Misir Mədəniyyət günü keçirilib

Misir Mədəniyyət günü keçirilib

Təfsilat
12 Yanvar 2017, 17:52 1112
Xəzər Universitetinin Dünya Məktəbində  Misir Mədəniyyət günü keçirilib. "Elçi daşı” layihəsi çərçivəsində həyata keçirilən tədbirin məqsədi Azərbaycandakı  səfirliklər, xarici ölkələrin mədəniyyət mərkəzləri ilə bərabər əməkdaşlıq etmək, şagirdləri ölkələrlə daha yaxından tanış etməkdir.
Tədbirdə Misirin Azərbaycandakı Fövqəladə və səfiri Suzan Cəmil, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, İordaniyanın, Sudanın  səfirləri və Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Əlcairin və digər ərəb ölkələrinin səfirliklərinin nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, professor Nizami Cəfərov, Xəzər Universiteti və Dünya məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı və digər şəxslər iştirak ediblər. Çıxışlarda Azərbaycanla Misirin müştərək mədəni bağlarından, dost ölkə olaraq münasibətlərindən söz açılıb. Çoxlu sayda qonaqların və media mənsublarının iştirak etdiyi tədbirdə qədim ərəb əfsanəsi "Leyli və Məcnun”un klassik ədəbiyyatımızda özünəməxsus yerindən bəhs edilib. Şagirdlərin ifasında Məhəmməd Füzulinin "Leyli və Məcnun” poemasından səhnələşdirilmiş parça hər kəsdə maraq yaradıb. Eyni zamanda, "Misir şagirdlərin gözü ilə” başlığı altında uşaqların rəsm əsərləri və inşa yazılarından ibarət sərgi, Misir haqqında təsəvvürləri genişləndirən eksponatlardan ibarət sərgi də yüksək dəyərləndirilib.