• cümə, 19 Aprel, 14:11
  • Baku Bakı 25°C

Monoetnik Ermənistandan “irqçilik təəssübü”

22.06.20 17:43 835
Monoetnik Ermənistandan “irqçilik təəssübü”
Millət vəkillərinin fikrincə, Paşinyanın və ümumiyyətlə, hər hansı erməninin terror əleyhinə və irqçilikdən danışmağa haqqı yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən sərsəm bəyanatları ilə hər zaman "diqqət” çəkib. Azərbaycana qarşı özünün "düşüncəsi”ndə yer alan fikirlərini dilə gətirən Paşinyan hər dəfə cavabını alıb. Prezident İlham Əliyev tərəfindən istər Valday klubunda, istərsə də Münxendə keçirilən konfransda aldığı cavablar beynəlxalq mediada Paşinyanı gülüş hədəfinə çevirib. Bütün bunlara rəğmən, Paşinyan naqisliyindən, azərbaycanlılara qarşı kin-küdurətindən əl çəkmək istəmir.
Monoetnik Ermənistanın rəhbərinin Azərbaycanı irqçilikdə ittiham etməsi yenə də Paşinyanın tarixi erməni xislətində olduğunu göstərdi. İndi tamamilə ermənilərdən ibarət olan bir ölkənin rəhbərinin rasizmdən danışması absurd deyilmi?


Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirdi ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində videokonfrans formatında keçirilən görüşdə Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana bir daha tərs sillə vurdu və artıq neçənci dəfə tarixi faktlarla onu yerində oturtdu: "Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan bu fikri haqqında hətta kitablar yazmaq olar. Mənbələr sübut edir ki, N.Paşinyanın və ümumiyyətlə, erməni xadimlərinin terror əleyhinə və irqçilikdən danışmağa mənəvi haqları yoxdur. Nə üçün? Şərh və təhlil etmədən rus və erməni mənbələrində olan saysız-hesabsız konkret tarixi faktlardan yalnız bir neçəsinə nəzər yetirək. Məlumdur ki, Cənubi Qafqaza terroru regiona gəlmə olan ermənilər özləri ilə gətiriblər. 1886-cı ildə yaradılan Qnçak siyasi, terror təşkilatının proqramında birmənalı olaraq yazılırdı: "Terror inqilabi təbliğatı mühafizə etmək üçün özünü müdafiəyə və idarəçilərin zərərli hərəkətlərinə qarşı silaha xidmət etməlidir”. 1890-cı ildə erməni iri ticarət-sənaye burjuaziyasının nümayəndələrinin Tiflisdə yaratdıqları Erməni İnqilabi Partiyası Daşnaksütyunun 1894-cü ildə qəbul edilən ilk proqramında yazılırdı: "...hər yerdə erməni xəyanətkarlarını öldürmək və digər terror təşkilatları ilə əlaqə qurmaq”. Terrordan danışan N.Paşinyan hər halda babalarının qurduğu təşkilatın proqramını oxumamış deyil. O da aydındır ki, həmin vaxt Cənubi Qafqazda azərbaycanlıların və gürcülərin siyasi təşkilatları hələ yaradılmamışdı. Bu isə o deməkdir ki, erməni cəmiyyətinin formalaşmasının təməlində terror dayanıb və üzvləri potensial terrorçudur. Bunu erməni xadimlərinin özləri də etiraf edirdilər. Məsələn, daşnakların "Droşak” ("Bayraq”) qəzeti daşnak terrorçusu Martiros Çarıxçıyana həsr etdiyi məqaləsində həmin həqiqətləri aşağıdakı kimi ifadə edərək yazırdı: "Erməni həyatı inqilabi fikirləri həqiqi və zəruri olaraq əks etdirən bir tip istehsal etmiş və hazırlamışdır. Bu, terrorçudur və təhdid edən tipidir”.
Gerçəkdən də erməni cəmiyyətində ictimai mövqeyi və təhsilindən asılı olmayaraq, hər bir kəs ya terrorçudur, ya da potensial terrorçudur. Azərbaycanlılara qarşı olan terror aktlarının üstündən bilərəkdən keçərək, erməni terrorçularının Cənubi Qafqazda çalışan rus, gürcü və yəhudi əsilli məmurlara qarşı törətdikləri terror aktlarından bir neçəsini diqqətə çatdırmaq istəyirəm. 1903-cü ildə erməni terrorçuları Qafqaz canişini knyaz Q.S.Qolitsına sui-qəsd etdilər, lakin o, sağ qaldı. Daşnaksütyunun üzvləri olan müəllimlər Semyon Qarayan və Xeço Ryabyan 1904-cü ildə Eçmiədzin qəza rəisi Şmerlinqi öldürdülər. Şagirdlərə dərs verən və müəllim adını daşıyan bu şəxslərin terror aktı törətməsi "Droşak” qəzetinin yazdığını bir daha təsdiq edirdi. Həmin ildə erməni terrorçuları Yelizavetpol şəhərində pristav Abramoviçi, Qars şəhərində Qars briqadası sərhəd dəstəsinin 1-ci bölməsinin rəisi polkovnik Bıkovu, ermənilərin silah daşımasına mane olan Sürməli qəza rəisi Boquslavskini, Şuşada jandarma zabiti Podşivalovu, Aleksandropol şəhər polis pristavı Naşanskini, polis işçisi Saxarovu, Şuşada vergi inspektoru Şerbakovu, erməni işinə xəyanət etdiyi üçün Nuxada Vartanovu, terror təşkilatlarına pul vermədiyi üçün Bakıda tacir A.Adamovu, Qarsda jandarma idarəsinin tərcüməçisi Qrozdevi, Eçmiədzin qəzasında erməni kilsəsinin əmlakını mühafizə edən Savini, Eşmiədzin şəhərində mühafizəçi Qonçarenkonu, Eçmiədzin pristavı Qulielini, Qarsda polis işçisi Xerxulidzeni və başqalarını öldürmüşdülər”.
M.Qasımlı vurğuladı ki, Birinci Dünya müharibəsi illərində "könüllü” adı altında təşkil edilən erməni silahlı dəstələrinin başında məşhur terrorçular dayanırdı: "Çar hakimiyyət orqanlarının 1915-ci il 5 may tarixli 167800 saylı tamamilə məxfi sənədində bununla bağlı olaraq yazılırdı: "Silahlı dəstələrin başına Andranik məşhur terrorçuları təyin etdi”.
Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı bir dövlət türk, azərbaycanlı torpaqlarında qurulduqdan və Azərbaycan tarixən azərbaycanlılara məxsus olan İrəvan şəhərini paytaxt olaraq verdikdən sonra daşnaklar soyqırımı və terroru dövlət siyasətinə çevirdilər. Rəsmi sənədlər deyilənləri sübut edir. Belə ki, 1918-ci ildə Ararat Respublikasında 1 milyon 200 min nəfər əhali var idi, 1920-ci ilin sonlarında Ermənistan sovetləşdiriləndə, ölkədə cəmi 770 min nəfər qalmışdı. 1918-1920-ci illərdə Daşnaksütyunun hakimiyyəti illərində Ermənistanda əhali 35,5 faiz azalmışdı. Türklər 77 faiz, kürdlər 98 faiz, yezidi kürdlər 40 faiz azalmışdı. Əgər 1918-ci ildə Ermənistanda türklər 260 min nəfər idilərsə, 1920-ci ildə 60 min olmuş və ya 77 faiz azalmışdı. Kürdlər 1918-ci ildə 25 min nəfər idilərsə, 1920-ci ildə 0,5 min nəfər olmuş və ya 98 faiz azalmışdı. Yezidilər bu illərdə 8 min nəfər idilərsə, 1920-ci ildə 5 min nəfər olmuş və 40 faiz azalmışdı. Ruslar isə 15 min nəfərdən 14 min nəfərə düşmüş və ya 7 faiz azalmışdı. Digər millətlərin sayı 7 mindən 4 min nəfərə düşmüş və ya 43 faiz azalmışdı. Əsl irqçilik bu deyilmi?
Yuxarıda göstərilən faktlar, həmçinin 1920-ci ildə Azərbaycan dövlət xadimlərinin öldürülməsi, 70-ci illərdə Moskvada metro stansiyasının, Bakıda 106 nömrəli marşrut avtobusunun partladılması, 70-80-ci illərdə türk diplomatlarının qətlə yeirilməsi, dünyanın müxtəlif ölkələrinin paytaxtlarında hava limanlarında törədilən partlayışlar, Azərbaycana qarşı hərbi təcavüz etdikdən sonra mülki əhaliyə qarşı törədilən terror aktları, İrəvanda və başqa yerlərdə terrorçulara abidələrin qoyulması, adlarına orden və medalların təsis edilməsi və yüzlərlə digər faktlar bir daha təsdiq edir ki, hansı partiyanın və şəxsin hakimiyyətdə olmasından asılı olmayaraq, Ermənistanda dövlət siyasətinə çevrilmiş terrorçuluq ənənəsi davam etdirilir.
Başqa bir millətin yaşaması üçün şərait olmadığından, Ermənistan bu gün monoetnik əraziyə çevrilib. Belə vəziyyət irqçilik siyasətinin konkret nəticəsidir. Bütün bunlar Ermənistan adlı qurama dövlətin iki ayaq – terror və irqçilik üstündə dayandığını bir daha təsdiq edir”.


Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, bu günlərdə Azərbaycan şairi Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərini oxuyub: "Kitabda 1903-1904-cü illərdə Şuşada və Qarabağın başqa bölgələrində ermənilərin azərbaycanlılara qarşı törətdikləri amansız qəddarlıq və cinayət əməlləri haqqında ayrı-ayrı epizodlarda geniş məlumat verilir. Hələ o dövrlərdə ermənilər bu bölgədə yaşayan azərbaycanlılara qarşı kütləvi qətllər törətmiş, bu hadisələrdə erməni kilsəsi aktiv rol oynamışdır.
Həmin dövrdə də çarın əmri ilə azərbaycanlılara silah gəzdirmək qadağan olunmuşdu. Bundan məharətlə istifadə edən ermənilər silahsız azərbaycanlıları təqib edərək vəhşicəsinə qətlə yetirirdilər. Onlar bunu o zamanlar dünyanın bir çox yerlərində yaratdıqları qımdatxanalar (erməni quldur dəstələrini birləşdirən mərkəzlər) vasitəsilə həyata keçirirdilər. Bu quruma erməni ziyalıları, gənclər, sənətkar və cəmiyyətin digər nümayəndələri cəlb edilirdi. Bu qurumun əsas vəzifəsi azərbaycanlılara qarşı təbliğatda, təxribatda, sui-qəsddə, eləcə də silahlı toqquşmalarda istifadə etmək üçün lazımi hərbi sursatın təmin olunması, çar məmur və zabitlərinin rüşvətlə ələ keçirilməsi məqsədilə varlı erməni təbəqələrindən pul toplanılması idi.
Hər zaman olduğu kimi, o dövrdə də erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi qətllərə xeyr-dua verən, xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin, qırğınların əsas təşkilatçısı yerlərdə fəaliyyət göstərən kilsələr və kilsə xadimləri olublar. Kilsənin toxunulmaz Tanrı məbədi olduğu nəzərə alınaraq, keşişlər həmin dövrdə onu xalqımıza qarşı erməni quldur dəstələrini silahlandıran hərbi sursat cəbhəxanasına çeviriblər”.
C.Məmmədov qeyd etdi ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri iğtişaş və qırğınlarda kilsənin fəaliyyətini öyrənmiş rus diplomatı, general Mayevskinin qeydləri var: "O yazırdı ki, erməni din xadimlərinin dini fəaliyyəti olduqca cüzidir. Onların fəaliyyəti "Allah kəlamını” çatdırmaq yox, müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir. Vaxtilə Eçmiədzinə səfər etdikdən və onun fəaliyyəti ilə yaxından tanış olduqdan sonra fransız alimi Baron de-Bay belə yazmışdı: "Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur... Mənim bütün minnətdarlıqlarıma baxmayaraq, mən səmimi olmalıyam. Bu monastır məndə dini mərkəzdən çox, siyasi mərkəz təəssüratı yaratdı”. Erməni kilsələrinin belə qeyri-insani fəaliyyətini işıqlandıran ayrı-ayrı mənbələrdən bir çox nümunələr gətirmək olar. Müasir dövrdə də istər xaricdə, istərsə də daxildə olan erməni mafiyasının ən qüdrətli dayaqlarından biri, terror və təbliğat şəbəkələrinin təşkilatçısı, onu maddi cəhətdən təmin edən kilsə olub. Bu gün də kilsə bu missiyanı "uğurla” davam etdirir.
Mir Möhsün Nəvvab kitabında konkret epizodlarla ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri qətllərdən geniş bəhs edir. Həmin hadisələri təhlil edərkən ermənilərin azərbaycanlılara qarşı kin və küdurətinin, düşmənçiliyinin tarix boyu davam etdiyinə bir daha əmin olursan.
Sözügedən əsər istər Dağlıq Qarabağda, istərsə də digər bölgələrdə ermənilərin həyata keçirdikləri qətllərin səbəblərinin, onun tarixi köklərinin və erməniləri dəstəkləyən qüvvə və tərəflərin, eləcə də xarici qüvvələrin bu bölgədə apardıqları siyasətin mahiyyətinin öyrənilməsi baxımından xüsusi önəm daşıyır".

BƏXTİYAR
banner

Oxşar Xəbərlər