• şənbə, 20 Aprel, 19:10
  • Baku Bakı 24°C

Moskva Yerevana satdığı qazın qiymətini artırır

31.10.19 18:30 2158
Moskva Yerevana satdığı qazın qiymətini artırır
Erməni ekspertlər də etiraf edirlər ki, hazırda yeganə çıxış yolu ölkənin qonşuları ilə münasibətləri qaydasına salmasıdır
Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırmaq istəyi erməni ictimaiyyətində ciddi narazılıqlara yol açıb. Hədəf həm yerli rəhbərlik, həm də Rusiya tərəfidir. Rusiya Federasiyası illər uzunudur ki, Ermənistana güzəştli şərtlərlə qaz satır. Əgər xarici ölkələrə satılan qaz orta hesabla hər min kub metrə görə 235 ABŞ dolları təşkil edirdisə, Ermənistan üçün bu rəqəm 150 dollardır. Lakin 2019-cu il yanvarın 1-dən Moskva hər min kub metrə görə qiyməti 165 dollara qaldırıb. İndi isə qiymətləri yenidən 30 faiz artırmaq niyyətindədir. Əhali isə əvvəlki tək hər min kub metrə görə 290 dollar ödəyir. Ermənistanda dərc olunan "Jamanak” qəzeti yazır ki, "tariflərin qaldırılması əhalinin həyat şəraitinə, eləcə də, iqtisadiyyatın inkişafına mənfi təsir göstərəcək”. Başqa bir nəşr "Çorrord işxanutyun” (dördüncü hakimiyyət) qəzeti bununla bağlı sarkazmla yazır ki, "Bizim ən yaxın müttəfiqimiz olan Rusiyaya hakimiyyət tək elektrik enerjisi şəbəkələrini deyil, bütöv müəssisələrimizi verib. Eləcə də, torpaqlarımızı müddətsiz və pulsuz olaraq Rusiya hərbi bazasının ixtiyarına verdilər. Onların kommunal xərcləri isə verigiödəyicilərimizin hesabına həyata keçirilib. Bizə bir növ sürpriz hazırlanır”.
Məqalədə vurğulanır ki, "strateji müttəfiqlik” münasibətləri kimi qələmə verilən Ermənistan-Rusiya münasibətləri Ermənistana satılan qazın qiyməti ətrafında cərəyan edir. "Lakin böyük ehtimalla rusların bu məsələ ilə bağlı öz gözləntiləri var. Bir sözlə, Ermənistanın strateji müttəfiqi olan Rusiya ilə münasibətlərdə bəxti gətirmir. Əslində bu münasibətlər heç də strateji müttəfiqlik deyil, daha çox vassal münasibətlərindən ibarətdir. Ermənistanın baş naziri Nikol Paşinyan qazın qiyməti ilə bağlı məsələni həll etmək üçün oktyabrın sonlarında Moskvaya səfər etdi. Və bu mövzunun müzakirəsi üçün ilk səfər deyildi. Rusiyalı həmkarı Dmitri Medvedyevlə apardığı danışıqlarda razılıq əldə olunmadı. İki ölkənin rəhbərləri məsələ ilə bağlı jurnalistlərin suallarına dəqiq cavab verməkdən boyun qaçırıblar. Çox böyük ehtimalla Moskva ermənilərə satdığı "mavi yanacağ”ın qiymətinin artırılması ilə bağlı planlarını dəyişmək niyyətində deyil.
İqtisadçı Eduard Aqadcanov proqnoz edir ki, geci-tezi Rusiya Ermənistana satdığı qazın qiymətini qaldıracaq. Əslində Ermənistan Gürcüstanın yolu ilə getməlidir - alternativ qaz mənbələri əldə etməlidir. Yəni, İrandan qaz idxalına nail olmalıdır. Və yaxud da ki, tranzit marşrutlarla İran qazını əldə etməlidir. "Biz yalnız tranzitdən on milyonlarla dollar gəlir əldə edə bilərik. Bununla da bahalı Rusiya qazından gələn zərəri azalda bilərik. Məhz bu yolla biz mənfəət əldə edərik, iqtisadiyyatımız da inkişaf etməyə başlayacaq”, - deyə erməni ekspert vurğulayıb. Ekspert hesab edir ki, əks təqdirdə "Ermənistanı elektrik enerjisi qiymətləri, ərzaq, geyim, nəqliyyat və bütövlükdə hər növ mal və xidmət, məhsulların iki dəfə artacağını gözləmək gərəkdir. Bahalı qaz həm də hazırlanan məhsulların qiymətinin bahalaşması, ixrac olunan məhsulların qiymətinin artımı deməkdir. Bu da Ermənistanı xarici bazarda əlverişsiz bir dövlətə çevirir. Bir çox müəssisələr bağlanmağa başlayacaq, alıcılıq qabiliyyəti aşağı olan əhali daha da yoxsullaşacaq, son nəticədə ölkə iqtisadiyyatının tam iflasını müşahidə edəcəyik”.
Qaz problemi ilə bağlı "Qraparak” qəzeti də yazıb. "Məsələ əlbəttə ki, Moskvanın "satqınlığında” deyil. Əgər həqiqəti bilmək istəyirsinizsə, ruslar bizi mütəmadi olaraq satıblar. Öz maraqlarını hər zaman hər şeydən üstün tutublar, biz isə öz növbəmizdə inandırmağa çalışırıq ki, onların qardaşlarıyıq. Hər zaman da sonda incik düşürük ki, bəs bizi satdılar”, - deyə müəllif yazır. Onun qənaətincə, əslində söhbət ondan gedir ki, Ermənistan siyasi və iqtisadi cəhətdən Rusiyadan "qul asılılığına” malikdir: "Bunun da səbəbi Rusiyada deyil, məhz Ermənistandadır. Nə qədər ki, bütün qonşularla normal münasibətlər qurmayıb, bu "qul asılılığı” davam edəcək”. Müəllif onu da bildirir ki, "indiki halda bizim ictimaiyyət dəqiq bilməlidir ki, qazın qiymətinin iki dəfə qaldırılmasında günahkar olanlar, yəni Ermənistan iqtisadiyyatını dağıdanlar – "Ermənistan dörd qonşundan üçü ilə sərhədə yox, cəbhəyə malikdir” deyən siyasi qüvvələrdir. Onlar qazın qiymətinin artırılmasına görə ciddi məsuliyyət daşıyırlar. Məhz onların yürütdükləri siyasət ölkəni çıxılmaz vəziyyətə salıb”.
Məqalədə o da bildirilir ki, "erməni ekspertlərinin əksəriyyəti belə bir nəticəyə gəlirlər ki, bu gün Ermənistanın qazın qiymətinin artırılmasından qaçmaq üçün bir və müvəqqəti çıxış yolu var – növbə ilə bütün sənaye və enerji gücünə malik müəssisələri Moskvaya vermək”. Əlavə edilir ki, sadə dillə desək, bu gün Ermənistanın müstəqilliyi sual altındadır. Rusiya da artıq özünün Cənubi Qafqazda "forpostu” elan etdiyi ölkəyə əvvəlki tək etibar etmir və məsələni praktiki düzəndə həll etmək istəyir. "Məqsədi də Ermənistanın müstəqil siyasi vahid kimi yoxa çıxmasına nail olmaqdır. Bu yolda da artıq böyük uğurlara imza atıb. Ermənistan rəhbərliyi artıq müstəqil şəkildə siyasi qərarlar vermək iqtidarında deyil. Bundan əlavə, ən əsası iqtisadi gücdən məhrumdur”, - deyə "Qraparak” qəzeti yazır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər