• cümə, 19 Aprel, 08:45
  • Baku Bakı 13°C

Moldova inqilab təhlükəsi ilə üz-üzə

23.10.20 16:41 887
Moldova inqilab təhlükəsi ilə üz-üzə

 

Prezidentliyə namizədlər Dodonun seçki prosesindən uzaqlaşdırılmasını tələb edirlər

Postsovet məkanında ən gərgin hadisələr Cənubi Qafqazda yaşandığından digər respublikalarda baş verənlər diqqətdən kənar qalıb. Amma bu günlərdə başqa bir postsovet ölkəsi Moldovada da maraqlı proseslər yaşanmaqdadır. Burada da həyəcanlı günlər yaşana bilər. Moldova sağ partiyası PAS-ın lideri, prezidentliyə namizəd Mayya Sandu bəyan edib ki, indiki prezident İqor Dodon istefa verməli, ümumiyyətlə siyasətdən getməlidir. Bu təklifi Liberal Partiya da dəstəkləyib. Respublikada Moldovanın Rumıniya ilə birləşməsinin tərəfdarları xeyli artıb, əhval-ruhiyyə güclənib. Seçkilər noyabrın 1-də keçirilməlidir. Lakin ikinci müddətə prezident olmaq istəyən hazırkı dövlət başçısının əleyhdarları seçkiqabağı kampaniyanın gedişini dəyişmək istəyirlər. Sağ partiyalar revanş götürmək və solları, xüsusən də İqor Dodonun lideri olduğu Sosialistlər Partiyasını siyasi səhnədən sıxışdırıb çıxarmaq niyyətindədirlər. Seçkilərə 10 gün qalmış PAS Partiyasının sədri Mayya Sandunun prezidenti dərhal istefaya getməyə çağırışına Dodonun seçki qərargahından belə cavab veriblər – "biz Sandunu seçkilərə qədər dözüm göstərməyə çağırırıq. Qoy vətəndaşları özləri kimə üstünlük verdikləri və kimin Moldova siyasətindən getməli olduğunu müəyyən etsinlər”.

"Azad Vətən uğrunda” ictimai şurasının sədri İqot Tulyançev hesab edir ki, Dodonun yenidən seçilməsi çətindir: Moldova prezidentinin təbliğ etdiyi rusiyayönümlü vektorun imici əzab çəkir.

Milli telekanalların birində Mayya Sandu prezidentin ünvanına sərt və sensasion faktlar təqdim edib. O, "Dosye” mərkəzi RİSE Moldovanın təqdim etdikləri təhqiqatla bağlı bildirib ki, İqor Dodonun Kreml və Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələrini sübut edən Moldova kütləvi informasiya vasitələri dövlətin zəif olduğunu ortaya qoydu. Bu onu deməyə əsas verir ki, dövləti kənardan idarə edirlər. Dövlət institutları isə bunun qarşısını almaq iqtidarında deyil. Prezidentin mətbuat xidməti bu cür hesabatları və məqalələri yalan adlandırıb və əlavə edib ki, onların hədəfi qarşıdan gələn prezident seçkilərinə təsir etməkdir.

"Moldovanı xilas edək” hərəkatı ölkədə siyasi gərginliyin artması ilə bağlı narahatçılığını ifadə edib. Bəyanatda xüsusi əməliyyatların keçirilməsinə məsul olan şəxslərin oturub fikirləşməli olduğu tövsiyə edilib. "Infotag” portalı yazır ki, sənəd müəllifləri Moldovada Maydan ssenarisinin baş verməməsi üçün əllərindən gələni etməyə hazırdırlar. Diqqəti ona yönəldiblər ki, ölkədə baş verən bütün prosesləri Dövlət Departamenti, MKİ və nəzarətdə olan və olmayan qərb təşkilatları izləyirlər. Hərəkat Moldova sakinlərini diqqətli və ayıq-sayıq olmağa və destruktiv qüvvələrin təxribatlarına getməməyə, Ukrayna, Qırğızıstan və Belarusda yaşananların təkrarlanmamasına çağırıb.

Qeyd etmək lazımdır ki, Maydan mövzusu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin ABŞ-ın Moldovada "inqilab” törətmək ssenarisi barədə bəyanatından sonra gündəmə gəlib.

"Azad Vətən uğrunda” ictimai şurasının sədri İqor Tulyançev bildirib ki, "bu gün ölkədə vəziyyət ağırdır. Əgər kimsə Moldovada "rəngli inqilab” etmək istəyirsə, bunu heç bir çətinlik çəkmədən həyata keçirmək olar”. O, xatırladıb ki, ölkədə Rusiya kanalları əvvəlki tək, qadağa altındadır. Moldovalı siyasətçinin sözlərinə görə, Dodonun yenidən seçilməsini proqnoz etmək çətindir: "Hesab edirəm ki, o, birinci turun favoriti olacaq. İkinci tur haqqında bunu söyləmək isə çətindir. Tərəddüd edən 50 faizdir. Vəziyyəti gərginləşdirən həm də koronavirus pandemiyasıdır”. Onun sözlərinə görə, pandemiya moldovalıların Rusiya ilə münasibətlərinə də təsir edib. Tarixən moldovalılar Rusiyaya müsbət yanaşıblar. Ancaq indi vəziyyət elədir ki, rusiyapərəst vektorun imici əziyyət çəkir. Çünki hakimiyyət özünü rusiyapərəst göstərir. Moldovada Rumıniya ilə birləşmə tərəfdarları xeyli güclənib. Lakin bu ideologiya ilə yox, iqtisadiyyatla bağlıdır. Mayya Sandu hesab edir ki, Dodonun seçilməsi ölkə üçün faciəyə çevriləcək. Xanım siyasətçi vətəndaşlara 150 mln. dollar Avropa investisiyası vəd edir.

Xatırladaq ki, Sandu 2016-cı il seçkilərində 47 faiz səs toplayaraq Dodona uduzub. Dodon isə öz növbəsində Moldova məktəblərinə rus dilini bərpa edəcəyi, koronavirus pandemiyası ilə bağlı ölkəyə Rusiya vaksinini gətirəcəyini, Moskva ilə ticarət razılaşmaları imzalayacağını vəd edib. Prezidentliyə digər namizəd - Unirea hərəkatından olan Dorin Kirtoake də Rumıniya ilə birləşməyin tərəfdarıdır. O da Dodonun seçkidən uzaqlaşdırılması üçün MSK-ya müraciət edib. Onu Moldova torpaqlarını işğal edən Rusiya ilə isti münasibətlər qurmaqda ittiham edib.

Beləliklə, mövcud vəziyyət elədir ki, Dodonun bu seçkilərdə qələbəsi mümkünsüz ola bilər. Artıq ölkə əhalisi əvvəlki tək Rusiyaya rəğbət bəsləmir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər