Monumental inqilabi xalq epopeyası
«Koroğlu» operası musiqi və
opera sənətimizin mükəmməl bir abidəsidir ki, o, nəsillər boyu yaşayacaqdır.
S.Vurğun
Hər
birimiz dünyanı duymağa və özümüzü dərk etməyə başlayandan bəri xalq qəhrəmanımız
Koroğlu barədə nəğmələri, hikmətli sözləri, rəvayətləri və dastanları dönə-dönə
eşitmişik. Yaradıcılıq yolu xalq mədəniyyəti və xalq yaradıcılığı ilə ayrılmaz
tellərlə bağlı olan Azərbaycan musiqi mədəniyyətinin kamil bilicisi Üzeyir
Hacıbəyov xalq musiqisi ruhunda yazdığı «Koroğlu» operasında da xalq həyatını,
xalqın öz azadlıq və səadəti uğrunda apardığı qəhrəmanlıq mübarizəsini geniş və
parlaq şəkildə təsvir etmişdir.
Bu monumental inqilabi xalq epopeyası aşıq motivləri əsasında yazılmış,
Azərbaycan kəndlisinin keçmişdə (XVI-XVII əsrlər) apardığı milli azadlıq
mübarizəsinə həsr edilmişdir.
«Koroğlu» operası Üzeyir Hacıbəyov yaradıcılığının ən yüksək zirvəsidir.
Ölməz xalq dastanlarından, xalq musiqisindən bəhrələnmiş bu əsər bəstəkarın
çoxillik yaradıcılıq axtarışlarının nəticəsidir. «Koroğlu» operasını yazmazdan əvvəl
bəstəkar çətin yaradıcılıq yolu keçmişdir. Bunun üçün o, xalq musiqi incəsənətini,
rus və qərb klassik musiqisini dərindən öyrənməli olmuşdur. Bu opera sözün əsl
mənasında milli əsərdir, xalq yaradıcılığının canlı surətdə coşduğu bir əsərdir.
Bu operanın musiqisində istedadlı və güclü xalqın hərarətli nəfəsi hiss edilir.
İlk tamaşası 30 aprel 1937-ci ildə M.F.Axundov adına Opera və Balet
Teatrında qoyulan «Koroğlu» operası, Ü.Hacıbəyovun beşillik gərgin əməyinin bəhrəsidir.
O, bu operanı yazmaqdan ötrü 20 ilə qədər bir müddətdə şifahi xalq dastanı
«Koroğlu»nu, onun müxtəlif variantlarını dönə-dönə öyrənmiş, tədqiqatlar
aparmış, məlumatlar toplamışdır. Çünki Üzeyir bəyin «Koroğlu»su onun xalqının
ürəyində yaşatdığı «Koroğlu»ya layiq olmalı idi. İ.Hidayətzadənin quruluş
verdiyi ilk tamaşaya bəstəkar özü dirijorluq etmişdi, ikinci tamaşada isə bəstəkarın
tələbəsi Əşrəf Həsənov dirijor kürsüsü arxasında olmuşdur.
Operanın
librettosu H.İsmayılov və M.S.Ordubadi tərəfindən məşhur aşıq nağılları əsasında
tərtib edilmişdir. İlk tamaşada Koroğlu rolunu Bülbül, Nigar rolunu G.İskəndərova,
Həsən xan rolunu isə M.Bağırov ifa etmişdir. Operanın rəssamı R.Mustafayevin tərtibatı
quruluşla üzvi surətdə bağlı idi.
Uzaq keçmişdə baş vermiş kəndlilər üsyanının əzəmətini musiqidə qüdrətlə
təcəssüm etdirən «Koroğlu» operasında nikbinlik ruhu, azadlıq pafosu canlanır.
Xor və rəqs səhnələrində xalq kütlələri məğlubedilməz nəhəng qüvvə kimi təsvir
edilmişdir. Musiqisi uvertüra ilə başlayan bu operada mübarizəyə çağırış, hünər
və qələbə təntənəsi aydın duyulur.
Koroğlu özü aşıqdır və onun dastanı aşıqlar tərəfindən oxunur. Buna görə
də operada əsas stil - aşıq stilidir. Muğamatdan isə başlıca olaraq, xanın və
onun saray adamlarının xarakteristikası üçün istifadə edilmişdir. Üzeyir bəy məhz
«Koroğlu» operasında ilk dəfə olaraq simfonik orkestrin tərkibinə milli çalğı
alətlərimizi - tar, kamança, zurna, balaban, dəfi əlavə edərək, operanın
milliliyini daha da nəzərə çarpdırmışdır. Ü.Hacıbəyovun milli musiqi ənənələri əsasında
yaratdığı «Koroğlu» operası böyük mədəni bir hadisə, Azərbaycan milli musiqi mədəniyyətinin
inkişafında mühüm mərhələ oldu. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti
və incəsənəti ongünlüyündə epik qəhrəmanlıq səciyyəli bu operanın təntənəli
nümayişi olmuş, qeyrilərindən fərqli olaraq tamaşa bir dəfə yox, üç dəfə göstərilmiş,
o dövrün yüksək mükafatına - Stalin mükafatına layiq görülmüşdür.
Tamaşadan
sonra Ü.Hacıbəyov dörd saat İ.V.Stalinlə milli operanın perspektivləri, əsərin
ideya-mənəvi amilləri barədə söhbət etmişdir. Stalinin tövsiyəsi ilə Ü.Hacıbəyov
əsərin finalında bir qədər dəyişiklik etmiş, onun daha təsirli alınmasına nail
olmuşdur. Belə ki, bəstəkar operanın V pərdəsini də əlavə edərək, III
variantını işləmiş və əsər 1943-cü ildə Bakıda rus dilində səhnəyə qoyulmuşdur.
Qazandığı müvəffəqiyyətə görə, Stalin mükafatına layiq görülən Üzeyir bəy
mükafatlanma mərasimindəki çıxışında demişdir:«Mənə
«Koroğlu» operası üçün mükafat verilmişdir. Bu opera uzun illər boyunca qızğın
işin məhsuludur. Mən bu əsəri yaradarkən xalq ictimaiyyəti xəzinəsindən, böyük
qəhrəman haqqında gözəl dastanlardan, Koroğlu kimi gözəl qəhrəman yetişdirmiş
xalqa onun bəslədiyi böyük məhəbbətdən ilham almışam. Yüksək mükafatdan son dərəcə
şadam. Bu mükafat, yeni əsərlər üzərində daha qızğın işləmək vəzifəsini üzərimə
qoyur”.
«Koroğlu» operasının yaranmasından artıq 80 il
keçir. 80 ildir ki, bu opera Azərbaycan Opera və Balet Teatrının səhnəsindən
düşməyib, ruhumuzu oxşayır.
Yarandığı
ilk gündən Şərq xalqlarının opera yaradıcılığının inkişafında böyük rol oynayan
bu əsər, əlbəttə ki, bundan sonra da opera səhnəsində şedevr əsər olaraq
qalacaqdır.
Təranə Həsənova,
Üzeyir
Hacıbəylinin ev muzeyininkicik elmi işçisi