Minsk qrupu tərəfindən Ermənistana təzyiq daha da güclənməlidir
İmperialist dövlətlər tərəfindən tarixi Azərbaycan
torpaqlarına köçürülən ermənilər zamanla özlərini bu ərazilərin sahibi kimi
aparmağa, dənizdən-dənizə uydurma "böyük Ermənistan” xüylasına qapılmağa
başlayıblar. 1988-ci ildən etibarən azərbaycanlıların Ermənistandan
deportasiyası, Azərbaycanın Dağlıq Qarabağ ərazisində baş qaldıran erməni
separatçılığı, ardınca başladılan müharibə də bu amala xidmət edib. 1994-cü ilə
qədər davam edən müharibə nəticəsində Ermənistan silahlı birləşmələri Dağlıq
Qarabağı, həmçinin 7 inzibati rayon da daxil olmaqla, ümumilikdə Azərbaycanın
20 faiz ərazisini işğal edib, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi
köçkünə çevrilməsinə səbəb olublar. İşğalçı Ermənistan beynəlxalq qurumların çağırışlarına,
beynəlxalq hüququn prinsiplərinə əhəmiyyət vermir.
İndiyə qədər münaqişənin həlli məqsədilə prezidentlər
səviyyəsində keçirilən bütün görüşlərdə Ermənistan tərəfi qeyri-konstruktivlik
nümayiş etdirib, əsassız tələblər irəli sürməklə həm işğalçı siyasətindən əl çəkmədiyini
büruzə verib, həm də münaqişənin həllini yubadıb. İşğalçı dövlətin başçısı Serj
Sarkisyan danışıqlar prosesində küncə sıxıldığını hiss edən kimi hər hansı
vasitə ilə cəbhə xəttində təxribatlar törətməyə, bununla da vəziyyəti gərginləşdirməyə
can atıb. Sonuncu dəfə ötən ilin aprel ayında Ermənistan silahlı birləşmələri tərəfindən
növbəti təxribatın törədilməsinə cəhd, Azərbaycan ordusunun buna layiqli cavab
verməsi, nəticədə 4 gün ərzində şiddətli döyüşlərin getməsi buna daha bir nümunədir.
Həmin döyüşlərdə Silahlı Qüvvələrimizin ön cəbhədəki
kiçik bölməsi əks hücuma keçərək düşmənə sarsıdıcı zərbə vurub, işğal altında
saxlanılan bir neçə strateji yüksəkliyi və əraziləri azad edib. Bununla
dünyaya, o cümlədən münaqişənin həlli ilə məşğul olan həmsədr dövlətlərə, xüsusən
də işğalçı Ermənistana əyani sübut olunub ki, sülh danışıqları nəticə vermədiyi
halda Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə tam qadirdir. Məhz
aprel döyüşlərindən sonra Dağlıq Qarabağ probleminin "dondurulmuş münaqişə”
olmadığı diqqət mərkəzinə gəldi, danışıqların intensivləşdirilməsi, ərazi bütövlüyünün
dəstəklənməsi, sülh prosesinin başlanması üçün ilkin mərhələdə 5 rayonun azad
edilməsi barədə çağırışlar olub. Prezidentİlham Əliyev Nazirlər
Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün bunlar barədə
bir daha söhbət açıb. O, ilin əvvəlindən beynəlxalq fəaliyyətin çox uğurlu
olduğunu, birinci rübdə 7 xarici səfər etdiyini dilə gətirib. Bu səfərlərin çox
böyük əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı bildirib ki, beynəlxalq
konfranslarda şəxsən iştirak etməsi ölkəmizin maraqlarının təmin edilməsi üçün
çox önəmlidir. Prezident İlham Əliyev həm Davos Ümumdünya İqtisadi Forumunda, həm
də Münxen Təhlükəsizlik Konfransında ölkəmizin mövqeyini, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini, Ermənistanın işğalçı siyasəti ilə bağlı mövqeyini
dünya ictimaiyyətinə bir daha çatdırdığını söyləyib.
Ölkə başçısı İlham Əliyev Pakistan və İran İslam
Respublikalarına, Qətər dövlətinə, Fransaya edilən səfərləri də bu baxımdan əhəmiyyətli
hesab edib. Qeyd edib ki, bütün rəsmi səfərlərdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olub: "Baxmayaraq ki, Ermənistan
danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq
buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri
artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir.
Bu, əslində işğala son qoyulması deməkdir. Hesab edirəm, Ermənistana, onun işğalçı
siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq
normalara riayət etsinlər və işğala son qoysunlar. Bizim danışıqlar prosesindəki
mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi
danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Mən
bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat
tərəfindən ikili standartlar özünü göstərməməlidir. Çünki bəzi hallarda biz bu
ikili standartlarla üzləşirik. Postsovet məkanında mövcud olan digər münaqişələrə
bəzən daha böyük diqqət göstərilir, yaxud da ki, o münaqişələrin həlli ilə
bağlı daha dəqiq ifadələr işlənilir”.
Prezident İlham Əliyev bir daha bəyan edib ki,
Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll
olunmalıdır: "Postsovet məkanında mövcud olan digər münaqişələrdən fərqli
olaraq, BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul edib.
O qətnamələr bəllidir, bütün dünya bunu bilir, erməni işğalçı qüvvələri işğal
edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bax, budur əsas
prinsip və bu prinsipdən kənarda heç bir başqa məsələ müzakirə oluna bilməz.
Onu da qeyd etməliyəm ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların
qeyri-konstruktiv və qeyri-səmimi siyasəti artıq qınaq obyektinə çevrilib. Nə qədər
tez danışıqlar masasına qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki
Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm
iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli
həll edəcəyik”.
Dağlıq Qarabağda keçirilən qondarma "referendum”a
diqqət çəkən ölkə başçısı deyib ki, bu "seçki” ilə Ermənistan özünü bir daha
biabır və ifşa edib: "Onlar orada nə qədər çox qanunsuz "referendum” keçirsələr,
bu, bir o qədər çox bizim xeyrimizə işləyir. Çünki bütün qonşu ölkələrimiz,
Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı və bir çox ölkələr dərhal
bu "referendum”u pislədilər. Bəyan etdilər ki, bu "referendum”u tanımırlar və
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Əslində, bu "referendum”un
keçirilməsi ilə onlar bütün ölkələri bu həqiqəti bir daha təkrar etməyə sövq
etdilər. Əlbəttə ki, bütün beynəlxalq aləm bu "referendum”u qəbul etməməklə
bizim ərazi bütövlüyümüzə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
məhz bu prinsip əsasında həll edilməsinə öz dəstəyini göstərmiş oldular”.
Prezident İlham Əliyev Azərbaycan qanunlarını bir
neçə dəfə kobudcasına pozan, Dağlıq Qarabağa qanunsuz səfərlər edən, dövlətimizi,
xalqımızı təhqir edən Aleksandr Lapşinin xaricdə saxlanılaraq bütün dünyanın
gözü qarşısında ölkəmizə təhvil verilməsinə, Bakıya gətirilməsinə də münasibət
bildirib. Bu hadisəni ədalətin bərpası, beynəlxalq hüququn aliliyi kimi qiymətləndirən
Azərbaycan Prezidenti deyib ki, ekstradisiya ilə bağlı olan bütün məsələlər
beynəlxalq qanun və konvensiyalar əsasında baş verib. Ölkə başçısı əminliklə
bildirib ki, bu, bizim qanunlarımızı kobudcasına pozan və bununla qürrələnən şəxsə
də, onun kimilərinə də dərs olub.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına
bağlanıldığını da xatırladan Prezident İlham Əliyev deyib ki, bu da tarixi
hadisədir: "İndi orada yeni qəsəbə salınır. Birinci növbədə 50 ev, məktəb, uşaq
bağçası, məscid tikilir, yeni yol salınır. Sonra əlavə 150 ev və tibb məntəqəsi
tikiləcək. Onu da qeyd etməliyəm ki, o məscid Şuşa məscidinin memarlığını təkrarlayır.
Bu, mənim göstərişim idi. Erməni vəhşiləri tərəfindən dağıdılmış bütün abidələrimizin,
məscidlərimizin bərpası günü də gələcək. Cocuq Mərcanlının bərpası tarixi hadisədir,
bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq.
Eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazilərini bərpa edəndən sonra
bütün kəndləri, bütün şəhərləri yenidən quracaq. Bu, bir daha onu göstərir ki,
20 ildən artıq başqa yerdə məskunlaşan Cocuq Mərcanlı kəndinin sakinləri öz
doğma kəndinə tezliklə qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, orada
bütün evlər dağıdılıb, ora təmas xəttinə yaxındır. Bax, budur torpaq sevgisi, Vətən
sevgisi”.
"Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin
üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev mövzuya dair açıqlamasında bildirib ki, Prezident
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz mövqeyini hər
zaman aydın şəkildə səsləndirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin
iclasında da dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həllinin həmişəki kimi
diqqət mərkəzində olduğunu söyləyib: "Prezident qeyd etdi ki, Ermənistan
danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq
buna nail ola bilmir və bilməyəcək. İnanıram ki, Azərbaycanın bu məsələdəki qətiyyətli
mövqeyi nəticəsində problemin həlli istiqamətində mühüm addımlar atılacaq. Amma
bunun üçün ölkə rəhbərinin də vurğuladığı kimi Ermənistana, onun işğalçı siyasətinə
Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq
normalara riayət etsinlər və işğala son qoysunlar”.
Millət vəkili R.Rzayev 2017-ci ilin müvafiq dövründə
Azərbaycanın beynəlxalq əlaqələrinin, mövqeyinin gücləndiyini vurğulayıb. Qeyd
edib ki, Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, apardığı
danışıqlar ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsinə səbəb olub.
Rufik
İSMAYILOV