AZE | RUS | ENG |


Moskva ilə Ankaranın ticarət müharibəsi bitir?

Moskva ilə Ankaranın ticarət müharibəsi bitir?
Gələn həftə Rusiyanın texniki heyət Türkiyədə olacaq

Türkiyə ilə Rusiya arasında daha çox iqtisadi məsələlər ətrafında yaşanan problemlər bir neçə müddətdir ki, gündəmdən düşmür. Referendum öncəsi pik həddə çatan bu gərginlik Rusiya tərəfinin Türkiyədən idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına qadağa tətbiq etməsi ilə start götürüb. Türkiyə tərəfi də bunu cavabsız qoymayaraq, bu ölkədən idxal olunan taxıla rüsum tətbiq edib. Müzakirə olunan başqa bir məsələ isə Türkiyədə keçirilən referendumdan sonra Kremlin prezident Ərdoğanı təbrik etməməyi idi. Referendumdan yalnız iki gün sonra Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarına qələbə münasibətilə təbrik ünvanlamışdı. Bel bir vəziyyətdə, Türkiyə tərəfi ilk addım ataraq, Moskvaya baş nazirin müavini Mehmet Şimşeyin başçılığı ilə nümayəndə heyəti göndərib. Səfər zamanı nümayəndə heyəti Rusiya tərəfindən tətbiq olunan iqtisadi tədbirlərə son qoyulması məsələsini rus səlahiyyətlilərlə müzakirə edib. İqtisadiyyat naziri Nihat Zeybekçinin də aralarında olduğu nümayəndə heyəti Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç və müşayiətindəki heyətlə birlikdə tətbiq olunan iqtisadi qadağalara son qoyulmasını müzakirə edib. Şimşek toplantıdan sonra özünün "tvitter” səhifəsində Rusiya səfərini dəyərləndirərək belə yazıb: "Moskvada səmərəli görüş keçirildi. Bütün problemləri müzakirə etdik. Mayın əvvəlində yenidən bir araya  gələrək, sürətli həll yolları ortaya qoyulacaqdır”. İqtisadiyyat naziri Nihat Zeybekçi də "tvitter” səhifəsində bunları yazıb: "Rusiya ilə ticarət əlaqələrimizin gerçək potensialına qovuşması üçün Moskvadayıq. Rusiya ilə ikitərəfli əlaqələri inkişaf etdirmək üzrə heyətlər bir araya gəldi. Gələcək həftə Rusiyadan texniki heyət Türkiyədə olacaq. Rusiya baş nazirin müavini Arkadi Dvorkoviç də mayın 6-7-də Türkiyəyə gələcək”. 

Türkiyə mətbuatı da iki ölkə arasında yaşananları müzakirə mövzusuna çevirib. "Milliyet” yazır ki, referendumdan sonra Türkiyə Rusiya ilə münasibətlərdə ticarət problemlərini həll etmək üçün aktiv fəaliyyətə keçib. Qəzet türkiyəli heyətin Moskvada keçirdiyi görüşdən sonra tərəflərin qısa zaman kəsiyində qarşılıqlı məhdudiyyətlərin aradan qaldırmağa çalışdıqlarını yazıb. Görüş zamanı meyvə və tərəvəzin ixrac-idxalına qoyulan qadağanın aradan qaldırılması barədə razılıq əldə edilib. Bundan əlavə, bir sıra sektorlar üzrə qoyulan qadağalar, ilk növbədə biznesin qurulması və türk işçilərin cəlb edilməsi, əvvəlki viza rejiminə qayıdılması, avtomobil yükdaşımaları ilə bağlı tələblər Rusiya tərəfinin diqqətinə çatdırılıb. Qərbi Aralıq Dənizi İxracatçıları İttifaqının sədri Mustafa Satıdcı Rusiyaya edilən səfərlə bağlı "biz hadisələrin pozitiv inkişafını gözləyirik” deyib. Türkiyə kənd təsərrüfatı məhsullarının (pomidor, üzüm, nar və s.) Rusiyaya ixracının zəruriliyinə toxunan Satıdcı bildirib ki, iki ölkə arasında böhran başlamamışdan əvvəl ixracatçılar planlarını müxtəlif ölkələr üzrə qurmuşdular, lakin qeyd etməliyik ki, Rusiya ilə ticarət hər bir ölkə üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, Türkiyə Rusiya üçün kənd təsərrüfatı sahəsində əvəzolunmaz ölkədir. Türkiyədən göndərilən məhsullar da Rusiyanı tam qane edir. 

Türkiyə Fermerlər Assosiasiyasının rəhbəri Hüseyn Demirtaş da Rusiyanın Türkiyə kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi embarqoya münasibət bildirib. Onun sözlərinə görə, meyvə-tərəvəz istehsalçıları növbəti dəfə ziyana düşüblər: "Lakin Türkiyə yeni bazar tapdı, məhsullarını Ukraynaya göndərdi. Hansısa qaydada onlar Rusiyaya da gedir. Bir sıra məlumatlara görə, Rusiyaya mallar İraq vasitəsilə göndərilir. Siyasətçilər diplomatik dildən istifadə etməlidirlər. Avropa İttifaqında da bazarlarda problem yaşanır. Dövlət ixrac məsələsində heç kimdən asılı olmamalıdır. Bundan əlavə, ilk növbədə kiçik və orta biznes müəssisələrinə dəstək gərəkdir”. Məlumata görə,  Rusiyanın böhrandan sonra Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalardan dəyən zərər 1,5 mlrd. dollar təşkil edib. 2014-2016-cı illərdə isə Türkiyə 1,7 mlrd. dollar itirib. Rusiya mətbuatı yazır ki, türk pomidorlarına tətbiq edilən qadağa yerli istehsala müsbət təsir edib. Lakin Rusiyanın "Rosselxoznadzor” qurumunun rəhbərinin köməkçisi Aleksey Aleksenko bildirib ki, türk pomidorlarına qoyulan qadağa aradan qaldırıla bilər: "Biz belə bir vəziyyət müəyyən etmişik - türk pomidorları Rusiyaya digər ölkələr vasitəsilə daxil olur. Bu səbəbdən də biz qadağanı götürə bilərik. Bunun nə vaxt baş verəcəyini isə demək çətindir. Biz bunu türk həmkarlarımızla müzakirə edəcəyik”. "Yeni Şafak” isə yazır ki, Türkiyənin Rusiyanı buğda idxalına görə rüsum tətbiq edilməyən ölkələr sırasından çıxarması Kremli pis vəziyyətə salıb. Moskvada səfərdə olan Rusiya nümayəndə heyətinin tərkibində olan Zəkəriyyə Mete deyib ki, onlar Rusiya tərəfinə çox əlverişli şərtlər təklif ediblər. "Avropa İttifaqı Rusiyaya qapılarını bağladıqda biz rusları müdafiə etdik. Lakin ruslar ən xırda məsələlərlə bağlı bizə qırmızı kart göstərdilər. Siyasətdə çatlar ola bilər. Lakin bunlar siyasətlə də həll olunur”, - deyə Mete bildirib.
 
Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN