• cümə, 19 Aprel, 10:34
  • Baku Bakı 13°C

Minsk qrupunun həmsədrləri niyə gəlib, nə etdilər?

22.06.17 09:30 1472
Minsk qrupunun həmsədrləri niyə gəlib, nə etdilər?
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfər etdilər. Vasitəçilərin bu səfərinin məqsədi münaqişə tərəflərini biri-birinə yaxınlaşdırmaq, problemin həllinə nail olmaq olsa da, nəticə hər kəsə bəllidir. Yəni, həmsədrlərin səfəri həmişəki kimi yalnız bəyanat verməklə başa çatdı.

Minsk qrupu həmsədrlərinin səfərindən öncə bir çox ekspertlər bu "ziyarətin” də nəticəsiz qalacağını bəyan etmişdilər. Çünki son 24 ildə vasitəçilər nə işğalçını tanıda biliblər, nə də işğala məruz qalan tərəfin torpaqlarının azad olunmasına nail olublar. Ümumilikdə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri nə ilə yadda qaldı, yekun olaraq nəyi dəyərləndirmək mümkündür?

Mövzu ilə bağlı politoloq Natiq Miri "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, ATƏT Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin yekunlarını qiymətləndirərkən bu səfərin səbəbini aydınlaşdırmaq lazımdır: "Səfər öncəsi həmsədrlər bəyan etdilər ki, mövcud vəziyyəti öyrənmək üçün regiona gəlirlər. 24 ildən sonra ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin bu nəticəyə gəlməsi bilavasitə göstərir ki, bu qurum heç bir işlə məşğul deyil. Sadəcə protokol xatirinə və ATƏT-dən ayrılmış maliyyəni bir növ mənimsəmək üçün regiona səfər edirlər. Çünki bu səfər çərçivəsində konkret heç bir təkliflər ortaya qoyulmadı. Həmçinin aprel döyüşlərindən sonra substantiv danışıqları birmənalı sabotaj edən tərəf Ermənistandır. Bu yöndə Ermənistana nəinki Rusiya tərəfindən, digər həmsədr dövlətlər tərəfindən də hər hansı bir təzyiqlər olunmur. Bu gün sülh masası arxasında danışıqlar predmetinə Ermənistan heç cür ciddi yanaşmır. Belə olan təqdirdə, bu səfərin hansı nəticələri ola bilərdi? Düşünürəm ki, həmsədrlərin bu səfəri yalnız atəşkəsin qorunması və status-kvonun davam etməsinə hədəflənib”.
N.Mirinin sözlərinə görə, ola bilsin ki, yaxın müddətdə bu çərçivədə münaqişə tərəflərinin xarici işlər nazirləri səviyyəsində görüş təşkil olunsun: "Bununla da ATƏT-in Minsk qrupu həmsədr dövlətləri öz işlərini müəyyən müddətlik bitmiş hesab edəcəklər. Ancaq Azərbaycan dövləti bununla razılaşmalı deyil. Düşünürəm ki, 24 il bizim üçün yaradılan prosesin arxasınca sürünməyimiz yetər. Bundan sonra Azərbaycan özü proses yaratmalıdır. Həm Ermənistan, həm də həmsədr dövlətlər Azərbaycanın yaratdığı prosesin arxasınca gəlsinlər. Bundan ötrü nə etmək lazımdır? Təbii ki, həm siyasi, həm də hərbi yöndə fəaliyyət lazımdır. Yəni, bir tərəfdən diplomatik danışıqlar aparılarkən, o biri tərəfdən lokal da olsa, hərbi əməliyyatlar həyata keçirilməli və bir çox strateji obyektlər, mövqelər tədricən azad olunmalıdır. Belə olduğu təqdirdə, Ermənistanı çox asanlıqla sülh masası ətrafına gətirmək mümkün olacaq. Yoxsa biz bundan sonra da 24 il ATƏT-in bizim üçün qurduğu və planlaşdırdığı bu prosesin arxasınca sürünməli olacağıq”.
Politoloq Qabil Hüseynli bildirdi ki, həmsədrlərin bu səfərini nəticəsiz adlandırmaq olar: "Çünki onlar sanki bir turist səfəri kimi İrəvana getdilər, oradan da Bakıya gəldilər. Məsələ burasındadır ki, həmsədrlər bəlli stereotiplərdən heç cür xilas ola bilmirlər. Bu da ondan ibarətdir ki, onlar regionda baş verən hadisənin məğzini özündə ifadə edə biləcək siyasi dəyərləndirmə verə bilmirlər. Yəni işğaldan danışırlar, amma işğalçı kimdir - onun adını çəkmirlər. İşğal edilmiş ərazilərdən danışırlar, bu torpaqların kimə məxsus olduğunu deməyə cəsarətləri çatmır. Həmsədrlər çətinə düşəndə isə, kimin işğalçı, kimin işğala məruz qalan olmasının aydınlaşdırılmasını tarixçilərin üzərinə atırlar. Bu, daş dövründə baş vermiş hadisə deyil ki, onu tarixçilər araşdırsınlar. Qarabağ münaqişəsi yaxın illərin hadisəsidir və uzağı, 25-30 illik tarixi var. Hadisəni həll etmək istəyiriksə, onu doğuran səbəbləri düzgün bilməyik. Ermənistan Azərbaycana hücum edərək, 20 faiz torpağını qəsb edib. Bunun nəticəsində Xocalı, Qaradağlı, Bağanis-Ayrım soyqırımıları baş verib. 1 milyondan artıq insan doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu faktlar nəzər alınmayacaqsa, biz məsələni nə cür obyektiv həll edə bilərik? Məsələyə siyasi qiymət verilməlidir ki, qəsbkarlıq həyata keçirilib və bunu da Ermənistan edib. Bu ölkənin təcavüzkar olması vurğulanmalıdır və Ermənistana qarşı siyasi, iqtisadi sanksiyalar tətbiq edilməlidir. Həmsədrlər Ermənistanla elə danışırlar ki, sanki o bir mələkdir. Əlbəttə, ikili standartlar var, amma bu o demək deyil ki, həqiqətləri danmaq lazımdır”.

Q.Hüseynlinin fikrincə, həmsədrlər bu məsələdə status-kvonun dəyişməsini istəmirlər: "Əgər həmsədr dövlətlər bu problemin həllini istəsəydilər, onda beynəlxalq ictimai rəydə məsələnin həqiqi mənzərəsinin formalaşmasına dəstək verməliydilər. Bundan sonra məsələ həll edilməlidir. Qarabağ məsələsində az-çox fəal görünən amerikalı həmsədrdir. Fransa və Rusiya həmsədrləri yenə də hər şeyi "malalamaqla” məşğuldurlar. Bu isə həmsədrlik missiyasına tamamilə ziddir”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər