AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Misir vətəndaş müharibəsinin bir addımlığındadır

Misir vətəndaş müharibəsinin bir addımlığındadır

Müsahibə
04 İyul 2013, 10:44 1564
2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləri sonda qiyama, polislə qarşıdurmaya çevrildi. İlk belə qiyam dekabrın 18-də Tunisdə başladı və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi, həmçinin onun qurduğu siyasi sistemin çökməsi ilə sona çatdı. Tunis inqilabının qələbəsi digər ərəb ölkələrinə sirayət edərək Misir, Yəmən, Əlcəzair, İordaniya, Liviyada da nümayişlər dalğasına səbəb oldu. Nəticədə ardıcıllıqla bəzi ərəb ölkələrində siyasi hakimiyyət dəyişdi.

Lakin “Ərəb baharı”ndan xeyli müddət keçməsinə baxmayaraq, adıçəkilən əksər dövlətlərdə, o cümlədən Misirdə vəziyyət tam qaydasına düşməyib. Bu günlərdə isə əhali paytaxt Qahirədə yenidən nümayişlər təşkil edərək, bir müddət əvvəl seçdikləri prezidentin istefasını tələb edirlər. Yaxın Şərqdə cərəyan edən proseslərlə bağlı “Kaspi”nin suallarını Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri cavablandırır.

- “Ərəb baharı”na qədər və bundan sonra Yaxın Şərqdə cərəyan edən hadisələri necə qiymətləndirirsiniz?

- Yaxın Şərq ölkələrində baş verən hadisələr spontan olaraq ortaya çıxmamışdı. Bu, zaman-zaman yığılıb qalan mənfi enerji idi. Ona görə də çox kiçik hadisə belə, daşırıcı oldu, səbirləri tükətməyə kifayət etdi. Milyonlarla insan siyasi hakimiyyətə etiraz olaraq küçəslərə çıxdı. Belə hal sosial sistemlərin hamısında müşahidə olunur. Harada, nə zaman bu partlayışın baş verəcəyini isə əvvəlcədən proqnozlaşdırmaq olduqca çətindir. Yaxın Şərqdə, xüsusən də Ərəb ölkələrində bu prosesin nə vaxt başlayacağı barədə də müxtəlif mülahizələr var idi. Dəqiq vaxt göstərilməsə də, nəticədə bu, baş verdi. Onu da nəzərə almaq lazımdır ki, həmin hadisələr içərisində yalnız daxili deyil, xarici faktorlar da var idi. Çünki bu kimi məsələlərin içində cəmiyyətdə müəyyən toparlanma, təşkilatlanma hadisələri müşahidə edilirdi. Bu təşkilatlanmaya xarici güclərin maliyyə ayrıması da birmənalı olaraq sübut olundu. Yəni, o hadisələr sadəcə ədalətsiz idarəetmənin nəticəsi deyildi.
Lakin bu da danılmazdır ki, əmlak bölgüsündə iri həcmdə ədalətsizliyin, hüquq, azadlıq və demokratiya məsələsində böyük poblemlərin olduğu cəmiyyətlərdə adətən bu cür mənfi enerjilər toplanır. Ən nəhayət, çox kiçik bir hadisə proseslərin geniş vüsət alması üçün qığılcım rolunu oynayır. Sosial partlayışlar baş verir ki, bu da qətiyyən arzuolunan deyil. Çünki əksər hallarda bunun nəticəsi dövlətin, xalqın xeyrinə olmur. Yəni dağıdıcı bir proses gedir. Ona görə də hər bir dövlətdə, hər bir hakimiyyətdə bu yöndə zaman-zaman çox ciddi araşdırmalar aparılmalıdır. Bu, Yaxın Şərq ölkələrinə, eləcə də bütün avtoritar sistemlərə aiddir. Ona görə də hesab edirəm ki, Yaxın Şərqdə baş verənləri sadəcə xarici faktorlarla əlaqələndirmək düzgün deyil. Bütün baş verənllər onillərlə yığılıb qalan mənfi enerji idi ki, ortaya çıxdı.

- İnqilablardan gözləntilər özünü doğrultdumu?

- İnqilabdan sonra xalqın gözləntilərinin özünü doğruldub-doğrultmadığını əvvəlcədən söyləmək, münəccimlik olardı. Buna birmənalı cavab vermək doğru olmaz. Ancaq hadisələri təhlil edəndə müəyyən müsbət elementlərin olduğunu müşahidə edə bilərik. İnqilablar ən azından gələcək cəmiyyətdə bütün “daş”ların öz yerinə oturması, dinamik bir hadisənin baş verməsi üçün çox ciddi səbəb rolunu oynadı. Doğrudur, bu gün Misirdə cərəyan edən hadisələr bunun əksini sübut etməkdədir. Amma bunu yalnız ona bağlamaq lazım deyil ki, xarici güclər aranı qarışdırır və sair. Təbii ki, bu elementlər də var. Lakin nəzərə almalıyıq ki, ilk dəfə Misir toplumunda demokratik bir seçki keçirildi. Bu seçkidə “Müsəlman Qardaşları”n namizədi çox cüzi – 1 faiz səs çoxluğu ilə qalib gəldi. Həmin hadisə demokratik seçkinin Misir timsalında görüntüsü, təməl daşı idi. Yəni, demokratik yolla seçilmiş prezident Məhəmməd Mürsi hakimiyyətinin idarəetmədə yol verdiyi bütün yanlışlıqlara rəğmən, orada müsbət elementlər də var. Onların hakimiyyətdə qalıb-qalmaması nəzərə alınmadan müsbət məqamlar var. Hesab edirəm ki, bu “toxum” gələcəkdə “cücərəcək”. Ancaq Misirdəki son qarşıdurmalar da elə-belə ortaya çıxmayıb. Məhəmməd Mürsi hakimiyyəti tərəfindən çox yanlış idarəetmə sisteminin tətbiqi, səhv qərarlar toplumda ciddi qütbləşmə yaratdı. Bu da ona gətirib çıxardı ki, hətta vaxtıilə Mursiyə səs verən elektoratın müəyyən hissəsi də qarşı tərəfə keçdi, hakimiyyətdən narazı kütləyə qoşuldu. Bütün bunlar isə Misirdə yenidən inqilabi situasiyanın yaranmasına səbəb oldu. Belə vəziyyətdən istifadə edən hərbiçilər yenidən hakimiyyətə nəzarəti ələ keçirə bilərlər ki, bu da hərbi xunta sisteminin bərpası deməkdir. Belə vəziyyət ölkənin gələcək inkişaf perspektivinin, azadlıqların, demokratiyanın qarşısını alır. O baxımdan inqilabın nəticələrinə birmənalı olaraq, “pis” və ya “yaxşı” demək olmaz. Sadəcə gələcək inkişafın, gələcək “daş”ların yerinə oturması üçün çox ciddi səbəb oldu inqilab. Məhəmməd Mürsi hakimiyyəti gedə, onun yerinə başqası gələ də bilər. Əsas məsələ budur ki, Misirdə ilk dəfə olaraq, xalq demokratiyanı “dada” bildi, gördü ki, demokratik seçki yolu ilə hakimiyyəti formalaşdırmaq olar. Bundan sonra bu azadlığı, bu demokratiyanı Misir xalqının əlindən almaq çox çətin olacaq.

- Sizin də qeyd etdiyiniz kimi, Misir prezidenti Hüsnü Mübarək devrildikdən sonra xalq demokratik yolla Məhəmməd Mürsini özünə dövlət başçısı seçdi. Lakin hazırda Misir xalqı onun da istefasını tələb edir. Sizcə, əhalinin yenidən küçələrə çıxıb siyasi hakimiyyətə etiraz nümayiş etdirməsinə səbəb, sadəcə yanlış idarəetmə sisteminin tətbiqi və səhv qərarların qəbul edilməsidir?

- İnqilabi situasiyalardan xalqın gözləntiləri hər zaman çox böyük olur. Sadə insanlar hesab edirlər ki, çox az bir müddətdə həmin dövlətdə olan bütün problemlər ildırım sürəti ilə həll olunacaq. Ancaq sosial, siyasi, iqtisadi sistemlərdə, bilirsiniz ki, məsələlər bu cür həll olunmur. Bütün proseslər çox tədrici baş verir. Bu zaman isə xalqın gözləməyə səbri olmur. İkincisi, idarəetmənin özündə də çox böyük yanlışlıqlar oldu. Xüsusilə siyasi sistemdə, dövlətdə müəyyən postlara təyinatlarda böyük qüsurlar oldu. Bununla yanaşı, Mursi hakimiyyəti nədənsə hesab etdi ki, bu hakimiyyət xalqdan o boyda dəstək alıb ki, hətta xalqın ictimai rəyini belə nəzərə almadan bəzi strateji qərarlar qəbul etmək olar. Belə siyasət yürütməkdə ikən, az müddətdən sonra xalqı öz qarşılarında görəndə çaşdılar. Mənə elə gəlir ki, demokratik yolla hakimiyyətə gələn bir hakimiyyət ictimai rəyi hər halda nəzərə almalı, gedən prosesləri izləməli idi. Xüsusilə onların islahat yönündə atddığı addımlar tədrici, düşünülmüş, lakonik olmalı idi. Ancaq bunu biz Misirdə görmədik. Xarici siyasətdə də çox ciddi mənada bəzi yanlışlıqlar oldu. Fikir verdinizsə, hətta ilk dövrlərdə ABŞ da Yaxın Şərqdə gedən proseslərdə Misir dövlətini Türkiyəyə rəğmən daha çox qabartmaq istədi. Ancaq o boyda böyüklüyünə rəğmən, Misir dövləti və yeni hakimiyyət bu statusda çıxış edə bilmədi. Yəni bu rolu oynaya bilmədi. Bu gün ABŞ dövləti də hiss etdi ki, Mursi hakimiyyəti Qərbin istədiyi hakimiyyət deyil. Ona görə də fikir verirsinizsə, bu ictimai hakimiyyətlə ictimaiyyət arasındakı qarşıdurmada artıq ABŞ yenidən xalqdan yana qərar qəbul edir. Bu, Misir xalqını ABŞ-ın sevdiyindən doğmur. Hazırda ABŞ dövləti Yaxın Şərqdə gedən proseslər fonunda Mursi hakimiyyətinin apardığı siyasəti öz maraqlarına uyğun saymadığı üçün belə edir. Məhz ona görə prezident Barak Obama Misir dövlət başçısı Məhəmməd Mursidən hakimiyyəti təhvil verməyi xahiş edir. Məsələnin mahiyyətində duran budur.

- O zaman belə söyləmək olarmı ki, Qahiərədə və digər şəhərlərdə təşkil edilən etiraz aksiyalarında xarici qüvvələrin, xüsusən də ABŞ-ın rolu var?

- Təbi ki. Buna qətiyyən şübhəniz olmasın. Bayaq qeyd etdiyim kimi, ABŞ-ın Misir prezidentindən gözləntiləri özünü doğrulmadı. Vaşinqton Misirdə hakimiyyətin dəyişməsi ilə stabil və strateji müttəfiqi olan İsrailin təhlükəsizliyinin təminatını istəyirdi. Ancaq bu olmadı. “Müsəlman qardaşları”nın və Mursi hakimiyyətinin yeritdiyi siyasət tamamilə İsrailin əleyhinə bir vəziyyət yaratdı. Bu da gələcəkdə çox böyük təhlükələr vəd edir. Təsəvvür edin ki, Yaxın Şərqdə yalnız və yalnız İsrail düşmən İslam dövlətlərinin çevrəsində tək qalmış olur. Nəzərə alsaq ki, Ankara ilə Təl-Əviv arasındakı münasibətlər də gərgin müstəvidə davam edir, bu, İsrailin gələcək perspektivinə çox böyük şübhələr, eyni zamanda təhlükələr yaradırdı. O baxımdan mənə elə gəlir ki, burada xarici faktorların rolu çox böyükdür, xüsusilə də ABŞ-ın və İsrailin. Onu da nəzərə alın ki, Misir toplumu yeknəsəq deyil. Misirdə xristian və digər dinlərə mənsub milyonlarla insan yaşayır. Bu insanları yenidən küçələrə çıxarmaq üçün çox ciddi mənada potensial var. Digər tərəfdən, siz Mübarək hakimiyyətinin dəstəkçilərini də bunun üstünə gəlin, həmçinin zamanında Mursi hakimiyyətinə səs verib sonradan ondan gözləntiləri ala bilməyən müəyyən narazı elektoratı da nəzərə alın. Bu zaman insanların sayına, camaatın səviyyəsinə baxıb da söylədiklərimizi aydın sezmək olar.

- Belə fikirlər də səsləndirilir ki, Misirin xaosa sürüklənməsində Suriya və İranın da barmağı var. Bu iddialar nə dərəcədə doğrudur?

- Ümumiyyətlə, Yaxın Şərqdə, xüsusilə də bu prosesə təsiri ola bilən ölkələrdə ictimai-siyasi vəziyyətin gərginləşməsi hazırda Suriyada hakimiyyətdə olan Bəşər Əsəd rejiminin tamamilə marağındadır. Ancaq bu, təkcə Əsəd rejiminin istəyi ilə bağlı olan məsələ deyil. Çünki Suriya rejimi o qüdrətdə, o gücdə deyil. Burada Suriyanın adı çəkiləndə, siz dərhal İranı da nəzərə alın. İranın da burada çox ciddi mənada müdaxiləsi və maliyyə yardımları var. Misirdəki hadisələrlə yanaşı, Türkiyədəki prolsesləri də yada salın. Bütün bu hadisələr Suriyadan diqqəti yayındırmaq üçün əla vasitədir. Bunu mütləq mənada nəzərə almaq lazımdır.

- Misirdə də Suriyadakı kimi vətəndaş müharibəsi başlaya bilərmi?

- Təbii ki, bu hər an gözlənilə bilər. Çünki artıq bir nçə dəfə indiki prezidentə dəstək aksiyaları da olub. Məhəmməd Mursi dəstəkçiləri küçəyə çıxıblar. Bu, qarşılıqlı olaraq elektoratlar arasında ciddi qarşıdurmaya, kütləvi ölüm hadisələrinə gətirə bilər. Necə ki artıq mətbuatda yayılan məlumatlardan aydın olur ki, Qahirə Universiteti yaxınlığında Misir prezidenti Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında baş vermiş toqquşmalarda 16 nəfər ölüb, 200-dək insan yaralanıb. Bundan əvvəlki toqquşmalarda isə 7 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilirdi. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Misir vətəndaş müharibəsinin bir addımlığındadır. İnanıram ki, Mursi hakimiyyəti bunu başa düşüb özündə istefaya getməyə güc tapacaq. Çünki özünə əmin hakimiyyət hər bir halda yenidən seçkiyə gedə bilər. “Müsəlman qardaşları” da yenidən öz namizədini verib qələbə çalarsa, növbəti dəfə cəmiyyətə göstərər ki, həqiqətən də toplumda onların ciddi siyasi dəstəyi var.

- Misirdəki proseslərin hansı sonluqla başa çatacağını proqnozlaşdırırsınız?

- Mənə elə gəlir ki, qlobal güclər mənasında, Qahirə və digər şəhərlərdəki etiraz aksiyalarını idarə edənlər, sadəcə danışıqlarda müəyyən razılığa gəlmək üçün bu prosesi başlatmayıblar. Məhəmməd Mursi hakimiyyətinin getməsi o qədər də çox zaman almayacaq. Yeni seçkilər keçiriləcək. Hər bir halda seçki keçirilərsə və yeni bir hökumət formalaşarsa, hərbçilərin hakimiyyəti ələ almasından qat-qat yaxşıdır. Hesab edirəm ki, ictimaiyyətlə, narazı elektoratla Mursi hakimiyyətinin anlaşması çox çətin olacaq. Çünki vəziyyət çox problemli görünür. Son məlumata görə, artıq çoxmilyonlu etirazlardan sonra 10 nazir, 8 deputat istefa verib. Xüsusilə hökumətin içərisindəki bu cür istefaları nəzərə alsaq, prosesi başladanların çox ciddi qüvvələr olduğu dərhal aydınlaşır. Ona görə də bu prosesin öz məntiqi sonlduğuna çatacağını düşünürəm.

Rufik İSMAYILOV