• cümə, 19 Aprel, 12:59
  • Baku Bakı 25°C

Minsk qrupunun həmsədrləri təəssüflənməkdə davam edir

18.06.13 18:01 1903
Minsk qrupunun həmsədrləri təəssüflənməkdə davam edir
Şimali İrlandiyanın Lox Ern turizm zonasında “Böyük səkkizlər”in (G8) sammiti baş tutub.
Əvvəlcədən gözlənildiyi kimi, Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yekun bəyanat imzalayıblar. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ münaqişə tərəflərinin danışıqlar prosesi zamanı problemin həlli yolunu tapa bilmədiyinə görə dərin təəssüf hissi keçirirlər.
Prezidentlər Vladimir Putin, Barak Obama və Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatında bildirilir: “Biz tərəflərin danışıqlar prosesi zamanı qarşılıqlı maraqlara əsaslanan qərar tapmaq əvəzinə, birtərəfli fayda əldə etmək cəhdlərini davam etdirmələrindən dərin təəssüf hissi keçiririk. Əminik ki, hərtərəfli sülh nizamlanmasına aparan balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasında sonrakı ləngimə qəbuledilməzdir və Ermənistan və Azərbaycan liderlərini yenilənən enerji ilə əsas diqqəti hələ də açıq qalan məsələlərin həllinə yönəltməyə çağırırıq”. Prezidentlər əmin olduqlarını bildiriblər ki, son dörd il ərzində bu məsələ ilə bağlı onlar tərəfindən verilən bəyanatlar “Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı nizamlanması üçün əsas olmalıdır".
Üç ölkənin liderlərinin fikrincə, “bu vəziyyətə vahid məqsədlə baxmaq lazımdır. Çünki onlardan birini digərindən üstün tutmaq üçün istənilən cəhd balanslaşdırılmış həllin qəbulu imkanını istisna edir. Biz bütün tərəflərin rəhbərlərini, xüsusilə də güc tətbiq etməmə və ya güc tətbiqi təhlükəsi, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratını təyin etmə hüququ prinsipləri daxil olmaqla, Helsinki prinsiplərinə bir daha sadiq olduqlarını təsdiqləməyə çağırırıq”.
Dağlıq Qarabağla yanaşı, sammitdə əsas məsələ Suriya olub. Lakin “G8”ə daxil olan ölkə liderləri Suriyada qurulması düşünülən keçid hökuməti ilə bağlı razılığa gələ bilməyiblər. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Agentliyə məlumat verən mənbə bildirib ki, Rusiya ilə digər 7 dövlətin mövqeyi fərqlənir. Danışıqların yekunları üzrə mətbuat konfransı zamanı Vladimir Putin və David Kemeron Suriya olaylarını müxtəlif cür qiymətləndiriblər. Qeyd edək ki, Moskva Suriya hökumətini dəstəkləyir və bazar günü üsyançıların silahlandırılmasının təhlükəsi barədə xəbərdarlıq edib. Rusiya prezidenti Vladimir Putin deyib ki, həm Suriya hökumətinin, həm də üsyançıların “əlləri qan içindədir” və “Suriyanın qanuni hökumətinə” silah göndərən Rusiya heç bir qanunu pozmur. Əsasən Suriya məsələsinin müzakirə edildiyi görüşdən sonra birgə mətbuat konfransı keçirən dövlət başçılarının media qarşısında mübahisə etməsi danışıqların soyuq keçdiyindən xəbər verib. Liderlərin heç bir protokol qaydalarına uyğunlaşmayan dialoqu jurnalistləri də təəccübləndirib. İngiltərə baş nazirinin Suriya problemi ilə bağlı sərt tonda ünvanladığı “düşmənləri öldürməklə kifayətlənməyib, canavarlıq edən insanlarımı silahlandırdız” sualı Putini çaşdırıb. Eyni tonla Amerikanının Suriya müxalifətini silahlandırmasını xatırladan Putin, düşmənlərini öldürməklə kifayətlənməyib canavarlıq edən şəxslərin dəstəyə ehtiyacı olmadığını deyib. “Siz o adamları silahla təchiz etmək istəyirsiniz? Belə olan halda, çətin ki, bu, yüz illərlə Avropada elə qiymətləndirilən humanist dəyərlərə uyğun olsun. Hər halda, bizim üçün Rusiyada bunu təsəvvür etmək çətindir” - deyə Rusiya prezidenti bəyan edib.
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama da mətbuata açıqlama veriblər. Obama rusiyalı həmkarının idmanda çox irəli getdiyini deyib. “Biz həm də Putinin cüdo sahəsində əldə etdiyi irəliləyişlərdən danışdıq. Elə özümün də basketbolda getdikcə, zəiflədiyimi qeyd etdim” - deyə Barak Obama bildirib. V. Putin isə deyib ki, Obama özünün zəiflədiyini deməklə, əslidə onu zəiflətmək istəyir. Daha sonra hər iki lider bildirib ki, yaş artdıqca, artıq yükün öhdəsindən gəlmək çətinləşir. ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putinin görüşündən sonra Rusiya dövlət başçısı bildirib ki, iki ölkə Soçi Olimpiya Oyunlarının təhlükəsizliyinin təminatı üçün birgə işləyəcək. ABŞ-la Rusiyanın terrora qarşı mübarizədə birgə fəaliyyəti bu mühüm tədbir üçün xüsusi önəm kəsb edir. "Terrora qarşı mübarizədə fəaliyyətin gücləndirilməsi, eyni zamanda, Olimpiya oyunları ilə bağlı təhlükəsizlik tədbirləri haqqında müzakirələr apardıq" - deyə Putin əlavə edib.
Sammit ərəfəsində qalmaqal da yaşanıb. Belə ki, 2009-cu ildə Londonda keçirilmiş “G20” sammitində xarici nümayəndə heyətlərinin danışıqları və kompyuter yazışmalarının izlənilməsi barədə iddialar dramatik qalmaqala səbəb olub. Kompyuterləri və telefon danışıqları izlənilmiş nümayəndə heyətləri arasında İngiltərənin “Guardian” qəzetinin məlumatına görə, Türkiyə ilə yanaşı eləcə də Rusiya və Cənubi Afrika Respublikası da olublar. “Guardian” qəzetində o cümlədən Türkiyənin Maliyyə naziri Mehmet Şimşəyin telefon danışığının İngilis kəşfiyyatı tərəfindən dinlənildiyi iddia edilib. Türkiyə rəsmiləri məsələ ilə bağlı Britaniya hökumətindən izahat tələb ediblər. “Guardian”ın sensasiyalı xəbəri Şimali İrlandiyada sammit işini başlayan günə təsadüf edib. G8 sammitində iştirak edən Britaniyanın Baş naziri David Cameron bu olayları şərh etməkdən imtina edərək, kəşfiyyat mövzusu ilə bağlı ümumiyyətlə şərh vermədiyini qeyd edib.
Qəzet bu məlumatı ABŞ MKİ keçmiş əməkdaşı Edvard Snovdenə istinadən yazıb. Xəbərə görə, 2009-cu il G20 sammitində iştirak etmək üçün İngiltərəyə səfər edən Türkiyə nazirin telefon danışıqları və nümayəndə heyəti üzvlərinin kompyuterlərinə ingilis kəşfiyyatı nəzarət edərək Türkiyənin məxfi səciyyəli məlumatlarını öyrənməyə cəhd edilib. Türkiyənin Xarici İşlər Nazirliyi bu qəbildən olan məlumatlarla bağlı rəsmi Londona öz narahatlığını bildirməklə yanaşı Britaniya hökumətindən məsələni təcili qaydada araşdırmağı və izahat verməyi tələb edib. Cənubi Afrika rəsmiləri də Britaniyadan qalmaqalla bağlı izahat tələb ediblər. CAR hökumətinin bəyanatında bildirilir ki, "özlərini demokrat kimi qələmə verənlər tərəfindən vətəndaşların əsas insan hüquqlarını, o cümlədən məxfilik hüququnun pozulması pislənməlidir”. Rusiya Dumasında Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov isə öz “Tvitter” səhifəsində baş vermiş olayı “qalmaqal" sözü ilə səciyyələndirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər