• cümə axşamı, 28 mart, 15:46
  • Baku Bakı 16°C

Mohsin Hamid və “Qərbə çıxış” romanı

18.12.17 16:45 6910
Mohsin Hamid və “Qərbə çıxış” romanı
Mohsin Hamidin son romanı bu il "Man Booker”, "Pulitzer”, "American Critics Award” kimi mükafatların ilk və son siyahısında yer tutmaqla, yazarı yenidən diqqət mərkəzinə çəkdi. Gənc, perspektivli və uğurlu yazarın "Qərbə çıxış” ("Exit West”) romanı 2017-ci ildə demək olar ki, bütün nüfuzlu mükafatların qısa siyahısında yer almaqla yanaşı, həm də ən çox müzakirə edilən əsər oldu. Artıq "ilin ən sevilən”, "ən çox satılan” romanı başlığı ilə tərtib olunan siyahılarda adıçəkilən romana rast gəlirik.
Söhbətə başlamazdan əvvəl Hamid öz romanının təqdimatını edir: "Artıq uzaq ölkələrə açılan qapılar axtarışının çoxaldığı ilə bağlı dedi-qodular baş alıb gedirdi. Bir ölkənin ölüm tələsindən xilas olmaq istəyirdi hamı. Vətəndən xilas olmaq. Bu xilas isə başqa ölkələrə aparan qapılarda idi”. Hamidin qələmə aldığı qeyri-adi sevgi macərasından bəhs edən romanda hadisələr silahlı qüvvələrin nəzarəti altında idarə olunan adsız bir ölkədə baş verir: "Bəziləri bu qapılardan keçən adamları tanıdıqlarını iddia edirdi. İnsanlara elə gəlirdi ki, həqiqətən, xüsusi bir qapı var. Heç bir xəbərdarlıq, təsəvvür, anlayış olmadan hamı naməlum qapıları axtarırdı”.
Romanın döyünən ürəyi olan Saed və Nadianın da yolu qaçqınlıqdan keçir, onlar da bu xüsusi qapıların sorağına düşür. Minlərlə kilometr uzaqda, naməlum geoqrafik ərazidə bir ümidin arxasınca gedirlər. Bəlkə də, daha yaxşı, təhlükəsiz həyatın qapıları elə özləridir, sanki özlərinə doğru qaçırlar. Olduqca real görünən bu roman təkcə sevginin yox, itkinliyin, qlobal emiqrantlığın problemlərinin, dünya insanı olanların vətənsizliyinin, yurdsuzluğunun hekayəsidir. İçində bəlkə də, oxucular da təsdiqləyər, sanki bir az mistika da var.
"Bu qapılar onlara kimi də var idi. Eyni qapıdan keçib, biz də Pakistanın Lahor şəhərinə oradan da başqa yerlərə çıxmışıq. Evimizdən çıxıb, maşınla hava limanına, ordan təyyarəyə və uçmuşuq. Evimizi tərk edib, dünyanın başqa bir yerində yurd salmışıq. Həmçinin bizim ölkədən çıxana kimi necə gedəcəyimizi, harada qalacağımızı, prosesin necə irəliləyəcəyini əvvəlcədən öyrənmək imkanımız komputerlər, telefonlar var idi. Məsələn, siz də, mən də harasa gedəndə hətta qalacağımız yeri belə əvvəlcədən Skypeda görürük. Mən sizi, siz məni görürsünüz. Bizim yaşadığımız dünyada minlərlə kilometr uzaqda olan yerlər arasında sadəcə bir pəncərə var. Bu gün dünya əhalisinin əksəriyyəti bir yerdən başqa bir yerə rahatlıqla köçüb, məskən sala bilir. Bunda bir təhlükə yoxdur. Amma dünyanın elə yerləri də var ki, orada qalmaq da, oradan qaçmaq da sehrlidir, təsadüfə, şansa bel bağlamaqdır, ölümlə həyat arasında seçim etməkdir, hər an hər şeyin bitməsi deməkdir. Ona görə romanda bəhs etdiyimiz qapılar insanlara real gəldiyi qədər, mistik görünür. Bu təlatümlərdən qaçıb-qurtula bilənlər də uzun müddət bunun psixi, mənəvi ağırlığında əzilir”.
Hamid həyatının yarısını Lahorda yaşayıb. Həyatının önəmli addımlarını, unudulmaz anlarını isə Londonda, Nyu-Yorkda, Kaliforniyada atıb, yaşayıb. "Pərvanə dumanı” ("Moth Smoke”), "Könülsüz fundamentalist” ("The reluctant fundamentalist”) kimi romanları ilə beynəlxalq səviyyədə bestseller yazar kimi məşhurlaşıb. "Könülsüz fundamentalist”-lə Coys Karol və Toni Morrisonun tələbəsi bütün ədəbi istedadını, bacarığını nümayiş etdirir, "Man Booker” ədəbi mükafatının qısa siyahısında yer alır və adı nüfuzlu yazar cərgəsində göstərilir. "Yüksələn Asiyanın əclaf varlılardan biri olmaq” ("How to get a filthy rich in a rising Asia”) romanının 30 dilə tərcümə olunması ilə Mohsin Hamidin məşhurluğu təkcə ABŞ-ın yox, Amerika və Avropanın belə sərhədlərini aşır.
Digər əsərlərindən fərqli olaraq, "Qərbə çıxış” romanında yazıçı ilk dəfə təhkiyəçi və üçüncü qəhrəman kimi iştirak edir. Təhkiyəçi rolu oynamaqla oxucu ilə ikili, məxfi münasibət qurur. Yaşananları müəllifin dilindən eşitmək oxucuya daha inandırıcı gəlir.
"Bütün roman boyu qəhrəmanlarımı seçimlərlə üz-üzə qoydum. Yollar, yerlər, güvəniləcək insanlar – seçim etmək mümkün olan hər yerdə üçdən çox variantlar çıxardım qarşılarına. Hətta onları tamamilə bir-birinə zidd dünyaların insanları kimi təsvir etməklə bir-birlərini də özləri üçün seçim halına saldım. Bəzən mənə irad tuturlar ki, normal həyatda yaşananları daha da çətinləşdirmişəm. Amma Amerikadan Pakistana qayıdan balaca uşağın yaddaşında qalanlar burada əks olunanlardan çox-çox çətin, aşılmaz idi. Bir də bir fikrə inandırdım özümü. Nə qədər çox insan oxusa, o qədər çox insanda maraq oyatmaq idi. Bu romanda yeganə məqsədim dünyada daha çox insanın oxuyacağı bir əsər yazmaq idi. Ona görə Pakistan, Hindistan, Şimali Afrika, Ərəbistan yarımadasındakı məşhur hekayələrin bütün maraqlı cəhətlərini romanın imkanları daxilində müəyyən dərəcədə əks etdirməyə çalışdım. Əks halda bir qızla oğlanın macərasından bəhs edən "Qərbə çıxış” "Qədim zamanların birində…” cümləsi ilə başlayan nağıldan fərqlənməzdi”.
Nadianın sərhədlərə və qadağaları nəzərə almaması, ailəsinə, cəmiyyətə, qadağalara qarşı təkbaşına mübarizə aparması, hamıdan fərqlənə bilməsi, saçının yığılmasından, düşüncə, həyat tərzinə qədər hər şeyi ilə həmyaşıdlarından seçilməsi və Saedin bütün bu qəbuledilməz tərəfləri ilə mübariz Nadiaya vurulması elə lap romanın əvvəlindən qəhrəmanların artıq hamının boyun əydiyi mühitlə barışmayacağının siqnalını verir. Nadia və Saedin arasında sözsüz yaranan münasibət, qarşılıqlı cazibə olduqca səmimi, ilıq bir dillə təsvir olunur. Fərqli şəxsiyyətlərə, köklərə malik olmaları, şəhərin küçələrində nəfəs aldırmayan silahlılar, çətin həyat şərtləri onları yoldan saxlaya bilmir.
"Bəzən bizə elə gəlir ki, insanlar bir yeri tərk etmək üçün hansısa bir çətinliklə üzləşməli, sıxıntıya düşməlidirlər. Düşünürük ki, ah bəli, iqtisadi səbəblər ucbatından miqrant olmaq çox asandır. Daha yaxşı iş, daha yaxşı həyat şəraiti, daha təhlükəsiz yerdə yaşamaq naminə hər şeyi asanlıqla tərk etmək olar. Əslində isə bu bir yerdən fiziki, cismani olaraq, ayrılmaq məsələsi deyil. Dostu, həyatı, ailəni, xatirələri, köklərini unutmaqdır. Sevdiklərinlə bir yerdə olmağın verdiyi gücdən məhrum olmaqdır. Dilini unutmaqdır. Təbəssümü, sevdiyin rəngləri, musiqiləri, ənənələri tərk etməkdir. Köklərindən qopmaqdır. Neçə yüzillikdir ki, Avropaya və Amerikaya köç edənlərin böyük ümid, optimizm, həyəcanla gəldiyi düşünülür. Amma o gəlişdə bir qorxu, narahatlıq, kədər, nostalgiya, dərin bir boşluq var. Kənardan baxanlar Qərbə köçü bəxtəvər bir gələcəyi sığortalamaq fürsəti kimi görə bilər, halbuki insanlar sərhəddi birdəfəlik keçə bilmək üçün hansı çətinliklərlə üzləşirlər”.
İlk hissədə sərhəddi keçən qəhrəmanlar Yunanıstanın Mikonos şəhərinə gəlirlər. Bu şəhər bütün dünyada Şərqdən Qərbə gedən emiqrantların dayanacağı kimi məşhurlaşıb. Qaçqın düşərgələrindəki çətinliklər, mühitin yadlığı Saedlə Nadianın sevgisinə, Nadianın Saedin atasına verdiyi sözə güc gələ bilmir. Onların münasibətlərindəki dərin duyğular gündəlik qayğılara uduzmur.
"Bütün didərginlərin qapıdan sonrakı həyatı belə keçir. Günlər gözləməklə, boşa çıxan ümidlərlə, artan həsrət, ağrı, qayğılarla dolub daşır. Burada ümidi Nadianın içində cücərtdim. Hər insanın daxili verimli, bərəkətli torpaq deyil. Nadia adanı kəşf etməyə qərar verir. Ətrafındakıların içinə bir ümid, hərarət bəxş edir. Bu kitabı da mənə içində ümid bəsləməyi, ümid bəxş etməyi peşəyə çevirmiş insanların iradəsi, şövqü yazdırdı. Bu kitab əksər oxuculara emiqrantların həyatını göstərmək məqsədilə yazılsa da, köç etməyi düşünənlərə bir təsəlli mənbəyidir. Qaçqınlıq beynəlxalq insani statusdur və biz onların vəziyyətində əslində, öz həyatımızın reallıqlarını, çatışmazlığını, özümüzdə əskik olan keyfiyyətləri tapırıq”.
Söhbətləşdi: Meqan Labris
Mənbə: "Kirkus Reviews”
İngilis dilindən tərcümə edən: Baycan
banner

Oxşar Xəbərlər