• cümə axşamı, 25 aprel, 06:10
  • Baku Bakı 14°C

Moldovanın yeni lideri ölkəni Avropaya “qaytarmağa” müvəffəq olacaq?

20.11.20 16:30 555
Moldovanın yeni lideri ölkəni Avropaya “qaytarmağa” müvəffəq olacaq?
Sandu xarici siyasətdə praqmatik strategiyanın tərəfdarıdır

Proqnoz edildiyi kimi, Mayya Sandu Moldovada keçirilən prezident seçkilərinin ikinci turunun qalibi oldu. Sağavropa yönümlü "Fəaliyyət və Həmrəylik” Partiyasının liderinin qalibiyyəti ilə Moldova siyasətinin tamamilə dəyişəcəyi gündəmə gəlib. Avropa ilə inteqrasiya, Rumıniya ilə sürətlə yaxınlaşma, eləcə də, Türkiyə ilə münasibətləri genişləndirmək, ən əsası Rusiya ilə münasibətlərə yenidən baxılması məsələsi aktuallaşıb. Ən əsası, Sandunun qələbəsi Dnestryanı problemini, eləcə də, Qaqauziya məsələsini yenidən gündəmə gətirəcəkmi? Bu və digər suallara çox güman ki, yaxın gələcəkdə aydınlıq gələcək.

Dodonu məğlub edən səbəblər

İndiki prezident İqor Dodonun məğlubiyyətini çoxları proqnoz edirdi. "Lenta.ru”ya müsahibəsində "Qabaqcıl siyasət” Fondunun direktoru Oleq Bondarenko bildirib ki, Dodonun məğlubiyyəti bir sıra səbəblərdən gözlənilən idi. Burada daha çox Dodonun dörd il bundan öncə verdiyi vədləri yerinə yetirə, Rusiya istiqamətində imkanları reallaşdıra bilməməsi qabardılır. Bu səbəbdən də, hətta ruspərəst seçicilər belə, sonda Sandunun üzərində dayandılar. Prezident olduğu müddətdə ölkə çoxsaylı gərginliklər yaşadı - Konstitusiya Məhkəməsi onu səlahiyyətlərdən məhrum etdi. Dəfələrlə özünü "etibarlı prezident” elan etsə də, sonda zəif prezidentə çevrildi. Rusiya bu beş ildə Moldovanın xarici ticarət tərəfdaşları içində üçüncü yerə düşdü. Rusları narazı salan rus dilinin Moldova məktəblərinə qaytarılmaması, Rusiya proqramlarının yerli televiziyalarda yenə nümayiş olunmamasıdır. Bunları isə etmək olardı - onun əlində həm parlament, həm də hökumət var idi. Lakin Dodon başqa yolla getdi və nəticədə də uduzdu. Sandu isə dəfələrlə bəyan edib ki, prezident seçiləcəyi təqdirdə, Rusiya ilə konstruktiv münasibətlər quracaq, bütün vətəndaşların, o cümlədən rusdillilərin hüquqlarını qoruyacaq. Dnestryanı münaqişənin isə hərbi yolla həllini mümkünsüz sayır. Maraq doğran həm də odur ki, Sandu xarici siyasət prioritetləri sırasında Ukrayna ilə münasibətləri də önəmli sayır. Elə bu səbəbdəndir ki, onu ilk təbrik edən də rumın prezident Klaus Yohannis ilə yanaşı, ukraynalı həmkarı Vladimir Zelenski olub. Konkret ideologiyaya malik Sandu Moldovanı Avropa inkişaf yoluna "qaytarır”. Heç olmasa, bəyannamə səviyyəsində. Çox güman ki, unionist (Rumıniya ilə birləşmə) ritorikanın real hərəkətlər olmadan güclənməsini müşahidə edəcəyik. Ekspert Oleq Bondarenko isə hesab edir ki, birlik nə Moldova, nə də rumın elitasına gərəkdir. Bütövlükdə Sandu xarici siyasətdə praqmatik strategiyanın tərəfdarı olacaq. Yalnız bu zaman cəmiyyətdə uğurlara imza atmış olacaq.

Növbədənkənar seçkilər olacaqmı?

Bir faktı da unutmayaq ki, Moldova idarə üsuluna görə, parlament respublikasıdır. Prezidentin səlahiyyətləri məhdudlaşdırılıb, əsas funksiyalar hökumət və parlamentin əlində cəmləşib. Lakin prezident, deputat korpusuna arxalanmaqla güclənə bilər. Məsələn, Dodon buna 2019-cu ildə parlament seçkilərindən sonra müvəffəq olub. Sosialistlər yerlərin çoxunu əldə etdikdən sonra koalisiya qurmağa müvəffəq oldu. Bu səbəbdən də ola bilsin Sandunun ilk addımı legitimliyi çoxlarında şübhə doğuran parlamentin buraxılması ola bilər. Qələbə qazanacağı təqdirdə Sandu və onun "Fəaliyyət və Həmrəylik” Partiyası digər antioliqarx qüvvələrlə birlikdə çoxluğu əldə edə və ölkədə siyasi vəziyyəti ələ ala bilər. Əgər parlamentin buraxılması baş tutmazsa, onda Dodon nəzarət etdiyi deputatlarla birlikdə hələ iki il, faktiki olaraq, ölkəni idarə edəcək. Növbədənkənar seçkilər baş tutarsa, o zaman Rusiyanın əsas hədəfi Sandu tərəfdarlarının parlamentdə koalisiya yaratmasına qarşı çıxmaq olacaq. Dodon isə bu müddət ərzində prezident vəzifəsindən istefa verib nəzarətində olan parlamentin köməyi ilə baş nazir seçilə bilər. O zaman inauqurasiyaya kimi dövlət başçısı vəzifəsini sosialistlərin lideri Zinaida Qreçanaya tuta bilər. Bu da ölkədə ciddi siyasi böhrana gətirib çıxara bilər. Ya da Dodon növbədənkənar seçkilərdə qalib gəlmək üçün mübarizə aparmalı olacaq. Seçkilər də çox güman ki, gələn ilin yazında olacaq. Əksəriyyət hesab edir ki, Sandu ölkəsinin Avrasiya İqtisadi İttifaqında üzvlüyünə qarşı çıxacaq. Ən əsası, Dnestryanı bölgədən rus əsgərlərinin çıxarılmasını tələb edəcək. Aİ nümayəndələri də Moldovanın və onun avropayönümlü liderini dəstəklədiklərini bildiriblər. O, inauqurasiyadan sonra Buxarest, Brüssel və Kiyevə səfər edəcək.

Türk kartı

Son illər Moldovada daha bir güclü oyunçu yaranıb. Artıq Türkiyə sürətlə regiona daxil olmaqdadır. Prezident seçkilərinin ikinci turu ərəfəsində Türkiyə hakimiyyət orqanları qaçqın biznesmen Vladimir Plaxotnyuka vətəndaşlıq veriblər. Məcburi miqrasiya etməsinə baxmayaraq, uzun illər Moldovanı idarə edən "boz kardinal” hələ də ölkəsindəki gücünü itirməyib. Türkiyədə olduğu müddətdə, çox güman ki, imkanlarını gücləndirməyə çalışacaq. Türkiyə prezidentinin moldovalı maqnata vətəndaşlıq verməsini Moldovanın daxilinə təsir etmək və öz maraqlarının etirafı kimi izah etmək olar. Ortada Qaqauziya da var. Türkiyə bu türkdilli vilayətdə güclü təsirə malikdir. Düzdür, Türkiyə hazırda Moldovaya ciddi təsir etmək imkanlarına malik deyil - əsas əlaqə qaqauzlar vasitəsi edilir. Lakin onlar da Dnestryanı bölgənin əhalisi kimi ruspərəst hesab edilirlər. Qaqauziyada Rumıniya ilə birləşmə tərəfdarları yoxdur. Bu vilayət unikallığı ilə seçilir - türkdilli olsalar da, pravoslavdırlar. Türkiyəyə böyük məhəbbət var, Ankara ilə Komratı humanitar əlaqələr, inkişafa yönələn infrastruktur layihələri bağlayır. Məsələn, Türkiyə Komratda dəyəri 10 milyon avro olan stadionun inşasını maliyyələşdirir. TİKA - Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi burada çoxsaylı proqramlar həyata keçirir. Moldovadakı türk şirkətlərinin kapitalı 300 milyon avro təşkil edir. Rusiyanın isə Moldovada Avrasiya inteqrasiya layihələri mövcud deyil. Rusiya Türkiyədən fərqli olaraq uzun illərdir ki, Moldovada əsas oyunçu rolunda çıxış etmir. Ruslar Dodonu ittiham edirlər ki, məhz o türklərə geniş imkanlar yaradıb. Hətta Qaqauziyanı Türkiyə siyasətinin bu ölkədəki forpostu adlandırırlar. Fətullah Gülən tərəfdarlarının bu ölkədən qovulması həyata keçirilib. Bunun əvəzində də Dodonun Kişinyovdakı iqamətgahı təmir edilib. Bundan əlavə, Türkiyə aktiv şəkildə xəstəxanaların, mədəni mərkəzlərin, kitabxanaların inşasını həyata keçirir.

Rusiya mövqelərini itirir

Maraqlıdır ki, Rusiya, Dodonun nüfuzu aşağı olmasına baxmayaraq, sona kimi ona dəstək verməkdə davam etdi. Artıq Sandunun qalibiyyəti ona siyasətini yenidən qurmağa məcbur edir. Yeni prezident Sandu Moskva ilə münasibətləri saxlayacağını iddia etsə də, çox güman ki, bu, əvvəlki kimi güclü olmayacaq. Düzdür, Rusiya prezidenti Vladimir Putin də Sandunu ilk təbrik edənlər sırasında olub. Lakin Sandunun anti-Rusiya xarakteri heç kimdə şübhə doğurmur. Ən əsası, Kreml Türkiyənin bölgədən uzaqlaşmasına çalışacaq. Bəziləri hesab edir ki, Moldova anti-Rusiya layihə kimi nəzərdən keçirilən GUAM-ın (Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan) canlanmasına çalışacaq. Hər halda, ekspertlər Moldovada bundan sonra siyasi gərginliklər yaşanacağını proqnozlaşdırırlar.

Azər
banner

Oxşar Xəbərlər