• cümə axşamı, 28 mart, 23:41
  • Baku Bakı 13°C

“Ömrümün 38 ilini jurnalistikaya həsr etmişəm” - Fotolar

28.02.17 09:30 2640
“Ömrümün 38 ilini jurnalistikaya həsr etmişəm” - Fotolar
Rusca nəşr olunan "Kaspiy” qəzetinin baş redaktoru, əməkdar jurnalist İlqar Hüseynovun 60 yaşı tamam olur. Bu münasibətlə onu "Kaspi” kollektivi adından təbrik edirik və yubiley münasibətilə götürdüyümüz müsahibəni təqdim edirik.
- İlqar bəy, 60 yaş sizin üçün nə deməkdir?
- 60 yaşı tamamlayıram. Bunun 38 ilini jurnalistika sahəsinə sərf etmişəm. İxtisasca jurnalist deyiləm, tarixçiyəm. 1975-80-ci illərdə Bakı Dövlət Universitetində təhsil almışam. Daha sonra təyinatla Şamaxıya göndərilmişəm. Çatandan sonra bildim ki, orada rus məktəblərində tarix fənni üzrə vakansiya yoxdur. Mənə təcili işə düzəlmək lazım idi, vaxt gedirdi. O vaxt Şamaxıda «Yeni Şirvan» adlı yerli qəzet çıxırdı. Orada gözümə kiçik bir elan sataşdı. «Novıy Şirvan» qəzetinə müvəqqəti tərcüməçi tələb olunurdu. Müraciət etdim. Baş redaktorla söhbət zamanı mənə dedi ki, işə elə indi başlaya bilərsən. İşə bu cür başladım. 4 ay keçəndən sonra öz ixtisasım üzrə iş tapmaq istədim. Amma bu, mümkün olan iş deyildi, boş yer yox idi. Elə bu vaxt baş redaktor mənə dedi ki, səni heç hara buraxan deyiləm, qal burada işlə. Daha sonra məni ştata götürdü. Qəzetdə bir müddət tərcümə şöbəsinin müdiri vəzifəsində çalışdım. Bir qədər keçəndən sonra məni məsul katib vəzifəsinə təyin etdilər. 1980-ci ilin yanvar ayından, 1986-cı ilin yanvar ayına qədər o qəzetdə işlədim. Artıq Bakıya köçmək istəyirdim, ona görə də iş axtarırdım. 1986-cı ildə Bakıya qayıtdım. «Za peredovuyu texniku» çoxtirajlı rusdilli qəzetin redaktoru oldum. Eyni vaxtda, "Bakı”, "Vışka” qəzetlərində dərc olunurdum. Daha sonra «Pioner Azerbaydjana» qəzetində tərcümə şöbəsinin müdiri işlədim. «Molodej Azerbaydjana» qəzetində də çalışmışam. 1995-99-cu illərdə «Panorama» qəzetində işləmişəm. Daha sonra isə «Naş vek» və köhnə «Kaspiy» qəzetlərində çalışmışam. Artıq beş ildir - 2012-ci ildən "Kaspiy”dəyəm.
- Çalışdığınız mətbu orqanlarda hansı sahədən yazırdınız?
- Düşünürəm ki, peşəkar jurnalist hər sahədən yazmağı bacarmalıdır. Məsələn, «Molodej Azerbaydjana» qəzetində işləyəndə hərbi vətənpərvərlik mövzusundan da, siyasətdən də, iqtisadiyyatdan da, idmandan da, mədəniyyətdən də yazırdım. Mənim üçün çərçivə yox idi. Baş redaktor nə tapşırıq verirdisə, vaxtında və keyfiyyətli şəkildə yerinə yetirirdim. Dediyim kimi, 60 yaşın 38 ilini jurnalistika sahəsinə həsr etmişəm. 2010-cu ildə cənab prezidentin sərəncamı ilə «Əməkdar jurnalist» adına layiq görülmüşəm. Bütün bu illər ərzində hansı qəzetdə çalışmağımdan asılı olmayaraq, dövlətçilik kursuna sadiq olmuşam. Qarşıma qoyulan öhdəliklərin öhdəsindən gəlməyə çalışmışam. Ola bilsin ki, bu illər ərzində çəkdiyim zəhməti nəzərə alaraq, məni bu fəxri ada layiq görüblər. Həmişə çalışmışam ki, oxucuya obyektiv informasiya çatdırım. Heç vaxt populist xəbərlərin ardınca qaçmamışam. Sensasiya xətrinə hansısa dəqiqləşdirilməmiş xəbəri qəzet səhifələrinə çıxarmamışam. Çalışmışam ki, işimi məsuliyyətlə görüm. Hazırladığım materiallarda obyektivliyi qorumağa çalışmışam.
- Geriyə baxanda həyat yolunuz haqda nə düşünürsünüz?
- Mən fəxrlə deyə bilərəm ki, mənalı bir həyat yaşamışam. Xoşbəxt ailə sahibiyəm. Yoldaşım müəllimədir, orta məktəbdə coğrafiya fənnindən dərs keçir. Bir oğlum, bir qızım var. Həmişə çalışmışam ki, uşaqlarımı düzgün yönləndirim, həyatlarında düzgün yol göstərim. Onların təhsil almasında ata kimi köməklik göstərmişəm, əlimdən gələni əsirgəməmişəm. Onlar da həmişə məsləhətlərimə obyektiv yanaşıblar. Demək olar ki, çox şeyi mənimlə məsləhətləşirlər. Qızım ali təhsilli həkim, oğlum ali təhsilli hüquqşünasdır. Mən geriyə baxmağı sevməyən bir insanam. Geriyə deyil, irəliyə baxmağa çalışıram. Geriyə baxanda insan bir az həyatın inkişafından geri qalır. Sözsüz ki, keçmişsiz gələcək yoxdur. Bunu da qeyd etməliyəm.
- Rəhbərlik etdiyiniz, rus dilində çıxan «Kaspiy» qəzeti Azərbaycan mətbuatında hansı yeri tutur?
- Rusdilli «Kaspiy» qəzetinin Azərbaycan mətbuatında çox mühüm yer tutduğunu düşünürəm. İlk olaraq, ona görə ki, bu qəzet böyük tarixə malikdir, üç əsrin qəzetidir. Bugünkü gün rusdilli «Kaspiy» qəzeti Azərbaycan mətbuatında öz yerini tutmuş brendlərdən biridir. Çünki bu qəzeti ölkəmizin sərhədlərindən kənarda da oxuyurlar. Gürcüstanda, Ermənistanda, Qazaxıstanda, Türkmənistanda, Rusiyada oxucularımız var. Yəni qəzetimizin çoxsaylı auditoriyası var. Biz Azərbaycan reallıqlarını, Qarabağ həqiqətlərini ən azı, postsovet məkanı oxucularına çatdırırıq. Onu da qeyd edim ki, bizim yazılara tez-tez reaksiyalar olur. Redaksiyamıza çoxsaylı zənglər gəlir, ünvanımıza məktublar yollayırlar. Rusdilli «Kaspiy»in özünəməxsus mövqeyi var. Respublikanın sərhədlərindən kənarda da bizi tanıyırlar. Həştərxanda hər il keçirilən «Kaspiyskiy mediaforum»a bizi də dəvət edirlər. Bizi tanımasalar, müxbirlərimizin yazılarına bələd olmasalar, heç vaxt dəvət etməzlər. Oxuyurlar ki, tanıyırlar ki, hər il bizi də dəvət edirlər. Forum çərçivəsində «Kaspiyskaya meçta» müsabiqəsi olur. Bu, Xəzəryanı ölkələrin müsabiqəsidir. Keçən il bizim iki əməkdaşımız həmin müsabiqənin qalibi olub.
- Bəs gələcəklə bağlı hansı planlarınız var?
- Nə qədər ki, imkan var, canımda can var işləyəcəyəm. Təqaüdə çıxmaq barədə düşünmək hələ tezdir. Çünki insan oturduqca tənbəlləşir. Mən işləməyə öyrəşmişəm, heç vaxt öz işimdən yorulmamışam, həmişə zövq almışam. Çünki öz işimi sevirəm. Əlimdən başqa heç nə gəlmir. Ancaq qəzetçiliyi bacarıram. Ailə ilə bağlı planlarım da var. Birinci onu istəyirəm ki, övladlarım da ən azı, mənim həyatda nail olduğum müvəffəqiyyətlərə çata bilsinlər, uğurlara nail olsunlar. Oğlumu evləndirmişəm, qızım hələ subaydır. Planlardan biri də odur ki, qismət olsa, qızımın da toyunu edim. Hələ ki, baba deyiləm, əgər qismət olarsa, baba da olaram.


- Bu gün Azərbaycanda rusdilli mətbuata maraq necədir? Oxucu probleminiz yoxdur ki?
- Sirr deyil ki, Azərbaycan elitasının əksəriyyəti rus dilində ünsiyyət qura bilir. Sözsüz ki, «Kaspiy»i müntəzəm izləyir və oxuyurlar. Oxucu problemimiz yoxdur. Bunu redaksiyaya vurulan zənglərdən də başa düşmək olar. Oxucular köşkdə qəzet axtarışındadırlar. Soruşurlar ki, niyə köşklərdə qəzetiniz yoxdur, niyə tiraj azdır? Xüsusilə də, şənbə nömrəmiz çox populyardır.
- Ümumilikdə mətbuatın durumunu necə qiymətləndirirsiniz?
- Əvvəlki illərə nisbətən, indi Azərbaycanın media sahəsində bir stabillik müşahidə olunur. Əgər ötən illərdə qəzetlərin sayı-hesabı yox idisə, hər yerindən duran əlinə bir qələm alıb özünü jurnalist elan edirdisə, istənilən adam qəzet açıb özünü redaktor elan edir və reketçiliklə məşğul olurdusa, bu gün belə hallar azalıb. Mətbuat Şurasının müvafiq dövlət strukturları ilə birgə apardığı iş sayəsində bu problemlər aradan qaldırılır. Ümumi duruma gəldikdə, hazırda kağız mətbuatı bir sıra çətinliklər hiss edir. Bu, kağızın qiyməti, çap xərclərinin artması ilə bağlıdır.
- Belə bir fikir var ki, artıq qəzet erası başa çatır. Qəzet redaktoru olaraq, bu haqda nə düşünürsünüz?
- Mən o fikirlə razı deyiləm. Çoxları deyir ki, indi internet əsridir. Halbuki kağız mətbuatının tarix boyu öz yeri olub, var və bundan sonra da olacaq. Çünki oxucu kimi qəzeti əlinə alanda nəşriyyat boyasının ətrini duymadan məqalədən ləzzət almırsan. Kağız mətbuatı həmişə populyar olub və olacaq. Bu fikirlə razı deyiləm ki, elektron media ənənəvi medianı üstələyib. Bu, yanlış yanaşmadır.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər