur. Bundan başqa, tədqiqatçı Əbdülqəni Nuxəvi Xalisəqarızadənin kitabxanasındakı orta əsr əlyazmalarının kataloqunun I (2010) cildini və ərəbdilli əski çap kitabları kataloqunu hazırlayaraq nəşr etdirmişdir.
Ümumiyyətlə Kamandar müəllimin 32 kitab, 100-dən artıq emi və elmi-publisistik məqalələr nəşr etdirmiş, çoxlu sayda respublika və beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
2019-cu il Kamandar müəllimimin elmi fəaliyyətində ən uğurlu il olub. Onun elmi əsərlərindən ibarət dörd cildliyi nəşr olunub.
İş fəaliyyəti müddətində Kamandar müəllim 1968-1970-ci illərdə Misir Ərəb Respublikasında, 1977-1981-ci illərdə İraq Respublikasında, 1987-1990-cı illərdə başqa bir ərəb ölkəsində - Yəmən Demokratik Respublikasında uzunmüddətli elmi ezamiyyətlərdə olmuş, 1985-ci ildə dünya gənclərinin Moskvada keçirilən festivalında iştirak etmişdir. K. Şərifov Əlyazmalar İnstitutunun elmi-ictimai həyatında fəal iştirak etmiş, Respublika Əlyazmalar Fondunun yenidən qurulmasında və Əlyazmalar İnstitutuna çevrilməsində böyük əməyi olmuşdur. Kamandar müəllimin 1994-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Cuma əl-Məcid adına Elm və İrs Mərkəzinə, 1995-ci ildə İran İslam Respublikasına, 2002-ci il Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Misir Ərəb Respublikasının "Dərul-kutub” adlı əlyazma kitabları və arxiv materialları saxlanılan mərkəzilə elmi əlaqələr yaratmaq üçün Qahirə şəhərinə, 20-24 mart 2009-cu ildə Təbriz şəhərinə etdiyi səfərləri olduqca yüksək qiymətləndirilib. Kamandar müəllim, sadəcə bildikləri ilə kifayətlənən alim olmamışdır. O, həm də qazandığı elmi bilik və təcrübələrini tələbələrə öyrədərək onların həyat yollarına işıq saçmağı da öz amallarından biri olaraq seçmişdir. Bu məqsədlə 1986-2012-ci illərdə Bakı Dövlət Uni-versiteti Şərqşünaslıq fakültəsində "Mətnşünaslıq” fənninin tədrisi ilə pedaqoji fəaliyyətə də başlayan Kamandar müəllim, 1994-1997-ci illərdə Təfəkkür Universitetində "Ərəb dili”, 1995-1997-ci illərdə Odlar Yurdu Universitetinin hüquq fakültəsində "Müsəlman hüququ”, 1998-ci ildən 2015-ci ilə qədər Qafqaz Universitetinin pedaqoji fakültəsinin ərəb dili və ədəbiyyatı bölümündə "Ərəb ədəbiyyatı tarixi” və "Mətn-şünaslıq” fənlərini tədris etmişdir.
Kamandar müəllim müxtəlif elmi-nəzəri konfranslarda çıxış edərək mətinşünaslıq sahəsində qazandığı uğurlarını həmkarları ilə hər zaman bölüşmüşdür. Onun 1-5 oktyabr 1991-ci ildə "Şərq: Xalqların keçmişi və gələcəyi” mövzusunda şərq-şünasların Mahaçqala şəhərində keçirilən Ümumittifaq IV konfransında, 2002-ci il Misir Ərəb Respublikasının İskəndəriyyə şəhərində "Azərbaycan Əlyazmalar İnstitutu”, 2002-ci ildə əməkdar elm xadimi, akademik VasimMəmmədəliyevin anadan olmasının 60, elmi pedaqoji fəaliy-yətinin 35 illik yubileyinə həsr edilmiş "Şərqşünaslığın aktual problemləri” mövzusunda Bakı Dövlət Universitetində keçirilmiş respublika elmi konfransındakı məruzəsi, 10-15 sentyabr 2007-ci ildə Ankarada keçirilmiş "İkanas-38” beynəlxalq simpoziumdakı məruzəsi, 7 noyabr 2007-ci ildə XIX əsr alimi, pedaqoqu və kitabşünası Əbdülqəni Nuxəvi Xali-səqarızadənin 190 illik yubileyinə həsr olunmuş konfransdakı çıxışı, 1-2 may 2008-ci ildə Bakıda Misir səfirliyi, Misir Mədəniyyət Mərkəzi və Qafqaz Universitetinin birgə təşkil etdiyi "Qeyri ərəblərə ərəb dilinin tədrisi məsələlərinə müasir baxış” mövzusunda beynəlxalq konfransdakı məruzəsi, 6-7 oktyabr 2009-cu ildə Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri” mövzusunda Bakı Dövlət Universitetində keçirilmiş konfransdakı məruzəsi, 9-11 oktyabr 2009-cu ildə Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş "Şərq və Qərb: Ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransdakı məruzəsi, 5-7 may 2010-cu ildə "İstanbul dünya ədəbiyyatında” mövzusunda İstanbulda keçirilən beynəlxalq simpoziumdakı çıxış və məruzələri maraqla dinlənilmişdir. 12 dekabr 2005-ci il Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyi ilə əlaqədarAkademiyanın fəxri fərmanı, "Tərəqqi medalı” ilə təltif edilən Kamandar müəllimin, 29 yanvar 2010-cu ildə Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 70 illik yubileyi də qeyd edilmişdir.
2011-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü olmuşdur. 2009-cu ildən bu günədək Azərbaycan Milli Elmlər Akademiyası Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunda filologiya elmləri namizədi alimlik dərəcəsi verən ixtisaslaşdırılmış müdafiə şurasının üzvüdür.
Gərgin əmək və zəhmət dolu həyat rəngləri ilə naxışlanan alim ömrünün zərrələri hər bir tədqiqatçının yoluna da mütləq nur çiləyir. Kamandar müəllim də bu baxımdan istisna deyildir. Onun rəhbərliyi altında onlarla tədqiqatçı yetişmiş, magistr, fəlsəfə elmləri doktoru, elmlər doktoru dissertasiyaları müdafiə edilmişlər. Onun otuz ilə yaxın rəhbərlik etdiyi "Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsində də az davamçısı, yetirməsi yoxdur. O, bu illər ərzində onlarla mətnşünas, əlyazmaşünas alim yetişdirmişdir. Onun rəhbərliyi altında Yadulla Paşayev, Nailə Süleymanova, Əkrəm Həsənov, Rübabə Şirinova, Şəhla Məcidova müdafiə etmiş, fəlsəfə üzrə fəlsəfə doktoru, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışlar.
Şəfqətli ata, mehriban baba, gözəl ailə başçısı və alim olan Kamandar müəllim, rəhbərliyi altında çalışan hər bir əməkdaşına qayğı ilə yanaşmış, onların sevinc və kədərlərinə şərik olmağı, onlara dəyərli məsləhətləri ilə yol göstərməyi həmişə özünə ümdə vəzifə bilmişdir.
Mərhum akademik Vasim Məmmədəliyev "Mənalı ömrün nurlu töhfələri” adlı məqaləsində haqlı olaraq Kamandar müəllimin "məhsuldar tədqiqatları ilə Azərbaycan mətnşünaslıq məktəbi yaratdığı” fikrini qeyd edir.
Bəli, bu gün 80 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Kamandar müəllimin elmi fəaliyyəti sayəsində işıq üzü görmüş əsərləri, onun mətnşünaslıq elminin inkişafına göstərdiyi sanballı töhfələridir. Kamandar müəllimə bu zəngin, mənalı həyat yolunda can sağlığı, uzun ömür, işlərində uğurlar arzulayırıq.

Lamiyə Rəhimova,
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi
banner

Oxşar Xəbərlər