Moldovada yeni həbs dalğası
Moldovada həbslər dalğası səngimək bilmir. Bu dəfə növbə paytaxt
meriyasının yüksək rütbəlilərini əhatə edib. Belə ki, Kişinyov meriyasının
bütün rəhbər şəxsləri həbs edilib. Hətta meriyanın ötən günə nəzərdə tutulan
iclası da təxirə düşüb. Mer səfərdə olub, onun müavinləri isə istintaq
altındadırlar. Bundan əlavə, baş nazirin bir neçə müavini də həbs edilib.
Moldova nəşrlərinin yaydıqları xəbərə görə, məlumatı Korrupsiya ilə mübarizə
üzrə Milli Mərkəzin istintaq idarəsinin rəhbəri Fyodor Zumbryanu da
təsdiqləyib. Lakin yerli jurnalistlərinin apardıqları təhqiqat nəticəsində,
hüquq-mühafizə orqanlarının diqqətini daha bir neçə nəfər cəlb edib. Bunlar
yolların tikintisinə və təmirinə cavabdeh olan məmurlardır. Moldovanın Antikorrupsiya
Prokurorluğu idarəsinin rəhbəri Viorel Morar bildirib ki, jurnalistlərin təhqiqatları
sübuta yetirilərsə, yeni həbslərin baş verə biləcəyi istisna deyil. O, xatırladıb ki, artıq nəqliyyat
naziri Yuri Kirinçuk həbs edilib. Viorel Moraryanın sözlərinə görə, Kirinçuk M1
avtomobil trassının yenidən qurulması zamanı yol verdiyi korrupsiya ittihamı
üzrə həbs edilib. "Yuri Kirinçuk xidməti səlahiyyətindən istifadə edərək, tenderdə
namizədliyini irəli sürən rəqibləri sıradan çıxarıb, yerinə özünün adamını
qalib edib. Əvəzində isə 5 faiz xeyir götürüb”, - deyə prokuror bildirib. O,
həmçinin qeyd edib ki, rəhbərlik etdiyi qurum jurnalistlərin təqdim etdikləri
təhqiqatın bütün məlumatlarını araşdıracaq. "Zdg.md” saytının ortaya qoyduğu
araşdırma təsdiqini taparsa, onda yeni həbslər dalğası başlayacaq. Morar onu da
bildirib ki, Antikorrupsiya Prokurorluğu jurnalist təhqiqatının bütün faktları
üzrə araşdırma aparacaq. "Düzdür, onların heç də hamısı həqiqəti əks etdirməsə
də, hər halda araşdırma tələb edir”, - deyə o əlavə edib.
Bütün bunlarla yanaşı, Avropa İttifaqının müasir avtomobil yollarının
qurulması ilə bağlı ayırdığı vəsaitin taleyi ölkə ictimaiyyətini çoxdandır
narahat edir. Moldovanın keçmiş və indiki məmurları ilə sıx əlaqədə olan altı
şirkət son yeddi ildə Yol Fonduna ayrılan vəsaitlərin yarısını əldə ediblər. "Zdg.md”
saytının apardığı təhqiqat bu nəticəyə gəlib. Bütövlükdə altı şirkət Yol Fondu
üçün 2010-2016-cı illərdə ayrılan vəsaitin 55 faizini (3,7 milyard lev, 100
dollar 1800 levdir) əldə ediblər. Moldovalı jurnalistlər iddia edirlər ki,
həmin firmalar on, yüz milyonlarla lev vəsait əldə ediblər. Saytının hesablamalarına
görə, pul ayrılan şirkətlərdən biri "Lusmecon” olub. Bu şirkətə isə Anatoli və
Qalina Qilaş rəhbərlik edir. Anatoli Qilaş həm də Moldova Demokrat Partiyasının
rəhbər şəxslərindən biridir. Ondan sonra "Rutador” şirkəti gəlir. Son 7 ildə bu
şirkət 730 milyon levlik müqavilə əldə edib. Şirkətin rəhbəri isə Milli Yollar
Agentliyinin sabiq rəhbəri Vitali Panurko olub. Sonrakı yerdə "Irinda-Prim”
şirkəti gəlir. Son yeddi ildə bu şirkət 245 milyon levlik müqavilə əldə edib.
2016-cı ildə Rəqabət üzrə Şura onu 191,8 milyon lev cərimə dib. "Irinda-Prim”
yoxlama zamanı müvafiq sənədləri təqdim edə bilməməkdə günahlandırılıb. Bunun
rəhbəri isə İqor Qalyamovdur. Eləcə də, güzəştli müqavilələr alanlar arasında "Genesis
International” da var. Bunu isə
eks-prezident Petr Luçinskinin qardaşları Kirill və Sergey yaradıblar. Bu gün
ona rəhbərliyi Moldova parlamentinin keçmiş deputatı Vitalie Mruqu rəhbərlik
edir. 2010-2016-cı illərdə bu şirkət 239 milyon lev alıb. Bu şəxsin adı başqa
bir firma ilə bağlıdır. "Aspect-M” adlanan şirkət milli yolların yenidən
qurulması işləri üçün milyonlarla lev alıb. Bütün bu faktlar isə hazırda
antikorrupsiya prokurorluğunda araşdırılır. O ki qaldı Kişinyov meriyasının
yuxarıda qeyd etdiyimiz operativ iclasına – bu dəfə məmurların olmamağı səbəbindən
ləğv edilib. Mer Dorin Kirtokae bildirib ki, Avropada keçirilən tədbirlərdən
birində iştirak etmək məqsədilə ora gedib. Vitse-merlər isə istintaq
altındadırlar. Vitse-mer Nistor Qrozavu ödənişli dayanacaqlarla bağlı iş üzrə
saxlanılıb. Bunu Korrupsiya ilə mübarizə üzrə Milli Mərkəzin istintaq
idarəsinin rəhbəri Boqdan Zumbryanu bildirib. Merin ikinci müavini Vlad Koteç barədə
bağ və rüşvət məsələləri, eləcə də xidməti səlahiyyətlərindən sui-istifadə üzrə
cinayət işi qaldırılıb. Boqdan Zumbryanu onu da bildirib ki, aparılan kampaniya
birdəfəlik tədbirlər deyil. Onun
sözlərinə görə, korrupsiyada ittiham olunan 24 şübhəli hazırda istintaq
altındadır. Antikorrupsiya tədbirləri çərçivəsində kənd təsərrüfatı naziri
Eduard Qramma və iqtisadiyyat nazirinin müavini Valeri Triboy da həbs edilib. Hazırda
həmin şəxslər ifadə verirlər.Dövlət Yol Administrasiyasının rəhbəri
Vyaçeslav Teleman da saxlanılıb.
Xatırladaq ki, antikorrupsiya tədbirləri çərçivəsində ilk olaraq
sabiq baş nazir Vladimir Filat həbs edilib. Onu Moldova banklarından ofşor
zonalara 1 milyard dollar köçürməkdə ittiham ediblər. Onun barəsində 9 il həbs
qərarı çıxarılıb. 1 milyard dollar Moldova üçün fantastikdir - bu, dövlət
büdcəsinin 15 faizi deməkdir.
Qərb mediasında "Əsrin oğurluğu” adını alan bu qalmaqallı cinayət
işində obyektiv araşdırma aparılması üçün Birləşmiş Ştatların özəl araşdırma
orqanlarına da müraciət edilib. Bir faktı da qeyd edək ki, 1 milyardlıq
korrupsiyaMoldovada minlərlə insanın korrupsiya əleyhinə təşkil edilmiş
böyük mitinqlər keçirməsinə səbəb olmuşdu.
Azər