Moldova prezidenti ilk səfərini Moskvaya etdi
Gözlənildiyi kimi, Rusiyaya açıq dəstək nümayiş etdirən Moldovanın
yeni prezidenti İqor Dodon ilk xarici səfərini
məhz bu ölkəyə edib. Əvvəldən belə bir fikir var idi ki, sosialistlərin lideri
ola bilsin ki, ilk səfərini Brüsselə etsin. Lakin Dodon neçə illik ənənəni
pozaraq (ilk səfərlər Rumıniyaya edilir-müəl) ilk səfərinin məhz Moskvaya edib.
Rumıniya ilə birləşmənin qəti əleyhdarı olan Dodon həmin ideya tərəfdarlarının
ümumiyyətlə həbsini tələb edir. Rusiyaya gəldikdə, iki ölkə liderləri arasında
sonuncu geniş tərkibli görüş Moldovanın kommunist prezidenti Vladimir Voroninlə
keçmiş prezident Dmitri Medvedyev arasında 2008-ci ildə Soçidə baş tutub.
Danışıqlarda da əsas müzakirə mövzusu Dnestryanı münaqişənin həlli olub. Dodondan
əvvəlki prezident Nikolae Timofti isə ümumiyyətlə Moskvaya getməyib. O, dörd
illik prezidentliyi dövründə Putinlə cəmi bir dəfə görüşüb ki, bu da MDB dövlət
başçılarının sammitində reallaşıb.
Yeni solçu prezident isə Rusiyaya səfərindən o qədər sevincək olub
ki, sosial şəbəkələrdə Moskvada keçirəcəyi görüşlərin qrafiki barədə məlumat
verib. Dodonun siyasi karyerasının yüksəlməsində Putin mühüm rol oynayıb. O, 2014-cü
il parlament seçkilərinin təbliğat materiallarında Putinin fotolarından
istifadə edib və qələbə qazanıb. Ən maraqlısı odur ki, Dodonla Moskvaya
hökumətin heç bir üzvü - nə nazirlər, nə də müavinləri getməyib. Onu
müşavirləri və bir də Qaqauz Muxtar Vilayətini rəhbəri İrina Vlax müşayiət
edib.
Dünən rusiyalı həmkarı Vladimir Putinlə ilə keçirdiyi mətbuat
konfransında tərəflər iki ölkə arasındakı münasibətlərə qiymət veriblər. Rusiya
prezidenti bildirib ki, son illərə kimi münasibətlər elə də normal olmayıb,
lakin əlavə edib ki, Dodonun səfəri ölkələr arasında əlaqələrin inkişaf
etdirilməsində bir təkan rolunu oynamış olacaq. Onun sözlərinə görə, Moldova
Rusiya üçün regionda çox əhəmiyyətli tərəfdaşdır. İki ölkə arasında ticarət
münasibətlərinin həcminin xeyli aşağı düşdüyünü ifadə edən V.Putin son iki ildə
iki dəfə enmə nəzərə çarpdığını ifadə edib: "Sizin xarici ölkəyə ilk səfərinizi
məhz Rusiyayay etməyiniz münasibətlərin yüksələn xətlə inkişafına səbəb olacaq”.
Putinin moldov həmkarı isə ümidvardır ki, iki ölkə arasında
münasibətlər bu il yenidən strateji tərəfdaşlıq statusu alacaq. "Bu, mənim prezident
kimi ilk xarici səfərimdir. Bu səbəbdən də əksər Moldova vətəndaşları bu səfəri
yığılıb qalan problemlərin həlli baxımdan əhəmiyyətli sayırlar”, - deyə o
bildirib.
Bəlli olub ki, səfər proqramına Avrasiya İqtisadi Komissiyasının
kollegiya rəhbəri Tiqran Sarkisyanla görüş də daxildir. Bu isə Moldovanın
Avrasiya İqtisadi İttifaqına üzv olmaq istəyi kimi qiymətləndirilib.
Tərəflər arasında ən ciddi problem isə Dnestryanı münaqişədir.
İ.Dodon Moldovanın federallaşmasını prioritet sayır və bu qənaətdədir ki,
Dnestryanı bölgəyə federal status vermək gərəkdir. Bu isə Rusiyanın mövqeyinə
uyğundur. Elə Vladimir Putinin imzaladığı yeni xarici siyasət konsepsiyasında
da bu məsələ öz əksini tapıb. Ekspertlər hesab edirlər ki, Moldova
rəhbərliyində dəyişiklik münaqişənin həllinə yardımçı ola bilər. Düzdür, ölkə
parlament-üsul idarəli respublika olsa da, hər halda, prezidentin təklifləri
əhali arasında rəğbət oyada bilər.
Alman politoloq Aleksandr Rar hesab edir ki, prezidentlərin
danışıqlarının yekununda yeni "Kozak planı” işə düşə bilər. Bu plan da
Moldovanın federallaşmasını nəzərdə tutur. Moldov ekspertlər də hesab edirlər
ki, Birləşmiş Ştatlarda Donald Trampın prezident seçilməsindən sonra Dnestryanı
münaqişənin həllinə ümidlər yaranıb. "Tramp-Putin görüşü nəzərdə tutulub. Biz
orada başlıca məsələ olmasaq da, hər halda, bu məsələ gündəlikdə var. Bu,
əhəmiyyətlidir”, - deyə tanınmamış Dnestryanı bölgənin keçmiş XİN rəhbəri
Dmitri Liçkay bildirib.
Tərəflərin müzakirə edəcəyi digər məsələ Rusiyanı bürüyən moldovalı
qastarbayterlərlə bağlıdır. Moldova prezidenti Moskvada moldov əmək
miqrantlarının Rusiyaya qayıdışı ilə yanaşı, Moldova məhsullarının Rusiyaya
ixracının bərpa olunmasını müzakirə edib. Hər iki problem Moldova üçün
əhəmiyyətlidir. Məlumat üçün bildirək ki, Rusiyada 700 minə yaxın moldov
miqrant çalışır. Lakin bu problemlərin hələ uzun müddət həll olunmayacağı
bildirilir.
Rusiyalı ekspertlər isə hesab edirlər ki, Moldova prezidentinin
səfəri sadə moldovanlar arasında Rusiyaya meyli gücləndirə bilər. Bəlli olduğu
kimi, rəsmi Brüssel hələ də Moldovaya Avropa İttifaqına üzvlüklə bağlı "nə hə,
nə də yox” deyir. Bu da əhali arasında pessimizmə səbəb olur. Nəticədə də əhali
üzünü Qərbə deyil, Şərqə doğru çevirməyə məcbur olur.
Azər