• cümə axşamı, 25 aprel, 19:03
  • Baku Bakı 21°C

Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər - Tədbir

04.10.19 15:34 654
Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər - Tədbir
Ölkənin ilk mobil operatoru "Bakcell” şirkəti son yeniliklər, tətbiqlər və innovasiyalar haqqında media işçilərini məlumatlandırmaq üçün ənənəsinə uyğun olaraq 4-5 oktyabr tarixlərində seminara start verib. "Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər” adlı iki günlük seminar jurnalistləri, ölkənin aparıcı mobil internet provayderinin istifadəçilərə göstərdiyi xidmət, həyata keçirdiyi yeniliklər, görüləcək işlər və s. haqqında məlumatlarla zənginləşdirdi.
"Bakcell” şirkətinin Məhsulların idarə edilməsi üzrə şöbənin rəhbəri Cəlil Xəlilov "Telekommunikasiyada BigData nədir və son tendensiyalar” haqqında danışaraq müasir dövrdə məlumat toplusunun böyük əhəmiyyətə malik olduğunu bildirdi: "Biz inkişaf etmiş rəqəmsal dövrdə yaşayırıq. Bir çox rəqəmsal xidmətlərdən, sosial şəbəkələrdən istifadə edirik, emal edirik, ötürürük. Əldə etdiyimiz məlumatların düzgün olmasını istəyirik”. Dünyada yaradılan məlumatların sayının çox böyük – 90 faiz olduğunu bildirən C.Xəlilov həmin məlumatların Google, Amazon kimi müxtəlif nəhəng şirkətlərdə saxlandığını və internet vasitəsilə ötürüldüyünü qeyd etdi: "BigDatanın 5 önəmli faktoru və iki əsas tətbiq istiqaməti var. BigDatanın bazarı olduqca böyükdür. Son 10-15 il ərzində bazar sürətlə qalxıb. Datanın saxlanmasında şirkətlər üçün əsas önəmli olan anonimlik və təhlükəsizlikdir”. C.Xəlilov Azərbaycanda da bir necə data mərkəzinin olduğunu bildirdi: "Bunların sayı artacaq. Çünki bu mərkəzlərə ehtiyac var”.
"Mobil şəbəkənin idarə edilməsi”ndən danışan şirkətin şəbəkə problemlərinin araşdırılması və dəstək xidmətinin rəhbəri Oruc Sadıqov "Bakcell” şirkətinin öz xidmət keyfiyyətini yüksəltmək məqsədi ilə daim yeni investisiyalar yatırdığını, yeniliklər tətbiq etdiyini qeyd etdi: "Məqsəd müştəri məmnuniyyətini artırmaq və istehlakçıları sürətli internetdən istifadəyə sövq etməkdir”. Şirkət olaraq baza stansiyalarına malik olduqlarını deyən O.Sadıqov 3G və 4G baza stansiyalarının qurulduğunu və üzərində bütün texnologiyaların əks olunduğunu qeyd etdi: "Bütün respublikada 2G və 3G stansiyalarımız var, 4G bazalarını əlavə olaraq qururuq. Harda 3G şəbəkəmiz varsa, orda 4G şəbəkəmizi qurmuşuq. 3G və 4G olaraq bütün respublikanı əhatə etmişik. Hansı ərazidə ehtiyac varsa, orda qurulub. 2019-cu ildə 1024 4G baza stansiyası qurulub. Bakı-Abşeronda 200-dən, regionlarda 800-dən yuxarı 4G stansiyaları qurulub. İnsanlar artıq şəbəkəyə yatırılan investisiyaların fərqindədirlər. Hazırda ölkə üzrə 8500 baza stansiyamız var. Bu, məlumatların sürətlə izlənməsinə, proqramların yüklənməsinə, xidmətlərdən rahat şəkildə istifadəyə imkan verir. Regionlara səfərimizdə müşahidə edirik ki, insanlar sürətli internetdən istifadə etmək istəyirlər”. Həmçinin mobil rabitə şəbəkəsinə nəzarət olunur. Hər hansı bir xəta yaranarsa, dərhal operativ qrupa yönəldilir.

Şirkətin Biznesə dəstək üzrə layihə rəhbəri Nahid Şükürov "Tədbirlər və şəbəkənin hazırlığı” mövzusunda çıxış edərək qeyd etdi ki, ölkədə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin hər birinə "Bakcell” şirkəti olaraq xüsusi yanaşma var. Belə ki, böyük tədbirlərin həcminə uyğun olaraq, şirkət tədbirdən öncə işlərini təkmilləşdirir: "Hər tədbirdə mövcud kütlənin sayı adi vaxtlardakı adamların sayından bir neçə dəfə çox olur. Həmin tədbirlər üçün öncədən hazırlıqlar görülür. Keçiriləcək ərazi, istifadəçi kütləsinin sayı ilə bağlı məlumat əldə etdikdən sonra müəyyən təhlillər həyata keçirilir. Kütlənin sayını nəzərə alaraq mobil baza stansiyalarından istifadə olunur. Bu kütlənin tələblərini qarşılamağa yönəlib.
"Bakcell” şirkətinin Xidmətlər və texnologiyalar üzrə eksperti Hüseyn Ziyadov "Mobil rabitənin əsasları”ndan danışaraq mobil rabitənin ölkəmizdə təxminən keçən əsrin 90-cı illərindən fəaliyyətdə olduğunu bildirdi. Belə ki, ölkəmizə mobil operator kimi ilk olaraq "Bakcell” fəaliyyətə başlayıb.
Seminarın ikinci günü "Müştəri xidmətləri texnologiyaları: "Tendensiyalar və gizli məqamlar”, "Müştərilərlə əlaqələrin idarə edilməsi”, "Loyallıq proqramları və Bakcell Ulduzum”, "Əşyaların interneti” mövzularında məruzələr olacaq.
Seminar 5 oktyabr tarixində başa çatacaq.
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər