• cümə axşamı, 28 mart, 18:19
  • Baku Bakı 13°C

Ömrü təlatümlü, həsrəti ümman

07.06.17 12:30 3164
Ömrü təlatümlü, həsrəti ümman
Onun barəsində keçmiş zamanda danışmaq ağır olsa da, fani dünyanın hökmünü kim poza bilib ki?! Bu unudulmaz şairimizi xatırlayanda, yadıma dərhal ötən əsrin 80-ci illəri düşür. "Azərbaycan müəllimi” qəzetinin ədəbiyyat və incəsənət şöbəsində çalışırdım. Həmişə nahar fasiləsində otağımızda qəribə bir şeir saatı başlayardı. Maraqlı söhbətlər gedərdi. Şair Cavad Cavadlının icazəsi ilə mən də bu tədbirin iştirakçısı olardım. Niyə məhz icazə sözünü işlətdim. Çünki o zamanlar dövrün, rejimin əleyhinə də müəyyən atmacalar olardı. Şairlərdən Xəlil Rza Ulutütk, Rəfiq Zəka Xəndan, Əhməd Elbrus... redaksiyamıza həmişə birlikdə gələrdilər. Sanki bir şeir vulkanına düşərdim. Özümü Bakıda deyil, türkün döyüş meydanında hiss edərdim. İndi haqq dünyasında olan bu söz adamlarını böyük minnətdarlıqla, ehtiramla xatırlayıram. Düşünürəm ki, üzərimdə böyük haqları var. Çünki ikinci bir ali məktəbi də mən həmin illərdə - o görüşlərdə bitirdim. Türkün tarixini, ədəbiyyatını, amacını, mücadiləsini öyrəndim, dostlarını, düşmənlərini tanıdım, dahilərinin həyatından, fəaliyyətindən xəbər tutdum.
O qonaqların ən cavanı Əhməd Elbrus idi. Çox enerjili, savadlı, dərin məlumatlı, zəkalı , cəsarətli bir şair və ədəbiyyatşünas alim idi. Heyf ki, çox az yaşadı. Cəmi 62 il. Bir şair kimi həyatı təlatümlü, vətəndaş olaraq həsrəti ümman Əhməd Elbrusun o zamandan sevdiyim misraları var ki, bu gün də sıxılanda, haqsızlıqla üzləşəndə dərhal xatırlayıram:
Bacara bilsəydim dəli könlümlə
Dostluq eləyərdim hərdən... ölümlə!
Hamının ona işi düşür əvvəl-axır,
Amma rüşvət almır –
Hamıya bir gözlə baxır.
Əhməd Elbrusun şeirləri heç bir şarin dəsti-xəttini xatırlatmır. Həyatın həqiqətlərini, insan taleyini hələ sovet dönəmində elə formada - misralarla ifadə edirdi ki, onun ümumiləşdirməsinə, poetik, fəlsəfi qənaətinə heyrət kəsilirdin:
Tutdum qəfəsə saldım İlanı,
Fağırlaşdı,
Başı üstən asılmasa da
mütilik elanı.
Qəfəsdə ilana da rəhmim gəldi,
Açdım qəfəsi,
Görsün azadlıq necə gözəldi,
Onu gördülər -
öldürdülər.
Könlümü çulğaladı
Günahsız canlının dərdi,
Ay yazıq,- dedim -
Mən hardan biləydim:
Var elə azadlıq ki,
Qəfəsdən də betərdi.
İzahata ehtiyac yoxdur. Sovet dövrünün özünəməxsus qadağalarının rəsmini çəkmək baxımından bu şerin ahəngindəki mətləb aydındır. Bəli, qəfəsdən betər azadlıq! Biz bunu yaşamışıq, amma dilə gətirmək üçün gərək Əhməd Elbrus kimi belə bir qəfəs quraydıq. Bu da hamının ağlına gəlmir ki! Maraqlıdır ki, şairin yaxın dostu Rəfiq Zəka Xəndan Əhməd Elbrusun şeirlərini müasir poeziyanın təkamül yolunu işıqlandıran bir poetik sənəd kimi dəyərləndirirdi. Bu baxımdan onun şair dostunun 1992-ci ildə çapdan çıxmış "Ölməzlik” adlı kitabına yazdığı "Ön söz”dəki fikirlər mənim də düşüncələrimin istiqamətini aydınlaşdırdı: "Əhməd Elbrusun yeni kitabında toplanan fəlsəfi lirika təbiətlə insan ekologiyası, insan və cəmiyyət ideallarının dialektikası fonunda yeni poetika kimi orijinal səslənir və şeirimizin inkişaf yollarından birini formalaşdırır. Həm də onun təkcə şeirlərində deyil, epik əsərlərində də fəlsəfi-poetik amal sərrast və tutarlıdır. Onun yeni şeirlər və poemalar kitabında toplanan poetik nümunələrin hamısı poetik baxımdan orijinaldır.” Həqiqətən də müasir poeziyamızın ən istedadlı və fədakar yaradıcılarından biri idi Əhməd Elbrus. Elə misraları var ki, atalar sözü qədər ibrətamiz, müdrik və düşündürücüdür: "İnsan torpaqdandı, insanlıq haqdan”, "Adam var bir gündə bir ömür yaşar, adam var bir ömrü bir günə dəyməz,” " Suda boğulan saman çöpündən yapışar, göydən yıxılan kəpənək qanadından.” Elə atalar sözləri də var ki, şair öz misraları ilə bu kəlamlara güzgü tutub. Bəzən də sınaqdan çıxmış aforizmləri məhz ilk dəfə Əhməd Elbrusdan eşidirsən. Məsələn, atalar belə deyib: "Göydən nə gəldi ki, yer qəbul eləməyə”. Şairin cavabı:
Yer göyə qarşı da ədalətlidir,
Göydən nə gəlirsə yer qəbul edir:
Su gəlsə - yağış kimi,
Daş gəlsə - qarğış kimi.
Əhməd Elbrus şairlərimizə həsr etdiyi şeirlərdə seçdiyi müəlliflərin yaradıcılıqlarından nümunələr gətirməklə öz münasibətini, bəlkə də içindəki dərdini poetik xasiyyətnaməyə çevirib. Famil Mehdinin misralarıdır: " Bircə bu doğru var ki, bu dünya namərd imiş”. Əhməd Elburusun açması:
Dünyadan əbədiyyət istədim.
Vermədi.
Şan-şöhrət istədim.
Vermədi.
Mükafat istədim,
Vermədi.
Fəxri ad istədim.
Vermədi.
Zirvələr fəthinə qanad istədim.
Vermədi.
Sözümün yerə düşməsi yaman dərddi.
Gül arzularımı
bahara qovuşdurmadı dünya.
Çünki namərddi.
Nəriman Həsənzadənin "Tarix qul eyləyir bəşəriyyəti” misrasının Əhməd Elbrus şerindəki açması da maraqlıdır: "Həyat qul eyləyər zamanı, zaman qul eyləyər şairi.”
Əhməd Elbrus dördlüklər ustadı idi. Xalq şeirimizdən, xüsusi ilə də bayatılarımızdan gələn müdriklik, sərrast deyimlər, ağıllı fikir və dərin düşüncə onunda bu qəbildən olan şeirlərinin sarı simidir. Az sözlə böyük mənalar, mətləblər ifadə etmək, həyatın gerçəkliyini diqqətə çatdırmaq, hədəfi düz seçmək, fəlsəfi düşünmək, məntiqə əsaslanmaq böyük ustalıqdır:
Kiçiksənsə böyüklük
Arzularına bağlan.
Böyüksənsə kiçilmə,
Böyüklüyünü saxla.
Yaxud:
Bir diləyə
Ağız açma ikinci dəfə.
Bir ox
İki dəfə dəyməz hədəfə.
Əhməd Elbrus həm də riyazi poetika sahəsində qələmə alınan ilk monumental əsərin müəllifidir. 2006-cı ildə işıq üzü görmüş "İnam və idrak poetikası” adlanan bu sanballı kitabda qədim və orta əsrlər Şərq elm və sənətində kök atan "Elm əl-Əsms”, "Elm əl-Cəfr” və onların qaynağından mənşələnən "Elm əl Hürül” barədə, bu üç iqamətin nəticəsi olan hürufizm və qaynaqları ilə əlaqədar riyazi-poetikanın ən yeni nailiyyətləri səviyyəsində araşdırmalar aparılmış, nəticədə hürufizmin simvollar sisteminin strukturu bərpa , simvol açarları və kodları təqdim edilmişdir.
Əhməd Elburusu oxuduqca zaman və insanlar barəsində düşüncələrə qərq olursan. Şairin şeirləri təzadlı dünyaya açıq qapıdır. Göyərçinlər, ilanlar, pislər yaxşılar, namərdlər, mərdlər... Bir-birinə əks varlıqların, münasibətlərin mövcudluğu ağı qaradan seçməyi bacaranları mütləq yaxşılığa doğru çəkəcək. Məhz pislərin olması yaxşıları sevmək üçündür. Həyat təkcə göyərçinlərdən ibarət olsaydı sülhün özü adiləşərdi. Fəlsəfi düşüncələri poetik duyuma çevirmək Əhməd Elbrus qələminin həqiqət rəngi idi. Bu rənglərin çalarlarında isə insan taleyi dayanır. Taleyi oxuyacaq bəxtdən də ya aş asılır, ya da daş. Ona görə də şair xəbərdarlıq edib:
Dünyada hər kəsə bir qismət yetər,
Arıya bal düşər, ilana zəhər...
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər