MirHəsən Seyidov: Dövlət Bayrağının asılması aksiyası geniş vüsət alır
"İrəli”
İctimai Birliyinin sədri MirHəsən Seyidov Birlik tərəfindən Dövlət Bayraq Gününə
həsr olunan "Üçrəngli Bayrağın Kölgəsində Mən” milli vətənpərvərlik
aksiyası haqqında fikirlərini bildirib. MirHəsən
Seyidov ölkədə ciddi rezonans doğuran bayraq təşəbbüsü ilə bağlı qeyd edib
ki, aksiyanın uğurla davam etməsi ölkədə
vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir: "2014-cu ildə "İrəli” İB-nin təşəbbüsü ilə dahi
şairimiz Bəxtiyar Vahabzadənin "Bayraq" şeirinin geniş vüsət alaraq
Azərbaycan ictimaiyyətinə təqdimatının hazırlanması, "Bayraq" əsərinin
məşhurların ifasında səslənməsi ilə aksiyaya start verdik. 2016-ci ildə Azərbaycan
ordusunun, gəncinin Aprel döyüşlərinin
şanlı qələbəsinə ölkəmizdə həmrəylik nümayiş etdirmək məqsədi ilə
"Eyvanlara bayraq asaq" aksiyasına başladıq. Beləliklə, zəfər
sorağımız olan şanlı bayrağımızın eyvanlarda asılması ölkəmizdə daha da geniş
vüsət almağa başladı”.
"Sovet
ittifaqının hələ mövcudluğunu saxladığı dövrdə üçrəngli bayrağımız Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinə gətirilib, muxtar
respublikanın bayrağı kimi təsdiqlənib. Bu, Azərbaycan xalqının azadlıq ruhunu
daha da qüvvətləndirib və müstəqilliyimizin bərpasında önəmli rol oynayıb.
Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər
zaman bildirir ki, gənclər vətənpərvər ruhda yetişməlidir. 2019-cu il Prezident İlham Əliyevin gənclərlə görüşündə
vətənpərvərlik, milli ruh fikirlərinə əsaslanaraq, İRƏLİ illərdir başlayan bu ənənəni
davam etdirərək, Azərbaycanı "Üçrəngli bayrağın kölgəsində"
toplamağa başladı. Artıq 26 oktyabr tarixindən etibarən davam edən aksiyamızda
#BayraqMenliyimdir adı ilə yüzlərlə gənc, "İrəli" İctimai Birliyinin üzvləri
ilə yanaşı, nazirliklər, ali təhsil ocaqları, peşə təhsili müəssisələri,
olimpiya idman kompleksləri, gənclər və idman idarələri, gənclər təşkilatları,
gənclər evi və mərkəzləri, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları,
müxtəlif idman federasiyaları, mətbuat orqanları və digər dövlət və özəl
qurumlar aksiyaya öz dəstəklərini göstəriblər”-deyə, sədr bildirib.
MirHəsən
Seyidov onu da qeyd edib ki, Azərbaycan gənci hər zaman vətənpərvər ruhda,
torpağına, bayrağına bağlı olmalıdır. Biz də hər zaman bu mənəvi dəyərlərin
inkişafı üçün çalışırıq. Bu bizim ümummilli məsələmizdir. Mübarizə əzmimizin ən
bariz nümunəsidir. Üzərində yüzlərlə şəhid qanı, qazi şücaəti daşıyır bu
bayraq. Məhz bu səbəbdən səsimizə səs verib, şanlı bayrağımızı eyvanlarında
dalğalandıran bütün şəxslərə təşəkkür edirəm.