• çərşənbə, 24 Aprel, 05:30
  • Baku Bakı 14°C

Minnətdarlıq məktubları: “Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız”

27.04.20 12:51 743
Minnətdarlıq məktubları: “Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız”
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Prezidentin saytına istinadla həmin məktublardan bir qismini təqdim edirik.
Azərbaycan vətəndaşı və onun rifahı
Qubadlı rayonundan məcburi köçkün Gözəl Abdullayeva: "Möhtərəm cənab Prezident. Dünyanı cənginə alan pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıb. Bəzi ölkələrdə vəziyyətə biganə yanaşıldığı halda, Sizin uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, bir vətəndaş kimi xalqa göstərdiyiniz yüksək qayğıya görə Sizə minnətdaram. İnanıram ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaqdır. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir. Bir hərbçi ailəsinin üzvü, bir şəhid bacısı olaraq Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun. Sizinlə qürur duyuuq”.
Gözəgörünməz düşmənin məhv edilməsi
Xızı rayon sakini Şükufə Talıbova: "Möhtərəm cənab Prezident. Xızı rayonunun Baxışlı kəndindən 52 il kitabxanaçı kimi çalışmış ağbirçək ana kimi Sizi və Mehriban xanımı Ramazan ayının başlanması münasibətilə ailəmizin və kəndimizin sakinləri adından təbrik edirəm. Dünyanı cənginə alan, həmçinin ölkəmizə də təsir göstərən gözəgörünməz düşmənin məhv edilməsi üçün yorulmadan, müdrikcəsinə atdığınız addımlar xalqımızın sağlamlığının qorunması, rifahımızın yüksəldilməsi üçün göstərdiyiniz şücaətinizə heyranıq. İnanırıq ki, Sizin rəhbərliyiniz, Mehriban xanımın yaxından köməyi ilə bu düşmənə də qalib gələcəyik. Cənab Prezident, həqiqətən, biz birlikdə güclüyük”.
Pandemiyadan ən az zərər görən dövlətlər sırasında
Ağcabədi rayon sakini Zərifə Cəfərzadə: "Möhtərəm cənab Prezident. Mən Sizə Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta məktəbin şagirdləri adından yazıram. Bu gün bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası biz şagirdlərin də normal yaşayışına öz təsirini göstərir. Hazırda dünyanın ən inkişaf etmiş dövlətləri bu virusun pəncəsində çabalayır. Amma çox sevindirici haldır ki, vətənimiz Azərbaycan bu pandemiyadan ən az zərər görən dövlətlər sırasındadır. Cənab Prezident, bu, məhz Sizin gördüyünüz qabaqlayıcı tədbirlərin nəticəsidir. Siz öz işinizlə bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz hazırda dərslərimizi onlayn şəkildə davam etdiririk. Cənab Prezident, biz şagirdlər qürur hissi ilə deyirik, nə yaxşı ki, Azərbaycan vətəndaşıyıq, nə xoş ki, Sizin kimi Prezidentimiz var. Ağcabədi rayonunun şagirdləri olaraq Vətənimizə layiqli övladlar olacağımıza söz veririk”.
"Tezliklə bu ağır günlərdən də qalib çıxacağıq”
Qusar rayon ağsaqqalları adından Vahid Mehdixanov, Cavanşir Nurməmmədov, Vidadi Səvzixanov, Fəxrəddin Qaçabəyov, Davud Davudov, Şərbət Qəribov və Sənan Xəlilovun birgə məktubundan: "Möhtərəm Prezident. Azərbaycan Sizin rəhbərliyinizlə dünyanın ən qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Siz ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək müdrik rəhbər kimi Azərbaycan xalqının bu çətin günlərdə də sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirirsiniz. Virusun yayılmasının qarşısının alınması, ahıl insanların sağlamlığının qorunması məqsədilə yaşı 65-dən yuxarı vətəndaşların evdə qalması, sosial xidmət işçiləri vasitəsilə onlar üçün xidmətlərin təşkili, ehtiyacı olan şəxslərə yardımların göstərilməsi, işsiz vətəndaşlar üçün müavinətlərin təyin edilməsi, haqqı ödənilən ictimai iş yerlərinin yaradılması, yeni xəstəxanaların tikilməsi və səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, sahibkarlara dəstək verilməsi və digər tədbirlər "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" fikrinizin əyani təsdiqidir. Siz bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafdan qalmamasına maksimum şəkildə nail oldunuz. Biz qusarlılar əminik ki, tezliklə bu ağır günlərdən də qalib çıxacağıq. Allah Sizə kömək olsun. Ulu Tanrı Sizi qorusun”.
"Sizə olan inam və etibar ikiqat artır”
Şəki rayonu, Böyük Dəhnə kənd sakini Xanlar Ağabəyov: "Hörmətli cənab Prezident. Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizə təsirini azaltmaq məqsədilə həyata keçirdiyiniz tədbirlər təqdirəlayiqdir. Hazırda bütün dünya ilə həmrəyliyimizi ifadə edən layihələrin bir çox inkişaf etmiş ölkələrdə də bəyənilməsi və təkrarlanması çox qürurvericidir. Həmçinin ölkədə əhalinin bütün təbəqələrini diqqətdə saxlamağınız Sizə olan inam və etibarı ikiqat artırır. Bütün bu diqqət və qayğınıza görə ailəmiz adından Sizə minnətdarlığımızı bildiririk. Sizə, Mehriban xanıma və övladlarınıza cansağlığı və uğurlar arzulayırıq”.
İqtisadiyyatımızı ziyanlardan maksimum qorumaq
Bakı şəhəri, Yasamal rayon sakini Günay Məmmədova: "Hörmətli cənab Prezident. Azərbaycanda koronavirus pandemiyası yayılan andan indiyədək ölkəmizi, millətimizi mümkün olacaq itkilərdən və iqtisadiyyatımızı ziyanlardan maksimum şəkildə qoruya bildiniz. Tapşırıqlarınız əsasında hökumət tərəfindən görülmüş tədbirləri müsbət qiymətləndirərək, Sizə, ailə üzvlərinizə və bütün dövlət strukturlarına minnətdarlığımı və sonsuz təşəkkürlərimi bildirirəm. Karantin zamanında bizə edilmiş maddi yardımlara görə bütün sahibkarlar adından xüsusi minnətdarlığımı çatdırıram. Bu yardımlar hazırki dövrdə neçə-neçə ailənin maddi sıxıntısını minimuma endirdi. Bütün bu işlər vətəndaşlara diqqətinizin və insanların sağlamlığını hər şeydən üstün tutmağınızın, xalqımızla həmrəy olmağınızın bariz nümunələridir. Allahdan bütün arzularınızın çin olmasını və xalqımıza etdiyiniz yaxşılıqların əvəzini almağınızı diləyirəm. Ulu Tanrı Sizi, yaxınlarınızı və bütün xalqımızı qorusun”.
Xalqa göstərilən maddi və mənəvi dəstək
Bərdə rayonu, Kələntərli qəsəbə sakini Vasif Ağayev: "Hörmətli cənab Prezident. Bir kənd sakini və məcburi köçkün olaraq bu məktubumda Sizə qəlbdən gələn səmimi sözlərimi yazıram. Azərbaycan xalqının sağlamlığı üçün atdığınız bütün önəmli addımlar, eləcə də uzaqgörənliyiniz Sizin dahi dövlət rəhbəri olduğunuzu bir daha sübut etdi. Vurğulamaq istəyirəm ki, koronavirus pandemiyası kimi heç bir xəstəlik bizim xalqımızı sarsıda bilməz. Çünki başımızın üstündə dalğalanan üçrəngli bayrağımız, ölkəmizin rəhbərliyində isə Sizin kimi müdrik Prezidentimiz, Mehriban xanım kimi Birinci vitse-prezidentimiz var. Xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstək birliyimizə stimul verir. Minnətdarıq Sizə, cənab Prezident! Allah Sizi və ailənizi qorusun. Ucalardan uca Prezidentimizə eşq olsun”.
"Sən sahib olarsansa, bu Vətən batmayacaqdır”
Yardımlı rayon Telavar kənd sakini Əflatun Sadıqov: "Möhtərəm cənab Prezident. Məni bu məktubu yazmağa vadar edən səbəb bu ağır sınaq dövründə keçirdiyim qürur və iftixar hissidir. Bu ali hissləri bizə və hər bir Azərbaycan vətəndaşına yaşadan Sizsiniz. Hər çıxışınız, hər sözünüz, əməli addımlarınız, təmkin və qürurunuz bu günlərdə bizə ruh verdi, yaşamaq istəyimizi və mübarizə əzmimizi artırdı. Nə yaxşı ki, Ulu Tanrı Sizi bizə bəxş etmişdir. Bizi bu çətin sınaqdan ancaq Heydər Əliyev məktəbi keçmiş bir insan çıxara bilərdi. Hər şeyə görə Sizə təşəkkür edirəm, cənab Prezident! Min yaşayın! Biz daim Sizinləyik. Ulu Tanrı Sizi, ailə üzvlərinizi və Sizi sevənləri qorusun. Məktubumu böyük türk şairi Mehmet Akif Ersoyun Sizi xatırladan sözləri ilə bitirmək istəyirəm: Sahibsiz olan bir məmləkətin batması haqdır, Sən sahib olarsansa, bu Vətən batmayacaqdır”.
"Biz birlikdə güclüyük!"
Oğuz rayon sakini Vasif Umarov: "Möhtərəm cənab Prezident. Bu günlərdə ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq. İnanırıq ki, ölkəmiz tezliklə bu bəladan xilas olacaq və həyatımız öz əvvəlki axarına düşəcəkdir. Çox hörmətli Prezidentimiz, biz fermerlər Sizin yürütdüyünüz siyasətinizi dəstəkləyirik. Çünki Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!". Tanrı Sizi qorusun”.
Hazırladı: Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər