• şənbə, 27 Aprel, 01:15
  • Baku Bakı 14°C

Moldova xəritədən silinir?

04.11.17 09:30 1042
Moldova xəritədən silinir?
Moldovada prezidentlə hökumət və parlament arasında gərginliyin gücləndiyi vaxt, başqa bir məsələ gündəmə gəlib. Kişinyovda səfərdə olan Rumıniyanın sabiq prezidenti, Moldova Vahid Milli Partiyasının fəxri sədri Trayan Besesku ölkənin Rumıniya ilə birləşməsi istiqamətində aktiv fəaliyyətə başlayıb. Moldova vətəndaşlığı olmadığından, o, Moldova Vahid Milli Partiyasının fəxri sədri seçilib, partiyanın sədri isə sabiq müdafiə naziri Anatol Şalarudu. "İki Ruminiya”nın birləşdirilməsini qarşıya məqsəd qoyan Besesku bildirib ki, Dnestryanı bölgə Rusiya, Ukrayna və ola bilsin Avropa İttifaqı ilə danışıqlarda müzakirə predmeti olacaq. Lakin xatırladıb ki, Rumıniyanın sərhədi hər zaman Dnestrdən keçib. Regionda vəziyyəti partlayış səviyyəsinə çatdırmaq imkanlarına malik Besesku moldovanlara rumın olduqlarını xatırladıb və onların vahid Rumıniyada yaşamalı olduqlarını bildirib. Onun qənaətinə görə, Moldova Respublikası anaxronizmdir və onunla gələn il, yeni parlament formalaşdıqdan sonra vidalaşmaq lazımdır.
Onun bu təşəbbüsü qızğın müzakirələrə yol açıb. Moldovanın sabiq təhlükəsizlik naziri Anatoli Pluqaru bildirib ki, hakimiyyət də ölkəni artıq gələn il Rumıniya ilə birləşdirməyi və NATO-ya daxil etməyi nəzərdə tutur. Onun sözlərinə görə, yeni seçiləcək parlament də buna səs verə bilər. Yeri gəlmişkən, gələn il Rumıniya ilə Bessarabiyanın birləşməsinin 100 ili tamam olur. 1918-ci ilin əvvəlində Sfatul Çeriy (Ölkə Şurası) - indiki Moldova və Odessanın bir hissəsi olan Bessarabiya Moldova Xalq (sonra demokratik) Respublikasını elan etdi və ardınca da, Rumıniyaya birləşdi. Bundan sonra Sfatul Çeriy öz mövcudluğunu dayandırmış oldu. Rumıniyada buna çoxdan hazırdırlar, Moldovada birləşmə tərəfdarları perspektiv üçün planlar hazırlayır, hazırkı parlament çoxluğunu və hökuməti müdafiə edirlər. Sabiq nazir Anatolu Pluqaru mediaya açıqlamasında da belə bir planın mövcud olduğunu açıqlayıb: "Rumıniyada müvafiq proqram mövcuddur və dövlət tərəfindən də dəstəklənir. Lakin bu proqram bir və yaxud iki il üçün deyil, daha uzun müddətə nəzərdə tutulub. Lakin Moldovadakı mövcud durum belədir ki, gələn il üçün birləşmə ssenarisinin reallaşmasını istisna etmək olmaz. Məsələ ondadır ki, Moldovada hakimiyyət çoxdandır ki, artıq rumınlaşıb. Hökumətdə təmsil olunan yüksək rütbəlilər və parlament sədri də rumın pasportu daşıyır. Konstitusiya Məhkəməsinin sədri isə keçmiş rumın senatorudur. Bundan başqa bir çox hakimlər Rumıniya vətəndaşıdır. Əgər gələn il Moldova parlamentində (seçkilər noyabr-dekabr aylarında keçiriləcək) səslərin çoxunu rumınpərəstlər qazansalar, onda ölkənin Rumıniya ilə birləşməsi, eləcə də, NATO-ya daxil olması reallaşa bilər”. Bununla yanaşı, o bildirib ki, ölkə əhalisi arasında Rumıniya və NATO-ya dəstək barədə fikirlər 50-nin 50-yədir. Lakin ictimai rəy əsas olmaya bilər.
Rusiyapərəst siyasətçilər çıxış yolunu Rusiya ilə yaxınlaşmaqda görürlər. Qərbpərəstlər isə bu qənaətdədirlər ki, ölkə mütləq qaydada Avropa İttifaqı və Qərbə yaxınlaşmalı, inteqrasiya etməlidir. Moskvanın bu ölkədən bir növ əl çəkdiyi və daxili işlərinə qarışmadığı, əsas diqqəti Dnestyanı bölgəyə yönəltdiyi iddia olunur. Rusiyapərəst siyasilər qeyd edirlər ki, Moskvanın fəaliyyətsizliyi, Qərbin mövqelərinin burada güclənməsinə gətirib çıxara bilər. Lakin bəziləri yaxın perspektivdə Moldovanın Rumıniyaya birləşməsini real saymırlar. Bu qənaətdə olanlar arasında Moldovanın təhlükəsizlik məsələləri üzrə İnstitutunun rəhbəri Valeri Ostalep də var. Xarici işlər nazirinin keçmiş müavini hesab edir ki, Trayan Besesku həqiqətən də Moldovada aktiv fəaliyyətə keçib və öz sıralarını birləşmə tərəfdarı olan unionistlərlə doldurmaq fikrindədir. Onun qənaətinə görə, Beseskunun partiyası seçkilərdə 6 faizlik baryeri keçməyə müvəffəq olmayacaq. Lakin istisna etmir ki, rumınpərəst partiyalar parlamentə düşsünlər. Lakin əlavə edir ki, seçki kampaniyası dövründə heç də hamı özünün siyasi orientasiyasını bəyan etməyə tələsməyəcək. Xalq onları yaxşı anlaya bilməz və effekt əks ola bilər. Məsələn, "Fəaliyyət və Həmrəylik” partiyasının lideri Mayya Sandu əvvəldən bəyan edirdi ki, Rumıniya ilə birləşməyin tərəfdarıdır, lakin son vaxtlar partiyasının seçki platformasından bu şüarı çıxarıb. Moldovalı siyasətçi bundan çıxış edərək, bu qənaətə gəlir ki, birləşmə tərəfdarı olan unionistlərin sayı azdır. Lakin sağ partiyalar bu rəqəmin 20 faiz olduğu qənaətindədirlər. V.Ostalep hesab edir ki, birləşmə məsələsi ortaya çıxsa, xalq buna qarşı etiraz edəcək. Lakin xalq, Konstitusiya Məhkəməsi moldovan dilinin rumın dili ilə əvəzlənməsi barədə qərar çıxaranda buna qarşı çıxmadı. Konstitusiyanın 13-cü maddəsinin dəyişdirilməsi barədə təklifi avropayönlü Liberal Demokratik Partiyası vermişdi. 35 millət vəkili tərəfindən imzalanmış təklifə, gələn ilin aprel ayında baxılacaq. Bu təklifin parlamentdə nə qədər dəstək qazanacağı məlum deyil. Moldovada Konstitusiya dəyişikliyinin qəbul olunması üçün 101 millət vəkilindən 67-nin və ya parlamentin üçdə ikisinin lehinə səs verməsi zəruridir. Təklifi verənlərdən Tudor Deliu məhkəmənin 31 oktyabr tarixli qərarını alqışlayıb. O deyib ki, ilk addım atılıb və tarixi ədalət bərpa olunub: "Moldova Respublikasının vətəndaşları rumın dilində danışırlar. Bunu hamı bilir. İndi isə bu, ölkə Konstitusiyasında təsbit oluncaq”. Lakin ölkənin rusiyayönlü prezidenti İqor Dodon deyib ki, bu dəyişiklik yalnız referendumla edilə bilər. O dövlət dilinin "moldovan” olaraq qalmasını istəyir. Dodon özünün "Facebook” səhifəsində yazıb ki, Moldova Respublikası əhalisinin əksəriyyəti moldovan dilində danışdığını düşünür”. Bu dəyişikliyin əleyhinə çıxış edən Sosialist Partiyasının bəyanatında deyilir ki, belə mühüm dəyişiklik Konstitusiya Məhkəməsinin ikili Rumıniya-Moldova vətəndaşlığı olan üzvləri tərəfindən qəbul edilə bilməz. Konstitusiya Məhkəməsi 2013-cü ildə Moldova Respublikasının dövlət dilinin rumın dili olduğuna dair qərar qəbul etmişdi. Moldovanın 1991-ci il müstəqillik aktında dövlət dilinin moldovan dili olduğu təsbit edilib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər